243
düşmən olan Romaya qarşı birgə mübarizəyə sövq etmək üçün çox böyük səylər
göstərirdilər.
Tiqran hətta istilalar prosesində ələ keçirdiyi torpaqların bir hissəsini
parfiyalılara verməyə də hazır idi. Lakin parfiyalıların müttəfiqlərə qoşulduqları halda,
çox təhlükəli bir vəziyyət əmələ gələ biləcəyini yaxşı başa düşən romalılar da sərvaxt
tərpəndilər: Lukull parfiyalıların hüzuruna elçi göndərdi. Beləliklə, tərəflərin hər biri
özünün xeyrinə olaraq Parfiya çarı III Fraatı münaqişəyə cəlb etməyə cəhd göstərdi.
Lakin III Fraat bitərəfliyi üstün tutdu ki, bu da, şəksiz, çox böyük səhv idi.
Atropatenalı Mitridatın fəal iştirakı ilə əsasən ermənilərdən, iberlərdən,
mardlardan və atropatenalılardan çox böyük bir ordu toplamış II Tiqran və Pontlu
Mitridat e.ə. 68 və 67-ci illərdə Lukull üzərində bir neçə mühüm qələbə qazandılar.
Birinci qələbə 68-ci ilin sentyabrında Artsaniya çayının sahilində qazanılmış qələbə idi.
Bu məsələ barəsində iki əsas qaynaqda verilən məlumatı - Plutarxın [Luc. XXXXI, 7-
14] və Dion Kassinin [XXXVI, 4-5] məlumatlarını tutuşdurduqda belə bir nəticəyə
gəlmək mümkündür ki, düşmənlə necə olursa olsun vuruşmaq və Ermənistanın qədim
paytaxtı Artaşatı ələ keçirmək istəyən, bu məqsədlə də Artsaniya çayını keçən Lukullu
müttəfiqlərin süvari qoşunu qarşılayır. Plutarxın yazdığına görə, Lukull "Tiqranla gələn
süvarilərin zəhmli görkəmindən və sayının çox olmasından qorxuya düşdü. Birinci
olaraq o, özü atropatenalılara zərbə endirdi, atropatenalıların ən yaxşı qüvvələri məhz
onunla üz-üzə gəlmişdilər...".
Dion Kassinin əsərində bu barədə deyilmişdir ki, süvari qoşunu (Plutarxdan
göründüyü kimi, əlbəttə, atropatenalılar) "Romanın süvari qoşununu bərk sıxışdırdı,
lakin tərəflərin heç biri piyadalarla əlbəyaxa döyüşə atılmırdı, əksinə, hər dəfə Lukull öz
süvarilərinin köməyinə qalxanlı döyüşçülər göndərəndə onlar dərhal geri çəkilirdilər.
Buna baxmayaraq, düşmənlər heç bir tələfata uğramadılar, çevrilib onları təqib edən
düşmənlərə ox atırdılar, bir çoxlarını yaralayırdılar...".
Beləliklə, Artsaniya yaxınlığında Atropatena süvari qoşunlarının da iştirak etdiyi
döyüşdə romalılar ağır məğlubiyyətə uğradılar. Artaşata tərəf getmək niyyətində olan
Lukull Mesopotamiyaya yollanmaq məcburiyyətində qaldı.
Bu arada müttəfiq orduları öz müvəffəqiyyətlərini inkişaf etdirərək Kiçik
Asiyaya soxuldular və romalıları ağır tələfata uğratdılar. Atropatenalı Mitridat xüsusilə
böyük cəsurluq göstərərək, romalılara qəfildən basqınlar edir, onların pərən-pərən
düşmüş kiçik dəstələrini təqib edib qırırdı.
67-ci ildə II Tiqran Kappadokiyaya soxuldu və kürəkəni Atropatena çarı ilə
birlikdə Kappadokiyanı zəbt etməyə və viran qoymağa başladı. Elə həmin il Lukull
Asiyadan geri çağırıldı.
Romanın Asiyada öz torpaqlarını genişləndirmək cəhdi bu cür şərəfsizliklə
başa çatdı. Görkəmli Roma sərkərdələrindən biri olan Lukullun mənsəbi də beləcə
rüsvayçılıqla sona yetdi.
