212
Əhəməni imperiyası tamamilə dağıldı. III Daranın ölümündən sonra Aleksandr
özü Əhəmənilərin varisi, Asiyanın padşahı oldu. Bu, tarixin dönüş nöqtəsi idi.
Aleksandrın qoyduğu yeni qayda, hellinizm dövrü İranın qüdrətli dövrünün sonu idi.
Farsların özləri üçün bu dövr nəinki bir dünya dövləti kimi onların qüdrətinin sonu,
həm də yadellilərin hökmranlığı dövrünün, pərakəndəlik dövrünün başlanğıcı idi.
O zamanlar baş vermiş hadisələri gözdən keçirərkən Qədim şərq xalqlarının
tarixində Əhəməni dövrünün xüsusi əhəmiyyətini qeyd etməmək olmaz. Bu dövlət öz
tərkibinə daxil olan xalqların sosial-iqtisadi, siyasi və mədəni həyatında mühüm rol
oynamışdır.
Əhəmənilərin hökmranlığı dövrü intensiv proseslərlə - imperiyanın çoxsaylı
xalqlarının etnik cəhətdən qaynayıb-qarışması, onların mədəniyyətlərinin və dini
baxışlarının sinkretikləşməsi prosesləri ilə səciyyələnir. İran şahları əhalini kütləvi
surətdə köçürmək üsuluna geniş surətdə əl atırdılar. Onlar müxtəlif xalqların
nümayəndələrindən bir çox ölkələrdə hərbi koloniyalar yaradırdılar.
İran şahları saraylarının tikintisində imperiyanın demək olar ki, bütün
xalqlarının nümayəndələri işləyirdilər.
Canlı etnik, iqtisadi və mədəni əlaqələr, qaynayıb-qarışma və sinkretikləşmə
prosesləri elmi biliklərin sintezinə, incəsənət və memarlığın inkişafına, müxtəlif dini
baxışların qovuşmasına, tədricən mahiyyətcə yeni maddi və mənəvi mədəniyyət
yaranmasına səbəb olurdu. Əhəmənilər dövründə qazanılmış nailiyyətlər sonralar da -
Parfiya və Sasani dövrlərində Şərqin tarixində böyük rol oynamaqda davam edirdi.
Əhəməni ənənələri, mədəniyyəti və incəsənəti təkcə İranın öz xalqları
tərəfindən yaradılmamışdı. Bu mədəniyyətin təşəkkülündə Zaqafqaziyanın, Orta
Asiyanın, habelə onlardan şimaldakı step ərazilərinin xalqları və tayfaları xüsusilə
böyük rol oynamışdılar. Bu vilayətlərin qədim sakinləri Əhəmənilər dövlətinin
iqtisadi və mədəni həyatında fəal iştirak etmişdilər.
213
DÖRDÜNCÜ BÖLMƏ
AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ DÖVLƏT
QURUMLARI HELLĠNĠZM DÖVRÜNDƏ
XII FƏSİL
MADA-ATROPATENA (*Ät
a
/
u
rpätakän) DÖVLƏTĠ
Madanın satrapı Atropat. Azərbaycan ərazisində müstəqil Mada-
Atropatena (*Ät
a
/
u
rpätakän - Kiçik Mada) dövlətinin yaradılması. E.ə. V-IV
əsrlərdə imperiyanın hər yerində olduğu kimi, Cənubi Azərbaycanda da vəziyyət
narahat idi. Satraplar bir-biri ilə düşmənçilik edir, bir çoxu özünü padşah kimi aparır,
"şah" adlandırılırdı. Belə "şah"lardan biri də Mada satrapı Atropat (*Ät
a
/
u
rpät) idi.
Regionun tarixində görkəmli rol oynamış Atropatın adı mənbələrdə ilk dəfə
e.ə. 331-ci ildə baş vermiş məşhur Qavqamela vuruşması ilə əlaqədar çəkilir.
Cənubi Azərbaycan ərazisinin ayrı-ayrı hissələri X, XI və XIV satraplıqların
tərkibinə daxil idi. Mada satraplığı (yaxud X satraplıq) əvvəlki Mada padşahlığının,
Cənubi Azərbaycan (I Dara zamanında Asaqarta) vilayətlərinin ərazisindən əlavə,
parikanilərin və ortokoribantilərin (skif-sakesinlərin) torpaqlarını da əhatə edirdi.
Mərkəzi hakimiyyət üçün ağır olan illərdə Mada satrapı olduqca müstəqil bir
siyasət yeridirdi; XI və XIV satraplıqlara daxil olan torpaqları öz əlinə almışdı.
Atropat həmin satraplıqların sakinləri ilə müəyyən müttəfiqlik münasibətləri
yaratmışdı. Məhz buna görə də kadusilər farslara boyun əyməyərək Qavqamela
vuruşmasında bütün İran dövlətinin müttəfiqləri kimi yox, ancaq madalıların
müttəfiqləri kimi çıxış edirdilər (madalılarla "birləşdirilmişdilər").
