330
sübut edir, həm də sinfi təbəqələşmənin kifayət qədər aydın mənzərəsini yaradır.
Yaloylutəpə qəbirlərinin, küp qəbirlərin avadanlığı bunu tam aydınlığı ilə göstərir.
Bununla əlaqədar olaraq, çoxsaylı qliptika abidələri - məsələn, xüsusi
mülkiyyətin mövcud olmasını açıq-aşkar göstərən üzük-möhürlər xüsusi maraq kəsb
edir.
Artıq eramızdan əvvəl I minilliyin ortalarında Albaniya ərazisində daş, şüşə və
metal möhürlər yayılmışdı. Belə metal üzük-möhürlər eramızdan əvvəl V-IV əsrlərdə
antik dünyada və Şərqdə də yaxşı məlum idi.
Bütün bunlar təqribən eramızdan əvvəl I minilliyin ortalarında və ikinci
yarısının başlanğıcında antik Albaniyanın sosial-iqtisadi münasibətlərində baş verən
köklü dəyişikliklərə sübutdur. Qədim Albaniya vilayətlərində sənət yüksək inkişaf
səviyyəsinə çatmışdı. Lap qədimlərdən məlum olan metallurgiya və metal emalından,
dulusçuluq və toxuculuqdan əlavə, burada yarımqiymətli daşlar emalı, fil dişindən
məmulat hazırlanması, balıq yapışqanı, müxtəlif məlhəmlər və i.a. istehsalı kimi yeni
sahələr meydana gəlir. Keramika istehsalının, zərgərliyin inkişafı davam edir.
Albaniyada dəmirişləmə, xüsusilə onun bir sahəsi olan silahsazlıq son dərəcə yüksək
səviyyəyə çatmışdı. Alban ustaları qılınclar, xəncərlər, oxlar, nizələr, dəbilqələr
qayırırdılar.
Alban dövrünün məskənlərində müxtəlif quruluşlu bir çox dulusçuluq kürələri
aşkar edilmişdir. Qazıntılar nəticəsində böyük miqdarda sabit, ənənəvi formalı qab-
qacaq, xeyli bədii keramika əşyaları tapılmışdır. Keramika məhsullarının bir çoxunda
ustaların nişan-damğasına rast gəlinir. Hər usta eynitipli məhsulun müəyyən bir
növünü hazırlayırdı ki, bu da nəinki dulusçuluğun müstəqil bir istehsal sahəsi kimi
ayrıldığını, həm də dulusçular arasında müəyyən ixtisaslaşma getdiyini göstərir.
Son illərin qazıntıları hellinizm dövrü Albaniyasında damüstü kirəmit
istehsalından danışmağa imkan verir, kirəmit istehsalı isə şəhərlərdə əsaslı tikinti
işləri aparıldığına dəlalət edir. Alban zərgərlərinin sənətkarlığı yüksək inkişaf
səviyyəsinə çatmışdı. Bu dövrdə Albaniyada nəinki sənət əkinçilikdən ayrılmışdı,
həm də sənətin öz daxilində əhəmiyyətli bir şaxələnmə və dar ixtisaslaşma vardı.
Albaniya beynəlxalq ticarət yollarından və quldarlıq sivilizasiyasının ən
mühüm mərkəzlərindən kənarda deyildi. Arxeoloji materiallar alban tayfalarının
Zaqafqaziya, Şərqi Ön Asiya, Kiçik Asiya tayfaları və xalqları ilə, Suriya ilə, Misirlə,
Egey aləmi ilə əlaqələrinin nisbətən sıx olduğunu sübut edir.
Qəbələdə bulla hazırlamaq üçün biçilmiş xammalın olması, yerli məhsul olan,
möhür basılmış, qaytan izləri qalmış onlarca bulla tapılması erkən hellinizm
zamanından başlayaraq Albaniyanın iqtisadi həyatının, xüsusən ticarətinin
səviyyəsinə çox mühüm sübutdur. Həmin bullalar eramızdan əvvəlki son yüzilliklərdə
və eramızın ilk əsrlərində Qafqaz Albaniyasının paytaxtında aparılan ixrac-idxal
əməliyyatlarına bariz sübutdur.
