297
tərəf uzanırdı. Strabon məlumat verir ki, Tanais "bir tərəfdən, Asiya və Avropa
nomadlarının, digər tərəfdən Bospordan gəmilərlə [Meotid gölünə gələnlərin ümumi
ticarət mərkəzi idi: birincilər qullar, gön-dəri və köçərilərdən alına bilən digər əşyalar,
ikincilər isə mübadilə üçün paltar, şərab və məişətdə işlədilən başqa ləvazimat
gətirirdilər".
Ticarət magistrallarının kəsişmə nöqtəsi olan Ekbatana yolun cənub hissəsində
yerləşirdi. Bu şəhər eyni zamanda malları yalnız qəbul etmək üçün deyil, həm də satmaq
üçün münasib yer idi. Şərqdən Qərbə gedən baş ticarət magistralı Ekbatanadan keçirdi və
buradan müxtəlif ölkələrin mallarını almaq olardı. Doğrudan da, Strabon məlumat verir ki,
Kaspi dənizinin şimal hissəsi sahibi olan aorslar "ermənilərdən və midiyalılardan
mübadilə qaydası ilə hind və Babil malları alır, dəvə karvanları ilə daşıyıb satırdılar".
Güman etmək olar ki, bundan çox-çox əsrlər əvvəl hərbi məqsədlərlə istifadə olunan
tranzit yolu Kaspinin şimal sahilində yaşayan tayfalar ilə Atropatena və Ermənistan
əhalisi arasında ticarət magistralı olmaqda davam edirdi. Balıq daşınması haqqında Klavdi
Elianın məlumatı da Ekbatanaya gedən ticarət yolunun mövcud olduğunu təsdiq edir.
Daha sonralara aid olan materiala əsasən Beyləqandan çıxıb Varsan və Bərzənddən, yəni
kaspilər yaşayan ərazidən keçərək Ərdəbilə, oradan da cənuba - Ekbatanaya getmək
olardı.
Ticarətin canlanması Ekbatanadan başlanan, Qazaka vasitəsilə Artaksataya, oradan
da şimala doğru uzanan ticarət yollarının daha da inkişaf etməsinə səbəb olurdu. Bu yol
Ekbatanaya gətirilən malları qonşu ölkələrdə, habelə Ermənistanda və İberiyada
yaymaq üçün istifadə edilən əsas magistrallardan biri idi.
Cənubda qədim Albaniyanın quru, ticarət yolları Parfiya çarlığının geniş ərazisi ilə
Qərbdən Şərqə Dəclə çayının sahilindəki Antioxiyadan və Selevkiyadan Markianaya
qədər uzanan böyük qədim Şərq magistral yollarına çıxırdı. Bu magistrallar Qərbə,
Romanın tabeliyində olan ölkələrə və Şərqə, Hindistan və Çinə aparır, başlıca olaraq
Ekbatana yaxınlığında qovuşurdu.
Antik müəlliflər quru ticarət yollarından əlavə, dəniz və çay ticarət yollarından
da bəhs edirlər. Strabon ehtimal ki, Qara dəniz sahillərindən Kaspi dənizinə gələn yolun
ümumi uzunluğunu nəzərdə tutaraq yazırdı ki, bu ərazi "Kür çayının mənsəbindən
Kolxidaya qədər, Albaniya və İberiya daxil olmaqla, dənizdən dənizə təqribən 3 min stadi
uzanır, buna görə də onlar bərzəx şəklindədir". Pliniyə görə, Hindistandan yola düşəndən
yeddi gün sonra Baktriyaya, Oks çayına tökülən Baktr çayının sahillərinə çatmaq olar.
Hind malları bu çaydan Kaspiyə qədər, oradan da Kür boyunca quru yolla uzaqbaşı beş
günə Ponta, Fasid yaxınlığına daşına bilər. Aristobulun dediyinə görə, "Hürkan dənizinə
çoxlu hind malları gətirilir, oradan Albaniyaya ötürülür, Kür sahili ilə və bitişik ərazilərdə
Evksinə çatdırılır".
Kaspi dənizi ilə ticarət yolunun olması bəzi coğrafiyaçılarda şübhə oyadır.
Pomponi Melanın məlumatına görə, Kaspi dənizi "sərt və fırtınalı dənizdir, limanları
298
yoxdur, hər tərəfdən fırtınalara açıqdır, başqa dənizlərə nisbətən burada daha çox dəniz
yırtıcıları qaynaşır, odur ki, dənizçilər buraya başqa dənizlərə nisbətən daha az gəlirlər".
