325
yanaşı küp qəbirlərin birindən əvvəlki vaxtların tunc oxlarına nisbətən daha səliqəli
hazırlanmış tunc ox ucluğu tapılmışdır. Mingəçevirdə e.ə. III-I əsrlər təbəqəsində
bişmiş gildən olan ox ucluqları aşkar edilmişdir. Yaloylutəpə tipli torpaq qəbirlərin
birində (Çuxur Qəbələ yaxınlığında) çoxlu miqdarda saplaqlı üçpərli ox ucluqları üzə
çıxarılmışdır.
Görünür, Albaniya ərazisində də saplaqlı üçpərli ox ucluqları e.ə. I əsrin
başlanğıcında Orta Asiya və Parfiya vasitəsilə yayılmışdır. Ucluqların bir qismi
buraya sarmat tayfaları ilə gəlib çıxa bilərdi. Güman etmək olar ki, qədim albanlar
qarğı oxlar da işlədirdilər. Parfiya tayfalarında skif yayı (kamanı) əsas yer tutur,
sikkələrdə, ritonlarda və başqa əşyalarda təsvir olunurdu. Bu kaman uzunluğu 60-70
santimetrdən çox olmayan oxlar üçün idi. Eraların ayrıcında skif kamanı ilə yanaşı
daha mürəkkəb hun kamanı tətbiq edilirdi, onun uzunluğu 120 santimetrdən 160
santimetrə qədərdi, üzərində qoyma sümüklər vardı. Daha yüngül və daha ağır
ucluqların olması antik Albaniyada yüngül və ağır kamanların mövcudluğunu güman
etməyə imkan verir. Bunlarla həm süvarilər, həm də piyada qoşun silahlanmışdı.
Qazıntılar antik müəlliflərin məlumatlarını təsdiq edir, həm də hücum silahına
və hərbi əməliyyatla bağlı əşyalara işıq salan bir çox yeni faktlar verir. Bu sıraya
Mingəçevirdən, Şamaxıdan, İsmayıllıdan, Çuxuryurddan və başqa yerlərdən tapılan
dəmir qılınclar aiddir. Qılıncların tiyələri ensiz və uzun, ucları sivridir. Bəzisində ağac
və ya sümük bəzəyi izləri vardır. Üzünə dəri çəkilmiş qınlar da qalmışdır. Qılıncların
bir qisminin halqavari başcığı vardır. Gəncəçayın sahilində çiy kərpic qəbirdən 0,61
metr uzunluğunda qılınc aşkar edilmişdir. Görünür, bu qılınc dəri qında saxlanılırmış
və yuxarı hissədə, qəbzənin yaxınlığında qına oval şəklində olan iki dəmir halqa
keçirilibmiş. Qəbzə üç dəmir mıxla mıxlanmış və tunc halqa ilə bərkidilmişdir.
Qılıncın halqavari başcığı vardır. Bu cür başçıqları olan qılınclar Qara dənizin şimal
sahillərindən Çinə qədər çox böyük bir ərazidə yayılmışdı. Qədim Qafqaz
Albaniyasına bu qılıncları, görünür, Avrasiya çöllərində köçəri həyat sürən tayfalar
gətirmişdir.
Arxeoloji qazıntılar nəticəsində Azərbaycan ərazisində, yəni Mingəçevirdə,
Çirçir gölündə (Ağdaş rayonunun Pirəzə kəndi), Xınıslıda (Şamaxı), Gəncəçayın
sahilində və başqa yerlərdə çoxlu xəncər aşkar edilmişdir. Xəncərlərin böyük bir
qismi görkəmini itirmişdir. Xəncərlərin uzunluğu təqribən 25 santimetrdən 30
santimetrə qədərdir. Məsələn, Xınıslıdan tapılmış xəncərin uzunluğu 28 santimetrə,
Mingəçevirdən tapılmış xəncərlər isə 12 santimetrdən 26 santimetrə qədərdir.
Albanlar bu hücum silahları ilə yanaşı, bıçaqlardan da istifadə edirdilər. Bıçaqlar
Mingəçevirdə, Xınıslıda və başqa yerlərdə aşkar olunmuşdur. Arxeoloji materiallar
içərisində uzunluğu 1-2,5 metrə çatan dəmir döyüş yabalarına rast gəlinir. Belə hesab
edilir ki, onlardan həm müdafiə, həm də əlbəyaxa hücum döyüşlərində istifadə
olunurmuş.
