321
Ticarətin genişlənməsi, pul tədavülünün güclənməsi, eyni zamanda hakim sinfin
tələbatının getdikcə artması strateji, hərbi-inzibati, mədəni və dini mərkəzlər olan
köhnə əkinçilik məskənlərində sənətin inkişafı və nəticə etibarilə əkinçilikdən
ayrılmasına təkan verirdi.
Albaniyada yerli sikkənin meydana gəlməsi pullu ticarətin genişlənməsində
mühüm rol oynadı.
Beləliklə, artıq vahid bir dövlət olan antik Albaniyanın şəhərlərində məhsuldar
qüvvələrin inkişafı prosesi gedirdi ki, bu da əmək alətləri, silah, keramika, toxuculuq
məhsulları və incəsənət əşyaları istehsalının genişlənməsinin nəticəsi idi.
Hellinizm dövrü Albaniyasının şəhərləri artıq yalnız siyasi-inzibati və strateji
mərkəzlər deyil, həm də ticarət-sənət, din-mədəniyyət mərkəzləri idi, bu şəhərlərdə bazarlar
vardı, pul tədavülü olduqca yüksək bir səviyyəyə çatmışdı, sənətkar emalatxanaları
işləyirdi, möhtəşəm binalar tikilmişdi, çoxlu tacirlər, sənətkarlar və başqa əhali yaşayırdı,
bunlar təkcə yerlilər deyil, həm də gəlmələrdi.
Sosial münasibətlər. Antik müəlliflərə əsasən, Qafqaz Albaniyasının öz
basilevsləri (çarları) vardı. Pompeyin yürüşləri zamanından tanınan Oroysun və otuz il
sonra sərkərdə Kanidi Krass ilə çarpışan Zoberin adları bizə gəlib çatmışdır. Bəzi antik
yazıçılar Albaniyada bir basilevs olduğunu deyirlər. Məsələn, Strabon bildirir ki, hazırda
Albaniyada bir basilevs hamının üzərində hökmranlıq edir. Eyni fikri İosif Flavi, Dion
Kassi və Appian da söyləyirlər. Plini, Avqustun Aikira kitabəsi, Fest, Evtropi və başqaları
Albaniyada çarın təkhakimiyyətliyindən bəhs edirlər. Digər müəlliflər Albaniyada bir
neçə basilevsin hökmranlıq etdiyini göstərirlər. Məsələn, Plutarx Kaspi sahillərində bir
neçə alban basilevsi olduğu haqqında məlumat verir. Tasit də albanlarda rekslər (çarlar)
olduğunu söyləyir.
Antik müəlliflər qədim Albaniyanın kübar cəmiyyətinin nümayəndələrini yunan
və latın mənşəli terminlərlə adlandırırlar. Bunların hər birinin öz alban prototipinə nə
dərəcədə uyğun gəldiyini söyləmək çətindir; ictimai institutlar müxtəlif olduğundan
adətən terminlər mənaca üst-üstə düşmür. Latın variantında basilevs və reks həm varlı,
həm də sadəcə adlı-sanlı adam deməkdir. Basilevs və reks (yəni hökmdar, hakim) həm
çara, həm də çarlığa dəxli olmayan nüfuzlu şəxsə aid edilə bilərdi.
Albaniyada basilevslərdən əlavə, hegemonlar və prefektlər də qeyd edilir. Appian
bildirir ki, Pompeyin təntənəli qələbə arabasının önündə iki alban hegemonunu
aparırdılar.
Hegemon başlıca olaraq başçı, rəhbər, habelə sərkərdə, canişin deməkdir. Ayrı-ayrı
hallarda şəhərin ərzaq təminatı rəisi, donanma komandanı, canişin, müttəfiqlərin süvari
dəstəsinin komandanı prefekt adlandırıla bilərdi.
Eliana görə, hiyerevslər və "kaspilərin ən varlıları və ən adlı-sanlıları" dəvə
yunundan paltar geyirdilər. Məlumatda cəmiyyətin yuxarı təbəqəsi nümayəndələri
haqqında yaxşı təsəvvür yaradılır, varlılardan və hakimiyyət başında duranlardan danışılır.
322
Söhbət rəhbərlərdən və ya sərkərdələrdən gedir, hərçənd burada, ola bilsin, ümumiyyətlə
başçı və ya canişin deyil, bəlkə də var-dövlət sahibi, adlı-sanlı adam nəzərdə tutulur.
