143
şübhəsizdir ki, bu yol Cənubi Rus çöllərinin İrandilli sakinləri tərəfindən hələ e.ə. II
minilliyin sonlarında - I minilliyin başlanğıcında, bəlkə də daha əvvəlki dövrdə
istifadə edilmişdir.
İran yaylası ərazisinin yuxarıda adları çəkilmiş arxeoloji kompleksləri onların
Cənubi Qafqazın və Ermənistan yaylasının mədəniyyətləri, habelə Şimali Qafqazın və
Cənubi Rusiyanın çöl mədəniyyətləri ilə əlaqələndirilməsi üçün imkan verən
səciyyəvi xüsusiyyətlərə malikdir. Bu baxımdan o da çox əhəmiyyətlidir ki, nəinki
İran yaylasının şimal-qərb vilayətlərindən, habelə Sialkdan əldə olunmuş materialların
Qafqaz materialları ilə yaxınlığı arxeoloji cəhətdən sənədləşdirilmişdir. Bu
komplekslər Şimali Azərbaycan materialları ilə bilavasitə əlaqədardır. Məhz
Azərbaycan ərazisində Son Tunc dövrünün böyük kurqanlar qrupunun materiallarında
onların aşkar uyğunluğu daha çox nəzərə çarpır. Əlbəttə, ola bilər ki, irandilli tayfa
qrupları Cənubi Rusiya çöllərindən İrana Xəzər dənizinin həm şərq, həm də qərb
sahilləri boyunca, sahilboyu torpaqlarda məskunlaşaraq, təxminən eyni zamanda - e.ə.
II minilliyin II yarısının hüdudlarında irəliləmişlər.
Beləliklə, arxeoloji materiallar və mixi yazılardan məlum olmuş dəlillər e.ə. II
minilliyin sonunda - I minilliyin ilk əsrlərində Araz çayından cənubda olan
vilayətlərdə də mədəniyyətin yeni elementlərinin və onların daşıyıcıları olan İrandilli
tayfaların meydana gəldiyini göstərir.
İran yaylasındakı vilayətlərdə yeni gəlmələrin meydana gəlməsi məişətdə,
təsərrüfat həyatında, xüsusilə dəfn adətlərində, ayinlərdə nəzərə çarpır. Məhz bu
tayfalar Cənubi Azərbaycan vilayətlərinə sonralar zərdüştilikdə ("Avesta" onun
müqəddəs kitabı idi), habelə müxtəlif "bidətçi" təlimlərdə öz əksini tapmış yeni dini
təlimlər gətirmişdilər. Atəşpərəstlik, mazdaizm, dualizm həmin dini təlimlərin
elementləri idi. Çevik süvari tayfalar olan gəlmələr özlərinin yeni yaşayış yerlərinə
qərarlaşmış, spesifik yerlilərdən fərqlənən məişət vərdişləri, yeni silah, geyim, atçılıq
ləvazimatı və yalnız özlərinə xas olan dəfn adətləri gətirmişdilər. Maddi
mədəniyyətdə, dulusçuluqda və metal emalı texnikasında yeni cəhətlər aşkara
çıxmışdı. İncəsənət abidələrində bu cəhətlər yaxşı müşahidə olunur. Təsərrüfatçılığın
yeni formaları yaranır, hərbi işdəki dəyişikliklər diqqəti xüsusilə cəlb edir. Hərbi işdə
atminmə, silahların yeni kompleksi geniş şəkildə tətbiq olunmağa başlandı.
İrandilli tayfaların gəlişi ilə İran yaylasının vilayətlərində, xüsusilə Azərbaycan
ərazisində tədricən təsərrüfatçılığın yeni formaları meydana gəlməyə başladı. İrandilli
tayfalar əsasən atçı və süvari idilər. Onlar yerli əhali ilə müxtəlif cür münasibətlər
yaradırdılar. Bu münasibətlər bəzən düşmənçiliklə, bəzən isə sülhpərvərliklə
səciyyələnirdi. Lakin şübhəsizdir ki, aborigenlərlə gəlmələr bir-birinə təsir edir, bir-
birindən öyrənir, qarşılıqlı surətdə zənginləşirdilər.
