208
Cənubi Azərbaycanın vəziyyəti gərgin idi. Kadusilərə qarşı biri II
Artakserksin, digəri III Artakserksin dövründə edilmiş iki yürüş də buna sübutdur.
Lakin kadusiləri sakitləşdirmək mümkün olmadı. İmperiyanın digər
hissələrində də tam asayiş yox idi. Yunanlar yenə də itaətdən çıxırdılar, misirlilər
onlara kömək edirdilər - onlar eyni zamanda Əhəməni torpaqlarına da soxulurdular.
İran satrapları bir-biri ilə düşmənçilik edir və vuruşurdular, şah sarayı fitnə-fəsad
yuvasına və qanlı çəkişmələr meydanına çevrilmişdi. Mərkəzi hakimiyyət kiçik
şahlara bənzəyən və şah yerişi yeriyən öz canişinlərinin ayrılmaq cəhdlərinin kökünü
kəsməkdə aciz idi. Buna görə təbiidir ki, o zaman təbəələr ayrı-ayrı satraplara çox
vaxt "şah" deyirdilər.
Çox ehtimal ki, belə "şah"lardan biri də hələ qəddar, şöhrətpərəst, lakin ağıllı
III Artakserksin dövründə hakimiyyət başına gəlmiş Mada satrapı Atropat idi.
Anlaşıldığına görə, satrap olduqca müstəqil bir siyasət yeridirdi. Farslar tərəfindən
itaət altına alınmamış kadusilər Atropatın müttəfiqləri kimi çıxış edirdilər, sakesinlər
və albanlar İran dövlətinin təbəələri deyil, Atropatın müttəfiqləri idilər.
Makedoniyalı Aleksandrın istilaları və farsların Əhəməni dövlətinin iflası.
II Daranın şahlığı dövründə dövlətin daxilində və xarici siyasət sahəsində baş vermiş
bütün hadisələr Əhəmənilər dövlətinin xeyli dağıldığını aydın sübut edir. Onun
hökmran olduğu illər dikbaş vassallarla mübarizə illəri idi. Şahın əvvəlcə qardaşı,
sonra da əmisi - Mada satrapı üsyan etmişdi. E.ə. 408-ci ildə Madada üsyan qalxdı. II
Daranın ölümündən sonra iğtişaşlar yeni qüvvə ilə qızışdı.
Fars dövlət sisteminin böhranı və büsbütün pozulması e.ə. V əsrlə IV əsrin
ayrıcında tamamilə aydın bir şəkil almışdı. II Artakserksin hökmranlığının lap
başlanğıcında kadusilər ayrılmış və onlara qarşı bir o qədər uğurlu olmayan yürüş
edilmişdi. Çox keçmədən şahın qardaşı Kiçik Kir ilə müharibə başlandı. II
Artakserksin baş sərkərdələrindən biri, Mada satrapı Arbak bu "vətəndaş
müharibəsi"ndə açıq-açığına ikibaşlı oyun oynayırdı.
Misir yaranmış vəziyyətdən istifadə edib yenə farsların hakimiyyəti altından
çıxdı. Az sonra Suriya satrapı Ariobarzan üsyan etdi. Bunun ardınca "satrapların
böyük üsyanı" başlandı, nəticədə Qərb satraplıqlarının demək olar hamısı şahdan
ayrıldı.
İmperiya ölüm ayağında idi. Bir çox qardaşlarını güdaza verən, cinsindən və
yaşından asılı olmayaraq bütün qohum-əqrəbasını tələf edən qanlı müstəbid III
Artakserks imperiyanın ömrünü bir neçə il uzatmışdı. O, üsyan edən tayfalar və
xalqlarla, həmçinin öz satrapları ilə inadlı və qanlı mübarizə aparırdı. III Artakserks
boyun əyməyənləri, üsyan qaldıranları ram edirdi, Suriyada, Fələstində, Finikiyada və
Misirdə vuruşmuşdu. Onun dövründə dikbaş kadusilərə qarşı da yürüş edilmişdi. III
Artakserks mərkəzi hakimiyyəti müəyyən dərəcədə möhkəmlətməyə müvəffəq oldu.
Lakin e.ə. 338-ci ildə Əhəmənilər sülaləsinin bu sonuncu hökmdarı zəhərlə oldürüldü.
