266
ərazilərdə təxminən həmin minilliyin başlanğıcında gənc Avesta inamları ocaqlarının
mövcud olduğunu ehtimal etmək olar.
Lakin bizə o da məlumdur ki, artıq Atropatena dövlətinin mövcudluğunun ilk
onilliklərində bizi maraqlandıran ərazidə, Şərqin digər Hellinist dövlətlərində olduğu
kimi, yunan-makedon işğalçıları tərəfindən gətirilmiş müxtəlif yunan ayinləri,
xüsusilə Herakla sitayiş də yayılmışdı.
Mazdaist təlimlərin və hətta ola bilər ki, zərdüşti mazdaizminin özünün
gələcək Atropatenanın vilayətlərindəki mövqeləri, şübhəsiz, Mannanın madalılar
tərəfindən işğalından, Mada etnosunun burada konsentrasiyasından və bu bölgənin
yeni Madaya çevrilməsindən sonra möhkəmlənməli idi.
"Avesta"ya gəldikdə göstərmək lazımdır ki, bu abidənin bizə gəlib çatmış
nüsxəsi Sasanilər dövründə dövlət dini kimi elan olunmuş "Avesta" məcmuəsinin bir
hissəsidir. Hazırda zərdüştilik dininə etiqad edənlərin sayı da çox deyildir. Ərəb
işğalından və Sasanilər dövlətinin məhv olmasından sonra yalnız zərdüştilərin az
qismi öz etiqadını mühafizə edirdi. Onları adətən "pars" (Hindistanda yaşayanları),
"kəbr" (İranda yaşayanlar "kəbr" ərəb sözü olan "kafirin təhrif olunmuş şəklidir,
"dinsiz, imansız" mənasına malikdir) "atəşpərəst" (zərdüştilik inamlarında və
adətlərində atəşin, odun böyük rolu olduğuna görə) adlandırırlar. Tale zərdüştiləri
bütün dünyaya səpələmişdir. Onlar İranda, Hindistanda, Pakistanda, ABŞ-da,
İngiltərədə, Avstriyada, Kanadada, Şri Lankada, Yəməndə, Çində və başqa ölkələrdə
yaşayırlar. Hazırda bütün dünyada 130 minədək atəşpərəst (zərdüşti) yaşayır.
Belə güman edirlər ki, Sasanilər sülaləsinin hakimiyyəti dövründə, Avesta bir
neçə dəfə - III, IV, hətta VI və VII əsrlərdə kodifikasiya edilmişdir. Hesab edirlər ki,
məhz zərdüştiliyin intibahı dövrü olan Sasanilər hakimiyyəti zamanında Avestanın
müqəddəs mətnlərinin daha dəqiq, incə çalarlarını ifadə edən yazılışı üçün pəhləvi
əlifbası (öz mənşəyi etibarilə arami yazısına gedib çıxır) əsasında xeyli miqdarda
işarələri olan xüsusi şrift yaradılmışdı (bu isə tələffüzü daha dəqiq çatdırmağa imkan
verirdi). Nüfuzlu tədqiqatçıların fikrincə, bu şrift birdəfəlik fərdi yaradıcılığın nəticəsi
idi. Maraqlıdır ki, bu hadisə gürcü, erməni və alban əlifbalarının meydana gəldiyi bir
zamanda baş vermişdir.
Avestanın kanonlaşdırılmış mətni pəhləvi (Sasani İranının yazı dili - orta fars
dili) dilinə tərcümə və şərhlə təchiz edilmişdi.
Güman etmək olar ki, zərdüştilik dininin "Avesta dilində" yazılmış qədim
Avestanın özündən (orta farsca apastak>apastay, "əsas", "əmrnamə", "qanun"
deməkdir) və orta farsca yazılmış "Zend"dən (orta farsca zend, yəni "ifadəetmə",
"təfsir", "izahat") ibarət olan müqəddəs kitablarının ümumi ifadəsi kimi "Zend-
Avesta" istilahı məhz bu dövrdə yaranmışdır.
Buna görə də "Zend-Avesta" adının Avestanın özünə aid istifadə olunması (bu
hala nəinki yalnız XIX əsrdə, habelə bəzən bizim günlərdə də təsadüf edilir)
267
yolverilməzdir. "Zend dili" anlayışının Avesta dilinin ifadə edilməsi üçün istifadə
olunması da səhvdir.
