336
I əsrin son sülsündə Mingəçevir zonasında yeni qəbir tipləri və dəfn adətləri
meydana gəlir. Burada ölüləri küplərdə dəfn etmək adəti qalmaqla bərabər, katakomba
qəbirlərə, deformasiya olunmuş kəllələrə təsadüf olunur ki, bu da alanlara xas olan etnik
əlamətdir. Arxeoloji abidələr eramızın ilk əsrlərində və hətta bir qədər qabaq Dağıstan
ərazisinə sarmat-massaget-alan tayfalarının soxulmasını göstərir. Cənub rayonları
Mazkut çarlığının tərkibinə daxil olan Dağıstanda sarmat və sarmatvari simalı bir çox
maddi mədəniyyət abidələrinin olması arxeoloji materiallarda təsdiq edilir. Burada
sarmat yaraq-əsləhəsi, müxtəlif növ toqqalar, muncuqlar və s. az deyildir. Ayrı-ayrı
ünsürləri Azərbaycan ərazisindəki Yaloylutəpə keramikasına yaxın olan sarmat
keramikasına da rast gəlinir. Dağıstan zonasında və ondan cənubda yerləşən rayonlarda
alanlardan əlavə aorslar olmuşdu; aorsların izləri Tarki qəbiristanında tapılmışdır,
Görünür, aorslar özləri Aral-Sırdərya vilayətlərindəndir və massaget
konfederasiyasına daxil idilər. Kaspinin şimal sahilində, daha qərbdə və cənub-qərbdə
yerləşən vilayətlərə aorsların və digər Orta Asiya tayfalarının yeriməsini, yəqin ki,
"toxar istilası" ilə əlaqələndirmək lazımdır.
Eramızdan əvvəl son üç əsrdə aorslar Kaspinin şimal və şimal-qərb sahillərində
yerləşən vilayətlərdə hökmranlıq edən ən güclü birlik idi. Strabonun dediyinə görə, onlar
"ermənilərdən və midiyalılardan mübadilə qaydası ilə hind və Babil malları alır, dəvə
karvanları ilə daşıyıb satırdılar". Özlüyündə təkcə bu cəhət Dağıstan və Azərbaycanın
Kaspisahili zolağında aors ünsürləri roluna və əhəmiyyətinə şəhadət verə bilər. Elə
burada qeyd etmək lazımdır ki, Həştərxan sarmatlar qrupunun, yəni aorslarla
tərəddüdsüz əlaqələndirilə bilən qrupun keramikası ilə Azərbaycanın Yaloylutəpə
mədəniyyətində oxşar cəhətlər vardır. Azərbaycanın küp qəbirlərində olan sarmat
ünsürlərini də, görünür, aorsların təsiri ilə izah etmək lazım gəlir.
Bütün bunlar belə hesab etməyə əsas verir ki, hələ eramızın hüdudunda sarmat-
massaget-alan dairəsi tayfaları Dərbənd keçidi vasitəsilə Azərbaycanın Kaspiboyu
zolağının ərazisinə soxulurlar.
Erməni müəlliflərinin Kaspinin qərb sahillərində məskunlaşmış tayfalar kimi
xatırlatdıqları mazkutlar, şübhəsiz, massagetlərin eynidir. Massagetlərin göstərilən
vilayətdə, albanların qonşuluğunda sakin olmasından antik müəlliflər də bəhs edirlər. I
əsrdə Parfiya-Roma münasibətləri ilə əlaqədar olaraq xatırladılan dövlət məhz burada
yaradılmışdı. Həmin dövlət Mazkutlar çarlığıdır, ərəb müəlliflərinin Maskat
adlandırdıqları dövlətdir.
Bu rayonun toponimiyasında və onun tat əhalisinin dilində skif-sarmat-alan
ünsürlərinin izləri vardır. Məsələn, Samur və Rubas çaylarının (Maskat ərazisində) adları
osetin dilində (bu dil öz mənşəyini alan dilindən alır) müvafiq surətdə "dələ" və "tülkü"
deməkdir. Abşeron yarımadasında Maştağa (Maşqata) kəndinin adı "massagetlər" kimi izah
edilir. Maşkur xoronimi, müvafiq surətdə ermənicə Mazkut və ərəbcə Maskat xoronimləri
də massagetlərin adından götürülmüşdür. Dərbənddən cənubda yerləşən rayonun - Çora
337
(Çola) keçidinin adını da, görünür, skif-sarmat dil materiallarının köməyi ilə izah etmək
olar.
Azərbaycanın Kaspisahili zolağı arxeoloji cəhətdən zəif tədqiq edilmiş olsa da,
təsdiq etmək olar ki, bu zonada sarmat-massaget-alan mədəniyyətlərinin aşkar izləri
vardır. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, daş qutularda (Şamaxı zonası) dəfn
edilənlər arasında qafa tası deformasiya edilmiş fərdlərə rast gəlinir. Dəfn qaydasının
xüsusiyyətləri - ölünün uzanmış halda qoyulması, od mərasiminin kəskin surətdə nəzərə
çarpan əlamətləri, meyitlərlə birlikdə itlərinin basdırılması və i.a. da sarmat-alan
təsirindən xəbər verir.
