217
E.ə. 321-ci ildə, Perdikka həlak olduqdan sonra, satraplıqlar ikinci dəfə
bölüşdürüldü. Bölgü Atropatın satraplığına şamil edilmədi. Görünür, bu vaxtdan
Kiçik Madanı müstəqil dövlət saymaq olar.
Deməli, çox ehtimal ki, keçmiş İran satrapı, əslən, çox güman ki, madalı olan
Atropat IV əsrin 20-ci illərinin sonunda yeni dövlətin müstəqil hökmdarı olur; bu
dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik
qaynaqlarda Atropatena, Şərq qaynaqlarında *Ät
a
/
u
rpätakän adlandırılırdı.
Kiçik Mada makedoniyalı istilaçılardan siyasi asılılığa son qoyan ilk Şərq
dövləti oldu.
Strabonun "Coğrafiya"sında deyilir: "Midiya iki hissəyə bölünür. Bir hissəsi
Böyük Midiya adlanır... O biri hissə Atropat Midiyasıdır. Atropatena Midiyası öz
adını sərkərdə Atropatdan götürmüşdür, o Atropatdan ki, Böyük Midiyanın bir hissəsi
olan bu ölkənin də makedoniyalıların hakimiyyəti altına düşməsinə yol verməmişdi.
Çar elan edilən Atropat doğrudan da bu ölkəni öz qərarı ilə
müstəqil bir ölkəyə
çevirmişdi və onun ailəsində varislik hələ də davam edir. Atropatena hərbi qüvvə
mənasında çox sanballı ölkədir, çünki o... 10000 süvari və 40000 piyada... meydana
çıxara bilər" [XI, XIII, I].
Beləliklə, Manna dövlətinin süqutundan iki əsr yarımdan çox keçdikdən sonra
Azərbaycan ərazisində yenidən müstəqil dövlət meydana gəldi. Diyarın sakinlərinin
tarixi müqəddəratında bu möhtəşəm hadisənin həqiqətən misilsiz əhəmiyyəti vardı.
Bu hadisə diyarın və hətta Ön Asiya Şərqinin bir hissəsinin qədim tarixində və ilkin
orta əsrlər tarixində, şübhəsiz, dərin iz buraxmışdı.
Həmin dövlətin meydana gəlməsinə kömək edən əsas səbəblərdən birini bütün
qədim tarix ərzində xeyli dərəcədə aparıcı region olan bu bölgənin özünün iqtisadi,
sosial, mədəni və siyasi inkişaf səviyyəsinin çox yüksək olmasında axtarmaq
lazımdır.
Digər mühüm amil həm Aleksandrın hökmranlığı dövründə, həm də onun
ölümündən sonrakı ilk illərdə təşəkkül tapmış siyasi vəziyyət idi: Aleksandrın
vəfatından sonra başı onun mirasını bölməyə qarışan Makedoniya sərkərdələri
Hellinizm dünyasının mərkəzindən uzaq bir yerdə, əsas hərbi əməliyyat meydanından
kənarda
yeni dövlətin yaradıldığı məqamı, Plibinin ibarəsincə, "gözdən
qaçırmışdılar".
Atropatın qohumluq əlaqələri də bu işdə az rol oynamamışdı.
Atropatın şəxsi keyfiyyətlərinin də, şübhəsiz, çox böyük əhəmiyyəti vardı. Öz
fəaliyyətində o, yadellilərin hakimiyyətinə tabe olmaq istəməyən yerli əhalinin geniş
yardımına arxalanırdı.