Fəal
ticarətdə
duz, görünür, mühüm yer tutmaqda davam edirdi.
Bununla əlaqədar olaraq, Strabon yazır ki, Matiana gölündə "duzxanalar düzəldilmişdir".
Duzxanaların olması, görünür, ona sübutdur ki, həm Atropatenanın, həm də qonşu
ölkələrin uzaq və yaxın bölgələrinə duz ixrac edilirmiş. Mada yağı haqqında xəbər, ola
bilsin, qədim Azərbaycanın ərazisi ilə bağlıdır.
Kaspiana sakinləri Madanın mərkəzi rayonları ilə iqtisadi əlaqə saxlayırdılar.
Roma tacirləri Aralıq dənizi ölkələrini Hindistan və Çin ilə bağlayan Qafqaz
yolları ilə tanış olmaq arzusunda idilər. Domisianın hökmranlığı dövrünə aid latın
kitabəsinin tapıldığı yerdə - Bakıdan cənub-qərbə tərəf Kaspinin qərb sahilində -
romalıların peyda olması bəlkə də ipək yolunun qollarından birini nəzarət altına almaq
və Parfiya torpaqlarından keçmədən Mərkəzi Asiya vilayətləri ilə əlaqəyə girmək
arzusundan irəli gəlirdi. Azərbaycanda Böyük Dəhnə kəndinin yaxınlığında aşkar
edilmiş yunan kitabəsi də Roma aləmi ilə qədim Qafqaz Albaniyası arasında olan
əlaqələrdən soraq verir. Kitabədən görünür ki, yunan mənşəli Eli İason bu kitabəni
Evnon adlı hamisinə ithaf etmişdir. Zəngin Şərq ölkələri ilə ticarət əlaqəsinə girmək
istəyən romalılardan əlavə, Şərq sakinləri də ticarət əlaqələrinə cəhd göstərirdilər. Qərb
ölkələrinə, habelə Avropaya gedən ipək yolu məhz bunun nəticəsində açılmışdı. Şərq
ölkələri ilə Qərb ölkələri arasında müntəzəm əmtəə mübadiləsinə artıq eramızdan əvvəl I
əsrdə imkan yaranmışdı.
Parfiyanın iqtisadi həyatına qoşulmuş yerli tacirlər ticarətdə fəal rol
oynayırdılar. Onlar bir-birindən uzaq ölkələri birləşdirən böyük bir magistralı əllərində
saxlayırdılar. Bütün bunlar göstərir ki, bir tərəfdən, Avropadan, digər tərəfdən, Çindən,
Hindistandan və Orta Asiyadan uzanan ticarət magistralları Parfiya ərazisində kəsişir,
gətirilən mallar isə ya yerli tacirlər tərəfindən başqa yerlərə ötürülür, ya da iri şəhərlərdə
qalaraq böyük yolların qolları ilə tədricən hər tərəfə yayılırdı. Atropatena və Albaniya
bu ticarətdə müəyyən yer tuturdu: ixrac edilən mallar Ekbatanaya daşınır, buradan da
başqa yerlərə aparılırdı.
Antik Atropatena və Albaniya üçün nəzərdə tutulan idxal malları da Ekbatanaya
bu əsas ticarət yolları ilə gətirilirdi.
Azərbaycan ərazisindən şüşə məmulat, eləcə də məharətlə düzəldilmiş küplər,
vazalar, qədəhlər, ətirqabılar, kolbaşəkilli qablar tapılmışdır. Bunlar başlıca olaraq küp,
katakomba və taxta qəbirlərdə aşkar edilmişdir. Məişətdə şüşə məmulatdan qab-qacaq,
ətirqabı, ənlikqabı və s. kimi istifadə edilirdi; dəfn mərasimində lazım olan ətirlər və ətirli
yağlar da şüşə qablara tökülürdü.
Bəzi bəzək şeyləri istisna edilməklə, şüşə məmulatı hazır şəkildə xaricdən
gətirilirdi. Dəyirmi oturacaqlı vazaşəkilli qablar, qulplu və ya qulpsuz mumiya şüşələri, altı
yastı qədəhlər gətirilmə idi. Bu məmulatın hamısı antik dünya ölkələrində geniş