244
Müttəfiqlər qələbəni bayram edirdilər. Pontlu Mitridat və II Tiqran əvvəllər
istila edilmiş, lakin sonra itirilmiş bir çox torpaqları geri aldılar.
Bu müharibələrə regionun bir sıra xalqları da cəlb olunmuşdu. Onlar qırğın,
dağıntı, qarətlər, əsarət və köləlik gətirən Roma qəsbkarlığını dəf etməyə çalışırdılar.
Dini fərqlərə, siyasi və iqtisadi ixtilaflara baxmayaraq, xalqlar ümumi təhlükəyə qarşı
birləşdilər.
O vaxt müttəfiqlərin bütün cəhdlərinə baxmayaraq hələ kifayət qədər güclü
olan Parfiyanı Roma əleyhinə koalisiyaya cəlb etmək, təəssüf ki, mümkün olmadı.
Bu müharibələrin beynəlmiləl xarakterini Siseron da qeyd edirdi; o yazırdı ki,
Lukullun qoşunları Tiqran torpaqlarının hüdudlarına soxulduqdan sonra "...daha çox
tayfa həyəcana gəlib bizim sərkərdəyə qarşı üsyan qaldırmışdı. Bir tərəfdən, Roma
xalqının heç bir zaman narahat etmək və ya müharibə vasitəsilə itaət altına almaq
fikrində olmadığı tayfalar qorxuya düşmüşdülər. Digər tərəfdən, barbar tayfalar
arasında şüurları bərk həyəcanlandıra və sarsıda bilən belə bir rəy yayılmışdı ki, guya
bizim qoşunlarımız o ölkələrə çox zəngin və olduqca hörmətli ibadətgahı qarət etmək
məqsədilə gəlmişlər. Beləliklə, nə isə misli görünməmiş qorxu və dəhşət çoxsaylı və
güclü tayfaları həyəcanlandırmışdı...".
Müttəfiqlərlə müharibələrdə Romanın məğlubiyyəti heç də Şərq vilayətlərinə
qarşı Roma qəsbkarlığının sonu deyildi. E.ə. 66-cı ildə Qney Pompey Şərq
vilayətlərində səlahiyyətli canişin və Roma qoşunlarının baş komandanı kimi Lukullu
əvəz etdi və dərhal müharibəyə güclü hazırlıq görməyə başladı. Pompey ən əvvəl
parfiyalılarla ittifaq bağladı, bu ittifaqın şərtlərinə görə parfiyalılar Ermənistanla
müharibəyə başlamalı idilər; o, II Tiqranın oğlu Kiçik Tiqranı atasının üzərinə
qaldırmağa başladı və hələ e.ə. 67-ci ilin payızında Kiçik Tiqran atasına qarşı üsyan
etdi. Tiqran III Fraatın qızı ilə evləndi, Parfiya qoşunlarını Ermənistana çağırdı və
Parfiya qoşunları, bəzi məlumatlara görə, Atropatenanı tutmuş Ermənistana
soxuldular və Artaşatı mühasirəyə aldılar.
Pompey bu arada Pontlu Mitridatı tamamilə darmadağın edib Ermənistana
soxuldu və Artaşata yaxınlaşdı.
Müttəfiqlərini itirən və öz vəziyyətinin çıxılmazlığını başa düşən II Tiqran e.ə.
66-cı ildə romalılarla həqarətli bir sülh bağladı. Sülhün şərtlərini Pompey irəli
sürmüşdü.
II Tiqran külli miqdarda təzminat verməyə məcbur oldu, istila etdiyi bütün
torpaqları itirdi və "yalnız ata yurdunun" - Ermənistanın çarı olaraq qaldı. Bu andan II
Tiqran "Roma xalqının dostu və müttəfiqi" (bu, əslində vassal olmaq deməkdir) olur,
Ermənistan isə böyük dövlətdən asılı çarlığa çevrilir.
Bəs bu zaman Atropatenanın vəziyyəti necə idi? Bəzi Roma qaynaqlarında
Pompeyin məğlub etdiyi ölkələr və padşahlar sırasında "Madanın" (Atropatenanın) və
onun çarı Daranın da adı çəkilir. Lakin buna inanmaq çətindir. Bu məlumatlardan belə