E.ə. I minilliyin başlanğıcında İran yaylasının şimal-qərb vilayətlərində İran
nitqinin yayılması bu bölgə əhalisinin mədəniyyətinin başlıca cəhətlərinin əsaslı
144
dəyişiklərlə müşayiət olunduğunu iddia etməyə əsas verir. Bu dəyişikliklər məişətdə,
təsərrüfat həyatında, hərbi işdə, dində, sosial strukturda, siyasi institutlarda nəzərə
çarpırdı. Yerli və gəlmə etnik elementlərin uzunmüddətli birgə yaşayışı ümumiyyətlə
və bütövlükdə avtoxton qrupların irandilli əhali tərəfindən assimilyasiyaya
uğradılması ilə müşayiət edilirdi.
İran yaylasının şimal-qərb hissələrinin sakinləri vahid dil birliyi təşkil
etmirdilər. Onlar iqtisadi, siyasi, mədəni cəhətdən bir-birilə az əlaqədar olan ayrı-ayrı
tayfalardan və tayfa qruplarından ibarət idilər. Onlar bir-biri üçün az anlaşılan və
yaxud anlaşılmayan müxtəlif dillərdə danışırdılar. Yalnız Urmiyaətrafı hövzənin
Manna dövlətinə daxil olmuş ərazisinin əhalisi arasında müəyyən etnik konsolidasiya
əlamətləri nəzərə çarpırdı.
Güman etmək olar ki, Araz çayından cənubda yerləşmiş torpaqların
aborigenlərinin ictimai və mədəni səviyyəsinin ümumi artımı, artıq qeyd olunduğu
kimi, əvvəllər orada olmamış, hamı tərəfindən anlaşılan dilin qəbul olunması
zərurətinə aparıb çıxarırdı. Məhz gəlmə tayfalar bu və ya digər ərazini mənimsəyərək,
bu və ya başqa şəkildə orada öz dillərini yayırdılar. Bütün dəlillər əsasında demək
olar ki, yerli dillər geniş məkanda az və ya çox dərəcədə bir-birinə bənzər formalarda
yayılmış maldarların dilləri (dialektləri) ilə rəqabət apara bilmirdi.
Ayrı-ayrı aborigen qrupların dil baxımından, sonra isə mədəni cəhətdən tədrici
assimilyasiyası onları son nəticədə etnik assimilyasiyaya aparıb çıxarırdı.
Belə zənn edilir ki, dil insan davranışının ən mühüm formalarından biridir.
Dilin dəyişməsinin nisbətən tez bir zamanda (bəzən ikinci və yaxud üçüncü nəsildə)
insan qruplarının etnik mənsubiyyətinin dəyişməsinə, yəni assimilyasiyaya səbəb
olması halları çox təsadüf olunan hadisələrdir. Məsələn, Hindistanda, Orta Asiyada,
Əfqanıstanda və b. yerlərdə bu cür olmuşdur. Son antik dövr Avropasının bir çox
ərazilərinin (İspaniyanın, Portuqaliyanın, Qalliyanın, Mezo-Dakiya vilayətlərinin)
qədim əhalisi romanlaşmaya məruz qalmışdır. Erkən orta əsrlər dövründə
Britaniyanın əhalisi əsasən germanlaşmışdır. Biz yazılı mənbələr üzrə məlum olan
dövrlər ərzində bu və ya digər, bəzən isə geniş vilayətlərin əhalisinin öz dilini bir neçə
dəfə dəyişməsinə dair nümunələrlə tanışıq. Kiçik Asiyanın etnik-dil görkəmi son 4-5
min il ərzində ən azı 3 dəfə dəyişmişdir. Kiçik Asiyanın əhalisi orta əsrlərdən etibarən
artıq yeni, türklərin gətirdiyi dildə danışmağa başladı. Keçmiş Sovet İttifaqının,
Amerika qitəsinin geniş ərazilərinin və s. yerlərin sakinləri özlərinin etnik-dil
görkəmlərini dəyişmişlər. Planetin ən qədim mədəniyyətlərindən birinin
qurucularından olmuş qədim Misir əhalisi də bu cür dəyişmələrə məruz qalmışdır.
Xeyli sayda belə nümunələr göstərmək olar.
Araz çayından və Urmiya gölündən başlamış müasir Türkmənistanadək az və
ya çox dərəcədə oxşar formalarda geniş məkanda yayılmış maldarların İran dilləri
icmalararası, tayfalararası ünsiyyət vasitəsinə çevrilirdi. Beləliklə, bu dilin o dövrün