339
xarabalıqları 50 hektardan çox ərazidə yerləşir. İctimai binalardan birinin divarlarının
qalınlığı 2 metrə yaxın olub, bir neçə salonu vardı. Salonların sütunlarının
oturacaqları zövqlə yonulmuş sal daşlardandır. Binanın üstü yüksək keyfiyyətli
kirəmitlə örtülmüşdü, kirəmitə ustaların damğaları və başqa fərqləndirmə nişanları
vurulmuşdu. Qafqaz Albaniyasının antik dövrü üçün səciyyəvi olan keramika, şüşə
qablar, gümüş piyalələr, metal əmək alətləri, silah, antropomorf və zoomorf terrakot
heykəlciklər, qızıl sırğalar, metaldan, sümükdən müxtəlif bəzək şeyləri və i.a. böyük
sənətkarlıqla hazırlanmışdır. Təsərrüfatın müxtəlif sahələri, sənətkarlıq, daxili və
xarici ticarət, habelə pul tədavülü intensiv inkişaf edirdi.
Anbarları, müxtəlif mallar doldurulmuş sandıqları möhürləyərkən tətbiq edilən
möhürlər və ya bullalar (möhür vurulmuş gil parçaları), habelə çoxlu dən daşları,
ərzaq saxlanılan iri küplər eramızdan əvvəl III-II əsrlərdən intensiv təsərrüfat və
ticarət həyatının səciyyəvi əlamətlərini əks etdirir.
Azərbaycanın müxtəlif rayonlarında: Qaraköbər (Ağcabədi rayonu), Qalatəpə
(Beyləqan rayonu), Əmirvan, Seyidtala (Qəbələ rayonu), Vardanlı (Oğuz rayonu),
Şəkili, Kürdüvan, Talıstan, Uzunboyalar (İsmayıllı rayonu), Canaxar, Xuçbala (Quba
rayonu), Çıraqlı, Dağkolanı, Bağırlı, Qalacıq (Şamaxı rayonu), Kirzan (Qazax
rayonu), Torpaqqala (Qax rayonu), Urseki, Tarki, Turpaqqala (Dağıstan), habelə
Fizuli, Gəncə, Şəmkir rayonlarında, Alazan çayı hövzəsində və Kür ilə Araz
arasındakı ərazidə xeyli yaşayış məskənləri üzə çıxarılıb öyrənilmişdir. Qədim qəbir
abidələrinin tədqiqi Albaniya əhalisinin dünyagörüşünü, dini və etnik fərqlərini əks
etdirən zəngin material vermişdir. Qeyd etmək lazımdır ki, bir qəbiristanın hüdudları
daxilində çox vaxt ölülər müxtəlif qaydada dəfn olunmuşdur; eyni zamanda məskənin
ətrafında bir neçə qəbiristanın olması halları da məlumdur.
Ölülər dördkünc, dəyirmi, ovalşəkilli torpaq qəbirlərdə, küplərdə, taxta
qutularda, saxsı təknədə, çiy kərpicdən hörülmüş qəbirdə, daş qutularda, habelə
katakombalarda dəfn edilirdi. Məsələn, Nüydü, Qəbələ, Yaloylutəpə, Uzunboylar
üçün torpaq qəbirlər, Qaraköbər qəbiristanı üçün küp qəbirlər, Xanlar üçün (Gəncə
yaxınlığında) çiy kərpicdən hörülmüş qəbirlər, Mollaisaqlı üçün saxsı tabutlar
səciyyəvi olduğu halda, Şamaxı və Mingəçevir məzarıstanlarında bir qəbiristanın
hüdudları daxilində bir neçə tip qəbirlər məlumdur ki, bu da görünür, müxtəlif etnik
qrupların mövcud olması ilə bağlıdır. Bu və ya digər dəfn qaydalarına görə müxtəlif
arxeoloji mədəniyyətləri də bir-birindən ayırmaq mümkündür. Məsələn, ölünün
bükülü vəziyyətdə qoyulduğu, özünəməxsus səciyyəvi keramikası olan torpaq qəbirlər
müstəqil arxeoloji mədəniyyət kimi ayrılmış və ilkin aşkara çıxarıldığı yerə görə,
"Yaloylutəpə mədəniyyəti" adını almışdır.
