Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ



Yüklə 1,62 Mb.
səhifə5/21
tarix23.11.2017
ölçüsü1,62 Mb.
#11861
1   2   3   4   5   6   7   8   9   ...   21

S o k r a t. Sevimli Kriton, sənin bu istəklərinin yönü düzgün olsaydı, nəyə desən dəyərdi, ancaq indi onlar, mənim işimə yaramaqdan artıq, sanasan, çiynimə ağır bir yük təki düşməkdədir. Ona görə də, sənin dediklərini eləyib-eləməyi araşdırmağa dəyər. Mən təkcə indi yox, bütün ömrüm boyu, gördüyüm işlərdə gəlişigözəl sözlərə yox, ürəkdən inandığım tutarqalara arxalanıb iş görmüşəm, bunu mən hamısından üstün saymışam. Bundan qabaq ürəkdən inanıb dediyim sözləri, indi mənim başıma bu uğursuzluq gəlib deyə, ancaq elə buna görə, dana bilmərəm; tərsinə, onlara mən qabaqlarda olduğu təki, yenə də ürəkdən inanmaqdayam, indi biz,- məni inandıra biləcək, onlardan yaxşı olanı tapa bilməsək, səninlə anlaşa bilməyəcəyimizdən arxayın ola bilərsən, qoy lap hamı bir yerə yığışıb, kiçik cocuqların ürəyini üzən sayağı, bizi indikindən də qat-qat artıq qorxutmağa çalışsınlar, qandallasınlar, öldürsünlər, var-yatırımızı tutub əlimizdən alsınlar. İndi bu sən dediklərini nə sayaq araşdırmağa başlayaq? Gəlsənə bir az geriyə qayıdıb, insanların baxışlarını araşdırdığımız yerdən başlayaq, biz onda düzgünmü deyirdik, birilərinin baxışlarına qulaq asmağa dəyər, o birilərinkinə yox?—yoxsa bu dediyimiz onda, mən ölümlə üz-üzə dayanmayan çağlarda bizim işimizə yarayırdı, indi durum dəyişən təki biz gördük, sən demə bunları biz eləcə gəlişigözəllik üçün demişik, özlüyündə bu dediklərimiz boş-boş sözlər imiş? Mənə gəlincə, Kriton, mən çox istərdim səninlə birgə araşdırıb görəm, mən indiki uğursuzluğuma düşəndən sonra, bu sözlər mənə başqa sayaq görünür, yoxsa onlar dəyişməz qalıblar, qabaqlarda olduğu kimi görünürlər, biz indi onları danmaqmı, yoxsa öncələrdə olduğu təki, onlara inanmaqmı istəyirik? Məncə, bildiklərini danışan kimsələrin dönə-dönə dediyi bu söz düzgün sayılmalıdır: adamların arasında yer alan baxışların birilərini tutmaq, o birilərini boşlamaq gərəkir. Tanrıların adı üçün, de görək Kriton, bu söz olduqca yerində deyilməyibmi? Axı səni yarın öldürməyəcəklər, nə də elə ağır durumda deyilsən, başını itirəsən; insanların hamısının baxışlarına yox, yalnız ayrı-ayrı insanların baxışlarına sayğı göstərməyi deyənlər, düzmü deyirlər? Yoxsa onlar yanılırlar, bunu deyəndə?

K r i t o n. Məncə onlar düzünü deyirlər.

S o k r a t. Deməli, düzgün baxışları saya saymalı, düzgün olmayanları saymamalıyıq, eləmi?

K r i t o n. Elədir.

S o k r a t. Düzgün baxışlar anlaqlı adamların, düzgün olmayanlar anlaqsızlarındır, deyilmi?

K r i t o n. Başqa sayaq ola da bilməz!

S o k r a t. Onda belə bir konunu necə çözməli: gimnastika üzrə çalışan birisi, onu öyənlərin, danlayanların, hamısınınmı baxışlarını saya salıb, onlara qulaq asır, yoxsa ancaq həkimlə, gimnastika öyrətməninin?

K r i t o n. Ancaq bu sonuncu dediklərinə qulaq asır.

S o k r a t. Deməli, o ancaq bunların danlağından alınmalı, öyünclərindən sevinməlidir, hamının yox, deyilmi?

K r i t o n. Elədir.

S o k r a t. Deməli, o bədənini çalışdırmaqda da, öz yemək-içməyini gözləməkdə də, ancaq birinin dediklərini tutmalı, qalanlarını saya salmamalıdır.

K r i t o n. Düzü elədir.

