332
hadisələrlə çulğaşırdı. Bu, eramızdan əvvəl son əsrlərə - eramızın ilk əsrlərinə, yəni
Ön Şərqdə üstünlük uğrunda Roma ilə Parfiya arasında şiddətli mübarizədən xəbər
verən intensiv hərbi toqquşmalar zamanına da aiddir.
II Mitridatın (e.ə. 123-87-ci illər) vəfatından sonra Parfiya çarlığı zəiflədi. II
Tiqran (e.ə. 94-56-cı illər) "yetmiş vadini" geri aldı, Şimali Mesopotamiyanın və
Atropatenanın üzərinə atıldı. Bu zaman artıq iki koalisiya yaranmışdı: birinin başında
yeni ərazilər işğal etməyə can atan Roma dururdu, o birinə II Tiqran və Parfiya çarı
III Fraat (e.ə. 69-57-ci illər) tərəfindən müdafiə olunan Pont dövləti başçılıq edirdi.
Roma VI Mitridat Evpator ilə mübarizəyə Avreli Kottanı və Lisini Lukullu göndərdi.
Tezliklə Kotta darmadağın edildi, Lukull isə yerli sakinlərdən və Sullanın Kiçik
Asiyada qalan keçmiş döyüşçülərindən yeni legionerlər toplamağa başladı.
Romalılar hücum edərək şəhərləri bir-birinin ardınca alırdılar. II Tiqranla
toqquşma labüd idi. Plutarxın dediyinə görə, II Tiqranın yanında "ermənilər və
korduyenlər elli k yığma qoşun kimi cəmləşmişdilər, çarlar midiyalıları və adiabeiləri
gətirib gəlmişdilər, Babildə olan dəniz tərəfdən yığma qoşun, çoxlu ərəb və Kaspi
[sahillərindən] çoxlu alban və albanlarla qonşu olan iberlər gəlmişdi; çarları olmayan
və Araz [sahillərində] sürü otaran bir çox tayfalar da gəlmişdilər - [bəziləri] yardım
göstərmək, [başqaları isə] hədiyyə almaq məqsədilə".
Lukullun işini davam etdirmək gənc Roma sərkərdəsi Qney Pompeyin
öhdəsinə düşdü. Roma sərkərdəsi Ermənistandan Sevan gölünün yanı və Dilican
dərəsindən keçərək Qazax və Ağstafa tərəfə uzanan yeganə rahat ticarət yolu ilə
hərəkət edirdi. Anait məbədinin yaxınlığı romalılara bir çox cəhətdən sərfəli idi.
Qismən ona görə ki, müxtəlif əyləncələrlə müşayiət edilən Roma bayramları
yaxınlaşırdı. Albanlar əvvəlcə Roma sərkərdəsinə yol verməyə razı oldular. Lakin
dekabr ayında qeyd edilən Kron (Saturn) bayramı başlandıqda, azı qırx min alban
çağırılmamış qonaqların üzərinə hücum etdi.
Albaniya çarı Oroys Metell Kelerin üzərinə yeridi. Oroys qoşununun başqa bir
hissəsini Pompeyin, üçüncü bir hissəsini də Luki Flakkın üzərinə göndərdi.
Müvəffəqiyyət qazanılacağı təqdirdə albanlar romalıların hər bir düşərgəsini ayrılıqda
- Qney Pompeyin ordusunu hissə-hissə məhv etməli idilər. Lakin Metell Keler
həmləni dəf etdi. Luki Flakkın vəziyyəti bir qədər çətin oldu; bu zaman Pompey
birbaş Oroysa tərəf hərəkət etdi. Lakin romalılar üzbəüz sahilə keçmədilər, hücum
dayandırıldı və Pompey albanlarla barışıq sazişi bağlamağa məcbur oldu. Albanlar ilə
romalılar arasında başqa bir çarpışma Pompey Ermənistana qayıtdıqdan sonra baş
verdi. Dion Kassinin yazdığına görə, "Pompey albanlar ilə sülh sazişi, sonra isə elçilər
vasitəsilə Kaspi dənizinə qədər Qafqazın bəzi başqa sakinləri ilə müqavilələr bağladı".
Yadellilərə qarşı müharibədə albanlara köçərilər də kömək edirdilər, onlar
Qafqaz Albaniyasının müqəddəratında böyük rol oynayırdılar.
333
Sonrakı hadisələr göstərir ki, romalılar yalnız Kiçik Asiyada deyil, Qafqazda
da öz mövqelərini bərpa etməyə yenidən cəhd göstərirdilər. Mark Antoninin yaxın
silahdaşı, ağır piyada qoşun rəislərindən biri Publi Kanidi Krass həm Atropatena
yürüşündə fəal iştirak edir, həm də Albaniya ərazisinə soxulan romalılara başçılıq
edirdi.
Plutarxa əsasən, Kanidi iber və albanların basilevslərinə qalib gəlmişdi,
hərçənd Albaniyada uzun müddətə yerləşmək romalılar üçün çətin idi. Albanlara qarşı
yürüş eramızdan əvvəl 36-cı ildə Kellinin və Nervanın konsulluğu ilə bir vaxta, yəni
Mark Antoninin Atropatenaya hərbi yürüşü ilinə təsadüf etmişdi.
Ankira kitabəsi eramızdan əvvəl birinci yüzilliyin son illərində Albaniyada
təşəkkül tapmış siyasi vəziyyət haqqında mühakimə yürütməyə imkan verir. Bu
kitabda Roma imperatoru Avqustun adından deyilir ki, digər xalqlar sırasında albanlar
da romalılarla dostluq münasibətləri yaratmaq istəyirdilər,
Eramızdan əvvəl birinci əsrin başlanğıcı romalılar ilə Qafqaz xalqları arasında
daha intensiv münasibətlərlə əlamətdardır. Bu dövrün mənbələrində Albaniyanın da
adı çəkilir. Məsələn, devrilmiş Parfiya çarı I Vonon Ermənistana, sonra albanların və
skiflərin yanına qaçmağa cəhd göstərirdi.
Zaman keçdikcə Şərqdə romalıların nüfuzu güclənir. Tasitin yazdığına görə,
romalılar "Suriyadan Fərat çayına qədər (uzanan) çox böyük ərazini bütövlükdə dörd
legionun köməyi ilə tabelikdə saxlayırdılar, qonşuları iber və alban reksləridir; bizim
əzəmətimiz [onları] özgə hökmranlığından müdafiə edir". Korneli Tasit eramızdan
əvvəl 35-ci ildə Orodun rəhbərlik etdiyi parfiyalılar ilə iberlərin, albanların və
sarmatların birgə qüvvələri arasında baş vermiş hərbi əməliyyatı qeyd edir.
Antik Albaniya Romanın tərəfdarı olan qonşu İberiya ilə müttəfiqlik əlaqələri
saxlayırdı. İberlər ilə albanlar arasında yaxınlaşma meyli çar Oroysun və onun qardaşı
Kasisin zamanından başlanmışdı və yalnız Zober vaxtında deyil, daha sonralar da
davam edirdi. İosif Flavinin sözlərinə görə, imperator Tiberi "iber və alban
basilevslərini [Parfiya hökmdarı] Artaban ilə dərhal müharibəyə başlamağa razı
salmaq üçün onlara hədiyyə olaraq xeyli pul göndərmişdi. Lakin (iberlər və albanlar)
özləri (müharibə etməyə) razı olmadılar, Kaspi darvazasını açıb öz [torpaqlarından]
skiflərə sərbəst yol verərək onları Artabanın üstünə saldılar. Beləliklə, Artaban yenə
Ermənistandan məhrum oldu, Parfiya torpağı müharibə meydanı oldu, ən nüfuzlu
şəxslər öldürüldü, onların hər şeyi viran edildi, döyüşlərdən birində çarın oğlu özünün
bir neçə miriad qoşunu ilə birlikdə həlak oldu...".
Əldən-ələ keçən Ermənistan uğrunda Parfiya dövləti ilə Romanın hərbi
toqquşmaları II Artabanı İberiya və Albaniya ilə uğursuz mübarizəyə sövq etdi. Öz
azadlıqlarını qorumaq lazım gələndə iberlərin və albanların mənafeləri üst-üstə
düşürdü.