81
Azərbaycanın Urmiya gölü ətrafı vilayətlərinin saxsı məmulatı bir qədər
müxtəlifliyi və texniki mükəmməlliyi ilə seçilir. Orada Dəlmətəpə yaşayış yerinin
dulusçuları yüksək ustalığa nail olub, gözəl boyalı qablar hazırlayırdılar. Boyalı
qabların ən qədim nümunələri e.ə. VI minillikdə Hacı Firuz yaşayış yerindən əldə
edilmişdir.
Eramızdan əvvəl IV minilliyin birinci yarısında gil qabların hazırlanmasında
fırlanan primitiv dəzgahdan istifadə olunması Azərbaycanın dulusçu sənətkarlığında
tamamilə yeni mərhələ idi. Qablar yüksək keyfiyyəti, çox müxtəlifliyi ilə seçilir.
Ağdam rayonunda Leylatəpə yaşayış yerindən alınan məlumata görə, bu dövrün
qabları dairəvi planlı ikiyaruslu dulus kürələrində bişirilirdi. Eneolit dövrünün daha
qədim yaşayış yerlərinin dulus kürələri isə uzunsov oval formada olmuşdur.
Zaqafqaziyanın Eneolit dövrü əhalisinin metalla tanışlığı barədə tapılmış mis
əşyalara görə mühakimə yürütmək olar.
Qazax rayonunun Qarğalartəpəsi yaşayış yerindən mis lövhədən hazırlanmış
muncuq, Əliköməktəpədən iki mis muncuq və biz, Urmiya rayonunda Göytəpədən isə
üç mis əşya qırığı tapılmışdır. Göytəpə tapıntılarından biri bıçaq tiyəsinin hissəsidir.
Nisbətən çox metal, o cümlədən üç mis - mərgmüş qatışıqlı əşya I Kültəpənin
ən qədim mədəni təbəqəsindən məlumdur. Buradan dördtilli biz, rombvari lövhə, iki
muncuq və üç naməlum əşya qırığı əldə edilmişdir. Leylatəpə yaşayış yerindən isə
daha çox metal, o cümlədən mismərgmüşnikel qatışıqlı əşya, ən başlıcası isə,
Qafqazda metal əritməyə aid ən qədim maddi qalıqlar tapılmışdır.
Əlaqələr. Azərbaycanın erkən əkinçi mədəniyyətinin inkişafı Qafqazın və Ön
Asiyanın qonşu rayonları ilə təmasda və qarşılıqlı əlaqədə keçmişdir. Mərkəzi
Zaqafqaziyanın ən qədim yaşayış yerlərində dairəvi planlı kərpic tikililər inşaatda
ənənəvi formanı təşkil edir. Eyni vaxtda belə tikililər Şimali Mesopotamiyada geniş,
yayılmışdır. Dairəvi planlı çiy kərpic memarlığını Yaxın Şərqdə yayan Xalaf
mədəniyyəti qəbilələri olmuşdur.
Xalaf qəbilələrinin tarix səhnəsinə çıxması ilə Ön Asiyada əlaqələr, etno-
mədəni proseslər nəzərə çarpacaq dərəcədə genişlənir.
Zaqafqaziyanın, o cümlədən Azərbaycanın eneolit qəbilələrinin dairəvi planlı
tikililəri ilə Xalaf qəbilələri tikililəri arasındakı münasibəti konkret izah etmək
çətindir. Ancaq güman etmək olar ki, həmin regionların inşaatında yeni formalı
tikililərin geniş yayılması müəyyən qarşılıqlı əlaqələrin nəticəsində mümkün
olmuşdur.
Arxeoloji materiallar göstərir ki, Azərbaycan qəbilələri ilə Mesopotamiya
qəbilələri arasında əlaqələr bütün Eneolit dövrü ərzində olmuşdur. Belə ki,
Naxçıvanın Kültəpə yaşayış yerinin qədim mədəni təbəqəsindən Cənubi Qafqazın
Xalaf mədəniyyəti sakinləri ilə əlaqələrin ilkin çağlarını əks etdirən boyalı Xalaf
çölməkləri tapılmayıbdır.
82
Azərbaycanın Mesopotamiya ilə sonrakı (V minilliyin sonu, IV
minilliyin
əvvəli) əlaqələri Obeyd mədəniyyəti materiallarında öz əksini tapmışdır. Obeyd
boyalı qab nümunələri Cənubi Azərbaycanda Urmiya gölünün hövzəsində, həm də
Qafqaz yaşayış yerlərindən tapılmışdır. Uzunmüddətli əlaqələr və təmas nəticəsində
Azərbaycan Obeyd qəbilələri üçün tanınan bir ölkə olmuş və yəqin ki, onların
diqqətini cəlb etmişdir. Qarabağ düzənliyində Xındırıstan kəndi yaxınlığındakı
Leylatəpədə memarlıq formaları, dulusçuluq kürələri, dulus məmulatı bu ərazidə
əsrlərlə davam edən yerli mədəniyyətdən tamamilə fərqlənir. Bir sıra faktik dəlillər
(iki boğazlı qablar, boğazlarında üfüqi gözlər olan küpələr və s.) Şimali
Mesopotamiyanın, məsələn, 3-cü Yarımtəpə Obeyd yaşayış yerində eyni ilə təkrar
olunur. Belə vəziyyət isə eramızdan əvvəl IV minilliyin birinci yarısında Qarabağ
düzənliyində bina salmış qəbilələrin Mesopotamiyadan köçməsinə şübhə yeri
qoymur.
Eneolit dövründə əlaqələrin istiqaməti tək Mesopotamiya ilə bitmirdi.
Arxeoloji materiallar Azərbaycanın şərq və cənub vilayətlərlə əlaqələrini
müəyyənləşdirməyə imkan verir. Bu cəhətdən bəzək əşyalarının xüsusi əhəmiyyəti
vardır. Kültəpə və Çalağantəpə qəbirlərində bəzi daş növlərindən hazırlanmış
muncuqlar, şəksiz, buraya gətirilmədir. Firuzə daşından muncuqlar bu qəbildəndir.
Firuzə daşı qədimdə Əfqanıstan və Şərqi İrandan Ön Asiyanın bir çox rayonlarına
yayılırdı.
Kültəpə, Çalağantəpə və başqa yaşayış yerlərinin sakinləri sümükdən və
daşdan bəzək hazırlama məharətinə malik idilər. Ancaq bəzi qəbirlərdən mindən artıq
muncuğun tapılması onların qonşu ölkələrdən mübadilə məqsədi üçün gətirilməsini
söyləməyə əsas verir. Çalağantəpədə bir uşaq qəbrindən tapılan iki mindən artıq
muncuğun 1580 ədədi sədəfdən düzəldilmişdir. Başqa qəbirlərdə də belə, həm də
qara, boz rəngli bərk daşdan çox zərif işlənmiş cilalı muncuqlara rast gəlinmişdir.
Görünür, harada isə cənubda, dənizsahili rayonlarda mübadilə üçün sədəfdən külli
miqdarda muncuq hazırlanırmış.
Eneolitin son dövründə Azərbaycan qəbilələri Ön Asiyanın qonşu rayonlarının
əhalisi ilə nisbətən intensiv əlaqələrdə olmuşdur. Mövcud əlaqələr bəzən
Mesopotamiyadan Azərbaycana ayrı-ayrı qəbilə qruplarının köçməsinə gətirib
çıxarırdı.
Ġctimai münasibətlər. İbtidai icma quruluşunun, o cümlədən erkən əkinçilik
dövrünün əsasını istehsal vasitələri üzərində ictimai mülkiyyət təşkil edirdi.
Azərbaycanda erkən əkinçi cəmiyyətinin quruluşunu aydınlaşdırmaq üçün əsasən
arxeoloji dəlillərə, o cümlədən məişət və dəfn abidələrinə müraciət edilir. Dövrün
yaşayış məskənləri təsərrüfat-məişət komplekslərindən ibarət tikililərin sıxlığı ilə
səciyyələnir. Yaşayış otağı, ərzaq anbarı və həyətyanı sahələrdən ibarət belə
komplekslər arakəsmə, kərpic divarlarla bir-birindən ayrılır. Bu komplekslər sosial-