313
(müəyyənləşdirilmir), Adiabla (ola bilsin ki, Zaqataladan təqribən 15 kilometr cənubda
yerləşən Əliabadın adı onun adından götürülmüşdür), Osika (müasir Şəki), Baruka (daha
doğrusu, Baruda - Vartaşen - müasir Oğuz), Samunis (daha doğrusu, Samuxis, müasir
Samux), Embolayya (görünür, Eblaya, müasir Yevlax).
Oğuz rayonunun şərq hissəsi və Qəbələ rayonu Ptolemey xəritəsinin üçüncü
zonasına müvafiq gəlir. Burada aşağıdakılar lokallaşdırılır: Xabala, Xadaxa, Xabota (ola
bilsin, Oğuz rayonunun indiki Xaçmaz kəndidir), Misiya (görünür, Niziyadır, ola bilsin
indiki Nic kəndidir), Alam (ola bilsin, Göyçayın qərb qolunun sahilində yerləşən müasir
Zalam kəndidir), Ablana (ola bilsin, Nic ilə Zalam arasında yerləşən müasir Ərəb
kəndidir), Boziata (ol bilsin, müasir Vardanlı kəndi rayonundadır)
12
.
Çox ehtimal ki, şəhərlərin və şəhər həyatının meydana gəlməsinin mühüm
ocaqlarından biri Muğan olmuşdur. Eramızdan əvvəl I minilliyin çoxsaylı qəbirləri və
nəhəng suvarma qurğuları bunu sübut edir.
Mil-Qarabağ zonasında aparılmış arxeoloji tədqiqatlar belə bir nəticəyə gəlməyə
imkan verir ki, eramızdan əvvəl I minilliyin ikinci yarısında burada çiy kərpicdən əsaslı
binalar tikilməsi ilə səciyyələnən daimi oturaq xarakterli məskənlər olmuşdur. Beyləqan
rayonunda Təzəkənd yaxınlığında olan kompleks Mil düzündə son dərəcə mühüm bir
abidədir və ona şəhər tipli məskənin qalıqları kimi baxmaq olar.
Örənqala (Beyləkan - Paytakaran) xarabalığının 7-8 kilometrliyində yerləşən
Təzəkənd arxeoloji kompleksi bir-birindən təqribən 700 metr aralı olan, xəndəklərlə
dövrələnmiş iki düzbucaqlı təpə ilə təmsil edilmişdir. Onların arasında bir neçə kiçik
təpəcik vardır.
Böyük təpənin şərq küncündə küp qəbirlər zamanından qalma keramika, ətəyində
isə küp qəbirin qalıqları aşkar edilmişdir. Burada gümüş sikkələrdən ibarət kiçik bir
dəfinə, xüsusən imperator Avqustun denariləri və ağac sütunlar üçün üç daş baza da
tapılmışdır. Bu bazaların xronoloji hüdudları eramızdan əvvəl I əsr ilə eramızın IV əsri
arasındadır. Bu cür bazalar Dvində, Ulya-Noraşendə, Boyəhmədlidə (Ağdam yaxınlığında)
və başqa yerlərdə aşkar edilmişdir. Sütunların daş bazaları qədim dövrdə böyük Təzəkənd
təpəsində məbəd və ya saray xarakterli iri tikili olduğunu təsdiq etməyə əsas verir. Bütün
kompleks isə sübut edir ki, eramızın başlanğıcında burada çox böyük bir məskən mövcud
olmuşdur; həmin məskən VI əsrdə Örənqala xarabalığının indi olduğu yerə - orta əsrlərdə
Beyləqan adlanan yerə köçürülmüşdü ki, bu da qədim Paytakaran ilə eyniləşdirilir.
12
Məntəqələrin lokallaşdırılması və adların müəyyənləşdirilməsi S.N.Muravyov tərəfindən təklif
edilmişdir.
314
Paytakaran (Beyləqan) şəhəri ilk orta əsr qaynaqlarının da Paytakaran adlandırdığı
və Arazın aşağı axarının hər iki sahilində yerləşdirdiyi vilayətdə idi. Strabona əsasən, bu
rayonun əhalisi kaspilər, adı Kaspiana idi.
