199
etdirmiş müxtəlif dini təlimlər yayılmışdı. Mada tayfalarının dini təbiət qüvvələrinə
sitayişdən törəmiş politeizm idi.
Artıq e.ə. I minilliyin ilk yüzilliklərində Cənubi Azərbaycanda və İran
Kürdüstanında qərarlaşmış madalıların dini görüşləri haqqındakı müəyyən təsəvvürü
bizə onomastik material verir; bu, ilk növbədə, Aşşur mətnlərində xatırlanmış
hökmdarların, tanrıların adlarıdır. Daha sonra erkən Mada ərazisində aparılmış
arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılmış məbədlərdir.
Bu zonanın e.ə. IX-VIII əsrlərə aid olan onomastikasında spesifik mazdaistik
anlayışlar mövcuddur. Bu cəhət erkən Mada vilayətlərində və ona Qərbdən bitişik
olan vilayətlərdə mazdaizm və yaxud bir sıra mazdaistik təlimlərinin yayılması
haqqında fikir söyləməyə imkan verir.
Əlbəttə, bu erkən mazdaizmin "Avesta"da öz əksini tapmış zərdüşti
mazdaizminə (daha doğrusu, mazdayasnizmə) nə dərəcədə uyğun olduğunu demək
çətindir. Mazdaizmdə hər şey "Avesta" ilə uzlaşmır, lakin onda Avesta inamları ilə
aşkar ziddiyyət təşkil edən ünsürlər də yoxdur. Beləliklə, Cənubi Azərbaycanda və
İran Kürdüstanında mazdaist təlimlərin "Avesta" təsirləri olmadan, müstəqil surətdə
mövcudluğundan danışmaq olar.
Şübhəsizdir ki, vaxtilə İranın (o cümlədən Cənubi Azərbaycanın) və Orta
Asiyanın xeyli qisminin sakinlərinin düşüncəsinə hakim kəsilmiş, zərdüştilik dininin
müqəddəs kitablarının məcmusu olan "Avesta" müxtəlif xarakterli mənbədir, müxtəlif
yerlərdə meydana gəlmiş çoxsaylı təbəqələrə malikdir.
Avestanı adətən iki hissəyə -"Qatik ("böyük, yaşlı" mənasında) Avesta"ya və
"Kiçik Avesta"ya bölürlər. Ehtimal edirlər ki, "Qata"lar Zərdüştün fərdi
yaradıcılığının məhsuludur. Alimlər zərdüştün fəaliyyətini müxtəlif dövrlərə - e.ə.
VII-VI minilliklərdən başlamış e.ə. VII-VI əsrlərədək olan zamanlara aid edirlər.
Onlar adətən "Qatik Avesta"nın daha qədim olduğunu qeyd edərək belə fikir irəli
sürürlər ki, "Kiçik Avesta" ənənəsi peyğəmbər Zərdüstün ilkin, təmiz təliminin
sonralar təhrif olunmuş formasıdır. Lakin bu, belə deyildir. Bizim "Kiçik Avesta"
haqqında bildiklərimiz onun ideyalarının və obrazlarının xeyli dərəcədə qədim
olduğunu təsdiqləyir.
"Avesta" təlimləri Azərbaycanın, İranın və Orta Asiyanın qədim tayfaları
arasında yayılmışdı. Aşşur mənbələrindən əldə olunmuş onomastik materiallar,
Herodotun məlumatları və başqa erkən antik mənbələr e.ə. I minilliyin başlanğıcında
Cənubi Azərbaycanda "Kiçik Avesta" inamlarının erkən ocağının mövcudluğu
haqqında danışmağa imkan verir.
Madalıların dini təsəvvürləri Qərbi İran vilayətlərində meydana gəlmiş
"Videvdat"da əks olunmuş cəhətlərə uyğundur. "Videvdat‖ın tərtibçiləri isə Mada
maqları ola bilərdilər. Bu kitabın bütün məzmunu maqların böyük rola malik
olduğunu təsdiq edir.
