311
Çaqqallı abidəsinə eramızdan əvvəl IV əsrdə -eramızın I əsrində mövcud olmuş şəhərin
qədim hissəsinin xarabalıqları kimi baxmağa meyil edirlər.
Yuxarıda deyildiyi kimi, Səlbir və Qala, görünür, Qəbələnin içqalası olmuşdur.
Səlbirdə qala, divarlarının ümumi uzunluğu 1400 metrdən çoxdur. Burada 10
Bürcün qalıqları aşkar edilmişdir.
Qalanı cənubdan əhatə edən beş yarımdairəvi bürcün və qala divarlarının yerüstü
hissələri nisbətən pis qalmamışdır. Bürclərin salamat qalmış hissələrinin hündürlüyü 5-
12 m, divarlarının qalınlığı 5 m, daxili diametri 5 m, yarımdairənin xarici xətti isə 27
metrdir. Qala divarları qalıqlarının hündürlüyü 3-7 metrə, qalınlığı isə 5 metrə çatır.
Bürclərin və divarların özülləri yonulmuş düzbucaq formalı əhəngdaşından qoyulmuş,
yuxarı hissəsi isə bişmiş kərpicdən tikilmişdir. Hörgüdə əhəng məhlulu işlədilmişdir.
Cənub hissəsi istisna edilməklə qala divarları ərazinin təbii şəraitinə uyğun
surətdə tikilmişdir.
Səlbirdə aparılan qazıntılar mədəni təbəqənin aşağı horizontlarında kəsişən
divarların qalıqlarını və böyük miqdarda iri damüstü kirəmit aşkara çıxarmışdır. Qəbələdə
ən qədim ev olan bir yaşayış evinin divarının qalıqları tapılmışdır. Evin divarı gil məhlulla
çaydaşından hörülmüşdür. Elə burada rast gələn kirəmitin ölçüləri və çəkisi göstərir ki,
qədim şəhərin binaları çox əzəmətli, görkəmli və möhkəm olmuşdur. Bu, qəbələlilərin
inşaatçılıq məharətinin yüksək olduğunu da göstərir.
Antik dövrün damüstü kirəmiti ilk dəfə Qəbələnin yaxınlığında - Çaqqallıda və
Seyidtalada tapılmışdır və e.ə. II əsr - eramızın I əsrinə aid edilir.
Son vaxtlar Səlbirdə yaşayış binasının bünövrə qalıqlarının içərisində aşkar edilən
təknə qəbir (e.ə. I əsr - eramızın I əsri) şəhərin erkən tikinti horizontunu eramızdan əvvələ
aid etməyə imkan verir.
Səlbirdə tapılan və Qəbələnin qədim dövrünə aid olan arxeoloji materialın əsas
qismi keramik qabların parçalarından ibarətdir. Bunlar qara, çəhrayı və qırmızı rəngli
bardaqlar, təkayaq və üçayaq vazalar, südqabılar, müxtəlif başqa qablar və sairədir.
Bardaqlardan birinin boğazı yunan əlifbasının bəzi hərflərini xatırladan işarələrlə
örtülmüşdür.
Mədəni təbəqənin erkən alt horizontlarında Yaloylutəpə qablarının tam eyni olan
böyük miqdarda qablar aşkar edilməsi e.ə. III-I əsrlərdə Qəbələdə həyatın zənginliyinə
sübutdur. O zaman Qəbələni dövrələyən qala divarlarının mövcudluğu onu şəhər
hesab etməyə imkan verən əsas dəlillərdən biridir.
Qalada antik dövrün mədəni təbəqəsinin aşkar edilməsi, həmin təbəqədə şərab
anbarı, kübar adama məxsus böyük məqbərə, bulla tapılması, Bayır şəhərin yaxınlığında
küp qəbirlərdən ibarət qəbiristanın, Çaqqallıda antik mədəni təbəqənin və qəbiristanın,
Seyidtalada, Uzuntalada, Tərkəşdə, Qaratəpədə antik dövr məskənlərinin və
qəbiristanlarının mövcud olması Qəbələdə və Qəbələ mahalında sosial-iqtisadi və
mədəni həyat haqqında biliyimizi xeyli genişləndirmişdir.
