TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ


* * * Həq bilir, yar deyil, canü-dilimdən qaib



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   ...   19   20   21   22   23   24   25   26   27
Anar - Təhminə və Zaur @kitabchi

* * *


Həq bilir, yar deyil, canü-dilimdən qaib,
Nola gər qaib isə dideyi-giryanımdan.
... Nə biləydi Zaur ki, bir neçə gün də keçəcək, bəlkə də bir neçə ay keçəcək, ay
keçəcək, il keçəcək və Zaur yenə də günlərin bir günündə – daha buna heç şəkk-
şübhə ola bilməz – yenə də günlərin bir günü Təhminəni görəcək... Onlar az qala
sifət-sifətə toqquşacaqlar – Zaur və Təhminə... Təhminə Zauru görüb
gülümsünəcək – həmin o ağ düyməli qırmızı paltarında olacaq Təhminə, həmin
o otuz il bundan qabaqkı paltarında və belə məlum olacaq ki, vaxtın Təhminəyə
heç bir dəxli yoxdur – heç dəyişməyib Təhminənin nə sifəti, nə bədəni, nə yaşı...
Otuz il əvvəlki təkin gülümsünəcək Zaura və Zaur da dili-dodağı titrəyə-titrəyə
Təhminənin adını çəkəcək, amma adını çəkən kimi Təhminə çevriləcək,
küçədəki adamlara qarışıb itəcəkdir. Bir az sonra Zaur onu metronun qabağında
görəcək, dalıyca qaçacaqdır və yenidən görəcəkdir Təhminənin qırmızı paltarını
metro vaqonunun içində... Qapıları bağlanmış, hərəkətə gəlmiş qatarın
pəncərəsindən Təhminə ona əl eyləyəcək, gülümsünəcək və Zaur o biri qatara
minib dalınca gedəcəkdi. Daha Təhminəyə çatacağına ümidi olmayacaq, amma
gələn dayanacaqlarda metrodan düşəcək. Bütün perronu ələk-vələk edəcək,
eskalatorla yer üzünə çıxacaq, küçədə ora-bura döyükəcək və nəhayət, bir daha
görəcəkdi onu – yeni mehmanxanaya girən vaxt görəcək... Dalıyca ora qaçacaq
və görəcək ki, elə bu dəm Təhminə liftin içinə girdi. Zaur liftin qapısına tərəf
atılacaq, amma qapılar bu vaxt bağlanacaq, Zaur divardakı işıq tablosuna
baxacaq – tabloda liftin hərəkəti görünəcək – mərtəbələrin rəqəmləri bir-birini
təqib edəcək – 2, 3, 4, 5, 6. Lift altıncı mərtəbəyə çatıb dayanacaqdır. Zaur
düyməni basacaq və lift yenidən birinci mərtəbəyə qayıdacaq, tabut kimi ağır və
əzəmətli gələcək Zaurun qabağına; qapılar açılacaq, Zaur liftin içinə girəcək,
altıncı mərtəbənin düyməsini basmaq istəyəcək və bu zaman məlum olacaq ki,
altıncı mərtəbənin düyməsi yoxdur, çünki heç altıncı mərtəbənin özü də yoxdur,
ev beşmərtəbəlidir. Çöldəki işıq tablosunda da yox imiş altıncı mərtəbə, Zaurun
gözünə görünübmüş bu rəqəm. Zaur and içə bilərdi ki, lift məhz altıncı
mərtəbəyə qalxmışdı. Hər halda beşinci mərtəbəyə qalxacaqdı Zaur, növbətçini
sorğu-suala tutacaqdı, növbətçi də deyəcəkdi ki, heç bir qırmızı paltarlı qadın


görüb eləməyib. Zaur bütün mərtəbəni gəzəcək, axtaracaq sonra isə yanğın
nərdivanıyla dama qalxacaqdı. Damda isə gözəl may gecəsindən, ulduzla dolu
səmadan, eşqbazlıq edən pişiklərdən başqa heç nə və heç kim yox idi; təzəcə
basılmış qırın iyi gəlirdi, vəssalam...
Bu qəribə və izahsız vaqiədən başqa Zaurun həyatında ömrü boyu heç bir əcaib,
qəribə, anlaşılmaz hadisə olmamış və olmayacaqdı: işi, ailəsi, uşaqları, dostları,
tanış və qeyri-tanış adamlar vardı Zaurun həyatında, onlar doğulurdu, ölürdü və
bir də qəbiristanlıq vardır, bu qəbiristanlıqda qərib bir məzar vardı və məzarın
üstündə Təhminənin adı, familiyası və 1941-1965 rəqəmləri yazılmışdı.
Mədinənin, Manafın və Muxtarın ölümündən sonra daha da qəbrin üstünə heç
kəs gəlmirdi...

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə