61
gizli guşələr dünyanın bir çox bölgələrində də tapılmışdır. Draxenlox (İsveçrə),
Zaltsofen (Avstriya), Klyuni, Le Furten, Reqardu, Lazaret (Fransa), Petersxel (AFR)
Kudaro (Şimali Qafqaz) və başqa yerlərdə bu cür nümunələr aşkar olunmuşdur. Azıxda
aşkar edilmiş, heyvan kəllələrinin saxlandığı gizli yer bu cür sitayiş obyektləri içərisində
ən qədimrindən biridir. Azıxda tapılmış ayı kəllələrinin heç birində çənə hissəsi yoxdur.
Gizli yerlə tanışlıq həyata keçirilmiş əməl arxasındakı təsəvvürlər aləmini bizim
qarşımızda canlandırır. Qeyd-şərtsiz demək olar ki, bu, məqsədyönlü, şüurlu və əlbəttə,
qeyri-utilitar insan fəaliyyətinin nəticəsidir.
Azıxda təsdiqlənmiş "kəlləyə sitayiş" faktı Cənubi Qafqaz sakinlərində ətraf
mühitin hadisələri haqqında ən erkən, başlanğıc səciyyəvi təsəvvürlərin yarandığını
göstərir. Sonralar həmin təsəvvürlər zəminində dinin ünsürləri, din meydana gəldi. Kəllə
"yığınları" (və ümumiyyətlə heyvan sümükləri) totemizmin, hər halda onun
rüşeymlərinin meydana gəldiyini göstərir.
Bütün bu göstərilənlər, Aşağı Paleolit dövründə Azərbaycan sakininin
təfəkküründə, baxışlarında, zövqündə və həyat fəaliyyətində köklü irəliləyiş demək idi.
Aşel dövrünün ikinci yarısında mağarada möhkəm məskən salmış azıxantroplar
orada süni mühit yaradırlar. Azıx mağarasının aşel təbəqəsində ocaqlardan birinin
yanında süni hasarın - dairəvi daş tikilinin qalıqları aşkar edilmişdir. Beləliklə, 300 min il
bundan əvvəldən də öncə azıxantrop özü üçün yaşayış yeri qururdu. Son zamanlar
oykumenanın müxtəlif bölgələrində, xüsusilə Fransada süni yaşayış yerlərinin bir çox
qalıqları (onların arasında Aşel dövrünə aid olanları da vardır) tapılmışdır.
Aşeldən sonrakı Mustye dövrü adətən oykumena miqyasında keyfiyyətcə yeni,
qədim insanların həyatında əvvəlki zamanla müqayisədə daha yüksək mərhələ kimi
səciyyəvidir. Məhz bu səciyyəvilik bir çox tədqiqatçılara həmin tarixi mərhələni xüsusi
dövr - Orta Paleolit dövrü kimi (əhəmiyyətinə görə son paleolitə bərabər olan dövr)
ayırmaq hüququnu verir. Digər tədqiqatçılar bu cür yanaşmaya etiraz edərək hesab edirlər
ki, Son Aşel dövrü ilə ilk Mustye arasındakı fərq mərhələ səciyyəsi daşımır. Lakin ikinci
baxışın tərəfdarlarının müddəalarına baxmayaraq, bütövlükdə insanların neandertal növü
(ilkin neandertallar istisna olunmaqla) Mustye dövrünə təsadüf etmişdir. Artıq Mustye
dövründə sürü münasibətləri arxada qalmış, ibtidai icma quruluşu (nəsli cəmiyyət)
təşəkkül tapmış, kommunalistik münasibətlər qərarlaşmışdır. İndiyədək tədqiqatçıları
məşğul edən neandertal qəbirləri həmin dövrdə ümumilik münasibətlərinin
qərarlaşmasını təsdiq edən faktlardır.
