229
Albion sahillərinə anqlosaksların çıxmasından, fransızlar Qalliyanın romanlaşması
zamanından başlamırlar; Misir ərəbləri heç də o fikirdə deyildirlər ki, onların tarixi
ərəb süvarilərinin ölkə sərhədlərinə daxil olduğu gündən başlanır; nə ispanlar, nə
türklər, nə farslar, nə də başqaları yaşadıqları ərazinin ən qədim sakinlərinin - onlarla
qaynayıb-qarışmış, onların içərisində "ərimiş" aborigenlərin tarixindən imtina
etmirlər.
Vətənimizin torpağında yaşamış bütün tayfa və xalqlar bizi maraqlandıran
ərazidə baş vermiş etnik proseslərdə özəl, həm də mühüm rol oynamışlar. Onların
hamısı müxtəlif dövrlərdə burada təşəkkül tapmış etnik birliklərdə, son nəticədə isə
eramızdan əvvəlki son yüzilliklərdə meydana gəlmiş etnik birlikdə qovuşmuşdur.
Həmin etnik birliyin təşəkkülündə həlledici rol madalılara məxsus idi.
Böyük dövr ərzində - Cənubi Azərbaycanın madalılar tərəfindən işğalı
zamanından etibarən - diyarın tarixi madalıların (artıq diyarın aborigenləri ilə
qaynayıb-qarışmış) yeni şəraitdəki tarixidir, Yeni Mada dövlətinin (300 ildən artıq)
tarixidir və s.
Biz məhz buna görə tam əsasla Azərbaycan xalqının əcdadları sırasında
diyarın yalnız ən qədim sakinlərinin deyil, habelə gəlmə irandilli madalıların adını da
çəkirik. Madalıların bu torpağa gəlişinə qədərki tarix də müəyyən dərəcədə bizim
tariximiz, xalqımızın tarixidir. Hazırda türk dillərindən birində danışan
azərbaycanlılar madalılar vasitəsilə Hind-İran, daha geniş miqyasda isə, Hind-Avropa
aləminə bağlanır, iranlılarla, hindlilərlə, germanlarla, slavyanlarla və başqa xalqlarla
qohumluğa yetirlər. Azərbaycanlılar məhz madalılar vasitəsilə İran mədəniyyətinin də
varislərinə çevrilir, irandilli xalqlarla birgə bu zəngin aləmə, eposa, "Avesta"ya,
zərdüştilik təliminə və bir çox digər tarixi-mədəni dəyərlərə sahiblik hüququ
qazanırlar.
Təsərrüfat həyatı. Atropatenanın təsərrüfat həyatı mürəkkəb xarakterli idi.
Ölkədə bir neçə şəhər, bir sıra böyük və kiçik məskənlər vardı. Atropatenanın
şəhərləri əkinçiliyi, maldarlığı və sənətkarlığı sahmanla aparan təsərrüfat mərkəzləri
idi. Strabon fiziki coğrafiyanın xüsusiyyətləri üzərində dayanaraq göstərir ki, əsasən
Böyük Mada və şimal vilayətləri Matianaya və Ermənistana qədər uca dağlarla
örtülüdür və soyuq ölkələr sırasına aiddir. Əsərin bir parçasına əsasən Mada son
dərəcə münbitdir, onun dağlıq şimal hissəsi isə öz yoxsulluğu ilə fərqlənir.
Daha sonralar yaşayıb-yaratmış müəlliflərin məlumatlarında Atropatenanın
münbit torpaqlarından bəhs olunur. Belə ki, dağ yamaclarında torpaq bərəkətli,
münbit və ən məhsuldardır, çaylar və bulaqlarla zəngindir.
Qədim müəlliflər həmin ərazidə yetişdirilən mədəni bitkilər haqqında xeyli
məlumat qoyub getmişlər. Məsələn, Strabon bildirir ki, burada üzüm və əncir, habelə
buğda bitir. Strabonun verdiyi məlumat daha sonralar yaşayıb-yaratmış müəlliflər
230
tərəfindən də təkrar edilir. Qaynaqlar Atropatenada arı balının olmasından danışmağa
imkan verir.
