210
Aleksandr qədim dövrün ən böyük sərkərdələrindən biri idi və bir çox
görkəmli komandirləri - Antipatr, Ptolemey, Parmenion, Filota, Perdikka və
başqalarını öz ətrafına yığa bilmişdi.
Gənc padşahın artıq ilk addımları onun hərbi planlarının geniş vüsətindən
xəbər verirdi. Lakin Aleksandr İran dövlətini tamamilə məhv etmək, ələlxüsus
dünyada ağa olmaq haqqında ilk vaxtlar çətin ki, düşünəydi, əvvəllər o, farslardan
"qisas almaqdan" və "yunanları azad etməkdən", yəni Kiçik Asiyanı fəth etməkdən
irəli getmək fikrində deyildi.
İki düşmən arasında ilk döyüş e.ə. 334-cü ilin mayında Qranik çayının
sahilində oldu. Aleksandrın ordusu döyüşə qeyri-mütəşəkkil, ləng və gec hazırlanmış
olan Kiçik Asiya satraplarının ordularını ağır məğlubiyyətə uğratdı.
III Daranın özünün başçılıq etdiyi İran orduları ilə Aleksandrın ikinci döyüşü
e.ə. 333-cü ilde İss şəhəri rayonunda, dənizlə dağlar arasındakı ensiz vadidə (Şimali
Suriya sərhədlərində) baş verdi. Bu vuruşma da yunan-makedoniyalıların qələbəsi ilə
nəticələndi. Farslar darmadağın edildilər. III Dara hərb meydanından rüsvayçılıqla
qaçdı. Aleksandra xeyli qənimət çatdı. O, şahənşahın anasını, arvadını və iki qızını da
özü ilə apardı. Bu vuruşmada farslarla birlikdə madalılar da iştirak edirdilər.
İkinci döyüş nəticəsində bütün Kiçik Asiya Aleksandrın ixtiyarına keçdi.
Makedoniya əleyhinə hərəkatın geniş miqyas alıb Makedoniyanın, Frakiyanın,
Yunanıstanın, Kritin, Kiçik Asiyanm bir çox vilayətlərini bürüməsinə, habelə
Finikiyanın və Fələstinin iri ticarət şəhərlərinin (Tir və Qazanın) güclü müqavimət
göstərməsinə baxmayaraq, Aleksandr öz düşmənlərinə qalib gəlib Misirə yiyələndi və
e.ə. 332/331-ci illərin qışını orada keçirdi. Beləliklə, Makedoniya padşahı Aralıq
dənizinin şərq sahillərindəki limanların hamısını tutdu, farsların donanmasını
bazalardan məhrum etdi, dənizdə hökmranlığı ələ keçirtdi və öz gediş-gəliş
yollarından təhlükəni dəf etdi.
E.ə. 331-ci ilin yazında Aleksandr yenidən Asiyada göründü. Yunan-
Makedoniya qoşunları Fərat və Dəclə çaylarını keçib Arbela yaxınlığında Qavqamela
kəndinin ətrafında düşərgə saldılar. E.ə. 331-ci il oktyabrın 1-də burada Aleksandr
qoşunları ilə III Daranın qoşunları arasında üçüncü vuruşma oldu. Qavqamela
vurusması nəinki qədim dövrün ən iri vuruşmalarından biri, həm də makedoniyalı
fatehin bütün vuruşmalarının ən çətini idi.
III Daranın orduları darmadağın edildi. Şah bir neçə satrapla və kiçik bir qoşun
dəstəsi ilə Madanın paytaxtı Ekbatanaya qaçdı. Lakin yunan-makedoniyalılar özləri
də bütün yürüş müddətində ən ağır tələfata bu döyüşdə uğradılar.
Əhəməni dövlətinin həyati əhəmiyyətə malik mərkəzlərinin hamısının yolu
Aleksandrın üzünə açıldı. Aleksandr Babil və Suzu işğal etdi, sonra Parsaya soxuldu.