Yuxarıda göstərilən və Azərbaycanın şimal-qərb rayonlarının avtoxton əhalisinin
mədəniyyətinə yabançı olan hallar bu əraziyə yeni etnik ünsür gəldiyini tam aydınlığı ilə
sübut edir.
Yazılı qaynaqlarda olan məlumat belə hesab etməyə imkan verir ki,
Azərbaycanın adı çəkilən rayonlarına alanların gəlməsi I əsrə aiddir və onların
Zaqafqaziya ölkələrinə və daha cənuba məlum yürüşü ilə bağlıdır; İberiya çarı ilə ittifaqda
olan alanlar Daryal keçidindən addayıb "çox böyük bir kütlə ilə heç nədən
şübhələnməyən midiyalılara basqın etdilər və "...hər yeri viran qoyaraq Ermənistana
çatdılar".
Azərbaycanın sahil zolağının massaget-alan tayfaları, görünür, hələ uzun
zaman etnik və siyasi cəhətdən real qüvvə idilər.
O ki qaldı Azərbaycanın şimal-qərb vilayətlərində olan alan ünsürünə, o, yəqin
ki, VII əsrin axırlarına yaxın tarix meydanından çıxmağa başlamış və qonşu tayfa
qrupları tərəfindən assimilyasiyaya uğradılmışdı. Məhz bu zaman xristianlığın təsiri
altında katakombalar və onlarla bağlı mərasimlər dəfn praktikasından qeyb olmağa
başlamışdı.
338
XVI F Ə S İ L
ANTĠK ALBANĠYANIN MƏDƏNĠYYƏTĠ
Albaniyanın maddi mədəniyyət abidələri. Azərbaycan ərazisində aparılmış
arxeoloji tədqiqatlar sayəsində Albaniyanın zəngin maddi mədəniyyəti üzə
çıxarılmışdır. Maddi mədəniyyət abidələri hər şeydən əvvəl yaşayış məskənləri,
müxtəlif tikililər və qəbirlərdən, habelə ayrı-ayrı əşyalardan ibarətdir. Bunların tədqiqi
gedişində çoxlu məişət, təsərrüfat, ibadət əşyaları və sənətkarlıq məmulatları
tapılmışdır.
Alban məskənləri materialının öyrənilməsi ictimai-iqtisadi münasibətləri
səciyyələndirmək üçün xüsusilə böyük əhəmiyyətə malikdir. Yaşayış məskənləri
əsasən çay kənarlarında, münbit torpaqlara malik, strateji cəhətdən əlverişli və b. k.
sahələrdə yerləşirdi.
Bəzi məskənlər xüsusi qazılmış dərin xəndəklərlə də qorunur (Qəbələ,
Qalagah, Şortəpə), daşdan hörülən müdafiə hasarları (Qırlar), yaxud torpaq səd və ya
xəndək (Şortəpə) ilə dövrələnirdi. Hasarlarda darvaza qoyulur və darvazadan təpənin
ətəyinə pilləkən enirdi.
Memarlıq formalarının erkən dövrü üçün əsasən çiy kərpicdən hörülən,
(36x36x14 və 42x42x12 ölçülü) dördkünc yaşayış otaqları səciyyəvidir (Qəbələ, Mil
düzündə Qaratəpə). Otaqların yeri gil məhlul ilə şirələnirdi. Kiçik otaqlarla yanaşı,
Şərq memarlığına məxsus formalarda tikilmiş, böyük, sütunlu salonları olan saray
tipli binalar da vardı; sütunların daş bazaları qalmışdır (Sarıtəpə, Xınıslı, Qəbələ). İri
binalar üçün əsas tikinti materialı çiy kərpic idi. Çox qalın divarların bünövrələri
çaydaşından qoyulurdu. Məskənlərin mərkəzi binaları - qəsr və ya akropol -
künclərdən kvadrat bürclərlə möhkəmləndirilirdi (Qırlartəpə). Zəlzələ təhlükəsi çox
olan rayonların memarlığında daş hörgüyə arada ağac tirlər (kətil) qoyulurdu ki, bu da
tikintinin davamlılığını artırırdı.
Binaların damı kirəmitlə örtülürdü (Qəbələ, Mollaisaqlı), divar və döşəmələri
palçıqla suvanırdı. Arxeoloji qazıntılardan hörmə çubuq izləri ilə birlikdə suvaq
qalıqları aşkar edilmişdir. Tikintidə ağacdan geniş istifadə edilirdi; kömürləşmiş ağac
materialı qalığı bunu aydın göstərir.
Məskənlərin ərazisində çoxlu (məsələn, Mingəçevirdə 23-ə
qədər) dulus kürəsi
vardı. Mədəni təbəqələrdən metallurgiya ilə
bağlı materiallar: butalar (Qalagah),
tökmə üsulu ilə bəzək şeyləri hazırlamaq üçün daş qəliblər (Şortəpə) və s. tapılmışdır.
Eramızdan əvvəl III əsrin axırlarından Qəbələnin Çaqqallı, Qala və Səlbir
hissəsində zəngin həyatın varlığı təsdiq edilmişdir. Qəbələ möhkəm müdafiə tikililəri
ilə əhatələnmişdi. Hasarların hörgüsündə gildən, çiy kərpicdən, daşdan və bişmiş
kərpicdən istifadə olunmuşdur. Çaqqallının müxtəlif yaşayış və ictimai binalarının