Sosial marginallıq stratifikasiya dinamikasının göstəricisi kimi



Yüklə 36,84 Kb.
tarix22.12.2023
ölçüsü36,84 Kb.
#154141
Sosial marginallıq stratifikasiya dinamikasının göstəricisi kimi.


Sosial marginallıq stratifikasiya dinamikasının göstəricisi kimi

Cəmiyyətin sosial strukturunu araşdırarkən aşağıdakı suala cavab tapılmalıdır: kim və hansı qruplardan hansı qruplara keçid edir, bu yerdəyişmələr nə dərəcədə intensivdir və ya əksinə, ləngdir.


Sorokinin obrazlı ifadəsinə görə, sosial institutları "sosial liftlər" kimi nəzərdən keçirmək olar, hər stratı xarakterizə edən sosiomədəni qişa isə - özünəməxsus selektiv nəzarəti həyata keçirən filtr rolunu yerinə yetirir. Filtr yuxarıya can atan, cəhd edən fərdi buraxmaya da bilər. Onda aşağılardan qurtulmuş fərd atılmış olmağa məhkum ediləcək. Daha yüksək pilləyə qalxdıqdan sonra, o, sanki stratın özünə aparan qapı arxasında qalmış olur.
Analoji mənzərə aşağıya doğru hərəkət zamanı da yarana bilər. Müxtəlif səbəblərə görə aşağı pilləyə düşən insan onun üçün yeni olan sosiomədəni dünyaya qapıları açmaq iqtidarında olmur. İnsanın sosial məkanda yerdəyişməsi ilə bağlı sanki iki
mədəniyyət arasında qalması fenomeni marginallıq adlanır.Bu anlayış altında fərd və ya sosial qrupun cəmiyyətin sosial strukturunda “sərhəd” vəziyyətində olması, habelə insan sanki sosial qruplar arasında "donub qaldığı", yəni bir sosial qrupla əlaqəni qırıb bir sıra şəraitə görə o biri sosial qrupa daxil ola bilmədiyi natamam sosial yerdəyişmə prosesi başa düşülür.Nəticədə marginal bu cəmiyyətdə mövcud olan sosiomədəni struktur və ənənələrin çərçivələrinə uyğunlaşa bilmir, sanki yol
qırağına, sosial həyatdan kənara atılmış, sıxışdırılmış olur.Sosial əlaqələrin qırılması marginallığın əsas əlamətidir.Klassik variantda əvvəlcə iqtisadi və sosial tellər kəsilir, sonra da mənəvi əlaqələr qırılır.Marginalın sosial davranışının səciyyəvi cəhəti kimi sosial gözləmələr və sosial tələbatlar səviyyəsinin enməsini
göstərmək olar. Mobillik kimi, marginallıq da təkcə fərdi yox, qrup formasında da ola bilir. Bu halda o, cəmiyyətin sosial strukturundakı dəyişikliklərin yekunlaşdırıcı məhsulu, iqtisadiyyatda və siyasətdə köhnə qrupları sıxışdırıb çıxaran, onların ictimai durumunun destabilləşdirən yeni funksional qruplarının
formalaşması kimi göz önünə gəlir.Marginallaşmanın bu tipinin intensivliyi "stimullaşdıran"amillərin xarakterindən birbaşa asılıdır. Sosial strukturda
dəyişikliklər məhsuldar qüvvələrin inkişafında təbii-tarixi ictimai təkamül və tərəqqi ilə bağlı olması kimi bir şeydir, bu dəyişikliklərin inqilablardan və ya radikal islahatlarlardan,köhnə ictimai quruluşun total şəkildə dağıdılmasına yönəldilmiş transformasiyalardan irəli gəlməsi – tamamilə başqa bir şeydir.
Bu halda marginallaşma çox vaxt sosial statusun kütləvi şəkildə enməsinə, çoxlarınınn "ikinci növ " vətəndaşlara çevril məsinə gətirib çıxarır. Sosial mobillik və onunla üzvi surətdə bağlı olan marginallaşma baxımından cəmiyyətin iki tipi bir-birindən fərqləndirilir: açıq və qapalı sosial stratifikasiya sistemləri.
Bir stratdan başqa strata yerdəyişmə rəsmən məhdudlaşdırılmadıqda, bu, açıq cəmiyyət adlandırılır. Qapalı cəmiyyət elə cəmiyyətdir ki, onun strukturunda aşağı stratlardan ali stratlara doğru yerdəyişmələr ya tam qadağandır, ya da xeyli
məhdudlaşdırılmışdır.
