195
daxii olmuş sinfi mədəniyyət Mada dövləti qüdrətinin istinad etdiyi hər şeyi sürətlə
dağıdırdı. Azad icma üzvü ilə əyanlar arasında intensiv surətdə yaranmağa başlayan
və güclənən fərq getdikcə kəskinləşirdi. Sıravi azad icma üzvlərinin istismarı
güclənir, ölkənin təsərrüfat həyatında qul əməyinin xüsusi çəkisi artırdı. Qul
əməyindən nəinki yalnız hökmdar təsərrüfatında (Herodotun buna dair məlumatları
vardır), habelə əyanların təsərrüfatlarında və məbəd torpaqlarında istifadə edilirdi.
Polien hələ Deyokun hakimiyyəti dövründə Madada məbəd təsərrüfatının mövcud
olduğunu təsdiqləyir.
Atəşpərəstlik etiqadı xidmətçiləri və qədim ənənələrin mühafizəçiləri olan
maqlar - kahinlər əyanlarla yanaşı, Mada cəmiyyətində mühüm qüvvə idilər.
Avestada məlumat verilir ki, maqlar qədimdən geniş torpaqlara malik idilər.
Şübhəsizdir ki, böyük sərvətlərdən istifadə edən, xalq arasında böyük nüfuza malik
olan möhkəm və mütəşəkkil qüvvəyə çevrilmiş maqlar hökmdarların həm xarici, həm
də daxili siyasətinə təsir edirdilər.
Nəticədə cəmiyyətin əvvəlki strukturu xeyli dərəcədə sarsılır, patriarxal
dayaqların dağılması prosesi sürətlənir, sinfi antaqonizm kəskinləşirdi. Mada
dövlətinin yaranması ilə Mada nəsli-tayfa və hərbi demokratiya ölkəsindən qədim
Şərq tipli dövlətə çevrilməyə başladı.
Herodotun məlumat verdiyi kimi, Mada cəmiyyətində sinfi mübarizə hələ
dövlətin meydana gəldiyi zamandan əvvəlki dövrdə mövcud idi. Peyğəmbər İsayanın
şəhadətinə görə, erkən dövrdə "gümüşü qiymətləndirməmiş və qızıla həris olmamış"
madalılar inkişafın geniş yoluna çıxmışdılar.
Demək olar ki, bütün antik müəlliflər madalıların sonrakı nəslinin
xasiyyətlərinin "pozğunlaşması"ndan, onların bəzəyə, sərvətə, parlaq həyat tərzinə
hərisliyindən danışırlar.
Böyük işğalçılıq müharibələri zahirən Madanı gücləndirsə də, onu inkişaf
etmiş quldarlıq münasibətlərinə malik olan qüdrətli və qorxulu dövlətə çevirsə də,
məhz bu müharibələr tezliklə gəlmiş sonun başlanğıcı idi. Şübhəsizdir ki, madalıların
yaratdığı Mada dövlətinin, onun mədəni-tarixi irsinin, müxtəlif ənənələrin və
institutların rolu və əhəmiyyəti böyük idi.
"Hökmdarlar hökmdarı" haqqındakı Əhəməni təsəvvürü, xsayviya (çar) və
xsavrapän ("satrap") titulları, müəyyən dərəcədə satraplıqlar sistemi, müxtəlif ideoloji
təsəvvürlər, geyim, incəsənətin və memarlığın ünsürləri, bir çox başqa cəhətlər
sonrakı nəsillər tərəfindən madalılardan əxz edilmişdi.
Mövcudluğunun qısamüddətli olmasına baxmayaraq, Mada dövləti İran
yaylası hüdudlarından xeyli uzaqda olan çoxsaylı tayfalara və xalqlara təsir etmiş,
İran aləminin mədəni və dini mərkəzinə çevrilmişdi. Strabon yazırdı ki, madalılar
ermənilərin və daha öncə farsların, onların hökmdarlarının və Asiyada hökmranlıq
adətlərinin baniləridir. Şübhəsizdir ki, Mada dövrü Cənubi Azərbaycan tayfalarının
196
tarixində mühüm nailiyyətlər və müxtəlif dəyişikliklər zamanı olmuşdur. İran və
Cənubi Azərbaycan sakinlərinin dini həyatında Mada maqlarının rolu xüsusilə böyük
idi.
Mədəniyyət və din. Cənubi Azərbaycan əhalisinin mədəniyyəti və dini
görüşləri bir çox qonşu xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqədə inkişaf edirdi.
İrandilli tayfalar bu zonaya məişət, hərbi sənət, təsərrüfatçılıq, ictimai-siyasi
institutlar, mədəni-ideoloji görüşlər və mifologiya sahəsində bir çox yeni cəhətlər
gətirdilər. Onlar aborigenlərdən bir çox cəhətləri, xüsusilə erkən Mada geyimini əxz
etdilər. Bizə Aşşur relyeflərindən məlum olan həmin geyim lullubilərin geyimi
əsasında yaranmışdı. Mada papağı tiara haqqında da bunları demək lazımdır. Düzdür,
sonralar madalılarda başqa geyim meydana gəldi; madalılar sonralar Persepol
relyeflərində həmin geyimlə əks olunmuşlar. Görünür, əski geyim yalnız kaspilərdə
qalmışdı, Mada parçaları və geyimi bütün qədim dünya miqyasında məşhurlaşmışdı.
Aristofanın "Qurbağalar" əsərində deyilir ki, Mada parçalarında at-xoruz, keçi-maral
və başqa fantastik heyvanlar təsvir edilirdi. Mada xlamidaları (bürüncəkləri) geniş
yayılmışdı.
Gəlmə tayfalar aborigenlərin nəinki maddi mədəniyyətini, təsərrüfat
nailiyyətlərini mənimsəmiş, habelə müəyyən dərəcədə onların antropoloji tiplərinin də
varisləri olmuşlar. Cənubi Azərbaycan ərazisində təşəkkül tapmaqda olan xalq öz
dillərini itirmiş gəlmələrlə qaynayıb-qarışmış yerli əhalinin nəsillərindən ibarət idi.
Etnomədəni simbioz baş verirdi.
Madalıların işğalları sayəsində artıq Əhəmənilərin hakimiyyətinə qədərki
dövrdə Cənubi Azərbaycan bölgəsində tədricən yeni etnik törəmə təşəkkül tapmağa
başladı. Həmin törəməni şərti olaraq "Mada-Atropatena xalqı" adlandırmaq olar.
Madalılar Qərbi Asiyanın qədim mədəniyyətinin inkişafında böyük rol
oynamışlar. Onların öz yazısı vardı. Lakin həmin yazının nümunələrini aşkar etmək
mümkün olmamışdır. Madanın və onunla həmhüdud olan bölgələrin ərazisində cəmisi
bir neçə mixi yazılı fraqment (ikisi Marlikdən aşkar edilmiş möhürlərin üzərində, biri
isə Nuşi-Cantəpədə tapılmış gümüş parçasında) və (yerli hökmdarın adından
yazılmış) Akkad dilində mixi yazılarla tərtib olunmuş kiçik bürünc cədvəl, habelə
arami yazıları olan bir neçə vaza tapılmışdır. Mixi yazı e.ə. XI-IX əsrlərə, arami
yazıları isə e.ə. VIII-VII əsrlərə aid edilir.
Madalıların qeyri-adi yüksəlişi, qüdrəti və uğurları qədim dünyanı onlara
diqqət yetirməyə vadar etdi. Madalılar, onların əməlləri haqqındakı xəbərlər Aralıq
dənizinin, Helladanın və Cənub-Şərqi Avropanın şərq vilayətlərinə çatmışdı. Yunan
müəllifləri Miletli Hekatey, Miletli Dionis, Lampsaklı Xaron və başqaları madalılar
haqqında yazmağa başladılar.
Mada dövləti İran yaylasında və onun hüdudlarından kənarda yaşayan bir çox
xalqlara və tayfalara təsir etmiş İran aləminin mədəni və dini mərkəzi idi.