79
ucunda əl yeri qoymaqla qalan hissədə novçavari yarıq açaraq oraya çaxmaq və ya
dəvəgözü daşından lövhə dişlər düzülürdü. Dişlər ağac oraqlara qətran vasitəsilə
bərkidilirdi. Başqa cür oraqlar da məlumdur. Məsələn, Şomutəpədə öküzün çənə
sümüyündən, Naxçıvan Kültəpəsində isə buynuzdan düzəldilmiş oraq tapılmışdır.
Məlum olan ən qədim biçin alətləri içərisində Muğanda Əliköməktəpə yaşayış
yerində öküzün kürək sümüyündən düzəldilmiş oraqlar da vardır. Onların mişarvari
düzəldilmiş ağız hissəsində biçin prosesində əmələ gəlmiş parıltı aydın bilinir.
Eneolit dövrü yaşayış yerlərində əkinçilik təsərrüfatı ilə bağlı olan xeyli daş
həvəng, daş dəstək, dən daşları və sürtgəclərə təsadüf olunur. Taxılı iri küplərdə, həm
də evlərin yaxınlığında kərpicdən hörülmüş anbarlarda saxlayırdılar.
Eneolit dövründə əhalinin təsərrüfatında əkinçiliklə bərabər heyvandarlığın da
böyük rolu olmuşdur. Yaşayış yerlərində bəzən topa şəklində çoxlu heyvan
sümüklərinə təsadüf edilmişdir. Əliköməktəpə yaşayış yerində bir sümük topasında
öküz və ata aid qırx kürək sümüyü, dörd at, beş öküz kəlləsi və ev heyvanlarının xeyli
başqa sümükləri var idi.
Həmin dövrdə yerli əhalinin heyvan sürülərində müxtəlif cins öküz və
qoyunun varlığı maldarlığın artıq yüksək inkişaf səviyyəsinə çatdığını sübuta yetirir.
Ev heyvanları içərisində donuz da var idi. Bəzi yaşayış yerlərinin, məsələn,
Çalağantəpənin osteoloji materiallarına görə o, heyvandarlıqda hətta əsas yerlərdən
birini tuturdu. Yalnız Muğanda Əliköməktəpə yaşayış yerində ev atının sümükləri
tapılmışdır. Bu, nəinki Qafqazda, hətta bütün Avrasiyada ev atı haqqında ən qədim
məlumatdır. Muğan düzü dünyada ev atının istifadə edildiyi ən qədim yaşayış
yerlərindən biri olmuşdur.
Eneolit dövründə ev heyvanlarını başlıca olaraq ət məhsulu əldə etmək üçün
saxlayırdılar. Ətraf mühitdən əlavə qida məhsulları almaq bu dövrdən insanların
yardımçı peşələrindən birinə çevrilir. Bu məqsədlə əhali ceyran, quş, balıq və su
quşları ovlayırdı.
Azərbaycanın eneolit qəbilələrinin süd məhsulları, o cümlədən yağ
hazırlamasını göstərən birbaşa dəlillər olmasa da, onların bəzi süd məhsulları
istehsalından xəbərdar olmasını güman etmək olar.
Beləliklə, qeyd olunan dəlillər göstərir ki, Azərbaycan ərazisində Eneolit dövrü
qəbilələrinin təsərrüfatının əsasını artıq inkişaf etmiş əkinçilik və maldarlıq təşkil
edirdi.
Ev sənətkarlığı. Eneolit dövründə sənət sahələri daha çoxcəhətli olur. Daş və
sümük əşyaları hazırlama, dəriişləmə kimi ənənəvi peşələrlə yanaşı, yeni istehsal
sahələri inkişaf edir. Burma və cilalanma texnikası tətbiq olunur. Ağacişləmə
sənətinin inkişafı ilə əlaqədar daş baltaların cilalanması və itilənməsi geniş yayılır.
Daş baltalar vasitəsilə toxa və bir çox başqa alətlərə sap hazırlanırdı. Daş toppuzların
cilalanması və onlarda dəstək yerinin deşilməsi təcrübə və ustalıq vərdişi tələb edirdi.