Birinci halda söhbət sənaye (postsənaye) cəmiyyətlərdən gedir.Burada şəxsiyyət sosial statusa daha çox səyləri və istedadı sayəsində nail olur. Bu cəmiyyətlərdə yüksələn sosial yerdəyişmələr elə bir ciddi çətinliklərə səbəb olmur və müvafiq keyfiyyətləri (o cümlədən şöhrətpərəstlər və qeyri-adi şəxsiyyət olmaq arzusu olanlar) olan insan həmişə "özünü təqdim edə"bilir.
İkinci halda söhbət ənənəvi (sənayeyəqədərki) cəmiyyətlərdən gedir.Burada fərdin sosial statusu əksər hallarda ona aid edilmiş (askriptiv) olur. Yəni o, şəxsi keyfiyyətlərlə və həyat fəallığı ilə deyil, doğuluşa, cinsə, yaşa, irqə və s. görə təyin edilir. Belə cəmiyyətlərdə yüksələn sosial yerdəyişmələr (sosial pilləkənlə yuxarıya doğru hərəkət) ya çətin olur, ya da ümumiyyətlə qeyri-mümkündür. İnsan aşağı stratlardan ali stratlara keçə bilmir.
Tarixi retrospektiv planda qapalı cəmiyyətlərə quldarlıq,kastalar və silklər kimi sosial stratifikasiya tipləri olan cəmiyyətlər aiddir.
Quldarlıq dövründə tarixdə yeganə sosial münasibətlər forması olmuşdur ki, bu zaman insanın heç bir hüquq və azadlıqları olmamış, o özü isə başqa birisinin mülkiyyəti kimi çıxış etmişdir. Quldarlıq kimi qədim olmayan və elə də çox
geniş yayılmayan (yalnız Hindistanda və Afrikada) kasta quruluşu olan cəmiyyətlərdə insanın bu və ya digər sosial qrupa (kastaya) mənsubluğu doğuluşla müəyyən edilir və onun sağlığında öz kastasından başqa kastaya keçmək hüququ
yoxdur. Bunun üçün bir daha dünyaya gəlmək lazımdır.
Hindistanda bu gün də 4 əsas kasta mövcuddur: brahmanlar (ruhanilər), kşatrilər (döyüşçülər), vayşilər (tacirlər),şudralar (fəhlə və kəndlilər). Eyni zamanda 5 minə yaxın qeyriəsas kasta və yarımkasta da mövcuddur. Xüsusi yeri toxunulmazlar tutur. Onlar heç bir kastaya daxil deyil və aşağı mövqeni tuturlar. Lakin sənayeləşmə və urbanizasiyanın getdikcə kastalar tədricən siniflər tərəfindən sıxışdırılır.
Bir neçə stratları daxil edən silk sistemi üçün mövqe və imtiyazların qeyri-bərabərliyində öz ifadəsini tapan iyerarxiya səciyyəvidir. Silk təşkilinə klassik misal olaraq XIV-XV əsrlərin Avropasını göstərmək olar. Bu dövrdə cəmiyyətin
strukturu ali silkə (zadəganlar və ruhanilər) və imtiyazsız silkə (sənətkarlar, tacirlər, kəndlilər) bölünürdü. X-XIII əsrlərdə üç əsas silk mövcud idi - ruhanilər, zadəganlar və kəndlilər.
Silklər torpaq mülkiyyətinə əsaslanırdı. Onların hüquq və vəzifələri hüquqi qanunla müəyyən olunur və dini doktrina ilə təsbit edilirdi. Silklərdə üzvlük irsən ötürülürdü. Təbəqələr arasında sosial maneələr kifayət qədər sərt idi. Buna görə də
sosial mobillik silklər arasından çox, silk daxilində mövcud idi.
Eyni zamanda kastalardan fərqli olaraq silklərarası nikahlara, icazə verilirdi.
Kapitalizmin yaranması və inkişafı ilə “silk” termini“sinif” termini ilə əvəz olundu. Sinfi stratifikasiya kastadan və silkdən ilk növbədə onunla fərqlənir ki,:- siniflər hüquqi və ya dini normalar əsasında yaradılmamışdır. Onlarda üzvlük irsi mövqe ilə şərtlənmir.