Strabon piyada qoşundan və süvarilərdən bəhs edir. Albanlarda "nizəatanlar və
oxatanlar vardır; geyimləri zirehli, qalxanları [uzun, dördküncdür], başlarına heyvan
[dərisindən] hazırlanmış papaq qoyurlar..." Bütün əlamətlərdən görünür ki, qoşunun
tərkibində Albaniyanın sosial təbəqələri müəyyən dərəcədə öz əksini tapırdı. Piyada
qoşun nisbətən ikinci dərəcəli əhəmiyyətə malik idi və əhalinin daha yoxsul təbəqələrini
təmsil edirdi, süvarilər isə daha təminatlı ailələrdən toplanırdı.
Strabon məlumat verir ki, Selena ilahəsinə həsr edilmiş Alban məbədində
"kahin vəzifəsini basilevsdən sonra ən böyük hörmət sahibi olan, geniş müqəddəs
məbəd torpağının və hiyerodulların (müqəddəs qullar) başında duran xadim icra edir".
Burada basilevsdən sonra ən böyük hörmət sahibi olan xadim - teokratik aparatın
nümayəndəsi əks olunmuşdur. İbadətgahın və məbədyanı ərazinin əhalisinə gəlincə
Selena ilahəsinə həsr edilmiş alban hiyeronunda baş kahin yalnız öz ibadətgahında
deyil, həm də əhalisi çox olan geniş məbədyanı ərazidə hökmran idi. Strabon yaxşı
məskunlaşmış hiyera xoranı və hiyerodulları ayrılıqda xatırladır. Başqa bir yerdə qeyd
edilir ki, albanlarda ilahəyə insan qurbanları verilir və "qurban verilən yıxılarkən
vəziyyətinə görə fal açılır və bütün icmaya elan olunur". Antik müəllif müqəddəs
torpağın icmaçıları ilə hiyerodullar arasında fərq qoyur. Bununla əlaqədar olaraq
Albaniyadan kənarda yerləşən ibadətgahın oxşar əhalisi ilə tanış olmaq maraqlıdır.
Kappadokiya Komanasının Enio və ya Ma (yerli adı) ibadətgahı barəsində Strabon
məlumat verir ki, "orada əhalinin əksəriyyəti teoforetlərdən və hiyerodullardan
ibarətdir". Kiçik Asiya ibadətgahının teoforetlərini, görünür, qədim Qafqaz Albaniyasının
məbədyanı ərazisinin zəhmətkeş əhalisi ilə eyniləşdirmək lazımdır. Hiyerodullar və
teoforetlər məbəd ərazisinə bağlı əkinçilik icmasının üzvləri olan məbədyanı ərazinin
kəndli əhalisi idilər. Beləliklə, ibadətgahda və hiyera xorada iki kateqoriya əhali qeyd
edilir: məbəd icmasının üzvləri və hiyerodullar. Birinci kateqoriyaya başlıca olaraq
əkinçiliklə məşğul olan əhali aid idi.
Hiyera xora əhalisinin digər kateqoriyasına hiyerodullar aid idilər. Kiçik Asiya
məbədlərinin hiyerodulları haqqında xeyli məlumat qalmışdır. Məsələn, Strabon qeyd
edir ki, Farnakiyada şəhər "çoxlu hiyerodulları və hiyera xorası olan Ameriya
qəsəbəsinə" malik idi. Antik müəllif əlavə edir ki, burada da "albanlarda və Frikiyada
olduğu kimi, Selena məbədi" vardır. Bu məlumatdan görünür ki, hələ qədim vaxtlarda
Kiçik Asiya və Albaniyanın məbədlərini eyniləşdirmə cəhdi var idi. Hiyerodullar başqa
ibadətgahlarda da vardı. Məbəd hiyerodullarının geniş yayılması yaxşı məlumdur. Strabon
Zelada, Kappadokiya Komanasında, Morimenadakı Zevs məbədində və Pont
Komanasında hiyerodullar olmasını xatırladır. Hər iki Komanada altı mindən çox
hiyerodul vardı. Morimenadakı Zevs məbədində hiyerodulların sayı isə, üç minə yaxın
idi [ S t r a b o n ] . Kiçik Asiyanın hiyerodulları kişilərdən və qadınlardan ibarət idi.