S o k r a t. Yaxşı. Birdən o bu işin bilicilərinin baxışlarını saymayıb, başqalarının, yəni bu işlərdən başı çıxmayanların sözünü tutdu, onun bundan nəsə bir korluğu ola bilərmi?

K r i t o n. Sözsüz, olar.

S o k r a t. Necə bir korluq? Bu, nədə özünü göstərəcək?

K r i t o n. Bu ilk olaraq onun bədənində özünü göstərəcək, bu yanlış sözlərə uymaqla sağlamlığını itirəcək.

S o k r a t. Sən nə yaxşı danışırsan, Kriton. Gəlsənə, başqa konularda da baş verəsiləri belə ardıcıllıqla sadalamağı sınayasan. Bax indi, düzgünlüklə əyriliyə, suyumsuzluqla gözəlliyə, yaxşılıqla yamanlığa yanaşanda,- indi yanaşdığımız təki, biz çoxluğunmu baxışlarına uymalıyıq, yoxsa, birinin,–sözsüz bu birisi işin kökünü bilirsə; biz çoxluqdanmı qorxmalı, çəkinməliyik, yoxsa bu birisindən? Biz bu birisinin dediyini tutmasaq, öncələr də dediyimiz kimi, düzgünlüyün ortadan çıxmasına, yəni onun yoxluğuna yol açmış oluruq. Yoxsa, belə deyil?

K r i t o n. Sən dediyin kimidir, Sokrat.

S o k r a t. Biz hansısa anlamazların sözlərinə qulaq asanda, sağlamlıqla yaxşılaşanı, ağrınmaqla pisləşəni,—mən bədənimizi deyirəm—korlamış olmuruqmu, onu korlayandan sonra yaşamağın dəyəri qalırmı?

K r i t o n. Qalmır, məncə.

S o k r a t. Deməli, sağlamlığı büsbütün pozulmuş bədənlə yaşamağın dəyəri yoxdur, eləmi?

K r i t o n. Sözsüz, sağlamlığını itirib yaşamaqdan da pisi ola bilməz.

S o k r a t. Onda “nəyinsə” düzgünlükdən yarıdığını, əyrilikdən korlandığını bilə-bilə, “onu” əyriliyə uğratmağa dəyərmi? Yoxsa düzgünlüyün qurduğu, əyriliyin uçurduğu nəsnələrin dəyəri, bədənimizdən azdır?

K r i t o n. Sözsüz, az deyil.

S o k r a t. Desən, qat-qat da dəyərlidir, eləmi?

K r i t o n. Sözsüz.

S o k r a t. Ona görə də, istəkli arxadaşım, bizə: “görəsən çoxluq bizə nə deyər?” kimi düşüncələrə qapılıb sarsılmaq yaraşmaz, çəkinəcəyimiz isə yalnız, düzlüklə əyriliyi dəyərləndirməyi bacaranların deyəcəklərindən olmalıdır,–sözün doğrusu budur. Onda indicə dediyin: çoxluğun baxışlarına güvənib düzgünlüyü, gözəlliyi, yaxşılığı dəyərləndirmək olar—sözün də, eləcə də bunların tərsi olan anlayışlarda çoxluğun baxışlarına uymağın da, sənin birinci yanlışındır. “Ay aman, bu çoxluq,- bunu deyə bilər,- bunu eləyə bilər,- bizi öldürə bilər!”— kimi düşüncələrə qapılmaq isə küyə getməkdir.

K r i t o n. Bu sayaq düşünənlər var, özü də belələri çoxdur, Sokrat.

S o k r a t. İstəkli arxadaşım, səni bilmirəm, ancaq bu sayaq sözlərə mən bu gün də elə dünən yanaşdığım təki yanaşmaqdayam. Gəlsənə bu konuları bir də gözdən keçirək: görək, biz o çağlar dediklərimizin üstündə durmuşuq, yoxsa yox, yəni biz ömrümüzü olduğu kimi, necə gəldi yox, ancaq insana yaraşan kimi yaşamağı, yenədəmi düzgün saymaqdayıq?

K r i t o n. Sözsüz, biz bu yoldan çəkilməmişik.

S o k r a t. Elədirsə, onda öncələrdə anlaşdığımız təki: yaxşılığın, gözəlliyin, düzgünlüyün, hamısının elə bir anlayış demək olduğuna inanmağımız da öz yerindədir, eləmi?

K r i t o n. Elədir.