331
Yazılı qaynaqlar və arxeoloji materiallar aydın şəkildə göstərir ki, eramızdan
əvvəlki son iki-üç yüzillikdə Albaniyada şəhərlər və şəhər həyatı nisbətən yüksək
səviyyəyə çatmışdı.
Hellinizm dövrü Albaniyasının şəhərləri artıq siyasi-inzibati və strateji
mərkəzlər, ticarət-sənət və mədəniyyət mərkəzləri idi. Antik Albaniyanın
urbanizasiyası əsaslı sosial-iqtisadi, siyasi və mədəni təbəddülatlarla yanaşı gedirdi.
Albaniya şəhərləri öz xarakterinə və quruluşuna görə qonşu vilayətlərin antik
şəhərlərindən bir o qədər seçilmirdi. Artıq eramızdan əvvəl I mi n i l l i y i n ortalarında
sosial-iqtisadi münasibətlərdə baş vermiş böyük dəyişikliklər nəticəsində Albaniya
şəhərlərində də əmlak bərabərsizliyi yaranmış, cəmiyyət sosial cəhətdən
təbəqələşmişdi. Hellinizm dövrü Albaniyasında azad əhalinin, yoxsullar və
əyanların mövcud olduğu məlumdur. Kaspilər arasında "ən varlılar və əyanlar
(hakimiyyət başında duranlar)" vardı. Antik Albaniyada həm tacirlər, həm də kahinlər
vardı, qulları olan məbəd vilayəti mövcud idi. Sosial-iqtisadi inkişafın nisbətən
yüksək səviyyədə olması, sənətin əkinçilikdən ayrılması, pul tədavülünün,
zərbxanaların, əyanların, tacirlərin, qulların, şəhərlərin, şəhər həyatının olması - bütün
bunlar hellinizm dövrü Albaniyasında sinifli cəmiyyətin, dövlətin mövcud olduğuna
parlaq sübutdur. Eramızdan əvvəl III əsrdən gec olmayaraq meydana gələn və artıq
eramızın hüdudundan uzaq Romada Albaniyanın "birinci" şəhəri kimi tanınan, kifayət
qədər möhkəmləndirilmiş böyük və bütün əlamətlərdən göründüyü kimi, zəngin bir
şəhərin - Qəbələnin mövcud olması faktının özü ölkədə dövlətin və çar
hakimiyyətinin olduğuna sübutdur. Buna görə də Strabonun albanlarda "indi
(seyrəltmə bizimdir - məsul red.) bütün tayfaları bir çar idarə edir" sözləri ən geci
eramızdan əvvəl III əsrə aid edilməlidir.
Makedoniyalı hökmdara qeyri-adi bir hədiyyə bəxş etmiş "Albaniya çarı"
haqqında Yuli Solin də məlumat vermişdir. Ola bilsin ki, hələ eramızdan əvvəl IV
əsrin son sülsündə albanlarda "çarlar" varmış, çünki antik müəllif açıq-aydın yazır ki,
"biz bu b a r ə d ə o x u m u ş d u q " , bu isə şübhəsiz, bizə gəlib çatmayan hansısa
mənbəyə işarədir.
Mada-Əhəməni ənənələri erkən hellinizm zamanında Albaniyada sinifli
cəmiyyətin və dövlətin meydana gəlməsinə və təşəkkül tapmasına təkan verməyə
bilməzdi. Görünür, Albaniya tayfaları bir sosial institut kimi dövlətlə ilk dəfə hələ
Əhəmənilərin hökmranlığı zamanı rastlaşmışdılar.
Atropat dövründə alban tayfalarının siyasi meydana çıxması Albaniyada
dövlətin meydana gəlməsinə xeyli dərəcədə təkan vermişdir, o zaman
atropatenalıların hökmdarı ilə albanlar arasında müttəfiqlik münasibətləri, bəlkə də,
müttəfiqlik - xəracvermə münasibətləri vardı.
Albaniya eramızın hüdudlarında və
ilk əsrlərində. Parfiyaya və Romaya
qarĢı mübarizə. Qafqaz Albaniyasının tarixi qonşu ölkələrdə baş verən siyasi