278
olmayıb. Sultan Mehmet Fateh əsgərlərini ruhlandırmaq, Konstantinopol
divarlarını aşmaqda daha fədakarcasına vuruşmaq üçün heç də hansısa
dini şüardan
deyil, “qarət” mənasını verən “yağma” harayından istifadə edib və bu ona uğur
gətirib.
Avropa xristianlığı ilk dəfə İspaniyanın və Siciliyanın timsalında ərəblərin
işğalına məruz qalıb, islam dini və mədəniyyəti ilə tanış olmağa başlayıb. 711-ci
ildə İspaniyaya ciddi hücum cəhdi uğurla nəticələndi və sonrakı dörd il ərzində
ərəblər ölkənin bütün iri şəhərlərini tutdular. Zəbt edilmiş şəhərlər arasında
Fransanın cənubunda yerləşən Narbonna da var idi. Çünki həmin şəhər
İspaniyadakı Visiqot krallığının tərkibinə daxil idi. Tezliklə İspaniya Ərəb
imperiyasının əyalətinə çevrildi və onu Dəməşqdəki xəlifənin birbaşa tabeliyində
olmayan canişin idarə edirdi. Sonralar isə müsəlman İspaniyası imperiya
əyalətindən müstəqil dövlətə çevrildi, lakin müsəlman dünyasının digər hissələri
ilə iqtisadi və mədəni əlaqələrini saxladı. Ərəblər sonrakı əsrin ortalarına yaxın
Neapolun qapısında dayandılar, iki dəfə Romanı hədələdilər. Lakin onu tutmadılar,
çünki Papa VIII İoann müsəlmanlara iki ilə yaxın müddətdə bac-xərac verirdi.
Müsəlmanlar üçün Avropa torpaqlarına müdaxilə, artıq davam edən prosesin
məntiqi davamı xarakterini daşıyırdı. Bu proses isə köçəri basqınlarının
transformasiyası hesabına genişlənib böyüyürdü. Əsrlərlə köçəri ərəblər qonşuları
üzərinə basqınlar etmişdilər. Bu basqınlardan qaçıb qurtarmaq biabırçı hal hesab
edilmədiyindən, insan qurbanları olduqca az olurdu. Doğrudur, Quranda “Allah
yolunda müharibədən” – cihaddan söz açılır. Cihad həm də ruhi, mənəvi cəhdlərə
də aid edildiyindən, kafirlərə qarşı müharibə kimi də qəbul edilir və “müqəddəs
müharibə” kimi tərcümə edilir. Lakin cihadın müsəlman anlayışı ilə Səlib
yürüşlərinin xristian konsepsiyası arasında kəskin fərqlər vardır.
Cihada köçəri basqınlarının inkişafı kimi baxıldıqda, güman etmək olar ki,
onun iştirakçılarının əksər hissəsini dini deyil, maddi motivlər ruhlandırırdı. Cihad
hər şeydən əvvəl maddi nemətlər mənbəyi idi. Cihadla basqın arasındakı ciddi fərq
isə onun strateji cəhətdən istiqamətləndirilməsində idi. Öz mövcudluğunun ilkin
dövrlərində cihad müsəlmanlarla ittifaq bağlılığı olmayan qonşuluqdakı bütpərəst
tayfalara qarşı yönəlmişdi. Müsəlman hücumlarından yayınmağın ən sadə üsulu
islamı qəbul etməkdən və onun yaratdığı konfederasiyaya qoşulmaqdan ibarət idi.
Beləliklə, cihad praktikası müsəlman konfederasiyasının daim böyüməsinə və
müsəlmanların arası kəsilməyən ərazi ekspansiyasına gətirib çıxarırdı.
Bu o demək deyil ki, islam bir din kimi qılıncla yayılırdı. Həqiqətən də
bütpərəst ərəb tayfalarına, onlar cihad obyektinə çevrildikdə, islam və ya qılınc
kimi bir seçim təklif olunurdu. Lakin iudeylərə, xristianlara və bir sıra digər
dinlərin nümayəndələrinə, ümumiyyətlə, monoteist, təkallahlı hesab olunanlara
münasibət tamam başqa idi. Bu dinlər islama qohum dinlər hesab olunurdu, bir
cəhət də qeyd edilirdi ki, onların müasir ardıcılları əvvəlki “dinin təmizliyindən”
uzaqlaşıblar. Lakin onlar bütpərəstlər deyildilər və ona görə də müsəlmanların
müttəfiqləri hesab oluna bilərdilər. Ərəbistandan kənardakı ölkələrdə, hansılara ki,
ərəblər ilk dəfə həmlə edirdilər, əhalinin əksəriyyəti monoteistlər kimi qəbul
olunurdu.