Albanlar və sakesinlər də İran imperiyasının təbəələri deyil, Mada satrapının
müttəfiqləri idilər.
Çox "ehtimal ki, kadusilər kaspilərin, pavsiklərin, pantimatların və dareytlərin
daxil olduqları XI satraplıqla bağlı idilər. Herodotun əsərində kadusilər haqqında
məlumatın olmaması, ola bilsin, ondan irəli gəlir ki, Kaspi dənizinin cənub-qərb
sahilində yaşamış tayfaların bəlkə də ümumi adı olan "kaspilər" adı altında kadusilər
də nəzərdə tutulurdu. Qeyd etmək lazımdır ki, "Kadusilərin torpağı‖ və "Kaspilərin
214
torpağı" anlayışları sonralar da eyni mənada işlədilirdi. Güman etməyə əsas var ki, XI
satraplığa albanlar da daxil idilər və "kaspilər" adını onlara da aid etmək olar.
Herodota görə, XI satraplığa kaspilər, pavsiklər, pantimatlar va dareytlər daxil
idilər.
XIV satraplığa Kür-Araz rayonlarında yaşayan utilər və müklər, habelə yaşayış
yerləri Cənubi Azərbaycan vilayətləri və onlara bitişik torpaqlar olan saqartilər daxil
idilər.
Beləliklə, Cənubi Azərbaycanın bütün ərazisi və Şimali Azərbaycan
torpaqlarının xeyli hissəsi bu və ya digər dərəcədə Atropatın hakimiyyəti altında idi.
Belə güman etməyə bəzi əsaslar var ki, hələ Mada dövləti dövründə
madalıların hakimiyyəti Qərbi Zaqafqaziyanın ayrı-ayrı rayonlarına, xüsusən tarixi
Gürcüstanın vilayətlərinə də yayılırdı. Maraqlıdır ki, Herodota görə, "Kolxidadan
Madaya girmək çətin deyil". Yenə də həmin müəllif məlumat verir ki, skiflər "Fasis
(görünür, Rioni və ya Çorox çayının - məsul red.) yaxınlığında Madaya soxulmaq"
niyyətində idilər. Güman etmək olar ki, tarixi Gürcüstanın torpaqları (və ya
torpaqlarının bir hissəsi) Mada satraplığının tərkibinə daxil idi və ya onun himayəsi
altında idi. Polibi e.ə. III əsrin son rübünün hadisələrindən danışarkən məlumat verir
ki, Atropatenanın bəzi hissələri "Fasisdən yuxarıdakı yerlərdə Pontun (Qara dənizin -
məsul red.) üzərində yüksəlir, digər tərəfdən o, Hirkan (Kaspi - məsul red.) dənizinə
qədər çatır".
Atropatilər və görünür, Atropatın özü də bu vilayətləri ənənəyə görə idarə
edirdilər, çünki onlar əslində Mada satraplığı hökmdarlarının siyasi varisləri idilər.
Polibinin əsərində deyilir ki, "həmin padşahlıq (yəni Atropatena - məsul red.)
hələ farsların (yəni Əhəmənilərin - məsul red.) zamanından mövcuddur". Lakin bu
fikrin səhihliyi olduqca şübhəlidir. Görünür, Polibinin əsərində belə bir mətləb öz
əksini tapmışdır ki, Əhəmənilər dövlətinin zəiflədiyi dövrdə satrapların bir çoxu
(yəqin ki, həm də Atropat) özlərini şah kimi aparırdılar və təbəələr onları rəsmən
"şah" adlandırırdılar. Yalnız buna görə Polibi (və ya onun istifadə etdiyi qaynaqlar)
həmin vilayəti hələ müstəqil dövlətə çevrilməmişdən əvvəl "padşahlıq" adlandırırdı.
Qədim İran və antik qaynaqlara görə, əslində satraplıq və satrap haqqında danışmaq
olar. Lakin Atropatena satraplığı və satrapı yox, Mada satraplığı və Mada satrapı
haqqında.
Atropatena şahlığı isə bir qədər sonra meydana gəlmişdi. İran imperiyası
darmadağın edildikdən sonra Aleksandrla Atropatın qarşılıqlı münasibətlərinin ilk
dövrdə necə olması haqqında biliyimiz yox dərəcəsindədir. Bu münasibətlərin daha
çox düşmənçilik münasibətləri olduğunu güman etməyə bəzi əsaslar vardır. Atropat
Aleksandrın hüzuruna gəlib boyun əyməmişdi; Aleksandr isə onu vəzifədən götürüb
yerinə Oksadat adlı bir nəfəri təyin etmişdi. Ola bilsin, ilk vaxtlarda Atropat hətta
Aleksandrla mübarizəyə girmək niyyətində imiş. Strabon, görünür, buna işarə edərək