S o k r a t. Onda gəl, bizim bu ortaq olan, öz aramızda anlaşdığımız anlayışlara arxalanıb, baxaq görək, afinalıların istəmini saya salmayıb, mənim bu dustaqlıqdan getməyim düzgünlükmü, əyrilikmi sayılmalıdır, düzgünlüksə–gəl bunu eləyək, əyrilikdirsə–bundan yan keçək. Qaldı sənin,– mənim qurtuluşuma axça qoymaqdır, çoxluğun bu işə necə baxmağıdır, uşaqlarımı başsız qoymağımdır,—bu sayaq sözlərinə, düzünü desəm, Kriton, sənin bu dediklərin bayaqdan danışdığımız o çoxluğun baxışlarından başqası deyil, öncə kimisə suçu olmadan öldürüb, sonradan başı ayılanda onu diriltmək də istəyən, nə elədiyini, nədən elədiyini ayırd etməyən çoxluq da belə düşünmürmü? İndi biz səninlə gəlib ora çıxmışıq, gərək ancaq bunusa da ayırd eləyək: bizim kiməsə axça verməkləmi, yoxsa öz gücümüzləmi, buradan çıxıb getməyimiz, düzgünlükmü, əyrilikmi sayılmalıdır?—bu iş əyrilikdirsə, onda mənim oturub ölümü gözləməyimi söz eləyib, başımızı ağrıtmayaq, biz öncədən səninlə anlaşdığımıza görə, nə olursa olsun, düzgün olmayan yolu tutmağı özümüzə sığışdırmamalıyıq.

K r i t o n. Mənə elə gəlir, sən danışmağına çox da yaxşı danışırsan, ancaq aydınlaşdır görək, bizlər, sənin arxadaşların indi nə etməliyik?

S o k r a t. Gəl bunu birgə aydınlaşdıraq, istəkli arxadaşım, ancaq mənim dediklərimlə anlaşmasan, sözünü de, dediklərini düz saysam, mən də sən deyən təki eləyim; yox deməyə sözün olmasa, onda bu danışığı çox da uzatma, qulağımı doldurmaqdan əl çək, mənim buradan qaçmağımın gərəkliyini dilə gətirməkdən sakın, sözün düzü, sən mənim üçün yoldan ötən birisi yox, sevimli arxadaşım olduğundan, çox istərdim, bu konuda səninlə anlaşa bilim, ürəyini qırmayım. Görürəm, indiyəcən apardığımız araşdırmalarda mənimlə anlaşdığın sezilir, ancaq bundan belə də ürəyindən keçənləri gizlətmə, sözünü açıq de.

K r i t o n. Söz verirəm, belə də eləyəcəyəm.

S o k r a t. Gəl baxaq, görək, düzgünllük sayılan durumu könüllü olaraq pozmağı, biz yanlış sayırıqmı, yoxsa yerinə görə onu, pozmaq da, pozmamaq da olar? Yoxsa, biz artıq biryolluq bilirik, düzgünlüyü pozmaq, necə baş verirsə-versin, hamısında, yaxşılğa, qanacağa yaraşan iş deyil, unutmamısansa, biz keçmişlərdə bu konudakı danışıqlarımızın çoxunda səninlə anlaşardıq? Olmaya, demək istəyirsən, bizim keçmişdəki bütün anlaşmalarımız bu son günlərdə buxarlanıb göyə çəkilib, biz səninlə artıq yaşa dolmuş adamlar olsaq da, ancaq bizim anlağımız da, davranışımız da elə uşaqlığımızda olduğu dəymədüşərliyində ilişib qalıb? Yoxsa tərsinə, biz indi də onda danışdıqlarımızın üstündə durmaqdayıq?—buna çoxluğun necə yanaşması da, bundan ağrı-acılar çəkəcəyimiz də bizi qorxutmur, biz düzgünlüyü pozmağı: utanmazlıq, yaramazlıq saymışıq, elə indi də saymaqdayıq; De görək, biz indi də belə düşünürük, yoxsa yox?

K r i t o n. Belə düşünürük.

S o k r a t. Deməli, düzgünlüyü pozmağı doğruldan bir durum ola bilməz?

K r i t o n. Yox, ola bilməz.

S o k r a t. Deməli, çoxluğun baxışlarına uyub, əyriliyə qarşı əyrilik eləməyə yuvarlanmaq da olmaz, nə olur olsun, düzgünlükdən əl çəkmək də olmaz.

K r i t on. Mən də belə düşünürəm.

S o k r a t. Onda mənə bunu de görüm, Kriton, haçansa, necəsə, yamanlıq eləməyə gərək var, yoxsa yox?