Atropatenanın və bəzi qonşu vilayətlərin yerli əhalisindən danışarkən
Atropatenanın bəzi tayfalarının, xüsusilə kadusilərin və skif əhalisindən olan
müəyyən qrupların və digərlərinin xüsusi cəngavərliyini və qadir gücünü əsla
218
nəzərdən qaçırmaq olmaz. Axı təsadüfi deyildir ki, III Dara üç dəfə basıldıqdan və
qoşunlarının demək olar hamısı məhv edildikdən və ya onu atıb getdikdən sonra
ümidini ancaq kadusilərə və skiflərə bağlamışdı. Hərçənd kadusilər və skiflər axırıncı
Əhəməni - III Daranı müdafiə etmədilər, lakin etibarlı və sanballı bir qüvvə kimi
onlara ümid bəslənilməsi olduqca səciyyəvidir və çox şey deyir. Azərbaycanın məhz
bu tayfalarına arxalanması sayəsində Atropat öz hakimiyyətini qoruyub saxlaya
bilmiş, ömrü digər satrapların ömründən uzun olmuşdu. Bu cəngavər tayfalar
olmasaydı, Atropat, çətin ki, müstəqil dövlət yaradıb o təlatümlü illərdə onu qoruya
biləydi.
O vaxtlar meydana gəlmiş Vifiniyada, Pont çarlığında, Kappadokiyada və bir
sıra digər dövlətlərdə olduğu kimi, Atropatenada da, görünür, o zamanlar üçün kifayət
qədər tipik olan müstəbid monarxiya siyasi quruluşu yaradılmışdı.
Sonralar Atropatenanın siyasi quruluşu, ola bilsin, müəyyən dərəcədə dəyişir
və Atropatena bəlkə də teokratik dövlətə - bir növ "Papa vilayətinə" çevrilir ki, bu da
görünür, Mada maqlarının dövlətdə çox böyük rol oynaması ilə bağlı idi.
Biz Atropatın hökmranlıq illərinin necə keçdiyini, onun daxili siyasətinin necə
siyasət olduğunu, xarici siyasi həyatda nə kimi hadisələr baş verdiyini bilmirik. Biz
hətta Atropatenanın bu ilk tacidarının nə vaxt vəfat etdiyini, taxt-tacı kimə miras
qoyduğunu da bilmirik. Lakin sonrakı onilliklərin və hətta yüzilliklərin hadisələri
göstərir ki, Atropatena monarxiyası banisinin hökmranlıq etdiyi illər gənc dövlətin
möhkəmləndiyi və qüvvətləndiyi bir dövr idi.
Yalnız buna görə Strabon deyə bilmişdir ki, "hələ indi də (eramızdan əvvəlki
dövrün sonu - eramızın başlanğıcı - məsul red.) onun (Atropatın - məsul red.)
ailəsində... varislik davam edir".
Aleksandrın sərkərdələrinin hakimiyyət uğrunda mübarizə apardıqları
təlatümlü illərdə və Selevkilərin hökmranlığı dövründə Atropat yeni yaradılmış
dövlətin istiqlaliyyətini qoruyub saxlaya bildi. Lakin Aleksandrın ən qabil
sərkərdələrindən biri olan və e.ə. IV əsrin son onilliyində köhnə İran satraplıqlarının
hamısına yiyələnən Selevkin "mərkəzləşdirmə" siyasətinə qarşı bəlkə də Atropatın
özü, yaxud ən yaxın varisləri inadlı mübarizə aparmalı olmuşdular.
Miandob şəhərindən şərqdə Leylan kəndi rayonunda yerləşən Qazaka
(Qanzaka, madalıların qanza sözündəndir, "sərvət, xəzinə" deməkdir), ehtimal ki,
artıq Atropatın zamanında dövlətin paytaxtı oldu.
Təəssüf ki, biz ölkənin iqtisadi həyatına, siyasi və mədəniyyət tarixinə çox az
bələdik. Yazılı mənbələrin sayı cüzi, arxeoloji material son dərəcə azdır. Lakin həm
bilavasitə qaynaqlardan alınan sübut-dəlillər, həm də dolayı məlumatlar və fərziyyələr
əsasında ümumən Atropatena haqqında bildiklərimiz belə hesab etməyə əsas verir ki,
Atropatena kənd təsərrüfatının, sənətkarlığın, ticarətin, şəhər həyatının çox inkişaf