309
Qəbələnin meydana gəldiyi və inkişaf etdiyi vilayət Qəbələ rayonundan
Balakən rayonuna qədər uzanan ərazini, habelə Şərqi Gürcüstanın bir hissəsini əhatə
edən öndağ və dağ zolağı - tarixi Albaniyanın ən maraqlı zonalarından biridir və artıq
eramızdan əvvəl son əsrlərdə bu zona ölkənin siyasi, iqtisadi və mədəni cəhətdən
öncül rayonuna çevrilmişdi.
Qəbirlərdən anlaşıldığına görə, eramızın hüdudunda və ilk əsrlərində Qax
rayonunda ehtimal ki, bir neçə məskən olmuşdur. Lakin, təəssüf ki, burada qazıntı
işləri yalnız Torpaqqalada, antik dövrün sonlarında meydana gələn məskəndə
aparılmışdır.
Müasir Şəki rayonunda antik dövr məskənlərinin mövcud olduğunu güman
etməyə əsas vardır. Qeyd etmək maraqsız olmaz ki, Şəki yaxınlığındakı Böyük Dəhnə
kəndinin həndəvərində I-II əsrlərə aid yunan kitabəsi aşkar edilmişdir. Böyük Dəhnə
kəndinin bir neçə on kilometrliyində, Qəbələ rayonunun Nic kəndi yaxınlığında da
üzərində yunan yazıları olan kərpiclər tapılmışdır.
Böyük Dəhnə kitabəsində bir neçə işarə, deyəsən, sarmat işarəsidir. Üstəlik,
kitabədə Evnonun adı həkk edilmişdir ki, bu da sarmat tayfası olan, Cənub ölkələri ilə
ticarəti əllərində saxlayan aorsların çarının adının eynidir.
Antik dövrdə Qəbələ rayonu zonasında da məskənlər az olmamışdır. Bunlar ilk
növbədə Seyidtala (Kiçik Pirelli kəndinin 5 kilometrliyində) və Uzuntala
(Seyidtalanın 1,5 kilometrliyində) yaxınlığında olan məskənlərdir. Uzuntalada ağac
sütun üçün daş bünövrə aşkar edilmişdir ki, bu da Qəbələdə, Təzəkənddə və başqa
yerlərdə tapılmış bünövrələrin eynidir. Deməli, qədim zamanlarda bu yerlərdə
monumental binalar olmuşdur. Seyidtalada aparılan arxeoloji kəşfiyyatlar nəticəsində
məskənin mədəni təbəqəsində Yaloylutəpə keramik məmulatlarına çox yaxın olan
xeyli keramik məmulat, monumental tikintidən xəbər verən xeyli miqdarda kirəmit
aşkar edilmişdir ki, bu da kənd tipli məskən üçün səciyyəvi sayıla bilməz. Zonanın
məskənlərindən biri eramızdan əvvəlki son əsrlərdə bütün ölkənin paytaxtına
çevrilməyə başlamışdı. Eramızdan əvvəl I minilliyin son sülsünün, hər halda son
çərəyinin başlanğıcından gec olmayaraq ölkə artıq vahid bir çarın hakimiyyəti altında
birləşmişdi. Həmin məskən antik ədəbiyyatda ilk dəfə I əsrdə Böyük Plini tərəfindən
Kabalaka formasında adı çəkilən Qəbələ idi. Böyük Plini yazırdı: "Bu şəhərlər birinci
yerdə dururlar (ən mühüm şəhərlərdir, başqalarından üstündürlər): Albaniyada -
Kabalaka...". Görünür, "birinci yerdə dururlar" (praevalent) ifadəsi burada heç olmazsa
siyasi, hərbi-strateji, ola bilsin ki, həm də iqtisadi hegemonluq kimi başa düşülməlidir.
Plini Qəbələdən danışarkən "oppidum": terminini işlədir ki, bu da adətən
"istehkam", "möhkəmləndirilmiş yer" kimi tərcümə edilir. Buna görə şübhə yoxdur ki,
o zaman Qəbələ möhkəmləndirilmiş şəhər, möhtəşəm xarabalıqları bizim günlərə
qədər gəlib çatan bir qala idi.