K r i t o n. Məncə yamanlığı nə iləsə doğrultmaq olası deyil.

S o k r a t. Çoxlarının düşündüyü kimi, yamanlığa qarşı yamanlıq eləmək düzgündürmü?

K r i t o n. Yox, nə olursa olsun, yamanlıq eləmək düzgün sayıla bilməz.

S o k r a t. Ona görə də biz adamlara yamanlıq eləməyi, elə düzgünlüyü pozmaqla bir tutmalıyıq.

K r i t o n. Düz deyirsən.

S o k r a t. Belə çıxır, əyriliyin qarşısına əyriliklə çıxmamalıyıq, adamlardan hansı yamanlığı görməyimizdən asılı olmayaraq, onlara yamanlıq etməməliyik. Ancaq, Kriton, bunu da unutma, sən bu deyilənlərlə anlaşanda çoxluğun baxışlarını danmış olursan, kim də olmasa mən bilirəm, çox az adamlar bu indi dediyim baxışları bölüşür. Bu da var, biriləri bir, o biriləri başqa sayaq düşünəndə, ellikcə anlaşma baş tutmur, hamı biri-birinə başqa sayaq düşüncə yiyəsi olduğuna görə, yanakı baxmağa başlayır. Eləcə də sən, bu deyilənlərə dərindən yanaş, mənim dediklərimi bölüşürsənmi, mənim doğru saydıqlarım sənin üçün də doğrudurmu, yəni bu gənəşiyimizi ondan başlaya bilərikmi,- düzgünlüyü pozmaq, əyriliyə qarşı əyrilik etmək, uğraşdığımız yamanlığın qarşısına yamanlıqla çıxmaq, hansı durumda baş verməsinə baxmayaraq, düzgünlük sayıla bilməz? Yoxsa, sən geri çəkilib, bu ilkin anlaşmamazı pozursan? Mənə gəlincə, qabaqlarda bunu necə anlayırdımsa indi də eləcədir, sənin baxışların ayrıdırsa, onda buyur: danış da, öyrət də. Yox, anlaşmamızı pozmursansa, onda ardına qulaq as.

K r i t o n. Mən anlaşmamızın üstündə dururam, sən sözünü danış.

S o k r a t. Belədirsə, onda səndən soruşmaq istəyirəm: düzgün saydığın işi, gecikdirmədən, sonraya saxlamadan, elə o andaca yerinə yetirməyi gərəkli sayırsanmı?

K r i t o n. Sayıram.

S o k r a t. İndi mənə qulaq as: məni dustaqlıqdan qaçırmaqla, biz kiməsə yamanlıq eləyirikmi, eləyiriksə, onda bunu yamanlığı yaraşdırdığımız kimsəyə qarşımı eləyirik? Bir də mənim bu sayaq qurtuluşum düzgünlük sayılmalıdır, yoxsa yox?

K r i t o n. Sənin bu sorğunun qabağında deyəsi sözüm yoxdur, Sokrat, mən bu dediklərini sonacan anlaya bilmirəm.

S o k r a t. Onda gəl belə bir durumu göz önünə gətirək: mən buradan qaçıb aradan çıxmaq istəyəndə,- düzü bilmirəm, başqa sayaq bunu necə deyirlər,- birdən o anda Yasalarla, Dövlət bura gəlirlər, mənim yolumu kəsib soruşurlar: “Sokrat, bizə de görək, sən nə eləmək istəyirsən? Sən indi əlinə girəvə düşüb deyə, bizlərin,—Yasalar ilə Dövlətin başını batırmağamı çalışırsan? Yoxsa elə düşünürsən, bizlərin varlığını, bütünlüyünü korlamadan, məhkəmə buyuruqlarını saya salmamaq da olar, onları ayrı-ayrı adamlar, öz istəmlərinə görə, doğru saymaya, ayaqlayıb üstündən keçə də bilərlər?” Bax bu sayaq sorğuların qabağında bizlər nə deməliyik, Kriton? Bizim pozmaq istədiyimiz bu yasaların qorunmasının yararlarından yanşaqlar(ritorlar) belə uzun-uzadı danışa bilirlərsə, özümüzü onlardan qat-qat anlaqlı sayan bizlər, necə olur, onu saymırıq, üstəlik məhkəmə buyuruqlarına qarşı özbaşınalıq eləyib, onları yerinə yetirməkdən boyun da qaçırırıq? Yoxsa, özümüzü doğrultmaq üçün, biz onlara bunu deməliyik: bu şəhər bizimlə düzgün davranmır, məhkəmədə bizə kəsilən iş düz deyil? Bunumu deməliyik, səncə?

K r i t o n. Belə demək yerinə düşərdi.

S o k r a t. “Bu necə ola bilər,- Yasalar belə deyərlər,- Sokrat, bizim səninlə ancaq bir anlaşmamız var, o da budur: şəhərin məhkəməsi nə buyuruq versə, ona sözsüz boyun əyməlisən!” Sözlərinin mənim üçün anlaşılmaz olduğunu görüncə, onlar bunu da deyərdilər: ”Sözümüz sənə çöçün gəlməsin, Sokrat, dillən görək sözün nədir? - biz səninlə elə öz dilində danışırıq, - adamları sorğuya çəkib, sonra da onları dilindən tutmaq deyildimi, sənin işin-gücün? İndi də sən gəl, bizim sorğumuzu yanıtla görək: hansı suçumuza görə, bizləri də, Dövləti də, aşağılamaq, üstəlik bizlərin başımızı batırmaq da istəyirsən? Sən bizim törəməmiz olduğunu bilmirsənmi, bizim göstərdiyimiz yolu tutaraq, atan ananla evlənib, səni bu yer üzünə gətirməyibmi? Yoxsa sən, bizim adamların evlənməsini düzənləyən yasamıza qarşı da çıxırsan ?” “Yox, mən buna qarşı deyiləm”,- bunu mən onlara deyirəm. “Olmaya, sən doğulan uşaqların böyüdülməsini, oxudulmasını düzənləyən yasalara qarşısan? Birdən, bizim buyuruğumuza görə, atanın səni gimnastika çalımalarına, başqa bütün yararlı bilikləri oxuyub öyrənməyə göndərməsini bəyənməzsən?” “Yox, çox da bəyənirəm!”- mən deyərdim. “Belə. Bizim qoyduğumuz yasalara görə doğulmusansa, böyüdülmüsənsə, oxudulmusansa, onda necə deyə bilərsən, sən bizdən törənməmisən, bizim qulluğumuzda deyilsən, üstəlik sənin ata-babaların da belə olmayıblarmı? Bu belədirsə, onda sən nəyə arxalanıb, öz girəvəni bizimlə bir tutursan? Bizim sənə qarşı eləmək istədiklərimizə, düzgünlüyü gözləməklə qarşı qoya biləcəyin nəsə varmı? Yoxsa düşünürsən, səndən üstün girəvəsi olan atanınmı, ağanınmı, elədiklərinə dözməlisən, onların söyüşünə, söyüşlə, əl qaldırmasına, əl qaldırmaqla qarşı çıxmamalısan, bir sözlə, səninlə bu sayaq davranışlarına üzüyolalıqla tablaşmalısan, ancaq Dövlətə, Yasalara qarşı tablaşmalı deyilsən, demək biz indi bunu düzgün sayaraq, səni öldürmək istəyiriksə, sən də bacardığın kimi bizim başımızı batırmağa çalışacaqsan, sonra bu elədiklərinin düzgün olduğunu deyəcəksən, özünü də bundan sonra yaxşı adam sayacaqsan? Yoxsa sən bu boynuna götürdüyün bilgəliyinlə indiyəcən bunu da bilmirsən, Yurdunun dəyəri,- sənin ata-anandan da, bütün ulu babalarından da artıqdır, O, qutsaldır, toxunulmazdır, ona tanrılar da, anlaqlı insanlar da bu gözlə baxıb, böyük sayğılar göstərirlər, birdən Yurdun səndən inciyibsə, ondan atandan artıq qorxmalı, çəkinməli, könlünü almalısan, onu dilə tutub yola gətirməyi bacarmasan, onda buyurduğu kimi də eləməlisən, sənə necə ağır görünsə də, onun buyuruqlarını dinməz-söyləməz yerinə yetirməlisən, sürgünəmi, dustaqlığamı, savaşamı, ölüm-itiməmi göndərir, bunların hamısını düzgün sanıb etməlisən, necə savaşda yağı qabağından qaçmağı, ona tutuqlanmağı özünə sığışdırmırsan, eləcə də, onun məhkəməsi olsun, yoxsa başqa buyuruqları,- Yurdun necə deyirsə, elə də eləməlisən, ən azı, buyuruqlarından düzgün saymadıqlarını yerində deyib, onlarla gənəşməlisən, bir sözlə öz doğma ata-anana qarşı qolugüclülük göstərməyin alçaqlıq sayılırsa, Yurduna qarşı bu sayaq davranmağın bundan da qat-qat artıq alçaqlıq deyilmi?” Bu sözlərin qabağında nə deyək, Kriton? Yasaların bu dedikləri, düzgündür, yoxsa yox?

