301
Misir məmulatı sübut edir ki, Zaqafqaziyanı Ön Qafqaz, Dəryal və Dərbənd
keçidləri ilə əlaqələndirən qədim ticarət arteriyaları Roma dövründə əhəmiyyətini
itirməmişdi və sarmatlar aləmi bunların vasitəsilə İberiya və Qafqaz Albaniyası ilə əlaqə
saxlayırdı. Skarabeylərin aşkar olunması bir daha sübut edir ki, bu ərazinin əhalisi Misir
pastasından məmulat istehsalının uzaq mərkəzləri - Navkratis və Aleksandriya şəhərləri
ilə ticarət və mədəni əlaqələr saxlayırdı. Kütləvi səciyyə daşıyan materialdan əlavə,
ayrı-ayrı əşyalar da əlaqələrdən xəbər verir. Qədim Qafqaz Albaniyasının keramika
məmulatı arasında oxşarı olmayan amfora bu baxımdan maraqlıdır. Qab Gəncə
yaxınlığında çiy kərpic qəbirlərin birindən tapılmışdır. Şirlidir, cəng layı altında
parıltısını itirmiş açıq mavi-yaşıl rəngdədir.
Azərbaycanın Laçın rayonunun Zerta (Qara kaha) kəndi yaxınlığında tapılmış tunc
çırağı da xaricdən gətirilən əşyalar sırasına aid etmək lazımdır. Çırağın üstündə ağzını
açmış sağqallı-bığlı maska təsvir edilmişdir. Uzunsov iri gözlərin üstündə qalın çatma
qaşlar yerləşir. Belə çıraqlara Romada təsadüf edilir və bunlar I əsrin ikinci yarısı və II
əsrin birinci yarısı ilə əlaqələndirilir. Çıraqda təsvir edilmiş maskanın stilinin təhlili
diqqəti Roma imperiyasının Şərq əyalətlərinə, daha doğrusu Suriyaya yönəldir. Suriyada
istehsal edilmiş tunc çıraq qədim Qafqaz Albaniyasına, ola bilsin ki, XII Fulminata
legionu senturiyasının romalı döyüşçüləri tərəfindən gətirilmiş və ya buraya I əsrin
axırlarında - II əsrin əvvəllərində xarici tacirlərlə qədim Albaniya əhalisi arasında ticarət
mübadiləsi nəticəsində gəlib çıxmışdır. Bununla əlaqədar olaraq, antik dövrün Qəbələdən
tapılmış qapaqlı tunc çırağı nəzəri cəlb edir. Belə çıraqların Misirdə və İtaliyada aşkar
edilmiş nümunələri Britaniya muzeyində saxlanılır.
Azərbaycan ərazisində aşkara çıxarılan gümüş piyalə gətirilmə əşyalar sırasına
aiddir. Piyalənin dibi dörd cüt ortaq mərkəzli dairəvi şırımla naxışlanmışdır. I-III əsrlərə
aid edilən, halqa ayaqcığı olan başqa bir piyalə Mingəçevirin taxta qutu qəbrindən
tapılmışdır. Bu iki piyalədə Romanın təsiri duyulur. Mingəçevirin III sol sahil
məskənində aşkara çıxarılmış bərnişəkilli gümüş cam diqqəti cəlb edir. Belə qablar
Roma torevtikasında məşhurdur. Mingəçevirin III sol sahil məskənində aşkar edilmiş,
tənək yarpaqları və üzüm salxımları şəklində naxışları olan gümüş cam yüksək bədii
keyfiyyəti ilə fərqlənir. Halqaşəkilli alçaq oturacağı olan bu omfallı cam Armazisxevilə
İberiya pitiaxşlarının sərdabələrindən birinin I-II əsrlərə aid gümüş camı ilə müqayisə
edilə bilər. Bir qədər sonra Rustov kəndi yaxınlığında eramızın I-II əsrlərinin torpaq
qəbirlərindən başqa bir gümüş piyalə tapılmışdır. Gümüş piyalələrin forma, ölçü və
dekorativ tərtibat xüsusiyyətləri onları Romadan idxal olunan əşyalar sırasına aid etməyə
imkan verir. Qaraməryəm küp qəbrindən tapılmış başqa bir gümüş piyalə də hellinizm
tipli qablar sırasına aiddir. Torpaqqala (Alazan) katakomba qəbrində aşkar edilən,
halqa şəklində geniş oturacağı olan qapaqlı, nazik divarlı gümüş vaza xaricdən
gətirilən məmulatlar sırasına aiddir. Vazanın dibində zərli medalyon üzərində qaçan
maral və başı üzərində uçan qrifon təsvir edilmişdir. Vaza Romanın özündə, ya da
302
əyalətlərində geniş yayılmış qabları xatırladır. İçində Nereidanın - dəniz pərisinin təsviri
olan dövrə ölkənin geniş ticarət əlaqələrinə dəlalət edən mədəniyyət əşyalarındandır.