Qədim müəlliflər Atropatena ərazisində taxıl əkilməsindən bəhs edirlər. Antik
ədəbiyyatda münbit məbəd torpaqları haqqında məlumat vardır. İçkilər hazırlanması
haqqında verilən məlumat da çox maraqlıdır. Məsələn, Strabon yazır ki, yerli sakinlər
"bəzi bitkilərin köklərindən şərab çəkirlər". Belə bir məlumat da maraqlıdır ki, Mada
sakinləri "meyvələrlə qidalanır, qurudulmuş və döyülmüş almadan kökə, qovrulmuş
badamdan çörək bişirirlər". Madada nəinki buğda, alma və badam yetişdirir, həm də
döyülmüş meyvədən un hazırlayırdılar. Strabon Madada zeytun olduğunu da qeyd
edir.
Strabon "atlar üçün ən yaxşı yem" olan yoncadan bəhs edir. Antik müəllif bu
otu "Midiya otu" adlandırır, çünki "o, Midiyada çox bitir". Antik müəllifin
məlumatına əsasən, Mada torpağında silfi də yetişir, ondan Mada şirəsi deyilən şirə
çəkilir, bu şirəni uzun müddət saxlamaq mümkündür. Antik müəllif Mada şirəsini
tərifləyir, onu Kirena şirəsi ilə müqayisə edərək Mada silfisinin xüsusiyyətlərini
araşdırmağa çalışır. Məlumdur ki, silfi və ya gecəotu yabanı yerköküdür. Qədimdə
silfinin və ya gecəotunun şirəsindən ədviyyat və dərman kimi də istifadə edirdilər.
Yerli əhali hələ o vaxtlarda kənd təsərrüfatı zərərvericilərinə qarşı mübarizə
aparırdı. Kaspiananı nəzərdə tutaraq Elian qeyd edir ki, burada saysız-hesabsız siçan
olur. Onlar çayları üzüb keçir, zəmilərə daraşıb əkinləri tələf edirlər.
Atropatenada maldarlıq da inkişaf etmişdi. Atçılıq təsərrüfat həyatında
müəyyən yer tuturdu. Hələ Polibi qeyd edirdi ki, Atropatenada "atçılıqda üstün olan"
bir xalq yaşayır. Antik coğrafiyaçı Strabon Apollonidə istinad edərək yazır ki,
atropatenalıların on min süvarisi var idi, on min süvari isə Atropatenanın çoxsaylı
ilxılarından alınmış 10000 döyüş atı deməkdir. Güman ki, Atropatenada, Parfiyada
olduğu kimi, ölkənin həm hərbi, həm də təsərrüfat ehtiyaclarını ödəyən atçılıq
təsərrüfatları varmış.
Heyvandarlıq haqqında başqa məlumatlar da vardır. Elian yazır ki, Kaspianada
dəvə olduqca çoxdur, ən iri dəvələr ən böyük at boydadırlar və gözəl yunları vardır:
onların yunu çox zərifdir, belə ki, yumşaqlığına görə hətta Milet yunundan da geri
qalmır. Maldarlıq təsərrüfatı çoxlu ev heyvanlarının olması ilə fərqlənirdi. Eliana
görə, "kaspilərin keçiləri ağappaqdır, buynuzsuzdur, alçaq boyludur və burunları
enlidir". Yenə həmin müəllif Makedoniyalı Aleksandr ordusunda xidmət edən
Amintaya istinad edərək məlumat verir ki, "kaspilər ölkəsində çoxlu öküz naxırları və
at ilxıları vardır".
Ölkədə balıqçılıqla da məşğul olurdular. Qədim müəllifin dediyinə görə,
"Kaspi ölkəsində çox böyük bir göl vardır və o göldə şişburun adlanan balıqlar yetişir.
Onların uzunluğu hətta səkkiz qulaca çatır".