209
İran dövlətinin son on illərinin hadisələrindən danışarkən qeyd etmək lazım
gəlir ki, yunanlar da bu hadisələrin əsas iştirakçılarından idilər. Lakin onu da unutmaq
olmaz ki, e.ə. IV əsrdə Hellada özü dərin böhran keçirirdi. O zamankı yunan
dünyasında cərəyan edən sosial-iqtisadi proseslər hellin polislərinin iqtisadiyyatını
təməlindən sarsıdırdı. Ayrı-ayrı şəhər-dövlətlər arasında gedən iqtisadi mübarizə
siyasi mübarizə ilə, hellin aləmində hegemonluq uğrunda mübarizə ilə çulğaşırdı.
Uzun sürən hərbi toqquşmalar nəinki vuruşan tərəflərin qarşılıqlı surətdə
zəifləməsinə, həm də muzdlu döyüşçülər tutulmasına, antik demokratiyanın
dağılmasına və yeni dövlət formaları axtarılmasına gətirib çıxarırdı. Yunanıstanda
bütün Helladanı vahid, güclü hakimiyyət altında birləşdirməyə çağıran səslər getdikcə
daha tez-tez eşidilirdi. Helladanın bu cür birləşdirilməsi, ilk növbədə, İranın törətdiyi
təhlükəyə son qoyardı. Güclü hakimiyyət Helladada özlərinə yer tapmayan və
Helladanın varlığı üçün təhlükə törədən minlərlə yunan yoxsullarını da "yerbəyer"
etməli idi. Həmin yunanları "yerbəyer" etmək isə, güclü hakimiyyət tərəfdarlarının
fikrincə, yalnız bir yolla, İrandan heç olmasa Kiçik Asiyanı ələ keçirmək yolu ilə
mümkün olardı.
E.ə. IV əsrin ortalarında Balkandakı Makedoniya dövləti yüksəlməyə başlayır.
Xaroneya yaxınlığındakı döyüşdən (e.ə. 338-ci il) sonra Makedoniya padşahı Filipp
bütün Yunanıstanı özünə tabe etdi. İranla müharibə gerçəkləşməkdə idi. Lakin Şərqə
yürüş üçün
qızğın hazırlıq görüldüyü bir vaxtda makedoniyalı Filipp öldürüldü.
Filippin ölümü heç də Şərqə yürüş ideyasının iflası demək deyildi. Müdrik dövlət
xadimi və parlaq istedada malik sərkərdə olan gənc Makedoniya padşahı Aleksandr
(İsgəndər) atasının işini davam etdirdi, İran müharibəsinə geniş hazırlıq görülürdü.
Şah ailəsi demək olar tamamilə tələf edildikdən sonra, e.ə. 336-ci ildə İran
şahənşahının taxtında Əhəməni sülaləsinin yan şaxələrindən birinin nümayəndəsi olan
Kodoman əyləşdirildi. III Dara adını qəbul edən bu şahın hökmranlığının tarixi (e.ə.
336-30-cü illər) Makedoniyalı Aleksandrın yunan-Makedoniya qoşunlarının zərbələri
altında böyük İran dövlətinin məhv olması tarixidir.
Müharibə ərəfəsində İran imperiyası çöpayaqlı nəhəng timsalında idi. Farslar
zahirən zəhmli, cah-calallı görünsələr də, əslində xalqlar üzərində öz hakimiyyətlərini
itirmişdilər. Xalq kütlələri Əhəməni zülmünə qarşı yorulmadan mübarizə aparır,
üsyanların arası kəsilmirdi. Artıq İran şahının öz canişinlərinə gücü çatmırdı.
Çəkişmələr, qəsdlər, saray fitnə-fəsadları mərkəzi hakimiyyəti zəiflədirdi. Orduda da
artıq iranlılara yox, yadellilərə - İran dövlətinin daxilən zəif olduğunu yaxşı bilən
yunanlara bel bağlamaq lazım gəlirdi. Əhəməni dövlətinin süqutu labüd idi.
Aleksandrın farslarla müharibəsi məhz belə bir şəraitdə başlandı.
Gözəl təchiz edilmiş intizamlı yunan-Makedoniya ordusu e.ə. 334-cü ilin
yazında Hellespontdan (indiki Dardaneldən) keçib Kiçik Asiyaya soxuldu.