TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ


Epiloq Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   ...   19   20   21   22   23   24   25   26   27
Anar - Təhminə və Zaur @kitabchi

Epiloq
Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir.
Mən kiməm, saqi olan kimdir, meyü-səhba nədir.
Gərçi canından dili-şeydam üçün kam istərəm,
Sorsa canan bilməzəm kami-dili şeyda nədir.
Hikməti – dünyəvü mafiha bilən arif deyil,
Arif oldur bilməyə dünyəvü mafiha nədir.


...bilmirdi ki, Təhminəni bir də görəcək ömründə... Bilmirdi ki, bir axşam
Təhminənin səsini eşidib diksinəcək, televizorun qabağına qaçacaq və ekranda
görəcək Təhminəni – həmin o Moskva verilişinin videoyazısını verirdilər. Həmin
o verilişdə Təhminə Zauru ad günü münasibətilə təbrik etmişdi, təbriki
kəsmişdilər, amma Təhminənin Zaura həsr etdiyi hərəkəti – əliylə alnından
saçlarını atması qalmışdı. O axşam – Təhminənin ölüm xəbərini bildiyi günün
axşamı – Bakıya gəldikləri ilk axşam Zaur öz-özünə söz vermişdi ki, qızı olsa
adını Təhminə qoyacaq. Bilirdi ki, ailədə narazılıq, söz-söhbət olacaq bunun
üstündə, vaxt keçdikcə bu niyyətinin çətinliyindən qorxurdu Zaur və bilmirdi ki,
doğrudan da, qızı olsa vəziyyətdən necə çıxacaq, öz-özünə verdiyi sözün
üstündən keçmək də istəmirdi bir yandan, artıq-əskik söhbətlərdən,
qeybətlərdən, dedi-qodulardan da qorxurdu. Xoşbəxtlikdən oğlu oldu və uşaq
olmamışdan iki ay qabaq Firəngizin atası Murtuz rəhmətə getdiyi üçün oğlanın
adını Murtuz qoydular. Murtuz Balayeviç infarktdan öldü, çünki Spartak
tutulandan sonra kişinin lap beli qırılmışdı. Spartak valyuta məsələlərində
ilişmişdi, beş il kəsmişdilər Spartaka və məhkəmənin bu qərarından sonra bütün
Murtuzovlar ailəsinin, o cümlədən də Alya xanımın tamam tası yatmışdı və
Zivər xanım da ürəyində sevinirdi ki, qudasıgilin əməlli-başlı burunları ovulub.
Zaur indi öz valideynləriylə az-az görüşürdü. Murtuzovgilə isə ildə-ayda bir baş
çəkirdi, amma Alya uşaq olandan sonra qızı Firəngizə çox kömək elədi. Zaur bir
müddət geoloji ekspedisiyada oldu, sonra Bakıya qayıtdı və atasının köməyilə
nazirlikdə işə düzəldi. Zaur artıq dəqiq bilirdi ki, heç bir vaxt dissertasiya-filan
yazası deyil, odur ki, nazirin referenti vəzifəsini təklif edəndə ona
məmnuniyyətlə razılaşdı. Bu işi Zauru yeni çevrəyə daxil elədi və ona indi
qəribə gəlirdi ki, haçansa cavanlıq vaxtlarında bu sayaq vəzifələrə rişxənd
edərdi. Yadındadır, haçansa Zaur başqa bir nazirin köməkçisi vəzifəsində işləyən
bir dostunu lağa qoyardı. Dostu deyəndə ki, “sabah kişiylə Moskvaya uçuruq”,
Zaur həmişə elə təsəvvür edirdi ki, dostu Moskvaya nazirin çamadanını
daşımağa gedir. Ona elə gəlirdi ki, dostu nəinki nazirin çamadanını, hətta nazirin
arvadının hamam boğçasını da daşıyır. Niyə belə düşünürdü – məlum deyil, axı,
təbii ki, nazirin arvadının heç bir hamam boğçası-filan yox idi, çünki hamama
getmirdi, özlərinin vannaları vardı, ona nə gəlmişdi ki, hamama getsin? Həm də
boğçayla?.. Bəlkə bu təəssürat ondan doğmuşdu ki, Zaur bir dəfə həmin dostunu
bazarda görmüşdü – nazirgilə bazarlıq edirdi. Zaur özü də təbii ki, heç bir
çamadan-zad daşımırdı, bazarlıq-filan etmirdi, amma hərdən o da görürsən öz
naziriylə Moskvaya gedirdi. Nazir sinli kişi idi, hərdən görürsən çox nəzakətli