310
Ehtimal ki, Qəbələ hələ eramızın ərəfəsində Romada Qafqaz Albaniyasının baş
şəhəri - paytaxtı kimi məlum idi. Təsadüfi deyildir ki, Plini yalnız bu şəhərin adını çəkir
və onu ən mühüm şəhər, birinci yerdə duran şəhər hesab edir. Qəbələnin xarabalıqları
indiki Qəbələ rayonunda, Çuxur-Qəbələ kəndindən şərqdə, Qaraçay (Qəbələçay) ilə
Courlucay (Qalaçay) arasındakı təpədə və bitişik ərazilərdə yerləşir. 50-ci illərin
axırlarından Qəbələ zonasında arxeoloji ekspedisiya fəaliyyət göstərməyə başlamış və
Qafqaz Albaniyasının çox böyük əhəmiyyətə malik olan bu abidəsinin ciddi surətdə
öyrənilməsinin təməlini qoymuşdur. Şəhər xarabalığının öz ərazisi 25 hektardır. Şimal
hissəsi Səlbir, cənub hissəsi Qala adlanır. Bəzən iki hissəsinə birlikdə "Qala-Səlbir",
"Govurqala" deyirlər, bəzən isə yalnız cənub hissəsini (Qalanı) "Govurqala"
adlandırırlar.
Şəhərin xarabalıqlarından 3-4 kilometr cənub-şərqdə, Gülli tala (Gülli qoruq)
və ya Çaqqallı adlanan zonada qədim şəhərin daha bir hissəsi üzə çıxarılmışdır. İş
əsnasında şəhərin sonradan meydana gəlmiş hissələrini də müəyyən etmək mümkün
olmuşdur. Bunlar Kamaltəpə, Bayır şəhər və Sənətkarlar məhəlləsidir. Qəbələ
xarabalığının yaxınlığında öz qəbiristanları ilə birlikdə Seyidtala, Uzuntala, Qafarlı,
Qaratəpə kimi qədim məskənlər qeydə alınmışdır. Çox ehtimal ki, vaxtilə məhz bunlar
birlikdə Qəbələ şəhəri kompleksini əmələ gətirirdi.
Möhkəm və əzəmətli divarlarla əhatə olunmuş Səlbir və Qala əraziləri şəhərin
əsas hissəsini, onun içqalasını təşkil edirdi. Qalan hissələr şəhər divarlarından bayırda
yerləşir.
Qəbələnin Güllitala (Çaqqallı) hissəsi şəhərin çox mühüm rayonudur. Antik dövrün
eramızdan əvvəl son əsrləri və eramızın lap başlanğıcını əhatə edən mədəni layları burada
tunc dövrünün üstədir (eramızdan əvvəl III minilliyin ikinci yarısı).
Çaqqallının hələ erkən təbəqəsində (eramızdan əvvəl son əsrlər) monumental
tikintidən soraq verən keramit və kalipterlər aşkar edilmişdir.
Antik təbəqədə binaların bir çox qalıqları - çaydaşından tikilmiş bünövrələr, çiy
kərpicdən inşa edilmiş divarların hissələri üzə çıxarılmış, habelə böyük, ola bilər ki,
ictimai bir bina kompleksi aşkar edilmişdir. Elə burada sütunlar üçün daş bazalar da
tapılmışdır.
Erkən təbəqədə müxtəlif gil qablar, məişətdə istifadə olunan quyular,
kömürləşmiş buğda və arpa dənələri, heyvan sümüklərinin qalıqları, əmək alətləri,
gətirilmə şüşə qabların sınıqları, müxtəlif bəzək şeyləri və s. qalmışdır.
Üstündə möhür şəkli olan bullalar, bunlar üçün xammal və şəhərin Çaqqallı
rayonunun həyatından xəbər verən bir çox başqa əşyalar aşkar edilmişdir.
Çaqqallıda abidələrin nə vaxtdan mövcud olması və məqsədi məsələsi ətrafında
iki rəy vardır. Bəziləri belə hesab edirlər ki, vaxtilə burada şəhərin məbədlər və ticarət
hissəsi yerləşirmiş. Bu fərziyyəyə görə, Çaqqallıda həyat eramızdan xeyli əvvəl başlanmış
və eramızın bütün birinci minilliyi ərzində davam etmişdir. İkinci rəyin tərəfdarları