258
ərzində kəşfiyyat axtarışları aparmış ekspedisiyalarını qeyd etmək lazımdır. Abidənin
ətraflı (qazıntılar aparılmasa da) tədqiqi nəticəsində mühüm arxitektura, keramika və
digər mədəniyyət qalıqları aşkara çıxarılmışdır ki, bu da həmin qədim şəhər yerinin
tədqiqatçılar tərəfindən Ptolemeyin qeyd etdiyi Fanaspa ilə eyniləşdirilməsi üçün əsas
olmuşdur.
Mil düzündə (Azərbaycan Respublikasının Beyləqan bölgəsi), iki təpə
üzərində yerləşmiş, xəndəklərlə əhatələnmiş və keramikası, sikkələri, digər tapıntıları
ilə e.ə. IV əsrə - eramızın I əsrinə aid olunan Təzəkənd şəhər yeri eramızın ilk əsrləri
mənbələrində xatırlanmış qədim Paytakaranla eyniləşdirilir.
Antik ədəbiyyatda [ S t r a b o n , XI, 13, 3] yuxarıda adları çəkilmiş şəhərlərdən
başqa Vera qalasının mövcud olduğu təsdiqlənməkdədir. Bu qalanın lokalizasiyası da
tarixçilər arasında xeyli mübahisələr doğurmuşdur. Strabonun mətnində həmin qalaya
aid olan hissənin naqisliyi bu mübahisələrin başlıca səbəbidir. Oxunuşdan asılı olaraq
Veranın lokalizasiyasının aşağıdakı variantları irəli sürülmüşdür: 1) Qazakanın
içqalası; 2) Fraaspanın içqalası; 3) Fraaspanın özü. Lakin bu yaxınlarda Veranı
Marağadan təxminən 16 kilometr yuxarıda Səhənd dağının ətəklərində lokallaşdırmaq
haqqındakı təklifə yenidən diqqət yetirildi. Daşqala Zöhhak qala tikililəri Marağadan
şimal-qərbdə, təxminən bu qədər uzaqlıqda (16 km) yerləşir və həmin abidənin islam
dövrünə aid olan möhtəşəm tikinti qalıqlarının altında islamaqədərki zamanın
tikililərinin xeyli qalığı nəzərə çarpır. Fərziyyənin tərəfdarlarının fikrincə, qalanın
alınmaz və müdafiə üçün əlverişli vəziyyətdə olması bu fikrin mənafeyinə xidmət
edən vasitəli təsdiqdir.
Almaniya Arxeoloji İnstitutunun ekspedisiyasının Astara-Ərdəbil bölgəsindəki
kəşfiyyat işləri Mada-Atropatenada Parfiya dövründə tikilmiş qalalar haqqında
təsəvvür yaradır. Bu işlərin gedişində uzun zaman ərzində, o cümlədən keramik
materialın mühakimə yürütməyə imkan verdiyi kimi, Parfiya dövründə də fəaliyyət
göstərmiş bir sıra qalalar: Qaleye-Sasan, Qaleye-Növduz, Ərdəbildən 30 kilometr
şimal-qərbdə olan "Qala" qeydə alınmışdır. Onların yerləşməsində və quruluşunda bir
sıra ümumi cəhətləri görmək olar. Bütün qalalar uca, çətinliklə fəth oluna bilən
təpələrdə yerləşir, iri, yonulmamış daşlardan tikilmiş güclü divarlarla, yarımdairəvi
qüllələrlə əhatələnmişdir, zəif daxili tikilişə malikdir, lakin bununla belə divarların
daxilində həmişə içməli su ehtiyatlarını mühafizə etmək üçün çən (və yaxud çənlər)
vardı.