bir tərzdə Zaurdan xahiş edirdi ki, mehmanxanada onun yanında qalsın, lazım
olanda növbətçidən çay dəmlədib gətirsin və bəzən nazir Qosplanda mühüm
iclasa başı qarışanda — Zaurdan onu da rica edirdi: “madam boşsan bir
mağazaları gəz”. Arvadının və qızının verdiyi siyahıya əsasən xırım-xırda şeylər
almağı tapşırırdı. Təbii ki, pulunu da verirdi.
Nazirin arvadı da çox mədəni və nəzakətli xanım idi. Zaurla hörmətlə danışırdı
həmişə, çalışırdı ki, heç bir tövrlə onun izzət-nəfsinə toxunmasın, amma əlacsız
qalanda bir-iki dəfə Zaurdan xahiş eləmişdi, usta tapıb gətirsin, vannalarının
xarab olmuş kolonkasını düzəltdirsin, çünki ərinin başı elə qarışıqdır ki, ev
işlərinin — qeydinə qalmağa heç cür macal tapa bilmir. Zaur başa düşürdü hər
şeyi, amma əslində elə onun özünün də işi başından aşırdı, nazir üçün müxtəlif
kağız-kuğuzlar, — sənədlər, vəsiqələr düzəldirdi, qəbula yazılmışları yola
verirdi, nazirə gələn məktubları seçib sahmana salırdı, nazirin imzasıyla cavablar
hazırlayırdı. Tez-tez nazirlə rayonlara gedirdilər, gündüz işlərini qurtarandan
sonra axşamtərəfi qonaq evində rayon rəhbərlərinin iştirakıyla keçirdikləri
xudmani məclislərdə nazir azacıq içməli də olurdu və balaca dəmlənəndə Zaura
“sən” deməyə başlayırdı. Həmişə rəsmi danışan bu sərt və quru kişinin elə bil
çiçəyi çırtlayırdı, südü daşırdı. Zaur: “sənin işindən razıyam, – deyirdi, – bir
neçə il də işlə, sonra səni pərvazlandırıb uçurdacam” – deyirdi və əlavə edirdi ki,
“sənin haqqında lazımi yerlərə də məlumat vermişəm, vaxt gələr, yaxşı müstəqil
işə keçərsən”...
Amma bədbəxtlikdən günlərin bir günü hörmət və ehtiramla pensiyaya
göndərdilər naziri. Yeni nazir nisbətən cavan idi, iş başına keçəndən bir müddət
sonra yavaş-yavaş əvvəlki nazirin adamlarını təmizləməyə başladı və Zaura da
qandırdı ki, onun yerinə başqa namizədi var. Zaur ərizəsini verdi və bu vaxta
atası Məcid də artıq dünyadan köçdüyü səbəbdən yaxşı bir iş tapa bilmədi özünə.
Ancaq Dadaşın mərhəməti sayəsində yenidən həmin o nəşriyyata – köhnə yerinə
qayıtdı... Zaurun bir uşağı da oldu – bu da oğlan idi, iki ildən sonra üçüncü oğlu
da oldu və üç ildən sonra axır ki, qızı gəldi dünyaya. Zivər xanım bu qız nəvəsini
görə bilmədi, uşağın dünyaya gəlməsindən on gün qabaq rəhmətə getdi və qızın
adını Zivər qoydular... Üç ildən sonra Alya xanım da öldü, Otuz ildən sonra
onların çevrəsindəki adamlardan Dadaş, Səftər dayı, Tahirə, Cabbar artıq yox
idilər dünyada. Muxtar da yox idi. Təhminə ölən il onun idarədə nə isə davası
olmuşdu, köçüb bir müddət Moskvada yaşadı, orada işi pis gətirmirdi, sonra
nədənsə yenidən Bakıya qayıtdı və avtomobil qəzasına düşüb həlak oldu... XX
əsrin axırına onların çevrəsindəki adamlardan Nemət, Sürəyya, Zaur və Firəngiz


