245
bir nəticə çıxarmaq olar ki, e.ə. 65-ci ilə yaxın Atropatenada hökmranlıq Daranın
əlinə keçmişdi.
Beləliklə, təsvir edilən dövrdə Atropatenanın və atropatenalıların adları
mənbələrdə əsasən qonşu ölkələrin tarixi ilə, yaxud ümumregion xarakterli hadisələrlə
əlaqədar olaraq çəkilirsə də, təsdiq edə bilərik ki, atropatenalılar Roma əleyhinə
sanballı bir qüvvə olub region xalqlarının çağırılmamış "qonaqlara" qarşı
mübarizəsində ən fəal bir şəkildə iştirak edirdilər. Onlar, şübhəsiz, bu ağır mübarizədə
özlərinin istiqlaliyyətini qoruyub saxladılar. Strabon yuxarıda nəzərdən keçirilmiş
hadisələrin demək olar ki, müasiri sayılan Apollonidə istinad edərək məlumat verir ki,
Atropatena "hərbi qüvvə mənasında çox sanballı bir ölkədir, çünki o, döyüşə... 10000
süvari və 40000 piyada çıxara bilər".
Tiqranla sülh bağladıqdan sonra Pompey Zaqafqaziyanın içərilərinə doğru
hərəkət etdi.
II Tiqran darmadağın edildikdən sonra parfiyalılar ayrı-ayrı uğursuzluqlarına
baxmayaraq, müstəqil siyasət, həm də Romaya qarşı açıq-aşkar düşmənçilik siyasəti
yeridən yeganə sanballı qüvvəyə çevrildilər. Deyə bilərik ki, e.ə. I əsrin 50-ci illərinin
ikinci yarısına yaxın Parfiya Romanın müttəfiqi olan Ermənistanla əslində müharibə
vəziyyətində idi. Roma Parfiyaya hələ müharibə elan etməmişdisə, bu, respublikanın
paytaxtında vəziyyətin gərgin olmasının nəticəsi idi.
Romalılarla parfiyalılar arasında ilk qəti döyüş e.ə. 53-cü ildə Şimali
Mesopotamiyada Karra şəhərinin yaxınlığında oldu. Surenanın komandanlığı altında
Parfiya qoşunları romalıları məğlubiyyətə uğratdılar. Hərb meydanında 20 mindən
çox Roma döyüşçüsü həlak oldu, təqribən 10 min döyüşçü əsir tutuldu, çoxlu
sərkərdə, o cümlədən komandan Krass və oğlu öldürüldü.
Parfiya dövləti yenidən yüksəlməyə başladı ki, bu da erməni çarı, parfiyalıların
düşməni olan Artavazdı Parfiya çarı II Orod ilə ittifaq bağlamağa və hətta bacısını
şahzadə Pakora verib II Orod ilə qohum olmağa vadar etdi. Çox keçmədən şahzadə
Pakor ölkənin şərikli çarı oldu.
Karra yaxınlığında parfiyalıların romalılara qalib gəlməsi mühüm hərbi-siyasi
və psixoloji nəticələr verdi. Bu qələbə nəinki Romanın Şərqə hərəkətini dayandırdı,
həm də romalıların yenilməzlik şöhrətinə son qoydu.
Əlbəttə, atropatenalılar Karra ilə bağlı hadisələrin laqeyd müşahidəçiləri ola
bilməzdilər. Onların parfiyalılarla çiyin-çiyinə vuruşması demək olar ki, şəksizdir.
Biz Atropatenada o zaman kimin hökmranlıq etdiyini bilmirik. Bizə məlumdur
ki, Dara ilə məşhur Artavazd arasında ölkəni Ariobarzan idarə edirdi; onu II
Ariobarzandan fərqli olaraq I Ariobarzan adlandırmaq lazımdır.