K r i t o n. Mənə elə gəlir, bütünlüklə düzgündür.

S o k r a t. “İndi bax, Sokrat,- Yasalar ardınca deyəcəklər,- sənin bizimlə büsbütün yanlış davranmaq istədiyini biz düzgünmü deyirik? Özlüyündə səni biz törətmişiksə, dolandırmışıqsa, böyütmüşüksə, başqa yurddaşların təki, sənə çatası bütün nəsnələri vermişiksə,- onda bunu da bilməmiş deyilsən, bizim bütün afinalılarla, onlar biz Yasalardan, dövlət işlərindən baş açmağa başlayan gündən, yurddaşlar sırasına(vətəndaşlıq siyahısına) yazılmazdan öncə, belə bir anlaşmamız olur: birdən onlar gördükləri,- bizim qoyduğumuz bu düzənləri bəyənmirlərsə, öz var-yatırlarını da götürüb, hara istəslər gedə bilərlər, Yasalar bunu etmək istəyənlərin yolunu kəsmir, onları bundan çəkindirmir. Ancaq kim qalırsa, artıq bilir, biz adamlara necə məhkəmə qururuq, bütün başqa düzənlərimiz necədir, onu da bilir, qalırsa bunlara boyun əyməlidir; yox, birdən o qalırsa, bununla yanaşı bunlardan boyun da qaçırırsa, biz onun düzgünlüyü üçqat artıq pozduğunu sanırıq: birinci, o bizə,–özünü törədənə saymazlıq eləyir, ikinci, o bizım–öz böyüyünün, öyüdverəninin üzünə ağ olur, sonuncu, biz nəyisə düz eləməyəndə, o bizimlə dil tapıb bundan çəkindirməyə çalışmır, biz onu güclə dediyimizi eləməyə sürükləmirik, onun qarşısında seçə biləcəyi iki yol olur: o, bizim buyuruqlarımızın yanlışını bizə anlatmaq üçün bizimlə dil tapmalı, yoxsa da, dediyimizi sözsüz yerinə yetirməlidir,- bu isə nə onu, nə də bunu eləmək istəmir.

Sən indi başında dolaşan yanlış düşüncələrə qapılıb, bu görmək istədiyin işi tutsan, biz səni də bu sayaq suçlayacayıq, sənə qarşı başqa afinalılardan da artıq amansız olacağıq”. Mən soruşsam:”Nədən belə eləyəcəksiniz?”, onda onlar düzgün olaraq deyəcəklər, bizim bildiyimizə görə, sən başqa afinalılardan qat-qat artıq bizimlə anlaşmısan. Ardınca isə bunu deyəcəklər: “Bizim əlimizdə danılmaz bəlgələr var Sokrat, sən bizləri də, bizim Dövləti də hamıdan, bütün afinalılardan qat-qat artıq sevirsən, bildiyin kimi, elə bir afinalı tapılmaz da, sənin təki bu şəhərdən qırağa çıxmaq istəməsin; sən nə bayramlara baxmaq üçün, nə də ayrı bir iş üçün başqa şəhərlərə gedirsən, Afinadan vur-tut bir yol, onda da Yurd uğrunda savaşmaq üçün çıxıb, İstmə getmisən; sən başqa adamlar kimi uzaq ellərə getmək, yolçuluq eləmək istəməmisən, başqa şəhərlərin görkəminə, yasalarına gedib baxmağa da önəm verməmisən, biz Yasalarla, bizim Dövlətdə yaşamaq sənin ürəyincə olub,–bax sən buracan bizə sayğılı olmusan, bütünlüklə, bizim buyuruqlarımızla yaşamağa alışmısan; bu harasıdır, öz uşaqlarını burada əkib-tökməyin də, ancaq şəhərimizi ürəkdən sevməyinə görədir. Bundan başqa sən istəsəydin məhkəmədə, şəhərdən sürgün olunmağın üçün dirənə bilərdin, şəhərlə anlaşıb bu işi tutardın, onda indiki kimi özbaşınalıq eləmək də könlündən keçməzdi. Ancaq onda sən ad-san qazanmaq üçün, özünü elə göstərdin, sanasan ölüm kəsilməsi səni qorxutmur, qayıdıb bunu da demişdin, sürgün olunmaqdansa, ölümü üstün tutursan, indi isə bu sözlərindən utanmırsan, bizdən, Yasalardan da çəkinmirsən, bizim başımızı batırmaq istəyirsən, mənliyini alçaldıb, ən yaramaz bir qul sayağı davranmaq istəyirsən, bizimlə olan bütün anlaşmalarını, eləyəsilərini pozub, bizim yönətimimizdə yaşayacağını boyun olduğunu danıb, qaçmaq istəyirsən. Öncə gəl bizim bu sorğumuzu yanıtla görək: biz sənin ancaq sözdə deyil, işdə də bizmlə anlaşdığını deyəndə düzmü danışırıq, yalanmı?” Bu sözlərin qabağında biz nə deməliyik, istəkli Kriton? Deyilənlərlə anlaşmalıyıqmı?



K r i t o n. Bu deyilənləri danmaq olmaz.

S o k r a t. “Belə olanda,-Yasalar deyə bilər,- sən boynuna götürdüyün eləyəsiləri də, bizimlə anlaşmalarını da pozmuş olmursanmı, sən bizə onları yerinə yetirəcəyinə söz verəndə, sənə qarşı güc işlədən olmayıb, aldadan olmayıb, nə də qısa bir sürədə səni qısnayıb onlara qol qoymağa da sürükləməyiblər, sənin düz yetmiş yaşınacan bunlardan boyun qaçırmağa girəvən olub, sən bu sürədə bizləri düzgün saymayırdınsa, çıxıb gedə bilərdin. Sən Yasalarını, Dövlət düzənini öyməkdən yorulmadığın Lakedemona, Kritə, eləcə də başqa bir ellin(yunan) şəhərinə çıxıb getmək istəmədin, bu şəhərdən axsaqların, korların, başqa salxaqların(şikəstlərin) gedə bildikləri yerlərəcən belə çıxıb uzaqlaşmadın,- deməli afinalılardan bizim şəhərimizi, biz Yasaları ən çox bəyənən elə sən özünsən. İndisə sən öz sözündən qaçmaqmı istəyirsən, Sokrat?! Bizim sözümüzə qulaq as Sokrat, şəhərdən çıxıb getməklə adamları özünə güldürmə!

Bir dərindən düşün: verdiyin sözü danmaqla, üstünə bu suçu götürməklə, sən özünə də, doğmalarına da yamanlıq eləmirsənmi? Bu elədiklərinə görə, sənin yaxınlarını şəhərdən sürgün eləyə bilərlər, onlar doğma yurdlarından qaçqın düşə, var-yatırları əllərindən çıxa bilər. Özünə gəlincə, sən bura yaxın şəhərlərdən, tutalım, Fivayamı, Meqaramı qaçsan, Sokrat, bunu biləsən, onların ikisi də də çox yaxşı yasalarla yönətilir, sən oralara gedincə onların dövlət quruluşlarının yağısına çevriləcəksən, öz şəhərini sevənlərin hamısı sənə yanakı baxacaq, səni Yasaları pozan birisi kimi barmaqla göstərəcəklər, buradakı hakimlərin sənə kəsdikləri ölümün də düzgün olduğunu düşünəcəklər, sənə qarşı sürülən suçları da doğru sanacaqlar, bunu hamı bilir, yasanı pozan birisi, gəncləri pis yola çəkə də bilər, desən başqa yamanlıqlar da törədə bilər. Yoxsa sən buradan, yaxşı yasaların işlədiyi, ufutlu adamların yaşadığı şəhərlərə qaçmaq istəmirsən? Belədirsə, sənin sonrakı ömrün nəyə gərəkdir? Yoxsa sən utanıb-qızarmadan bu ufutlu adamlarla doğmalaşıb, onları da öncələr olduğu kimi danışığa çəkməkmi istəyəcəksən? Onlarla nədən danışacaqsan, Sokrat? Yoxsa burada dediyin kimi, onlara da: insanlara ən gərəkli olan qorxmazlıqdır, düzgünlükdür deyəcəksən, onda özünün nədən belə ola bilmədiyini necə anladacaqsan, Sokrat? Tutalım, sən bir az da uzaqlara, Fessaliyaya, Kritonun arxadaşlarının yanına gedib çıxdın; bu düzənsiz, başlı başına buraxılmış ölkədə, səni qarşılayanlar ilk olaraq sənin dustaqdan qaçmaq üçün necə üz-gözünü, əyin-başıni dəyişdiyini, keçi dərisinə bürünüb necə aradan çıxdığını soruşub, sonra da danışdıqlarına qulaq asıb, uğunub gedəcəklər. Yoxsa elə düşünürsən, sənin təki, ömrünün çoxu gedib lap azı qalmış bir qocanın belə quşürəkli olduğunu sezməyəcəklər? Ola bilsin sezməsinlər də, bilib üzünə vurmasınlar da, ancaq Sokrat, birini incitdinmi, sənə bütün ömrün boyu eşitmədiyin söyünclər deyəcəklər. Bax beləcə qulağı dinc yaşamaq istəsən, sən çoxlarına yarınıb, yaltaqlanmalı olacaqsan, sənə qalan təkcə yediyin yeməklərdən duyduğun dadlar olacaq, sən doğrudan da Fessaliyaya qarın otarmağa getmək istəyirsənsə, orada bunu tapa biləcəksən. Sənin düzgünlüklə, başqa ərdəmliklərlə bağlı danışıqların isə bir kimsəyə gərək olmayacaq. Ola bilsin, sən uşaqlarını dolandırmaq, böyütmək üçün yaşamaq istəyirsən? Ancaq bunu necə eləyəcəksən? Tutalım, onları Fessaliyaya aparıb, orada dolandıracaq, böyüdəcəksən, ancaq bununla yanaşı onları yadelli də eləyəcəksən! Yoxsa belə eləmək istəmirsən, düşünürsən onlar sənin sağlığında, səndən uzaqlarda düzgün böyüyüb, boya-başa çata biləcəklər? Olmaya elə düşünürsən, Fesalliyaya köçsən, sənin doğmaların onların qayğılarını çəkəcəklər, Aidə(o dünyaya) köçsən yox? Onlarda bunu eləmək qanacağı varsa, onda elə sənin ölümündən sonra da bunu eləyəcəklər.

