303
illər) tetradraxmaları, e.ə. 175-ci ildən 83-cü ilədək hökmranlıq etmiş Selevki çarlarının
tetradraxmaları, e.ə. 80-ci illərdə kəsilmiş Roma denarisi və nəhayət, 70-dən çox yerli
sikkə vardır. Bu dəfinə e.ə. 60-50-ci illərdə basdırılmışdır.
Sikkələrin həm tərkibi, həm də miqdarı cəhətdən hellinizm dövrünün ən zəngin
dəfinəsi Azərbaycan Respublikasının Qəbələ rayonunda Qafqaz Albaniyasının paytaxtı
Qəbələ şəhəri xarabalığının yaxınlığında tapılmışdır. Burada 700-dən artıq gümüş sikkə
toplamaq mümkün olmuşdur. Dəfinə kənardan gətirilmə və yerli sikkələrdən ibarətdir.
Dəfinənin ən qədim gətirilmə sikkələri Makedoniyalı Aleksandrın draxmaları və Frakiya
çarı Lisimaxın tetradraxmalarıdır. Həmin sikkələr uzun müddət istifadə olunduğundan çox
sürtülmüşdür. Gətirilmə sikkələrin böyük əksəriyyəti e.ə. 187-ci ildən 129-cu ilədək
hakimiyyət başında olmuş Selevki hökmdarlarının tetradraxmalarıdır. Dəfinədə o dövrdə
hökmranlıq etmiş bütün Selevki padşahlarının sikkələri vardır.
Dəfinədə Parfiya sikkələri bir neçə draxma ilə təmsil olunmuşdur. Bunlar əsasən
Parfiyanın ilk sikkələrindən ibarətdir. Dəfinənin tərkibində beş ədəd yunan-Baktriya
tetradraxmasının olması xüsusi maraq doğurur. Bu tetradraxmalar Zaqafqaziya ərazisində
nadir tapıntılardır. Tetradraxmalardan biri Yunan-Baktriya çarlığının banisi I Diodota
məxsusdur və e.ə. 250-247-ci illərdə kəsilmişdir, qalanları isə Evkraditin (e.ə. 169-159-cu
illər) adından zərb edilmişdir.
Bu dəfinənin ən böyük qismi yerli bənzətmə sikkələrdən ibarətdir. Üç
tetradraxma Selevki sikkələrinə, qalanları (500-dən çox sikkə) isə Makedoniyalı
Aleksandrın tetradraxmalarına və drahmalarına bənzətmədir. Dəfinə eramızdan əvvəl II
əsrin iyirminci illərində basdırılmışdır.
Azərbaycanda hellinizm dövrünə aid başqa bir dəfinə Ağsu rayonunun Nüydü
kəndinin yaxınlığında torpaq qəbrindən tapılmışdır. Dəfinə Makedoniyalı Aleksandrın
draxmalarına bənzədilmiş 36 ədəd yerli sikkədən ibarətdir.
Cənubi Dağıstanın Qasımkənd rayonundakı Gərayxanov adına sovxozun
yaxınlığında tapılmış Selevki hökmdarlarının bir neçə mis sikkələrindən ibarət dəfinə
çox maraqlıdır.
Yuxarıda adları çəkilən dəfinələrlə yanaşı, arxeoloji qazıntılar zamanı tarixi
Albaniyanın ərazisində hellinizm dövrü sikkələrinin ayrı-ayrı nümunələri də
tapılmışdır. Bu tapıntılar başlıca olaraq Parfiya çarlarının draxmalarından və
Makedoniyalı Aleksandrın draxmalarına bənzədilən yerli sikkələrdən ibarətdir. Onlar
arxeoloji qazıntılar zamanı Şamaxı şəhəri yaxınlığındakı Xınıslıda, Qəbələ zonasında
və Nüydü qəbiristanından tapılmışdır.
Azərbaycanda tapılan Ermənistan sikkələri II Tiqranın iki sikkəsi ilə təmsil
olunmuşdur. Bunlar Mingəçevir küp qəbirlərinin birindən Roma respublika denariləri
ilə birlikdə tapılmışdır.
Beləliklə, tapıntılar əsasında aydınlaşır ki, Albaniya ərazisində geniş yayılmış
ən qədim sikkələr Makedoniyalı Aleksandrın və Lisimaxın sikkələri olmuşdur.