Örənqala xarabalığından 4 kilometr şimal-qərbdə yerləşən Qaratəpə eramızdan
əvvəl I minilliyin ortalarında Mil düzündə meydana gələn və çiy kərpicdən tikilmiş iri
binaları ilə səciyyələnən bir məskəndir.
Təpənin birinci mədəni təbəqəsi eramızdan əvvəl VII-VI əsrlərə aiddir və sübut
edir ki, skif yürüşləri dövründə yaxud bilavasitə onlardan sonra bu ərazidə, çox güman ki,
yerli əkinçi-maldar əhaliyə məxsus daimi məskənlər olmuşdur. Əşya materialı -
keramika, dən daşları, nehrələr və i.a. buna sübutdur.
Qaratəpədə birinci mədəni təbəqənin birbaşa davamı olan ikinci mədəni təbəqə
eramızdan əvvəl I minilliyin ikinci yarısına (V-I əsrlərə) aiddir. Birinci təbəqədə olduğu
kimi, ikinci təbəqədə də tikinti qalıqları aşkar edilmişdir. Burada tikinti qalıqları birinci
mədəni təbəqədəkindən xeyli çoxdur. Çiy kərpicdən hörülmüş çoxlu divarlar təmizləndikdə
məlum olmuşdur ki, bunlar bir sıra düzbucaqlı binalar əmələ gətirir və binaların xeyli
hissəsinin döşəməsi gil məhlulu ilə şirələnmişdir.
Binalarda ocaqlar aşkar edilmişdir. Məskənin ikinci təbəqəsinin ərazisində
təsərrüfat və zibil quyuları tapılmışdır. Ümumiyyətlə, bütün təbəqə çox böyük
miqdarda arxeoloji materialla zəngindir. Burada çoxlu dən daşı, nehrə və başqa kənd
təsərrüfatı avadanlığı, xeyli miqdarda ev heyvanları sür-sümüyü, əsasən qoyun-keçi
sümükləri, eramızdan əvvəl VI-I əsrlərə aid edilən Cəfərxan, Yaloylutəpə, Mingəçevir
keramikasına bənzər çoxlu müxtəlif keramika üzə çıxarılmışdır. Keramik material
arasında ən mühüm tapıntılar Əhəmənilər zamanının metal piyalələrinə bənzədilən gil
piyalələrdir; bunlar sənətkarların estetik zövqləri haqqında, həm də ikinci mədəni
təbəqənin erkən horizontunun nə vaxt mövcud olması haqqında mühakimə yürütməyə
imkan verir.
Beyləqan rayonu ilə qonşu olan Füzuli rayonunda, Füzuli şəhərinin şimal
ucqarında Quruçay ilə Köndələnçay arasında Qaraköpəktəpə abidəsi tədqiq edilmişdir.
Bura böyük bir məskəndir; tapılmış tikili qalıqları, məişət və digər əşyalar vaxt etibarilə
eneolitdən başlanıb orta əsrlərlə qurtaran dövrlərə aiddir. İlk orta əsrlər təbəqəsinin
altında yerləşən, qalınlığı iki metrdən çox olan təbəqə bünövrəsi çaydaşından qoyulan
dördkünc tikililərlə, ocaqlar, təsərrüfat küpləri və i.a. ilə səciyyələnir. Məhz bu təbəqə
antik dövrə aiddir. Mədəni təbəqədə çoxlu keramika, dən daşları və i.a. aşkara
çıxarılmışdır. Bu material, xüsusilə küp qəbirlər dövrü ilə bağlı olan, Mingəçevirdə və
Mil-Qarabağ düzündə nümunələri tapılan açıq rəngli naxışlı keramika qəlpələri
Qaraköpəktəpə məskəninin antik təbəqəsini eramızdan əvvəl V-II əsrlərə aid etməyə
imkan verir. Maraqlıdır ki, məskənin yaxınlığında küp qəbirlər qəbiristanı aşkar
edilmişdir.