sağ idi. Spartak da beş ilini çəkib çoxdan çıxmışdı azadlığa və türmədən
çıxandan sonra başqa adam olmuşdu, dəyişmişdi. Bəli, bizə tanış olan bu
adamlardan sağ qalanları – Nemət, Sürəyya, Zaur, Firəngiz, Spartak bir gün
yığışmışdı hamısı bir yerə nəyisə qeyd eləməyə, deyəsən Murtuzun-Zaurun oğlu
Murtuzun ad günüydü. Bəlkə də yox, heç ad günü deyildi, bəlkə də o vaxt, yəni
XX əsrin axırlarında ad günlərini qeyd etmək heç dəb olmayacaq, kim bilir? Hər
halda müəllif ki, bunu dəqiq bilmir və müəllif onu da bilmir ki, o vaxt kitab
oxuyacaqlarmı, sevəcəklərmi, öləcəklərmi yaxud bir üsul tapıb ölümdən
yaxalarını qurtaracaqlarmı insanlar? Ölümsüzlük qazanacaq və bu ölümsüzlüyün
öhdəsindən nə sayaq qurtarmağın fikrini çəkəcəklər? Nə isə, əlqərəz, bir gün
yığışmışdılar- bütün bizim diri qalmış qəhrəmanlarımız, yaxşıca nahar edib nərd
atırdılar (dadlı naharlar və nərd, şübhəsiz, o vaxt da olacaq) və söhbət arası
kimsə birdən Təhminəni yada saldı. Nemət idi, deyəsən Təhminəni yada salan,
dedi ki, bu gecə qəribə yuxu görmüşdüm, heç ağlıvıza gəlməz kim gəlib girmişdi
yuxuma – Təhminə. Bəli, Təhminə, özü də ovaxtkı yaşında, cavan, hamımızın
yadında necə qalıbsa, bax o sayaq – gözəl, yaraşıqlı, cazibədar... Bu sözün
üstündən Spartak dedi ki, qəribədir, bu günlərdə küçədə bir qadına rast gəlib, elə
bil Təhminəylə iki almadır tən bölünüb. Əgər Spartak qəti bilməsəydi ki,
Təhminənin uşağı-zadı yoxdur, and-aman eləyirdi ki, yəqin qızıdır. Adam da
adama bu qədər bənzəyərmiş. Ən qəribəsi də odur ki, həmin o qadın bugünkü
çağın dəbi ilə deyil, Təhminənin cavanlıq illərindəki dəblə geyinib-kecinmişdi,
yalançılar sözü, lap elə bil Təhminənin ovaxtkı paltarlarından birini keçirmişdi
əyninə... Nemət dedi ki, yəqin insanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox
olmurlar, nə qədər ki onları xatırlayan, onların səslərini, sifətlərini yaddaşında
saxlayan adamlar durur, bu ölənlər də hələ yaşayırlar – fikirlərdə, xəyallarda,
təsəvvürlərdə yaşayırlar. Biz də yəqin Təhminəni xatırlayan axırıncı adamlarıq,
sonuncu nəsilik.
Bu sözlər yaman beyninə batdı Zaurun, amma döymədə Spartaka iki tas uduzub
unutdu bu fikri... Zaur bilmirdi...

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə