113
Şəki kurqanlarından və Ordubad rayonunun Plovdağ nekropolundan çoxlu
tunc sancaqlar, Göytəpədə Orta Tunc dövrü təbəqəsindən göbələkvari başlıqlı
sancaqlar da tapılmışdır. Onlara oxşar nümunələr Naxçıvanın qəbir abidələrindən
məlumdur.
Tunc məftildən qeyri-adi qıvrım bəzək əşyaları Quba rayonunda və Daşkəsən
rayonunda Xaçbulaq kurqanlarının birindən tapılmışdır. Onlar belə düzəldilirdi: məftil
iki dəfə yarım dairə, sonra bütöv dairə və bundan sonra yenə də iki yarım dairə
şəklində əyilirdi. Bu qıvrım əşyalar saç bəzəyi kimi istifadə olunurdu. Eyni formalı
tunc bəzək İranda Qodintəpə qəbrindən məlumdur.
Azərbaycanda və Zaqafqaziyada metallurgiyanın və metalişləmənin sonrakı
inkişafı ona gətirib çıxarır ki, orta tunc dövründə əmək aləti və silah hazırlamada daş
və sümük material kimi öz əhəmiyyətini itirir. Bununla belə, çaxmaqdaşı bəzi alət
növlərinin hazırlanması üçün istifadə olunurdu. Hələ də yığma oraq dişləri
çaxmaqdaşından hazırlanırdı. Əvvəllər olduğu kimi, dənin üyüdülməsi daşdan
hazırlanmış alətlərlə aparılırdı. Buna görə də hər yaşayış yerində dən daşlarına,
sürtgəclərə rast gəlinir, daş həvəng və dəstəklər isə azdır.
Metal silahların çoxdan meydana gəlməsinə baxmayaraq, ox ucluqları
çaxmaqdaşından və dəvəgözündən hazırlanırdı.
Azərbaycanın orta tunc dövrü abidələrində ağacişləmə və toxuculuğun
inkişafına dair mühakimə yürütməyə əsas verəcək dəlillərə olduqca məhdud miqdarda
rast gəlinmişdir. Bununla belə, bir sıra dolayısı dəlillər həmin istehsal sahələrinin
inkişafını göstərir. Məlumdur ki, balta, nizə, xəncər dəstələri və başqa əşyalar ağacdan
hazırlanır, damları örtməkdə tirlərdən istifadə olunur, arabanın gövdəsi və təkərləri
ağacdan düzəldilirdi. Şübhə etmədən demək olar ki, orta tunc dövründə ağacişləmə
sənəti və toxuculuq istehsalı inkişafda olmuşdur.
Orta tunc dövründə toxuculuq dəzgahının tətbiq olunması haqqında dəqiq
məlumatımız yoxdur. Ancaq Azərbaycanın həmin dövr abidələrindən (II Kültəpə,
Üzərliktəpə) gildən və sümükdən iy baslıqlarının tapılması toxuculuğun inkişafını
sübuta yetirir. Onlar, öz formalarına görə, Zaqafqaziyada həm əvvəl, həm də sonrakı
dövrlərdə yayılmış alətlərdən heç cür seçilmir.
Azərbaycanın orta tunc dövrü əkinçi-maldar əhalisinin sənət sahələrindən ən
geniş yayılmış, eyni zamanda ən vaciblərindən biri dulusçuluq olmuşdur. Ötən dövr
dulusçuluq məmulatının bir sıra xüsusiyyətlərinin davam etməsinə baxmayaraq, indi
xeyli yeniliklər meydana gəlir. Urmiyaətrafı ərazidə, Kür-Araz ovalığında,
Naxçıvanda orta tunc dövründə boyalı qablar istehsalı geniş yayılır. Qablar əldə və
eləcə də dulus çarxında hazırlanırdı. Azərbaycanın şimal rayonlarında və Xəzərsahili
ərazidə boyalı qablara, demək olar ki, rast gəlinmir. Burada, əvvəllər olduğu kimi,
qab-qacaq əl üsulu ilə hazırlanırdı.
114
Orta tunc və əvvəlki dövr dulus məmulatı bir-birindən fərqlənir. Bu dövrün
qablarında Kür-Araz mədəniyyəti dulus məmulatı üçün səciyyəvi olan naxış və
yarımkürə qulplara təsadüf olunmur. Gil manqallar, sacayaqlar, qab qapaqları
məişətdə artıq istifadə olunmur. Qırmızı bişimli həm də qara, boz rəngli qabların
gövdəsi adətən naxışla yaraşıq üçün ağ maddə ilə doldurulurdu.
Boyalı qablarda naxış adətən bir rənglə vurulurdu, çox rənglə naxışlanmış
qablar da vardır. Qabların yuxarı yarısında qırmızı və sarı şirə (anqob) üzərində
müxtəlif həndəsi naxışlar çəkilirdi. İnsan, heyvan, quş təsvirlərinə olduqca az rast
gəlinir. Qara və boz qablarda canlı təsviri heç yoxdur. Onlarda naxışlanma cızma
üsulu ilə, həm də dişli qarqara ilə aparılmışdı. Naxışlama kompozisiyalarında əsas
yeri tağvari fiqurlar, bir-birinin içərisində yerləşən asma yarımdairələr tutur, sınıq və
dalğavari xətlərə, bəzən də meandr (həndəsi ornament) və qıvrım təsvirlərinə rast
gəlinir. Bəzən qablar cızma bəzəklərlə bəzədilirdi.
Ümumiyyətlə, bütün Cənubi Qafqazda olduğu kimi, Azərbaycanda da ayrı-ayrı
zonaların tunc dövrü dulusçuluq sənətkarlığında müxtəliflik çox nəzərə çarpır.
Azərbaycanın dulus ustaları tunc dövrünün bütün inkişaf mərhələlərini keçərək
zəmanəmizə qədər gəlib çatan gil nehrələrin hazırlanmasını davam etdirirdilər.
Ġctimai münasibətlər və əlaqələr. Orta tunc dövrü cəmiyyətdə ictimai
bərabərsizliyin
güclənməsi zamanıdır. Yerli əhalinin iqtisadiyyatında və
mədəniyyətində müşahidə olunan irəliləyiş cəmiyyətin istehsal qüvvələrinin ümumi
inkişafı, həm də ehtimal ki, Ön Asiya ölkələrinin təsiri və əlaqələrlə bağlı olmuşdur.
Dövrün ictimai quruluşunu belə təsəvvür etmək olar: bir qütbdə öz yaxın adamları və
zadəganlarla başçı, o biri qütbdə əsas icma kütləsi dururdu. İctimai vəziyyətdən asılı
olmayaraq, müdafiə qalalarının tikintisində, düşmənə qarşı mübarizədə bütün
cəmiyyət üzvləri iştirak edirdi.
Yaşayış məntəqələrinin ətrafında müdafiə divarlarının çəkilişində görülən
işlərin həcmi bunu sübut edir. II Kültəpədə 2 m enində divarın uzunluğu təxminən
400 m olmuşdur. Üzərliktəpə yaşayış yerini əhatə edən müdafiə divarının uzunluğu
daha çoxdur. Burada divarın qalınlığı 2 m idi. Əgər fərz etsək ki, müdafiə divarlarının
hündürlüyü 3 m-ə çatırdı, onda Kültəpə, Üzərliktəpə müdafiə divarlarının
hörülməsinə sərf olunan zəhmət çox olmuşdur. Hələ onu da nəzərə almaq lazımdır ki,
inşaat materialının əldə edilməsi, gətirilməsi, kərpiclərin hazırlanması böyük əmək
tələb edirdi. Öz sahəsinə görə, Kültəpə və Üzərliktəpədən xeyli artıq olan Göytəpədə
müdafiə divarlarının inşasında görülən işlər daha böyük miqyasda aparılmışdır. Bu,
şübhəsiz, böyük insan kollektivinin iştirakını, mütəşəkkillik tələb edirdi və çox güman
ki, xüsusi imtiyaza malik şəxslərin nəzarəti altında görülürdü. Belə işləri köçəri
maldarlıqla məşğul olan əhali böyük ərazidə qoruq tikmək məcburiyyətində yerinə
yetirirdi. Daha asanlıqla artıq məhsul verən, ayrı-ayrı qəbilələrin varlanmasını xeyli
asanlaşdıran maldarlıq təsərrüfatı mülki və ictimai ayrılmanı dərinləşdirirdi.