215
yazırdı ki, Atropat "bu ölkənin (gələcək Atropatenanın - məsul red.)...
makedoniyalıların hakimiyyəti altına düşməsinə yol vermədi".
Lakin Atropat tez bir zamanda makedoniyalılarla qarşılıqlı münasibətləri
yoluna qoya bildi. Yəqin ki, yalnız buna görə Atropat e.ə. 328-ci ildə yenidən
Madanın satrapı vəzifəsinə qaytarıldı. Lakin Atropatın hakimiyyəti əslində yalnız
Kiçik Madaya (ondan asılı olan Zaqafqaziya vilayətləri ilə birlikdə) şamil idi, çünki o
zaman Aşağı (Böyük) Madada yunan-makedoniyalılar ağalıq edirdilər.
Atropat böyük dövlət xadimi idi. Çox istedadlı bir insan, arif bir siyasətçi və
bəsirətli bir diplomat kimi Atropat Aleksandrla hərbi mübarizənin faydasızlığını gözəl
başa düşürdü. Buna görə də o, müdriklik göstərərək, yunan-makedoniyalılarla
danışıqlar aparmaq, onlara yaxınlaşmaq, Şərqin yeni hökmdarının müxtəlif
tədbirlərində iştirak etmək yolunu seçdi. Lakin, nə olursa olsun, Atropat istilaçıların
Atropatena ərazisinə soxulmasına "yol vermədi". Azərbaycan və hətta Qafqaz
torpaqlarının makedoniyalılar tərəfindən işğal edildiyi haqqında antik dövrün
axırlarından irəli sürülən (məsələn, bax: Plini, IV, 10, 39 və başqa müəlliflər), hətta
orta əsrlərdə də müdafiə edilən (o cümlədən Nizamidə) fikirlərin heç bir gerçək əsası
yoxdur. Aleksandr olsa-olsa Atropatenanın sərhədlərinə gəlib çatmış, onun ərazisinə
isə girməmişdi.
Təzə-təzə təşəkkül tapan, hələ işlərini yoluna qoymamış nəhəng dövlətdə o
zaman vəziyyət mürəkkəb və çox dəyişkən idi: özbaşınalıq və korrupsiya hökm
sürürdü, satraplar azğınlıq edir, köməksiz-arxasız əhalini açıq-açığına çapıb
talayırdılar. Yeni padşah çox keçmədən təxirəsalınmaz işlərlə əlaqədar olaraq uzun
müddətə Asiyanın dərinliklərinə getdi və beş ildən ziyadə imperiyanın mərkəzi
vilayətlərində olmadı.
Əhəmənilərin hökmranlığı dövründə və sonrakı qarışıqlıq illərində olduğu
kimi, indi də Atropat fürsəti əldən vermədi. Şərqi İranın və Orta Asiyanın boyun
əyməyən tayfalarına və xalqlarına qarşı makedoniyalı fatehin apardığı amansız
müharibə illərindən (özünün 328-ci ildə yenidən satraplığa qoyulmasından ta
Aleksandrın 324-cü ilin əvvəlində Hindistan səfərindən qayıtmasınadək), şübhəsiz, öz
xeyrinə və vətəninin rifahı naminə istifadə etdi.
E.ə. IV əsrin son rübü gələcəyin Atropatenası olan Kiçik Mada üçün daxili
yüksəliş və yetişmə dövrü idi - qüvvə toplamaq, tədricən Atropatenanın qüdrət və
müstəqilliyinin təməlini qoymaq dövrü idi. Atropat makedoniyalılara yaxınlaşmaq
siyasətini davam etdirirdi, qızını Şərqin yeni hökmdarının ən qüdrətli əshabələrindən
biri olan Perdikkaya ərə verdi. Bıı, Aleksandrın, necə deyərlər, "beynəlmiləl"
siyasətinə verilən "bac" idi.