II Orodun dövrü (e.ə. 57-36-cı illər) Parfiya dövlətinin ən qüdrətli dövrü idi. O
dövrün parfiyalıları özlərinin Karra yaxınlığındakı qələbələrinin bəhrələrindən və
Romadakı vətəndaş müharibələrindən nəticə etibarilə istifadə edə bilməsələr də,
246
romalılara qarşı çox ciddi mübarizə aparırdılar. 40-cı ilə yaxın parfiyalılar Aralıq
dənizi hövzəsinin şərqində Roma torpaqlarına geniş hücuma başlayıb həmin rayonda
romalıların hökmranlığını təhlükə altına aldılar.
Adı Atropatena tarixində də çox mühüm hadisələrlə bağlı olan Roma triumviri
Mark Antoninin yüksəlməyə başladığı vaxtdan Roma-Parfiya münasibətləri xeyli
mürəkkəbləşdi.
Artıq e.ə. 38-ci ildə Antoninin sərkərdəsi Publi Ventili parfiyalıları Hindar
yaxınlığında məğlubiyyətə uğratdı; qədim müəllif, hadisələrin müasiri Pompey Troq
bu məğlubiyyət haqqında sonralar öz əsərində yazacaqdı: "Müharibələrin heç birində
parfiyalılar bundan dəhşətli məğlubiyyətə uğramamışlar". Beləliklə, parfiyalıların
Qərbə təntənə ilə başlanmış irəliləyişi, Parfiya dəstələrinin İoniyaya qədər gedib
çıxması acınacaqlı bir nəticə ilə qurtardı. Parfiyalıların Roma əleyhinə tədbirlərinin
fəlakətlə başa çatması, çox böyük insan tələfatı və maddi tələfat Parfiya dövlətində
kəskin siyasi böhran doğurdu. Hindar yaxınlığında məğlubiyyətdən sonra parfiyalılar
uzun müddət Dəclə çayının Roma sahilində görünmədilər.
Hindar döyüşündən sonra Antoni komandanlığı öz öhdəsinə götürdü. Qoşun
çox böyük idi. Qədim müəlliflər təkcə Roma legionerlərinin 60 min nəfərdən 70 min
nəfərədək, köməkçi qoşunların 40 min nəfərə yaxın, ispan və qall süvarilərinin 10 min
və erməni süvarilərinin 6 min nəfər olduğunu göstərirlər. Romalıların araba
karvanında mühasirə maşınları və digər ləvazimat vardı.
Misir çariçası Kleopatra ilə Antoninin e.ə. 36-cı ildə qəti rəsmiləşdirilmiş
ittifaqı Aralıq dənizi hövzəsinin şərqindəki müxtəlif vilayətlərin hellinləşmiş
əyanlarının mənafeyinin müdafiəçisi kimi triumvirin siyasi mövqelərini tamamilə
müəyyənləşdirdi. Məhz buna görə Antoni öz hakimiyyəti altında olan ərazilərin xeyli
hissəsində xırda hellinləşdirilmiş dövlətlər sistemini bərpa etdi və həmin dövlətlərin
əyanlarının ittifaqına başçılıq etmək niyyətində idi. Antoni özünü mütləq hakim kimi
aparırdı: torpaq paylayır, dövlətlərin sərhədlərini dəyişdirir və s.
Antoni geniş bir kampaniya nəzərdə tutmuşdu, onun planları vüsətli idi.
Triumvir istəyirdi ki, Makedoniyalı Aleksandrın çarlığı kimi böyük bir Asiya
dövlətinin əsasını qoysun. Romanın hökmranlığını Hindistana qədər yayacağını yürüş
ərəfəsində elan etmiş Krassdan nümunə götürərək Antoni Kleopatradan olan oğlunun
adını Aleksandr qoydu. Özünü mütləq hakim kimi aparan və böyük Şərq çarlarının
nümunəsi ilə özünü ilahi mənşədən xəlq olunmuş hesab edən Antoni öz oğlu
Aleksandrı Helios
3
, onun bacısı Kleopatranı isə Selena adlandırdı
4
. Böyük istilaçının
3
Helios - yunan mifologiyasında Günəş allahıdır.
4
Selena - yunan mifologiyasında Ay ilahəsidir.