Bu mədəniyyətin keramikası üçün ən səciyyəvi tiplər üçqulaq, uzun novçalı,
yumru gövdəli, lentvari qulplu, yaxşı bişirilmiş qara və ya qırmızı rəngli, bir və
340
üçayaqlı qablardan ibarətdir. Sonralar bu mədəniyyətə mənsub qəbirlər və keramika
Albaniyanın bütün ərazisində üzə çıxarılmışdır.
Torpaq qəbirləri antik dövrdə də Albaniya ərazisində geniş yayılmış qəbir
abidələrinin ən sadə və qədim tipidir. Bunlar əsasən dördbucaq və oval formasındadır.
Ölüləri qəbirə az və ya çox bükülmüş vəziyyətdə qoyurdular; oturmuş vəziyyətdə, sağ
və ya sol böyrü üstə dəfn etmək hallarına da rast gəlinir. Adətən qəbrin ölçüləri dəfn
edilən şəxsin ölçülərindən böyük götürülürdü; bəzən eni 2 metr və uzunu 4 metrə
qədər olurdu. Qəbrə ölü ilə birlikdə müxtəlif məişət əşyaları və qurbanlıq heyvanların
cəmdəkləri də qoyulurdu. Məsələn, İsmayıllı rayonunun ərazisində yerləşən
Uzunboylar qəbiristanının eramızdan əvvəl III-II əsrlərə aid qəbirlərinin birindən 70
saxsı qab, altı nizə ucluğu, bir neçə oraq və bıçaq çıxmışdır. Burada 7 bütöv qoyun-
keçi skeleti, bir bütöv inək skeleti və i.a. da vardı.
Torpaq qəbirlər alban dövrünün bir çox abidələrindən - Mingəçevirdə,
Yaloylutəpədə, Qəbələdə (Qəbələ rayonu), Xınıslıda, Çıraqlıda (Şamaxı rayonu),
Nüydüdə, Qırlartəpədə (Ağsu rayonu), Torpaqqalada (Qax rayonu), Uzunboylarda
(İsmayıllı rayonu), Kişdə (Şəki), Şəmkirdə, Xuçbalada (Quba rayonu), Tarkidə
Qarabudaqkənddə, Şarakunda (Dağıstan), Alazan çayının vadisində və başqa yerlərdə
olan abidələrdən məlumdur. Adlarını çəkdiyimiz bütün abidələri səciyyələndirən
ümumi cəhətlərlə yanaşı, bəzi
məhəlli xüsusiyyətlər də vardır. Məsələn, Mingəçevirdə
qəbirlərin demək olar hamısında skelet azacıq bükülü vəziyyətdə idi və başı əsasən
şimal-şərqə tərəf qoyulmuşdu. Qəbirdə zəngin avadanlıq, o cümlədən keramika,
dəmir silah və əmək alətləri, bəzək şeyləri, sikkələr, möhürlər və i.a. vardı.
Tapıntıların təhlili göstərilən qəbirləri eramızdan əvvəl V-III əsrlərə aid etməyə imkan
verir.
Ölülərin çox bükülü vəziyyətdə dəfn edildiyi torpaq qəbirlər Yaloylutəpədə,
Nüydüdə, Xınıslıda üzə çıxarılmışdır və əsasən eramızdan əvvəl III-I əsrlərə aiddir.
Adı çəkilən abidələr arasında Nüydü xüsusi yer tutur. Burada keramika ilə yanaşı,
çoxlu nizə ucluqları və bir tunc dəbilqə də tapılmışdır. Nüydüdə zəngin bər-bəzək
dəsti - qolbaqlar, üzüklər, asma bəzəklər, boyunbağılar, qadın tacları (çələngləri)
aşkar edilmişdir. Qəbirlərin birindən yerli ustalar tərəfindən zərb olunan sikkə
dəfinəsi tapılmışdır. Maddi mədəniyyətin qeyd edilən bütün kateqoriyaları yerli
ustaların məhsuludur.
Qədim Şamaxı, Qəbələ, Bərdə və b. qəbiristanların öyrənilməsi zamanı üzə
çıxarılmış gümüş və qızıl məmulatı diqqəti cəlb edir. Qırlartəpə məskəninin
yaxınlığında yerləşən, içərisində keramik qablar olan torpaq qəbirdən döymə üsulu ilə
hazırlanan iki gümüş piyalə tapılmışdı. Burada yerli sənətlər haqqında müəyyən
təsəvvür yaradan silah və bəzək şeyləri də aşkar edilmişdir.
Albaniya ərazisində iri küplərdə dəfn etmək adəti geniş yayılmışdı. Belə
qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağətəyi rayonlarda, Kür çayının