Yox Sokrat, sən gəl bizim öyüdlərimizi eşit, düzgünlükdən üstün ola biləsi bir nəsnə axtarma,- nə uşaqlarını, nə yaşamağını, nə də başqa nələrisə düzgünlüyə tay tutma, yoxsa Aidə gedəndə oranın hakimlərinə, özünü doğrultmaq üçün deməyə sözün olmaz. Sən bu yaramaz düşüncələri başından çıxarmayıb, onların aşıladığı yolu tutsan, nə özün, nə də yaxınların üçün bu iş yaxşı bitəcək,- tutduğun iş də nə düzgün, nə də tanrıların istəminə uyğun olacaq, ölümdən sonra da səni yaxşı bir nəsə gözləməyəcək; ancaq indi sən düzgünlüyü tutub, ölümdən sonra getməli olduğun yerlərə köçsən, bunu da biləsən, səni incidən biz Yasalar deyilik, yalnızca adamlardır bunu eləyən. İndi dustaqlıqdan qaçası olsan, onda utanmadan,- yamanlığa, əyriliyə qarşı savaşını,- bizimlə anlaşmalarını pozmaqda, boynuna düşən yurddaşlıq görəvlərini tapdamaqda görəcəksən, sənin ölümündə ən az suçu olanların: özünün, arxadaşlarının, Yurdunun, biz Yasaların işlərini korlayacaqsan, biz Yasalar sən sağ ikən səndən yanıqlı olacağıq, ölümündən sonra isə Bizim Aiddəki qardaşlarımız–oranın Yasaları,–sənin əlinə girəvə düşən kimi, Yasaların başını batırdığını bildiklərindən, üzünə pis baxıb, səni soyuq qarşılayacaqlar. Ancaq sözün düzü, Ktitona inanıb, bizlərə qarşı çıxacağına da inanmağımız gəlmir”.

İstəkli arxadaşım Kriton, mənə elə gəlir, bayaqdan sənə bu dediklərimi, bütün aydınlığı ilə eşitməkdəyəm, necə çılğınlaşıb bayılanların qulağına fleyta səsləri gəlir, bu danışıqlar da mənim qulağımda cingildəyib, bundan başqa bir səsi eşitməyə də qoymur. Ona görə də dedim biləsən,- mən indi bunları düşünürəm,- sənin məni düşündüklərimdən daşındırmaq istəməyin özünü boş-boşuna yormaqdan başqa bir işə yaramayacaq. Mənim düşüncələrimi sarsıdacaq, məni bunlardan daşındıracaq, nəsə güclü bir sözün varsa, danış, qulağım səndədir.



Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə