341
sahillərində qeydə alınmışdır. Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi,
Qəbələ rayonlarında, Mingəçevirdə, Qalatəpə xarabalıqlarının ətrafında, başqa
rayonlarda yüzlərlə küp qəbir tədqiq edilmişdir. Küplərdə dəfn etmək adəti ən qədim
əsrlərdən başlanmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda Ön Asiyada və Qafqazda
geniş yayılmışdır. Albaniyada bu adət eramızdan əvvəl I minilliyin ikinci yarısından
ta eramızın VIII əsrinədək mövcud olmuşdur.
Albaniyanın qəbir abidələrinin başqa bir tipi ölülərin gil tabutlarda dəfn
edilməsidir. Bu dəfn adətinin İsmayıllı rayonunda Mollaisaqlı, Hacıhatəmli və
Qalagah kəndləri ətrafında, Qəbələ rayonunda, Quşlar və Savalan kəndlərinin
yaxınlığında, habelə Şamaxı rayonunda yayıldığı öyrənilmişdir. Saxsı təknə yaxud
tabutlar əsasən bir-biri ilə birləşən iki hissədən ibarətdir; divarlarında bir neçə kiçik
deşik vardır. Kiçik gil tabutlar böyük tabutlardan yalnız ölçüsü ilə deyil, forması ilə
də fərqlənir, onların bir və ya iki tutacağı vardır, deşikləri yoxdur, uzunsovdur, oval
və ya dördbucaq şəklindədir; skeletlər bükülü vəziyyətdə sol və ya sağ böyrü üstə
qoyulmuşdur. İstiqamət müxtəlifdir, lakin sifət əksər hallarda şərqə tərəf
yönəldilmişdir. Avadanlıq əsasən baş hissədə, mərhumun üzü qarşısında və ayaq
tərəfdə qoyulmuşdur. Tabutlardan kənarda zərif düzəldilmiş saxsı qablar
yerləşdirilirdi. Qəbirlərin içərisində şüşədən, pastadan, mərmərdən və i.a. hazırlanan
çoxlu muncuq, habelə tunc qolbaqlar, üzüklər, müxtəlif asma bəzəklər və maral
təsvirli metal lövhə aşkar edilmişdir. Gil tabutlarda dəfn etmək adəti vaxt etibarilə
əsasən Yaloylutəpə mədəniyyəti dövründə, yəni eramızdan əvvəl III əsrdən eramızın
I-II əsrlərinə qədər olan dövrə uyğun gəlir.
Tarixi Albaniyanın ərazisində katakomba, taxta qutu və çiy kərpic qəbirlər
aşkara çıxarılmış və öyrənilmişdir. Qəbirlərin bu tipi Azərbaycan ərazisinə sarmat-
massaget-alan və digər irandilli tayfalar tərəfindən gətirilmiş və yerli əhali arasında
qismən yayılmışdır.
Katakombalarda olan taxta qəbirlərdə maddi mədəniyyətin yüksək inkişaf
səviyyəsini əks etdirən zəngin dəfn avadanlığı vardı. Bu tip qəbirlər eramızın I-IV
əsrlərinə aid edilir; bunlar yalnız Mingəçevirdən tapılmışdır. Taxta qəbirlərdə ölülər
bir qayda olaraq qoşa dəfn edilir, onlar üz-üzə, bükülmüş vəziyyətdə, başları cənub-
şərqə tərəf qoyulurdu. Dəfn avadanlığı taxta qəbirin həm içərisində, həm də bayırında
yerləşdirilirdi; ona keramikadan əlavə, dəmir qılınclar, xəncərlər, bıçaqlar, gümüş
piyalələr, qızıl və gümüş zinət şeyləri, üzük-möhürlər və i.a. daxil idi. Bu tip qəbirlər
zadəgan zümrəni əks etdirir.
Albaniyanın maddi mədəniyyəti qəbir tikililərinin başqa bir tipində -Xanlar
rayonunda, Mingəçevirdə, Sabirabad rayonu ərazisindəki Cəfərxan kəndinin
yaxınlığında tədqiq edilmiş çiy kərpic
qəbirlərdə də öz əksini tapmışdır. Ölünün tək
dəfn edilməsi bu qəbirlər üçün səciyyəvidir. Burada ölü arxası üstə uzadılırdı. Bu tip
342
qəbirlərdən əldə edilən materiallardan bəlli olur ki, onlar iki eranın ayrıcına və
eramızın ilk əsrlərinə aiddir.
Ayrı-ayrı yerlərdə indiyədək qalmaqda olan metal, daş və ağac əmək alətləri
Albaniyanın iqtisadiyyatını öyrənmək üçün xüsusi əhəmiyyətə malikdir. Bunlar dəmir
oraqlar, çapacaqlar, bıçaqlar, qayçılar, bizlər, iynələr, dən daşları, kirkirə daşları,
sürtgəclər, bülöv daşlardan ibarətdir.
Xınıslı, Nüydü, Qırlartəpə, Yaloylutəpə, Qaraköbər, Torpaqqala və
Albaniyanın digər məskənlərində forması və ölçüsü müxtəlif olan əl dəyirmanları, o
cümlədən qayıq şəklində çox iri dən daşları aşkar edilmişdir. Eramızın I-II əsrlərindən
başlayaraq işlədilən kirkirə daşlarının tapılması dən üyüdülməsinin yeni, mütərəqqi
üsullarının tətbiqi ilə bağlıdır. O dövrdə xeyli miqdarda dişli oraqların olması
əkinçilik sahəsində, xüsusən biçin prosesində əmələ gələn tərəqqini arxeoloji
cəhətdən təsdiq edir. Arxeoloji tədqiqatlar zamanı aşkar edilən bitki qalıqları
Albaniyada əkinçiliyin inkişafı və istehsal olunan məhsulların çeşidi haqqında
mühakimə yürütməyə imkan verir.
Dulusçuluq məmulatı Qafqaz Albaniyası iqtisadiyyatının və mədəniyyətinin
daha da inkişaf etdiyini göstərir. Eramızdan əvvəl I minilliyin ikinci yarısında
Yaloylutəpə keramikasının yeni səciyyəvi formaları - qonşu ölkələrin keramikasından
fərqlənən süddanlar, birayaqlı və üçayaqlı vazalar meydana gəlir. Yaloylutəpə
keramikası Şirvan, Şəki, Zaqatala bölgəsi, Gəncə-Qazax, Mil-Qarabağ düzü, Alazan
və Kür hövzəsi, habelə Dağıstan ərazisində olan abidələrdən məlumdur. Yuxarıda
qeyd edilmiş rayonlar üçün səciyyəvi olan keramika kompleksinin yeknəsəqliyi
vahid, səciyyəvi iqtisadiyyata, mədəniyyətə və əraziyə malik əhalinin etnik
yekcinsliyinə sübutdur.
Albaniya ərazisində xeyli miqdarda dəmirçilik məmulatı üzə çıxarılmışdır;
onların böyük bir qismi yerli ustaların məhsuludur, bununla birlikdə gətirilmə
əşyalara, başlıca olaraq zərif qab-qacağa və bəzək şeylərinə də təsadüf edilir.
Albaniyanın yerli xammala əsaslanan metallurgiyası və metalişləmə sənəti yüksək
kamillik səviyyəsinə qalxmışdı.
Alban cəmiyyətinin əyanlar təbəqəsinin məişətində geniş istifadə olunan
gümüş və mis qab-qacaq cəmiyyətin sosial cəhətdən yekcins olmadığını da aydın
bildirir.
Metal qablarla yanaşı, şüşə məmulatı da geniş yayılmışdı. Albaniyada şüşə qab
istehsalının eramızın II-III əsrlərindən meydana gəldiyi ehtimal edilir. Əvvəlki dövrdə
isə bunlar bir qayda olaraq Şərq ölkələrindən gətirilirdi.
Zərgərlik də nəzərə çarpacaq dərəcədə inkişaf etmişdi. Arxeoloji tədqiqatların
gedişində, xüsusilə qəbirlərdə aşkar edilmiş bəzək şeyləri öz formalarının və istifadə
olunmuş materialların rəngarəngliyi ilə fərqlənir. Bunlar metaldan, şüşədən, gildən,
pastadan, müxtəlif qiymətli və yarımqiymətli daşlardan hazırlanırdı. Bəzək şeylərinin