Dövrə kübarlar cəmiyyətində məişətdə işlədilən qab kimi, ya əcnəbi tacirlərin hədiyyəsi
kimi qiymətləndirilir.
Beləliklə, xaricdən gətirilən əşyalar sırasına şüşə məmulat sikkələrin və
gemmaların böyük bir qismi, kauri çanaqları, bəzi muncuq növləri və skarabeylər, habelə
tunc çıraq və gümüş dövrələr aiddir. Azərbaycanda aşkar edilən əcnəbi əşyaların bir çoxu
açıq-aşkar həm Qərb, həm də Şərq arealı ilə, o cümlədən Parfiya ilə bağlıdır. Uzaq və
yaxın ölkələrlə ticarət əlaqələri başlıca olaraq Parfiya dövlətinin magistralları vasitəsilə
həyata keçirilir və bu magistrallar Albaniyanı antik dövrün ən iri mərkəzlərinin nüfuz
dairəsinə daxil edirdi.
Qonşu ölkələrlə ticarət münasibətlərinin artması sikkə tədavülünə gətirib
çıxarırdı. Azərbaycanın bütün ərazisində - Mingəçevirdə, Bərdədə, Füzulidə,
Çuxuryurdda, Yaloylutəpədə, Kür, Araz, Gəncəçay və başqa çayların sahilləri boyunca
yerləşən ərazidə arxeoloji qazıntılar zamanı çoxlu sikkə aşkar edilmişdir. Sikkələr həm
küp qəbirlərdə, katakomba qəbirlərdə, torpaq qəbirlərdə və digər qəbirlərdə, həm də
ayrıca dəfinələr şəklində bir neçə ədəddən bir neçə yüz ədədə qədər tapılmışdır.
Pul tədavülü. Albaniya dövləti yaranana qədər Azərbaycanda ticarət uzun
müddət sadə əmtəə mübadiləsi formasında aparılmışdır. Başqa ölkələrdə olduğu kimi,
burada da tədricən pul funksiyasını yerinə yetirən, başqa əmtəələr üçün dəyər ekvivalenti
olan əmtəələr meydana gəlmişdir. Qədim Albaniyada sikkə zərb olunanadək ümumi
ekvivalent funksiyasını kauri balıqqulağı, mal-qara, metal külçələri və başqa mallar
yerinə yetirirdi.
Uzun müddət elmdə belə bir fikir hökm sürürdü ki, albanlarda pul tədavülü
olmamışdır. Bu rəyi söyləyənlər Strabonun sözlərinə istinad edirdilər: "Onlarda
(albanlarda) adətən zərb edilmiş sikkə işlənmir, onlar 100-dən o yana say
bilmədiklərindən ancaq mübadilə ticarəti ilə məşğul olurlar". Lakin Azərbaycanda tapılan
çoxlu numizmatik materiallar və bu materialların öyrənilməsi göstərdi ki, Albaniyada pul
tədavülü, görünür, e.ə. IV əsrin axırlarında - III əsrin əvvəllərində başlanmışdır.
Tapıntılar əsasında antik dövrdə Albaniyanın pul tədavülünü iki tarixi mərhələyə
bölmək olar. Birinci mərhələ hellinizm dövrünü, yəni e.ə. IV əsrin axırlarından e.ə. I
əsrin ortalarına qədərki dövrü, ikinci mərhələ isə e.ə. I əsrin ortalarından eramızın III
əsrinin ortalarına qədər olan dövrü əhatə edir. Hellinizm dövrünə aid Azərbaycanda bir
neçə pul dəfinəsi tapılmışdır. Bunlardan biri Bərdə dəfinəsidir. Dəfinə Makedoniyalı
Aleksandrın, Selevki hökmdarlarının sikkələrindən ibarətdir. Şamaxı yaxınlığında
Xınıslı kəndinin ətrafında tapılan dəfinə daha böyük olmuşdur. Bu dəfinədən 300-dən çox
sikkə toplamaq mümkün olmuşdur. Dəfinədəki gümüş sikkələr arasında Afinanın, Frakiya
çarı Lisimaxın (e.ə. 323-281-ci illər), Vifiniya çarları I Nikomedin (e.ə. 149-91-ci illər)
və II Nikomedin (e.ə. 91-74-cü illər), Pont çarı VI Mitridat Evpatorun (e.ə. 114-63-cü