200
"Videvdat‖da pislənən devlər arasında Mada panteonunun qədim İran tanrıları
az deyildir. Şübhəsizdir ki, Tarvi Taruvi ("zəfərgətirən" mənasını daşıyır) adlanan
allah (sonralar dev) bunlardan biri idi. Mütəxəssislər güman edirlər ki, Tarvi adı
Təbrizin Aşşur mətnlərindən məlum olan qədim adında – Tarmakis-də öz əksini
tapmışdır. Təbrizlə Van gölü arasında yerləşmiş Kunduru (Hunduru) toponiminin, e.ə.
820-ci ilə aid olan iki Zarisu adının mövcudluğu qeydə alınmışdır. Zarisu adı
"Videvdat‖da xatırlanan tanrının (sonralar devin) – Zarisa-nın adı ilə bağlıdır;
sonuncu isə həmin "Avesta"dan göründüyü kimi, Tarvi adlanan allahla sıx şəkildə
əlaqədardır. Tarvi - Tarmakis toponimindən görünür ki, həmin allaha sitayiş artıq
e.ə. I minilliyin lap başlanğıcında Təbriz zonasında mövcud olmalı idi.
"Maqların təlimi" haqqında məsələ çox mürəkkəbdir. Maqlar mənşə etibarilə
Mada tayfalarından biri idilər. Bir çox hallarda etnik mənsubiyyətindən asılı
olmayaraq sadəcə kahinlər də "maq" adlandırılırdılar. Oda sitayişin xidmətçiləri və
qədim ənənələrin mühafizəçiləri olan maqlar, daha doğrusu, maqlar tayfasından olan
kahinlər Mada hökmdarlarının, hər halda son Mada hökmdarı Astiaqın rəsmi saray
kahinləri idilər.
Maqlar Raqa (orta əsrlərdə Rey, Tehran yaxınlığındadır) zonasında geniş və
məhsuldar torpaqlara malik idilər. Güman etmək olar ki, buna görə də hələ orta əsrlər
dövründə bu bölgənin hakimləri "maqların başçısı" adlandırılmışdılar. ―Onlar
divarlarla möhkəmləndirilməmiş kəndlərdə yaşayırdılar; onlara xüsusi özəl qanunlar
əsasında yaşamaq icazəsi verilmişdi, dinə hörmət olunduğu üçün isə onlar ali hörmətə
malikdirlər" [A m m i a n M a r s e l l i n, XXIII, 6, 35].
Aristotel Ferekidin görüşləri ilə "maqların təlimi" arasında oxşarlıq olduğunu
qeyd edirdi. Bu qeyddən belə bir nəticə çıxarmaq olar ki, artıq e.ə. VII əsrdə Qərbi
İran vilayətlərində "maqların təlimi" fəaliyyətdə olmuşdur. Bəzi alimlər belə hesab
edirlər ki, "maqların təlimi" mahiyyətcə "zurvanizm" (zrvanizm, zarvanizm) təlimidir.
Zurvana sitayiş İranın qərb vilayətlərində artıq e.ə. VI əsrin başlanğıcından
təsdiqlənir. Burada onu zamanın androgin (kişi-qadın təbiətli) allahı kimi tanıyırdılar.
Zurvan Elam dilində tərtib olunmuş Persepol sənədlərindən də məlumdur. Bu
sənədlərdə Zurvan (Zervan, Zarvan, Zrvan) Turma adlandırılır. Lakin ehtimal etməyə
bəzi əsaslar vardır ki, bu, əbədi zaman və tale allahına sitayiş e.ə. I minilliyin
başlanğıcına aid olan Luristan tunclarında da təsdiqlənmişdir.
Zurvanizmin ali allahı olan Zurvan əbədi mövcud olan Sonsuz Zaman kimi
düşünülürdü. Mifdə Zurvan androgin (kişi-qadın, iki-cinsli) şəkildə təsvir edilir. O,
Ahriman və Ormaz adlanan əkizləri dünyaya gətirmişdir. Bundahişnə görə, Zurvan
"hər iki yaranışdan - Xeyir və Şərdən qüdrətlidir". Zurvanizmin bəzi təsəvvürləri
"Avesta"ya daxil olmuşdur. Ola bilər ki, hələ Sasanilər dövründə zərdüştiliyin bidətçi
təriqətlərindən biri olan zurvanizmdə ən qədim, Avestayaqədərki dövrlərin ünsürləri