312
Qazıntılar zamanı tapılan dulus sobalarının qalıqları, dəmir kotanlar, dən daşı,
həvənglər, meyvə tumları, taxılı, meyvə və şərab saxlamaq üçün küplər, çoxlu
miqdarda müxtəlif keramik qab-qacaq, davar və qaramal sümükləri, çoxlu bəzək şeyləri,
dəmir silah (ox və nizə ucluqları, bıçaqlar, xəncərlər), qədim sikkələr, bullalar, maddi
mədəniyyətin digər qalıqları təsdiq edir ki, əkinçilik, heyvandarlıq, bağçılıq, sənətkarlıq
və ticarət antik dövrdə Qəbələ şəhərinin təsərrüfat həyatında mühüm yer tuturdu.
Qəbələdə yəqin ki, həm çiy, həm də bişmiş kərpic və xüsusilə kirəmit kəsən
emalatxanalar olmuşdur. Dulusçunun və ya dulusçuluq emalatxanası sahibinin şəxsi nişanı
- girdə damğa vurulmuş kirəmit bizə gəlib çatmışdır. Qonşu vilayətlərdə olduğu kimi,
Albaniyada, xüsusən Qəbələdə də erkən hellinizm dövründə başlanmış kirəmit istehsalı,
güman ki, şəhər sənətkarlarının mühüm sahəsi idi. Müəyyən edilmişdir ki, tikintidə
daşdan və çiy kərpicdən başqa müxtəlif ölçülü bişmiş kərpic də işlədilirdi.
Antik Qəbələdə tikinti işlərinin miqyası elə idi ki, orada bazar üçün işləyən
daşyonanların, dülgərlərin və başqa sənətkarların emalatxanaları olmalı idi. Dediklərimiz
ilk növbədə dulusçuluq məmulatına - qab-qacağa aiddir.
Sikkə dəfinələri, bullalar, habelə Qəbələdən keçən karvan yollarının izləri
göstərir ki, e.ə. III əsr - eramızın III əsri ərzində Qəbələ Qərb və Şərqin bir çox ölkələri
ilə, xüsusən Roma, Parfiya və Sasani imperiyalarına daxil olan vilayətlərlə geniş ticarət
əlaqələri saxlayırdı.
Qəbələnin həndəvərində aşkar edilmiş antik qəbiristanlar, xüsusilə Səlbir ərazisində
aşağı mədəni təbəqənin altından tapılmış qəbirlər qədim Qəbələ əhalisinin ictimai-
iqtisadi həyatını və mənəvi mədəniyyətini, xüsusən dini baxışlarını, dəfn mərasimlərini
öyrənməyə imkan vermişdir.
Beləliklə, antik dövr Qəbələsi intensiv surətdə tikilib qurulan müxtəlif ictimai,
inzibati binaları, emalatxanaları, bazarları, zərbxanası olan, ticarəti və pul tədavülü
inkişaf etmiş iri şəhər idi. Qəbələ əhalisi qarışıq etnik tərkibə malik idi, onlar müxtəlif
peşələrlə - ticarət, sənət və əkinçiliklə məşğul olurdu. Qəbələ gənc Albaniya çarlığının
mühüm strateji, siyasi-inzibati, ticarət-sənət ayin-mədəniyyət mərkəzi, 26 alban
tayfasını birləşdirmiş Albaniya hökmdarının paytaxtı idi.
Həmin zona Azərbaycan Respublikasının Balakən, Zaqatala, Qax, Şəki
rayonlarını, qismən Oğuz və Mingəçevir rayonlarını və Gürcüstanın Laqodexi rayonunu
əhatə edir. Bu, Ptolemeyin Albaniya xəritəsindəki ikinci zonaya müvafiq gəlir; qədim
yunan astronomu və coğrafiyaşünası adı çəkilən xəritədə 12 yaşayış məntəqəsi yerləşdirir.
Yaşayış məntəqələri təxminən belə lokallaşdırılır: Moseqa (Zaqatala yaxınlığındakı
müasir Masexi), İobula (Qax yaxınlığındakı müasir Əlibəyli), İuna (Şəki yaxınlığındakı
Ciuta uyğun gəlir), Albana (ehtimal ki, Əyriçay sisteminin ən şərq qolunun "dirsəyi"
yaxınlığında olan müasir Əliyar//Əbliyardır), Mamexiya (çox güman ki, Mal(l)exiyadır,
Oğuzdan cənubda yerləşən Malıx kəndinin adına müvafiq gəlir), Qaytara (görünür,
Qaytavrdır, Mingəçevir adının ondan əmələ gəlməsi demək olar ki, şəksizdir), Sioda