Neandertal qəbirləri ilk növbədə neandertalların kollektiv birliyi, qarşılıqlı
sosial əlaqəni dərk etdiklərini təsdiq edir. Bu, qarşılıqlı yardım institutunun
yarandığını, icma üzvlərinin bir-birinə qayğısını göstərir. Bu, "neandertalların ibtidai
icmasını möhkəmləndirən əlaqələrin sabitliyini və gücünü təsdiq edən"
[ A . P . O k l a d n i k o v ] parlaq göstəricidir. Güman etmək olar ki, Mustye dövrü
yeni ictimai təşkilatın - tayfanın yaranması zamanı olmuşdur. Hər halda həmin dövrdə
62
bir növ "tayfa ərəfəsi" birləşmənin mövcudluğu şübhəsizdir. Bu birliyin əsas tərkib
hissəsini böyük kollektiv təşkil edirdi. Güman etmək olar ki, bu kollektiv bir neçə
nəsli icmanı, birgə əməyə əsaslanan bir neçə düşərgəni özündə ehtiva edirdi.
Bundan başqa, neandertal qəbirləri müəyyən, sırf insan hisslərindən, bəşəriyyət
tarixində ilk dəfə olaraq öz yaxınlarını dəfn etmiş insanların baxışlarından xəbər verir.
Nəhayət, bu qəbirlərdən aydın olur ki, insanlar artıq meyitdən törəyə biləcək konkret
təhlükəni əməli surətdə dərk etmişdilər.
Mustye haqqında yuxarıda deyilmiş fikirlər oykumenanın müxtəlif
bölgələrindən əldə olunmuş materiallara əsaslanan ümumi səciyyəli məlumatlardır.
Təəssüf ki, Azərbaycan materialı bu baxımdan bizə çox az məlumat verir. Lakin insan
cəmiyyətinin inkişafının başlıca qanunlarının ümumiliyini, qlobal xarakterini,
sosiogenezin ümumi istiqamətini, insan həyatı modelinin universallığını, bu və ya
digər mərhələ üçün səciyyəvi olan, insan yaşayışının müxtəlif bölgələrində mövcud
olmuş səciyyəvi cəhətlərin bir çoxunun Azıx mağarasında təsdiqlənməsi kimi mühüm
bir halı nəzərə alaraq neandertalın mənəvi aləminin mənzərəsini Azərbaycana da aid
etmək mümkündür.
Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanda Mustye dövrü Azıx, Tağlar,
Daşsalahlı, Damcılı və Qazma mağaralarında nisbətən yaxşı təmsil olunmuşdur. Bu
dövr təxminən 100-80 min il bundan əvvəl başlanmışdır.
Levallua texnikası müxtəlif daş əmək alətləri ilə zəngin olmuş Mustye
dövrünün ən böyük texniki nailiyyətidir. Bu nailiyyət daşın emalı üsullarında əsil
inqilab idi. Texnikanın inkişafı daşın istifadəsinin və emalının çox yüksək səviyyəsinə
(levallua texnikasına) getirib çıxarmışdı.
Mustye dövründə nizə və cidaların daşdan hazırlanmış ucluqları meydana
gəldi. Ovçuluq təsərrüfatı xeyli mürəkkəbləşdi və yüksək inkişaf səviyyəsinə çatdı.
İnsan kollektivlərinin qida ilə təminatı ölçüyəgəlməz dərəcədə artdı.
Nəinki yaxın bölgələrin, habelə bir-birindən kifayət qədər uzaq olan ərazilərin
sakinləri arasında əlaqələrin genişlənməsi, həmin qarşılıqlı əlaqələrin tədricən
fəallaşması Mustye dövrünün mühüm xüsusiyyətidir. Məsələn, Tağlar mağarasının
materialı bunu göstərir. Həmin material onun həmin "Şərq düşərgə"ləri ilə bənzəyişi,
habelə Araz çayından cənubda yerləşən, Zaqros zonasını da özündə ehtiva edən
ərazilərin Mustye mədəniyyətləri ilə qeyd-şərtsiz əlaqələri barədə də danışmağa
imkan verir.
Cənubi Qafqazın və Şərqi Avropa düzənliyinin cənub hissəsinin, habelə
Qədim Şərq bölgələri sakinlərinin arasında son paleolit dövründə müəyyən əlaqələr
olduğunu bu uzaq məskənlərdə Qafqaz obsidianının tapılması təsdiqləyir. Cənubi
Qafqazın qədim yaşayış yerlərində Qırmızı dəniz mənşəli balıqqulağıların və s. aşkar
olunması faktı da bunu sübut edir. Yalnız zəngin mənəvi aləmə malik olmuş insan
uzunmüddətli miqrasiyalar edə bilərdi.