Filoloji xarakterli ayrı-ayrı mülahizələr və antik müəlliflərin məlumatları
ehtimal etməyə imkan verir ki, vaxtilə İran, Azərbaycan, Orta Asiyanın xeyli qismi və
digər bölgə sakinlərinin ağlına hakim kəsilmiş zərdüştilik dininin müqəddəs
kitablarının toplanmasına ilk cəhd hələ Parfiya Arşakilərinin hakimiyyəti zamanında
göstərilmişdir. Belə hesab edirlər ki, e.ə. I əsrdə Şərqi Parfiyada "Avesta"nın, ən azı
onun ayrı-ayrı hissələrinin yazılı mətni mövcud idi.
Orta əsrlərin Denkart, Bundahişn, Arda Viraf-namak və bu kimi ilahiyyat və
başqa kitablarda öz əksini tapmış zərdüştilik ənənəsinin məlumatları da bu nöqteyi-
nəzəri möhkəmləndirir.
Bu və bəzi digər materiallar, xüsusilə antik müəlliflərin məlumatlarına əsasən
vaxtilə "Avesta"nın dini və mərasim qanunlarının, kosmoqonik və esxatoloji
təsəvvürlərin, müxtəlif tanrılara həsr olunmuş müqəddəs himnlərin, müxtəlif duaların,
əxlaqi normaların, mifoloji, epik, əfsanəvi və başqa materialların nəhəng külliyyatı
olması təsdiqlənir. Özü də bütün bunlar heç də həmişə peyğəmbər Zərdüştün
(Zaratuştranın) adı ilə əlaqələndirilmirdi.
Hesab etməyə əsas var ki, bəzi alimlərin güman etdikləri kimi, Parfiya
dövründə toplanan, bərpa olunan və yazıda maddiləşən yalnız şifahi zərdüştilik
ənənəsi deyildi. Şifahi ənənə ilə yanaşı, əvvəlki əsrlərdə mövcud olmuş, müqəddəs
kitabların məhz yazılı fraqmentləri toplanır, bərpa edilir və yenidən yazılırdı.
Zərdüştilik ənənəsinə görə, "Avesta"nın əski əsrlərdə mövcud olmuş nüsxələrindən
biri Makedoniyalı Aleksandr tərəfindən yandırılmışdır.
Bizə bəllidir ki, hələ e.ə. IV əsrin son rübündə yunan alimi Feopomp
Makedoniyalı Aleksandrın tapşırığı ilə zərdüştilik dininin qədim kitablarını öyrənirdi.
Plini [XXX, 2] məlumat verir ki, zərdüştlik dininin ən yaxşı bilicilərindən biri olan
Hermippin (e.ə. III əsr) sözlərinə görə, zərdüştiliyin müqəddəs kitabları özündə 2
milyondan artıq misranı ehtiva edirdi. Maraqlıdır ki, ənənəyə əsasən Sasani hökmdarı
I Şapur əsli itirilmiş, lakin tərcümələrdə və xüsusilə qədim yunan dilinə (Dekartda
iddia edilir ki, "Avesta"nın və ya onun ayrı-ayrı hissələrinin qədim yunan dilinə
tərcüməsi vardı) tərcümədə mühafizə olunmuş "Avesta"nın kitablarını pəhləvi dilinə
tərcümə etməyi əmr etmişdi. Güman etmək olar ki, məhz qədim yunan dilinə tərcümə
edilmiş "Avesta" Feopomp üçün öyrənmə obyektinə çevrilmişdi. Zərdüştilik
kitablarının yazılı mətnlərinin mövcudluğunu nəinki qədim yunan müəllifi Pavsaninin
zərdüşt kahininin
"k i t a b ı a v a z l a o x u d u ğ u n u" yad etməsi, habelə qədim yazıçıların hələ
Sokrat dövründə Zərdüştün "lokiyalarının olması haqqındakı məlumatları" da
təsdiqləyir. Bəzi tədqiqatçılar Herodotun qurban verilərkən maqların teoqonik
nəğmələr oxuması haqqındakı məlumatlarında da "Qat"ın - "Avesta"nın bir qisminin