Təəssüf ki, artıq deyildiyi kimi, Atropatenanın yuxarıda adları çəkilmiş yaşayış
yerlərindən heç biri qəti surətdə lokallaşdırılmış hesab oluna bilməz. Bu, həm də
identifikasiyası məsələsi tədqiqatçıların mübahisəsinə səbəb olmuş qədim şəhər
yerlərinə, həm də müasir yaşayış məntəqələri ilə eyniləşdirilən, lokalizasiyası
məsələsi mübahisə doğurmayan qədim şəhər yerlərinə eyni dərəcədə aiddir. Lakin
belə hesab etmək lazımdır ki, sonrakı arxeoloji işlər bu fərziyyələrin doğruluğunu və
259
yaxud səhv olduğunu müəyyən etməyə, habelə hazırda ümumiyyətlə antik dövrə aid
olunan digər abidələrin (Cənubi Azərbaycandakı Qalaoğlu, Qamçıçay, Qaleye-Zərrin-
Kuh, Gaur Qala və b., Azərbaycan Respublikası ərazisində Mil düzündəki Qaratəpə,
Qalatəpə və bir sıra başqa abidələr) mövcudluğu müddətini və əhəmiyyətini daha
dəqiq aydınlaşdırmağa yardım edəcəkdir.
Memarlıq. Bütün dövrlərdə və xüsusilə qədim zamanlarda inşaat materialının
seçilməsi tamamilə ətraf landşaftın şəraitindən asılı olmuşdur. Müxtəlif vilayətlər
arasındakı iqtisadi əlaqələrin nisbətən inkişaf etməməsi üzündən inşaat materiallarının
daşınması çətin idi və buna görə də yerli materiallara üstünlük verilirdi.
Atropatenanın coğrafi şəraiti inşaat materialı kimi daşın geniş surətdə tətbiq
olunmasına yardım edirdi. Düzdür, emalı xeyli zəhmət tələb etdiyi üçün daş (əsasən
yonulmamış) ilk növbədə müdafiə xarakterli qurğuların (şəhər və qala divarları,
qüllələr, istehkamlar və s.) tikintisində istifadə edilirdi. Gil və yaxud gips məhlulu ilə
möhkəmləndirilmiş kiçik daşlar və çaydaşıları adətən bişmiş kərpicdən ucaldılan
binaların özülü olurdu. Bişmiş kərpici öz əhəmiyyətinə görə bu vilayətdə ikinci inşaat
materialı hesab etmək olar (Qaleye-Zöhhakdakı pavilyon). İctimai təyinatlı binaların
memarlıq baxımından bəzədilməsində daş, xüsusilə əhəngdaşı, qumdaşı geniş surətdə
tətbiq edilirdi. Məsələn, Qaleye-Zöhhakda olan sarayda xeyli sayda bəzək detalları
qeydə alınmışdır. Burada qarətçilik məqsədilə aparılmış qazıntılar nəticəsində binanın
daş kvadratlardan tikilmiş otaqlarından biri qismən açılmışdır.
Tikintidə ağac çox məhdud surətdə tətbiq edilirdi (damın üstünü örtmək üçün
tirlər, qapının yan taxtaları və üst tirləri və s.) və mahiyyətcə ikinci dərəcəli inşaat
materialı idi.
Parfiya dövründə əsasən mülki, memarlıq üçün səciyyəvi olan hamar tirli
damlarla yanaşı, müxtəlif texnikada icra olunmuş tağlı örtüklər geniş yayılmışdı. Özü
də tağların bəzi tipləri yalnız İran yaylası üçün səciyyəvidir və qədim yerli ənənələrin
inkişafının nəticəsidir. Tağların texnikası və onların formaları, bir qayda olaraq,
materialdan asılı olurdu.
Bişmiş kərpicdən tikilmiş qurğularda tez quruyan əhəng və ya gil məhlulu
tətbiq edilirdi. Tağların və arkaların hörülməsi texnikası aşağıdakı kimi idi: kərpiclər
ya tağın mərkəzinə radial münasibətdə yastısına yerləşdirilir, ya da dikinə qoyulmuş
şəkildə hörülürdü. Qarışıq hörgü üsulu da tətbiq edilirdi (Qaleye-Zöhhakda olduğu
kimi).
Saray, məbəd binalarının, ictimai qurğuların memarlıq tərtibatının detalları,
onların inşası zamanı tətbiq olunmuş materiallar Atropatenanın kifayət dərəcədə
çoxsaylı abidələrində aşkara çıxarılmışdır. Lakin onların əksəriyyəti ya başqa
məqsədlərlə aparılmış işlər zamanı, ya da onların yeni və ən yeni dövrün qurğularında
yenidən istifadə olunması gedişində qeydə alınmışdır. Bu hal isə onların dəyərini
xeyli azaldır. Çox güman ki, yalnız iki abidə Mada-Atropatena ərazisində mövcud