304
Görünür, məhz bu zamandan Albaniyada pul tədavülü üçün əlverişli şərait
yaranmışdı. Bu da başlıca olaraq ölkənin daxili sosial-iqtisadi inkişafından,
beynəlxalq ticarətin genişlənməsindən irəli gəlirdi. Lakin gətirilmə sikkələr ölkənin
daxili bazarının daim artan tələbatını tam ödəyə bilmirdi. Buna görə də Albaniyada
yerli sikkələrin kəsilməsinə ehtiyac yarandı. Beləliklə, yeni yaranmış Albaniya dövləti
tipinə görə Makedoniyalı Aleksandrın geniş yayılmış məşhur tetradraxma və
draxmalarına bənzəyən öz pulunu kəsməyə başladı.
Yerli sikkələr iki nominalla - tetradraxma və draxmalarla təmsil edilmişdir.
İndiyədək cəmi dörd tetradraxma məlumdur. Bunlar Qəbələ dəfinəsinin tərkibində
aşkara çıxarılmış və bir cüt möhürlə zərb edilmişdir. Makedoniyalı Aleksandrın
sikkələri kimi, bu tetradraxmaların da üz tərəfində şir dərisi geymiş Heraklın başı
təsvir olunur. Təsvir nöqtələrdən ibarət dairəvi haşiyəyə alınmışdır. Sikkələrin arxa
tərəfində Zevs təsvir edilmişdir. O, taxta əyləşmiş, qartal tutan sağ əlini qabağa
uzatmış, sol əli ilə skipetrə söykənmişdir. Sağda yazıya bənzər cizgilər vardır.
Sikkələrin orta çəkisi 15,31 qramdır. Bu sikkələr Makedoniyalı Aleksandrın
sikkələrindən yalnız bir qədər kobudluqları ilə fərqlənir. Bununla belə, nəzərə çarpır
ki, ilk vaxtlar yerli zərbxanalarda Makedoniyalı Aleksandrın sikkələrinin surətini
mümkün qədər dəqiq çıxartmağa çalışmışlar. Bu meyil drahmalarda da müşahidə
olunur.
Tədricən sikkələrin tipləri daha böyük dəyişikliklərə uğramışdır. Üz tərəfində
sağa baxan insan başı təsvir olunur. Təsvirlərin yalnız çöhrəsi aydın görünür. Lakin
zənlə baxanda gözə dəyir ki, başda dəbilqə vardır. Dəbilqələr formaca müxtəlifdir.
Güman etmək olar ki, sikkələrdə Albaniya çarının şərti təsviri verilmişdir. Başda
dəbilqənin olması Albaniyada çar hakimiyyətinin "hərbi xarakterinin" rəmzi kimi
qəbul oluna bilər. Məlum olduğu kimi, hellinizm monarxiyalarında çar öz ölkəsinin
ordusunun baş komandanı sayılırdı. Pompeyin yürüşü zamanı Albaniya çarı Oroys da
öz qoşununun başında durmuşdu.
Makedoniyalı Aleksandrın sikkələrində olduğu kimi, yerli bənzətmə sikkələrin
də arxa üzündə taxtda əyləşən Zevs təsvir edilmişdir, lakin təsvir bir qədər kobuddur.
Yalnız bəzi sikkələrdə taxtın ayaqları izlənir. Görünür, zərb ustaları möhürlərdə xırda
detalları verməyə həmişə müvəffəq olmamışlar, söykənəcək və qoltuqaltı sxematik
verilmişdir. Fiqurun sağ qolunun üstündə quş oturmuşdur, sol əli isə skipetrə
söykənmişdir.
Təsvirlər sxematik verildiyindən quşun cinsini müəyyənləşdirmək çətindir.
Yəqin ki, ustalar Makedoniyalı Aleksandrın sikkələrində olduğu kimi, Zevsin
atributlarından biri sayılan qartalın təsvirini vermək istəmişlər. Bəzi sikkələrdə quş
şanapipiyi xatırladır.
Maraqlıdır ki, sikkələrin bir qrupunda taxta əyləşmiş fiqur sağ əlində quş
əvəzinə keçi tutmuşdur, fiqurun özünün başında isə bir buynuzvarı çıxıntı vardır.