- siniflər maddi resurslara sahiblik və onların üzərində nəzarətdə bərabərsizliklə bağlı olan insan qrupları arasındakı iqtisadi fərqlərdən asılıdır;
- sinfi sistemlər əsasən şəxsiyyətdənkənar əlaqələri həyata keçirir. Sinfi fərqlərin əsası (əmək şəraiti və ödənişi arasında qeyri-bərabərsizlik) bütövlükdə iqtisdiyyata məxsus olan iqtisadi şəraitin nəticəsi kimi bütün peşə qruplarınaşamil olunur;
- sosial mobillik başqa stratifikasiya sistemlərində olduğundan xeyli sadədir. Onun üçün formal məhdudiyyətlər yoxdur. Amma mobilliyi insanın start imkanları və iddia səviyyəsi real olaraq ləngidir.
Sosial bərabərsizliklər iyerarxiyası kimi sosial stratifykasiya anlayışı ilə yoxsulluq və varlılıq anlayışları üzvi surətdə bir-biri ilə bağlıdır. Bərabərsizlik haqqında danışarkən əhalinin müxtəlif təbəqələri arasında cəmiyyətin çatışmayan resurs-
larının (pul, hakimiyyət, təhsil, nüfuz və s.) qeyri-bərabər bölgüsü nəzərdə tutulur. Bərabərsizliyin əsas ölçü kimi likvid dəyərlərin miqdarı çıxış edir. Bu funksiyanı adətən pul yerinə yetirir. Buna görə də yoxsulluq minimal miqdarda likvid dəyər-
lərə malik olan və sosial nemətlərə məhdud çıxış imkanları olan insanların iqtisadi və sosiomədəni vəziyyətini ifadə edir. Bu zaman söhbət yalnız minimal gəlirdən getmir, həm də xüsusi həyat tərzi və üslubundan, nəsildən-nəslə ötürülən davranış
normalarından, psixoloji stereotiplərdən gedir ki, bu da sosioloqlara yoxsulluq haqqında xüsusi submədəniyyət kimi danışmağa imkan verir.
Ənənəvi olaraq sosioloqlar mütləq və nisbi yoxsulluğu bir-birindən fərqləndirirlər. Mütləq yoxsulluq dedikdə, fərdin öz gəlirinə, hətta qida, ev, geyim, istilik və s. baza tələbatlarını təmin etmək iqtidarında olmaması və ya yalnız insanın bioloji
varlıq kimi təkrar istehsalı çərçivəsindən kənara çıxmayan minimal tələbatlarını təmin etmək iqtidarında olması başa düşülür.Mütləq yoxsulluğun sayca meyarı kimi yaşam minimumu ilə ölçülən yoxsulluğun kandarı çıxış edir.
Nisbi yoxsulluq dedikdə, bu cəmiyyətdə qəbul edilmiş bəzi həyat standartlarını dəstəkləməyin mümkünsüzlüyü başa düşülür.
Mütləq yoxsulluqda yaşayan insanları bəzən kasıblara,yəni yalnız minimal fiziki tələbatlarını təmin etməyi bacaran insanlara aid edirlər. Ancaq mütləq yoxsulluqda yaşayanların hamısını kasıb adlandırmaq olmaz. Kasıblar ya qazancla, ya ya
təqaüd və maddi yardımlarla yaşayırlar, amma onlar dilənçilik etmirlər.
Yoxsullara müntəzəm dilənçiliklə dolanan insanları aid etmək daha düzgün olar.
"Yoxsul" anlayışı ilə "lümpen" anlayışı üzvi surətdə bir-biri ilə bağlıdır. Adətən lümpen dedikdə, cəmiyyətin ən aşağılarına aid olan,"sosial dibi"ni yaradan insanlar nəzərdə tutulur. Bu, sinfi simasınıitirmiş, müxtəlif səbəblərə görə bu cəmiyyətin sosial strukturunun sərhədlərindən kənarda qalmış və, bir qayda olaraq, öz vəziyyətini sərbəst olaraq yaxşıya doğru dəyişdirməyə qadir olmayan element-
lərdir (bomjlar, avaralar, evsizlər və b.).
Kasıblıq və yoxsulluqla (bəzən dərin kasıblıq adlandırılan) yanaşı məhrum edilmişlər də qeyd edilir ki, bu zaman da sağlamlıq vəziyyətinə görə maddi və mədəni nemətlərə çıxışın olmaması, çoxuşaqlılıq, alkoqolizm və s.-lə əlaqədar yaranmış yoxsulluq nəzərdə tutulur.