326
Öyrənilən dövrün əsas müdafiə silahlarından biri də zireh idi. Strabonun qeyd
etdiyinə görə, qədim Qafqaz Albaniyasının döyüşçülərində zireh - toraks da
olmuşdur. Qazıntılar zamanı hələlik tam salamat qalan zireh tapılmamışdır, bu
qoruyucu geyimin ancaq ayrı-ayrı qalıqlarına rast gəlinir. Məsələn, qəbirlərin birində
üç mindən artıq daş muncuq aşkar edilmişdir. Güman olunduğuna görə, muncuq
dənələri zireh rolunu oynayan dəri geyimə tikilirmiş. Eyni sözlər böyük miqdarda
aşkar edilmiş tunc düymələrə də aiddir. Qəbirlərin birindən döyüşçünün qoruyucu
metal geyiminin, o cümlədən dəmir zirehin hissələri tapılmışdır. Tapıntılarla əlaqədar
olaraq, "heyvan dərisi geymiş" alban döyüşçüləri haqqında Plutarxın verdiyi məlumat
yada düşür. Strabon qeyd edir ki, aşılanmamış öküz dərisindən zireh başqa xalqlarda
da olmuşdur. Digər qoruyucu silah geniş yayılmış qalxan idi. Strabon alban qalxanları
haqqında da aydın məlumat verir. Bu, qallarda və romalılarda skutum adlanan uzun
dördkünc ("qapışəkilli") qalxandır. Qazıntılardan birində dəmir qalxana bənzər kiçik
bir şey tapılmışdır. Qeyd etmək maraqlıdır ki, Plutarx Pompey ilə alban basilevsinin
qardaşı Kasis arasındakı çarpışmanı təsvir edərkən göstərir ki, "döyüşdən sonra
romalılar öldürülmüş barbarların üst-başlarını axtarıb qarətə başlayanda amazonka
peltaları tapılmışdı". Qədim heykəltəraşlar peltanı amazonkaların kiçik müdafiə silahı
kimi aypara şəklində təsvir edirdilər. Bütün bu deyilənlər təsdiq edir ki, qədim
müəlliflərə görə, alban döyüşçülərində iki növ müdafiə silahı olmuşdur: Roma
skutumunu xatırladan böyük qalxan və formaca peltaya yaxınlaşan kiçik qalxan.
Bizə alban döyüşçülərinin baş örtüyü haqqında gəlib çatan məlumat da diqqəti
cəlb edir. Görünür, albanlar başlarına bütün Qafqazda yayılmış papaq qoyurdular.
Strabon albanların baş örtüyünü heyvan dərisi ilə əlaqələndirir və alban
döyüşçülərinin digər qoruyucu baş örtükləri haqqında heç bir məlumat vermir.
Yaxşı qalmış tunc dəbilqə tapılmışdır, dəbilqənin yuxarı hissəsi enlənən içiboş
borucuqla qurtarır, bu borucuq, ehtimal ki, lələklər, at qılı və digər fərqlənmə
nişanları taxmaq üçündür. Öyrənilən dövrdə bir çox xalqlarda dəbilqələr vardı. Lakin
dəbilqə antik Albaniyanın sıravi döyüşçüləri üçün səciyyəvi deyildi.
Qoşunların miqdarı haqqında antik müəlliflərin verdiyi konkret məlumat hərbi
işin öyrənilməsi məsələsində müəyyən yer tutur. Strabonun dediyinə görə albanlar
"[döyüş üçün] iberlərə nisbətən daha çox qoşun düzürlər. Onlar altmış min piyada
qoşun və iyirmi iki min süvari silahlandırırlar - Pompeylə döyüşə [albanlar] belə bir
[qoşunla] getmişlər". Plutarx bildirir ki, Kürü keçib romalılar üzərinə həmlələr edilən
zaman albanlar qırx min nəfərdən az olmamışlar. Daha sonra Plutarx romalıları
qarşılayan albanların sayı haqqında bir qədər başqa məlumat verir. Qədim müəllif
bildirir ki, Pompeyi "döyüşə hazır vəziyyətdə, lakin pis silahlanmış və başlıca olaraq,
heyvan dərisində 60000 piyada və 12000 süvari" qarşılamışdır. Birinci halda Plutarx
piyadanı süvaridən fərqləndirmir, alban qoşununun ümumi miqdarını verir:
döyüşçülər 40000 nəfər idi. İkinci halda Plutarxın məlumatı Strabonun məlumatını