80
Ağstafanın Aşağı Göycəli kəndində Töyrətəpə eneolit yaşayış yerində bir otaqda
döşəmə üzərində nəhəng daş həvəng, zərbə daşı, parçalanmış daşlar, çoxlu sümük, o
cümlədən yarımçıq qalmış sümük-məmulat, həm də alətlər üçün tədarük materialı
tapılmışdır. Oradaca doqquz sümük toxa, maral buynuzundan ikideşikli boru, sümük
qaşıq, beşdişli oraq, iki dən daşı və qaşıqvari sümük əşya var idi. Bu otaq, çox güman
ki, sümük və başqa məmulat hazırlanan emalatxana olmuşdur. Dəri işləmə və dəri
məmulatı hazırlama peşəsi də inkişaf etməkdə idi. Bir qayda olaraq dövrün yaşayış
yerlərində külli miqdarda sümük bizlər tapılır. Bunlar isə dəridən paltar, ayaqqabı və
başqa əşyaların geniş istehsalını sübut edir. Əliköməktəpədən tapılan boğazlı çəkmə
formasında gil qab dəridən ayaqqabı hazırlanması ehtimalını yəqinliklə söyləməyə
imkan verir.
Eneolit dövrünün son mərhələsinə aid bəzi abidələrdə Azərbaycanda toxuculuq
peşəsinə aid daşdan, sümükdən və gildən iy başlıqlarına və çox zərif parça izlərinə
rast gəlinmişdir.
Eneolit dövrü əhalisi daha çox qamışdan həsir, səbət və başqa məmulat
hazırlayırdı. Evlərin döşəmələrində tez-tez həsir qalıqlarına rast gəlinir. Bəzən
ölülərin də həsirə bükülməsi halları müşahidə olunmuşdur. Oturacaqlarında toxuma
izləri qalmış gil qablara A
Z
ərbaycanın bir sıra rayonlarında rast gəlinmişdir.
İstehsaledici təsərrüfatın yaranma və inkişafı dövründə ev sənətkarlığında
dulusçuluq xüsusi yer tuturdu. Əhalinin artmaqda olan tələbatı gil qab istehsalını
çoxaltmaq zərurətini doğururdu, bu isə təbii olaraq xüsusi dulus kürələrinin
hazırlanmasına səbəb olurdu. Belə kürələrin qalıqları I Kültəpədə, Şomutəpədə,
İlanlıtəpədə, Əliköməktəpədə, Çalağantəpədə aşkar olunmuşdur. İkiyaruslu kürələrin
varlığı da müəyyən edilmişdir. Aşağı yarus kamerasında yanacaq yığılır, üst yarusda
isə gil qablar qoyulurdu. Yanacaq kamerasının külfələri və damındakı gözlər
vasitəsilə alov gil qablar düzülmüş üst kameraya daxil olur. Belə kürələrdə qab-qacaq,
həm də, yəqin ki, iri təsərrüfat küpləri bişirilirdi.
Qablar əldə hazırlanırdı, formaca onlar məhdud, əsasən, qalındivarlı, kobud
işlənmiş və bişmə keyfiyyətləri də çox yüksək deyildir. Bəzi iri təsərrüfat küplərində
qulpu əvəz edən qulaqcıqlar (çıxıntılar) vardır. Yalnız Əliköməktəpə yaşayış yerində
adi qulpları olan kuzələr əldə edilmişdir.
Şərqi Zaqafqaziya dulusçuluq sənətində iki müstəqil zonaya ayrılır. Onlardan
biri Kür vadisini, onun orta axınını, o biri isə cənub düzən rayonlarını əhatə edir.
Kür vadisinin qabları bir qayda olaraq qısa dabanlı, rəngləri tutqun, qonur,
üzərləri yüngülcə sığallı və yapma konusvari, qabarıq yapma xətlər və fiqurlarla
bəzədilmişdir. Gilin tərkibinə qum, daş və saxsı xəkəsi qatılmışdır. Zaqafqaziyanın
cənub rayonlarının saxsı məmulatı isə geniş oturacaqlı, açıq qırmızı rəngli, gilində
bitki qatışığı, üzərinə şirə (anqob) çəkilmiş və cilalıdır. Naxış boya ilə vurulub, bəzən
yapma bəzəklərə rast gəlinir.