319
Zərgərlik məmulatının bir hissəsi bu yerlərin özündə hazırlanırdı. Sənət
məmulatlarının kütləvi xarakteri və standartlaşdırılması şəhərdə meydana gəlmiş əmtəə
istehsalının göstəriciləri idi. Başqa yerlərdən gətirilən çoxlu məmulat - qızıl sırğalar,
gümüş qədəhlər, Nereidanın Hippokamp belində təsviri olan məşhur gümüş dövrə və
digər əşyalar əmtəə-pul münasibətlərinin nisbətən yüksək səviyyədə olduğuna dəlalət
edir. Göyçay-Ağsu çaylararası ərazidə yaşayan əhalinin uzaq vilayətlərlə intensiv
əlaqələri haqqında, inkişaf etmiş pul təsərrüfatı haqqında yerli sikkələrdən ibarət dəfinə
əsasında da mühakimə yeritmək olar.
Beləliklə, zonanın qəbirlərindən əldə olunmuş materiallar artıq eramızdan əvvəlki
son əsrlərdə alban cəmiyyətinin əmlak cəhətdən parçalanmasını və çox dərindən
təbəqələşməsini sübut edir. Qəbir avadanlığının təhlili, Albaniyanın özündə sikkə
kəsilməsi, eramızın başlanğıcında Albaniyada bir çarın hakimiyyətinin mövcud olması
belə bir nəticəyə gəlməyə əsas verir ki, bu zonanın sakinləri yəqin ki, sinfi cəmiyyət
şəraitində, kifayət qədər inkişaf etmiş sənətkarlığa, ticarətə, zəngin mədəniyyətə malik
olan bir dövlətdə yaşamışlar.
Yuxarıda adları çəkilən məskənlərin yaxınlığındakı qəbiristanlar onların
sakinlərinin etnik cəhətdən yekcins olmadığını göstərir. Məsələn, Mollaisaqlı və Qalagah
kəndləri yaxınlığındakı qəbiristanlarda eyni dövrə aid olan bir neçə növ qəbirlərə (torpaq,
küp və təknə qəbirlərə) rast gəlinir. Bu hal yalnız sənət deyil, həm də ticarət mərkəzi olan
şəhərlər üçün səciyyəvidir; ticarət müxtəlif ölkələrin tacirlərini çəkib gətirirdi, bəzilərinin
bəlkə də burada öz məhəllələri vardı.
Antik dövr Albaniyasının şəhərləri əsasən münbit torpaqlarda yerləşən, əlverişli
strateji mövqe tutan və ticarət magistrallarının üstündə olan qədim əkinçilik
məskənlərinin yerlərində meydana gəlirdi. Onların əksəriyyəti eramızdan əvvəl I
minilliyin son sülsündə və ya hətta çərəyində Albaniya dövlətinin meydana gəlib
təşəkkül tapdığı dövrdə yaranmışdı. O zaman Albaniya dövlətinin vilayətlərində sosial-
iqtisadi, siyasi və mədəni institutların inkişafı ilə bağlı intensiv proseslər gedirdi.
Albaniya vilayətlərinin urbanizasiyası gedişində təsərrüfat həyatında və mədəni
həyatda köklü təbəddülatlar əhalinin yerdəyişməsi ilə müşayiət olunurdu. Şamaxı rayonu
bu baxımdan antik Albaniyanın son dərəcə maraqlı zonasıdır. Hellinizm dövrünün burada
aşkar edilmiş məskənlərinin və qəbiristanlarının materialları zonada müxtəlif tayfalar
yaşadığını göstərir. Kaspiyə yaxın olan bu zonanın xüsusi əhəmiyyəti ondan ibarətdir ki,
lap qədimlərdən başlayaraq, cənuba, Ön Asiyaya gələn müxtəlif tayfalar üçün bu yer
körpü rolunu oynayırdı.
Azərbaycanın və Dağıstanın dənizsahili zolağında da bəzi məskənlər vardı.
Dağıstan arxeoloqları tərəfindən Dərbənddə, Turpaqqalada (Dərbənddən cənubda),
Targilə (Tarki-Tau dənizsahili yamaclardadır) və Ursekidə (İzerbaş şəhərinin
yaxınlığında) aşkar edilmiş materiallar bunu göstərir.
320
Turpaqqala xarabalığının sahəsi 100 hektardan çoxdur. Bəzi tədqiqatçılar güman
edirlər ki, Turpaqqala Ptolemeyin nişan verdiyi Albana şəhəridir, başqaları isə onu
qədim Çoranın (Çolanın, Çoqanın) qalıqları sayırlar. İkinci fərziyyə həqiqətə daha
yaxındır. Alban salnaməçisi Moisey Kalankatlının sözlərinə görə, Çora şəhəri
Dərbəndin yaxınlığında idi. Sonralar bu şəhər Albaniyanın mühüm şəhərlərindən biri,
müəyyən müddət Albaniya katolikosunun iqamətgahı olmuşdur.
Urseki xarabalığının yerində artıq eramızdan əvvəl I minilliyin başlanğıcında qeydə
alınmış məskən III-II əsrlərdə şəhərə çevrilir; burada içqala, şəhristan, posad üzə
çıxarılmışdır.
Strabonun sözlərinə görə, Qafqaz Albaniyasında, İberiya ilə həmsərhəd zonada
"kahin torpağı", "qeybdən xəbər verənləri" olan məbəd vilayəti (müqəddəs vilayət)
var idi.
Albaniyada məbəd vilayətlərinin olması ümumiyyətlə bu ölkənin sosial-
iqtisadi tarixi məsələlərini və xüsusilə burada şəhərlərin meydana gəlməsi
problemlərini anlamaq üçün prinsipial əhəmiyyətə malik idi.
Məbəd vilayətləri adətən münbit vadilərdə yerləşirdi. Burada əsasən əkinçilik
kultları ilə bağlı hər hansı bir allahın şərəfinə ucaldılan, məskənləri öz ətrafında
birləşdirən məbəd yalnız mədəniyyət mərkəzi deyil, həm də inzibati və hərbi mərkəz
idi, yəni, yəqin ki, hellinist polislərinə bənzəyən bir növ şəhər-dövlət idi.
Ay allahına həsr edilən Albaniya məbəd vilayəti Kiçik Asiya məbəd vilayətlərinin
nümunəsi üzrə təşkil olunmuşdu və Ermənistan və Gürcüstanın məbəd birliklərinə yaxın
idi.
Qafqaz Albaniyasında şəhərlərin yaranması məhsuldar qüvvələrin ümumi
inkişafından, sosial-iqtisadi münasibətlərdə baş verən köklü dəyişikliklərdən irəli
gəlmişdi. Bunlar nəticə etibarı ilə sənətin əkinçilikdən ayrılmasına, ticarətin, əmtəə-pul
münasibətlərinin coşqun inkişafına, siniflərin və dövlətin meydana gəlməsinə səbəb
olmuşdu.
Bu proseslərin kökləri əsrlərin dərinliklərinə gedib çıxır, o vaxtlara ki, əkinçiliyin,
maldarlığın və sənətin, həmçinin onlarla bağlı tayfalararası mübadilənin inkişafı sayəsində
öndağ və düzənlik zolağında, zəngin əkinçilik rayonlarında və ticarət yollarının üstündə
yerləşən son tunc və erkən dəmir dövrü məskənlərinin bir hissəsi yüksəlməkdə idi.
Sonralar mühüm ticarət-sənətkarlıq mərkəzlərinə çevrilmiş bu cür iri əkinçilik
məskənlərinin ayrılmasını eramızdan əvvəl I minilliyin ilk əsrlərinə aid etmək olar.
Müəyyən edilmişdir ki, Azərbaycanda erkən dəmir dövrünün böyük sahəyə və qalın
mədəni laylara malik olan bəzi məskənləri daş hasarla və torpaq sədlərlə əhatə
olunmuşdu.
Eramızdan əvvəl I minilliyin birinci, xüsusilə də ikinci yarısına aid qəbirlərdən
qazıntı zamanı tapılmış dəfn materialı tamamilə aydın bir şəkildə göstərir ki, təsərrüfat və
mədəniyyətin inkişafı ilə yanaşı əmlak və sosial cəhətdən diferensiasiya da gedirdi.