Varlılara maksimal miqdarda pulu olanlar aid edilir. Sərvət insan malik olduğu şeylərə (ev, maşın, yaxta, şəkil kolleksiyası, səhmlər, sığorta şəhadətnamələri və s. ekvivalent olan pul məbləği ilə ifadə edilir. Söhbət dəyərlərin (özü də mütləq
likvid dəyərlərin, yəni istənilən dəqiqədə satıla bilən dəyərlərin)məcmusundan gedir. Varlılar ona görə varlı adlanırlar ki,maksimal miqdarda likvid dəyərlərə malikdirlər (istər neft şirkətləri, istərsə də kommersiya bankları, supermarketlər, nəşriyyatlar, zavodlar, fabriklər, qalalar, adalar, təmtəraqlı mehmanxanalar və ya şəkil kolleksiyaları). Varlıların heç də çoxlu midarda nağd pulu olması vacib deyil.Pullar əsasən çox qiymətli şeylərdə maddiləşdirilmiş olur.
Varlılar və kasıblar arasında aralıq mövqeni orta sinif tutur. Bu sinfin meydana gəlməsi inkişaf etmiş sənaye və postsənaye cəmiyyəti ilə əlaqələndirilsə də, öz mənbələri ilə o,sənaye inqilabının əvvəlində "üçüncü silklə" birgə tədricən
cəmiyyətin feodal strukturunu kapitalist strukturuna transformasiya edən "dördüncü silkə" gedib çıxır.
“Kütləvi rifah cəmiyyəti" inkişaf etdikcə, orta sinif artıq yalnız xırda mülkiyyətçilər və xırda sahibkarlarla (köhnə orta siniflə) əlaqələndirilmir, həm də "ağ yaxalıqlarla" (yeni orta siniflə), yəni muzdla işləyən, amma əqli əməklə məşğul olan insanlarla: menecerlərlə, qulluqçularla, mühəndis-texniki işçilərlə və b. ilə assosiasiya edilir. Sonra orta sinif səviyyəsinə bir qədər az qazanan ticarət agentləri, orta və ali məktəb müəllimləri, həkimlər, klerklər, bir çox başqa kütləvi peşə nümayəndələri cıxdı.
Bu gün orta sinfin əksəriyyəti əvvəllər olduğu kimi, şəxsi mülkiyyətə sahib olan yox, gəlir mənbəyi kimi şəxsi zəhməti, peşə vərdişləri çıxış edən insanlardır.
Alimlər arasında orta sinifin ayırılması meyarları ilə bağlı daim müzakirələr gedir. Əsas obyektiv meyarlar kimi daha çox təhsil və gəlir səviyyəsi, istehlak standartları, maddi və ya intellektual mülkiyyətə sahibolma, yüksək ixtisaslı əməyə qabil olma qeyd edilir.
ABŞ-da, məsələn, əhalinin demək olar ki, 85%-i özünü bu sinfə aid edir. Bu sinfə adambaşı ailə üzvünə 2– 2,5 min dollar aylıq gəlir və adambaşına ən azı 40 kv.m ümumi sahə düşən, habelə ailəsində 2–3 maşın olan hər kəs daxildir. Başqa inkişaf etmiş ölkələrdə əhali tərkibində orta sinfin xüsusi çəkisi 65-də–75% arası tərəddüd edir.Müasir inkişaf etmiş cəmiyyətin əsas sosial qrupu olaraq,orta sinif bir sıra əhəmiyyətli sosial funksiyaları yerinə yetirir.
Onlardan təməl kimi sosial stabilizator funksiyasını qeyd etmək olar: kütləviliyinə görə cəmiyyətin sosial strukturunda birinci yerə nail olan orta sinif nümayəndələri onlara bu vəziyyətə çatmağa imkan verən mövcud dövlət quruluşunu dəstəkləməyə
meyillidir. Bu gün hamının qəbul etdiyi fakt ondan ibarətdir ki,orta sinif nümayəndəsi nə qədər çox olsa, cəmiyyəti də inqilablar, millətlərarası münaqişələr bir o qədər az titrədər. Öz taleyini öz əlləri ilə qurmuş insanlar tərəfindən strukturlaşan, deməli, mövcud status-kvonun qoruyub saxlamasında maraqlı olan orta sinif iki əks sinfi –varlıları və kasıbları aralayır və onlara toqquşmağa imkan vermir.