324-cü ilin yay fəslinin sonuna yaxın Böyük Madada vəziyyət bir qədər
mürəkkəbləşdi - Bariaks adlı birisi makedoniyalı istilaçılara qarşı mübarizəyə qalxdı.
216
O, Əhəmənilər dövlətini bərpa etməyə çalışırdı. Bunu ondan görmək olar ki, Bariaks
özünü Parsa və Madanın padşahı elan etmişdi.
Aleksandr Madaya yollandı, lakin Atropat öz qüvvələri ilə Bariaksın üsyanını
yatırdı, onu əsir tutub makedoniyalılara verdi və onlar Bariaksı Pasarqadda edam
etdilər.
Madada Aleksandr məşhur Bağıstan (Bisütun) vilayətinə baş çəkdi. Sonra
padşah bir ay Niseya çöllərində qaldı. Ən qədim vaxtlardan burada məşhur cins atlar
yetişdirilirdi, elə atlar ki, onların əvvəlcə şöhrəti, sonra da özləri Çinə gedib çatmışdı;
Çində onlara "səma atları" adı verilmişdi.
Vaxtilə Niseya çöllərində 160 min at otlayırmış. Aleksandrın vaxtında isə
Makedoniya hərbçilərinin çapqınçılığı nəticəsində orada ancaq 60 min at qalmışdı.
Padşahı öz satraplığının sərhədində qarşılamaq məqsədilə Atropat da
Niseya çöllərinə gəlmişdi. O, bir müddət Aleksandrın yanında oldu.
Bir azdan padşah öz qoşunu ilə Ekbatanaya gəlib keyfə qurşandı. Teatrlara
gedir (buraya təkcə Helladadan üç min aktyor gəlmişdi), gimnastika və musiqi
yarışlarına tamaşa edir, arada içki məclisləri qururdu və i.a.
O zaman tez-tez düzəldilən şənliklərin birində Atropat Aleksandrı əyləndirmək
üçün özü ilə yüz nəfər atlı qadından ibarət bir dəstə gətirmişdi; Arrianın verdiyi
məlumata görə, "güman edilirdi ki, bunlar amazon qadınlarıdır". Onların kimliyini
dəqiq demək çətindir. Strabona görə, amazon qadınlarının məskəni "Albaniyadan
yuxarıdakı dağlardır".
Yalnız bu cür əməllərlə, müdrik siyasətlə Atropat öz ölkəsinin
―makedoniyalılara tabe olmasına yol vermədi".
Aleksandr 324-323-cü illərin qışında Madada çoxlu kosseyləri (kassiləri - ?)
qılıncdan keçirdikdən və onların torpaqlarında şəhərlər bina etdikdən sonra bu ölkənin
hüdudlarını tərk edib Babilə yollandı; ola bilsin ki, Babili dövlətə paytaxt seçmişdi.
Aleksandrı yeni bir allah kimi salamlayıb təbrik etmək üçün 323-cü ilin
yazında Babilə səfirlər gəldi; padşah gümrah idi, onun bir çox yaradıcılıq planları
vardı. Lakin 323-cü ilin iyununda Aleksandr naməlum bir xəstəlikdən qəflətən vəfat
etdi.
Aleksandrın vaxtsız vəfatından sonra, e.ə. 323-cü ildə, onun satrap və
sərkərdələrinin Babildə keçirilən müşavirəsində Atropat iştirak etməmişdi. Bu zaman
Atropatın kürəkəni Perdikka artıq dövlətin naibi idi. Müşavirədə Mada satraplığı
Pitona verildi. Əlbəttə, söhbət yalnız Böyük Madadan gedə bilərdi, çünki Kiçik
Madanı felən və rəsmən Perdikkanın qayınatası idarə edirdi. Atropatı hakimiyyətdən
düşürməyə heç bir əsas yox idi, təkcə ona görə ki, o özünü yeni üsuli-idarəyə sadiq
olan bir satrap kimi aparırdı. Sonrakı hadisələr də göstərir ki, Atropat satrap
hakimiyyətindən məhrum edilməmişdi.