Farsların iki paytaxtının ikisi də - Pasarqad da, Persepol da tutuldu. Makedoniyalı
fateh burada xeyli sərvət - 120 min talant gümüş və qızıl, çoxlu qızıl və gümüş qab-
211
qacaq, müxtəlif daş-qaş ələ keçirdi. Persepol şah sarayı yandırıldı. Lakin son dərəcə
ağır tələfata baxmayaraq, III Dara hələ qisas almaq ümidində idi və Madada qoşun
toplamağa başladı.
Bu dövrdə Madada, xüsusən Cənubi Azərbaycanda, eləcə də Şimali
Azərbaycanda vəziyyətin necə olduğu haqqında əlimizdə kifayət qədər məlumat
yoxdur. Bizə bəllidir ki, Atropatın başçılığı ilə madalılar Qavqamela vuruşmasında
iştirak etmişdilər. Onu da bilirik ki, bu çarpışmada "kadusilər də, albanlar da,
sakesinlər də madalılarla birləşdirilmişdilər" [A r r i a n].
Kadusilərin, albanların və sakesinlərin madalılarla birləşməsi, habelə sonra
vaqe olmuş hadisələr güman etməyə əsas verir ki, Əhəməni sülaləsinin ağır illərində
Atropat XI və XIV satraplıqlara daxil olan torpaqların xeyli hissəsini müəyyən
dərəcədə özünə tabe edə bilmişdi. Yalnız buna görə Qavqamela vuruşmasında
kadusilər və albanlar madalılarla "birləşdirilmişdilər". Sakesinlərə gəldikdə, ola bilsin,
onlar Madanın tərkibinə daha əvvəllər daxil olmuşdular. Beləliklə, bütün Cənubi
Azərbaycan ərazisi və Şimali Azərbaycan ərazisinin bir hissəsi əslində Atropatın
hakimiyyəti altında idi. Mada satraplığına daxil olan digər vilayətlər də (Böyük və ya
Aşağı Midiyanın torpaqları və bəzi başqa rayonlar da) görünür, ona tabe idilər. Ola
bilsin, o, Qərbi Zaqafqaziyanın da bir hissəsinin sahibi idi. Biz Qavqamela
vuruşmasından sonra Atropatla III Daranın qarşılıqlı münasibətlərinin necə olduğunu
bilmirik. Lakin güman etmək olar ki, onların arası dəyməmişdi, çünki III Dara
Aleksandrla mübarizəni məhz Madada davam etdirmək ümidində idi. O, Madada yeni
qoşun toplamağa çalışırdı və bu işdə müəyyən uğurlar qazanmışdı. Kadusilərdən və
skiflərdən (skiflər dedikdə, sakesinlər nəzərdə tutulmalıdır) köməyi də Madada
gözləyirdi.
Deməli, Atropat və onun müttəfiqləri III Daranın tərəfini saxlayırdılar. Bunu
Aleksandrın Atropat əleyhinə hərəkətləri də sübut edir. Makedoniya padşahı
Paretakenadan Madaya hücuma başlayıb, ilk növbədə, Paretakenanı Mada
satraplığından ayırdı. Bunun ardınca Madaya yeni satrap təyin etdi. Lakin bir qədər
sonra vəziyyət dəyişdi. Aydınlaşdı ki, Atropatla ittifaqda olan kadusilər və skiflər III
Daranın tərəfini saxlamırlar. Görünür, Atropat özü də şahənşahın tərəfini
saxlamamışdı. Məhz buna görə III Dara Ekbatananı tərk edib monarxiyanın şərq
əyalətlərinə qaçdı və tezliklə orada həlak oldu. Artıq Aleksandr Madaya hücumu
zamanı Atropat ona öz loyallığını dəlillərlə sübut etmişdi. Bu baxımdan mühüm bir
cəhət də ondan ibarətdir ki, Ekbatana yunan-makedoniyalılara müqavimət
göstərməmiş və ələ keçirilən İran xəzinəsi buraya gətirilmişdi. Bütün bunlar eyni bir
zəncirin halqaları olub sübut edirdi ki, Atropat öz siyasətini dəyişdirib Aleksandrın
tərəfinə keçmişdi. Təsadüfi deyil ki, Atropat tezliklə (e.ə. 328-ci ildə) əvvəlki
vəzifəsinə qaytarıldı.