Sabitləşdirici funksiyadan başqa, orta sinif başqa sosial proseslərdə də mühüm rol oynayır:
• iqtisadi münasibətlər sahəsində əhalinin orta təbəqələri iqtisadi donor rolunu oynayırlar – yalnız cəmiyyətin gəlirlərinin böyük hissəsinin istehsalçıları kimi deyil, həm də böyük istehlakçılar, investorlar və vergi ödəyiciləri kimi;
• mədəni sferada orta sinif mədəni inteqrator kimi demokratik cəmiyyətə məxsus dəyərləri, normaları, ənənələri və qanunları yayır və qoruyur;
• şaquli mobillik proseslərində bu gün məhz orta sinif həm dövlət aparatını, həm də biznesi məmur və müxtəlif dərəcəli menecer kadrları ilə təmin edir;
• vətəndaş cəmiyyətinin özünütənzimləmə sferasında orta sinif nümayəndələri fəallıq göstərir. Onun bu rolu inzibati-icraçı tənzimləyici funksiyası adlandırılır.

Britaniya tarixçisi A.Toynbinin (1889–1975) iddiasına görə, Qərb cəmiyyəti yalnız çoxsaylı və səriştəli orta sinif yaratmağı bacardıqdan sonra müasir Qərb cəmiyyəti oldu.


Müasir Qərb sivilizasiyası orta sinif sivilizasiyasıdır. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin aktiv əhalisinin çox hissəsini təşkil edən muzdlu işçilər arasında, məhz bu sinif yüksək peşəkarlığı və ixtisaslaşması ilə fərqlənən ən irəli çıxmış hissədir. Onun maraqları (iqtisadi, sosial və siyasi) faktiki olaraq hakim partiyaların və buna iddia edən partiyaların siyasətini müəyyən edirlər.
Yaşlı insanlarla müqayisədə gənclər yaxşı geyinməyə,başqalarından “pis görünməməyə” meyillidirlər. Dəbdə olan cins, bahalı gödəkcə, krassovkalar, mobil telefonlar və imkanlı valideynlərin uşaqlarının malik olduqları bir çox başqa şeylər
imkansız uşaqların yönləndikləri davranış nümunələrini
formalaşdırır.İmkanlı siniflərdən olan valideynlər üçün dəbdə olan şeyləri almaq çətin deyilsə, kasıb valideynlərin büdcəsinə bu,gözəçarpan təsir göstərir. Birincilər bunlara ailə büdcəsinin 1⁄4 hissəsini xərcləyirsə, ikincilər – 2/3 hissəsini.
Kasıblar öz sinfinin standartları ilə ayaqlaşsaydılar, bu,belə olmazdı.
Nüfuzlu istehlak bir çoxlarını vəsaitlərindən artıq xərcləməyə vadar edir. Kasıb ailələrdən çıxanlar öz vəziyyətindən və maddi səviyyəsi daha yaxşı yaşamağa imkan verməyən ailəsindən narazı olur. Bu zəmində nəsillərin münaqişəsi yara-
nır, uşaqlar valideynlərini hamı kimi yaşaya bilmədiklərinə,əxlaq normalarına məhəl qoymamaqla belə "pul etməyi" bacarmadıqlarına görə ittiham edirlər. Nəticədə kasıbların uşaqları qanunsuz gəlir əldə etmək üsullarını tapırlar. Pul onlara zənginlərə "çatmaq", orta və ya ali sinfin standartları üzrə yaşamaq üçün lazımdır. Təəccüblü deyil ki, başqa təbəqələrin nümayəndələri ilə müqayisədə kasıbların əmək karyerası başlanğıcda daha çox qeyri-leqal bizneslə bağlı olur.
Bu mövzunun öyrənilməsi ona görə vacibdir ki, insanın bioloji varlığının fonunda sosial varlıq olması onun həyat fəaliyyətində həlledici rol oynayır.İnsanlar-şəraitin məhsuludur.Dəyişilmiş insanlar dəyişilmişşəraitin məhsuludur. Bu şərait nə qədər insanpərvər mühitdirsə, şəxs bir o qədər insandır. Onun hərəkətləri də daha çox şüurlu varlığın hərəkətlərinə uyğundur.
Yüklə 36,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə