Torpağin strukturu



Yüklə 148,17 Kb.
Pdf görüntüsü
tarix18.05.2023
ölçüsü148,17 Kb.
#111029
4.torpagin stukturu




IV 
TORPAĞIN STRUKTURU 
PLAN: 
1.
Torpaq strukturu anlayışı 
2.
Torpaq strukturunun əmələgəlmə mexanizmi 
Torpağın qranulometrik elementləri ayrı-ayrılıqda və ya müxtəlif səbəblərdən
müxtəlif forma və ölçülü struktur elementlərdə (aqreqatlarda, parçalarda, kəsəklərdə) 
birləşmiş şəkildə ola bilər. Torpağın aqreqatlara ayrılmaq, parçalanmaq qabiliyyəti 
strukturluğu, müxtəlif ölçülü, forma və keyfiyyət tərkibli aqreqatların məcmusu isə 
torpağın strukturu adlanır. Qumlu və qumsal torpaqlarda qranulometrik elementlər 
ayrı-ayrılıqda mövcud olur. Gilli və gillicəli torpaqlar strukturlu və struktursuz və 
ya az strukturlu olur. Əkinçilik praktikasında torpağın strukturunun onun fiziki 
xassələrinə, becərilmə şəraitinə, su-hava rejiminə və bütövlükdə torpağın 
münbitliyinə və bitkilərin inkişafına təsiri qədimlərdən müşahidə edilmişdir. 
V.V.Dokuçayevin, xüsusən də P.A.Kostıçevin əsərlərində torpağın aqronomik 
xassələrinin formalaşmasında onun xüsusi rolu qeyd edilmişdir. Torpağın 
münbitliyində strukturun oynadığı rol V.R.Vilyams tərəfindən daha ətraflı 
öyrənilmişdir. Bu məsələ, həmçinin strukturəmələgəlmə nəzəriyyəsi K.K.Hedroys, 
A.Q.Doyarenko, 
İ.N.Antipov-Karatayev, 
N.A.Kaçinskiy, 
N.İ.Savvinov, 
P.V.Verşinina, A.F.Tyulin, D.V.Xan, E.Rassel, R.Məmmədov və başqalarının tədqi- 
qatlarında inkişaf etdirilmişdir.
Torpaq 
strukturunun aqronomik əhəmiyyəti- Strukturun keyfiyyətcə 
qiymətləndirilməsi onun ölçüləri, məsaməliyi, mexaniki davamlılığı və
suyadavamlılığı ilə müəyyən edilir. Ölçüləri 0,25-10 mm arasında dəyişən, yüksək 
məsaməliyə (> 45%), mexaniki davamlığa və suyadavamlılığa malik 
makroaqreqatlar aqronomik baxımdan daha yüksək qiymətləndirilir. Tərkibində 
ölçüləri 0,25-10 mm arasında dəyişən aqreqatların miqdarı 55%-dən yüksək olan
torpaqlar strukturlu hesab olunur.
Strukturun mexaniki təsirə davamlığı (rabitəliyi) və nəmlikdən dağılmamaq 
qabiliyyəti (suyadavamlılığı) torpağın dəfələrlə becərilməsi və nəmlənməsi
şəraitində əlverişli halda saxlanmasını müəyyən edir. Bu keyfiyyətlər olmayanda 
becərilmədən və ya yağış və suvarmanın təsirindən struktur elementlər sürətlə 
parçalanır və torpaq struktursuz olur. Bu cür torpaq nəm halında əriyib axır, 
quruyanda isə qaysaq əmələ gətirir.
Nəzərə almaq lazımdır ki, hər cür suyadavamlı struktur aqronomik baxımdan 
dəyərli hesab olunmur. Suyadavamlı aqreqatların yumşaq yığılmasının, məsaməli 
olmasının və suyu asanlıqla mənimsəməsinin də əhəmiyyəti böyükdür. Suyadavamlı 
aqreqatların bu cür strukturunda kök saçaqları və mikroorqanizmlər asanlıqla daxil 
olaraq bioloji və mikrobioloji fəaliyyəti təmin edirlər. Suyadamlı aqreqatların sıx 
yığılması məsaməliyin aşağı düşməsinə (30-40%) gətirib çıxarır, kökcüklərin və 
mikroorqanizmlərin məsamələrə daxil olması imkanlarını aşağı salır. Bu cür 



strukturda məsamələrə suyun daxil olması da məhdudlaşmışdır. Bu cür struktur 
aqronomik baxımdan qiymətli hesab olunmur.
Aqronomik baxımdan strukturun dəyəri ondan ibarətdir ki, o, torpağın 
aşağıdakı xassə və rejimlərinə müsbət təsir göstərir: fiziki xassələrinə - məsaməliyə, 
sıxlığa; su, hava, isitlik, oksidləşmə-reduksiya, mikrobioloji və qida rejimlərinə; 
fiziki-mexaniki xassələrə - rabitəliyə, becərilmə zamanı torpağın xüsusi 
müqavimətinə, qaysaq əmələgəlməyə; torpağın eroziyaya qarşı davamlığına. Bu 
müddəaları bir qədər ətraflı nəzərdən keçirək.
Torpaqda aqronomik baxımdan dəyərli strukturun olması kapilyar və qeyri-
kapilyar məsamələrin əlverişli birləşməsini yaradır. Aqreqatlar arasında qeyri-
kapilyar məsamələr, aqreqatlar daxilində kapilyarlar üstünlük təşkil edir. Qeyri-
kapilyar məsamələr (aerasiya məsamələri) kəsəklər daxilində də vardır. Struktursuz 
torpaqlarda mexaniki elementlər sıx yerləşdiyindən əsasən kapilyar məsamələr 
əmələ gətirirlər. Strukturlu və struktursuz torpaqların quruluşunda və 
məsaməliyindəki bu xüsusiyyətlər torpağın su-hava və qida rejimlərinə böyük təsir 
göstərirlər. Struktur torpaqlar qeyri-kapilyar məsamələr sayəsində suyu özünə yaxşı 
hopdururlar. Bu su hərəkət etdikcə kəsəklər tərəfindən sorulur və kəsəklərarası 
boşluqlar hava ilə dolur. Hava kəsək daxilindəki aerasiya məsamələrində də olur. Bu 
cür torpaqda səth axınları səbəbindən su itkiləri az olur, o demək olar ki, tamamilə
torpaq tərəfindən udulur. Qeyri-kapilyar məsamələrin olması isə torpaq səthindən 
buxarlanmanın qarşısını alır. Bununla da, struktur torpaqlarda bitkinin su və hava ilə 
təminatında eyni vaxtda əlverişli şərait yaranır. Bu cür torpaqlarda ən az su tutumu
şəraitində belə yaxşı hava mübadiləsi saxlanıldığından oksidləşmə prosesləri 
hakimdir. Kifayət qədər aerasiya şəraitində suyun əlçatan formalarının kifayət 
qədər olması struktursuz torpaqlarla müqayisədə daha əlverişli qida rejimi şəraiti 
yaradır. Strukturlu torpaqlarda mikrobioloji proseslər daha fəal şəkildə təzahür edir, 
denitrifikasiya prosesləri və biryarım oksidlərin fəal qeyri-silikat formalarının 
yaranması və toplanması mövcud deyildir ki, bu da fosfatların çətin həllolan 
formalara keçməsinin qarşısını alır.
Struktursuz torpaqlarda su tədricən udulur, onun bir hissəsi səth axınları 
vasitəsilə itkiyə sərf olunur. Torpaq profilinin başdan-başa kapilyarlarla örtülməsi 
nəmliyin buxarlanma səbəbindən böyük itkisinə gətirib çıxarır. Bu cür torpaqlarda
tez-tez nəmlənmənin iki kəskin həddi – izafi nəmlik və nəmlik qıtlığı müşahidə 
edilir. İzafi nəmlik zamanı boşluqlar su ilə dolduğundan hava kənarlaşdırılmış olur. 
Bu cür şəraitdə denitrifikasiya nəticəsində azotun itirilməsi ilə müşahidə edilən 
anaerob proseslər inkişaf edir. Anaerob şərait bitkilər üçün zərərli hesab olunan 
dəmir və manqanın iki valentli formalarının yaranmasına, biryarım oksidlərin 
mütəhərrik qeyri-silikat formalarının toplanmasına və fosforun çətin həllolan 
formada torpaqda bərkiməsinə gətirib çıxarır ki, bu cür şərait də qeyri-əlverişli qida 
rejimi yaradır. Nəmliyin çatışmadığı şəraitdə struktursuz torpaqda kifayət qədər hava 
olsa da, bitki su qıtlığından əziyyət çəkir. Aqronomik baxımdan dəyərli struktur 
torpağa yumşaq quruluş verməklə toxumun yetişməsini və bitkinin kök sisteminin 



yayılmasını asanlaşdırır. Bu cür struktur həmçinin, torpağın becərilməsinə sərf 
olunan enerji sərfini də aşağı salır.
Struktursuz torpaqların çox sıx quruluşu və yüksək rabitəliyi torpağın 
becərilmə zamanı xüsusi müqavimətini artırır və bitkilərin kök sisteminin inkişafına 
mane olur. Yuxarıda qeyd edildiyi kimi, strukturlu torpaq suyu yaxşı udur və səth 
axınlarını, o cümlədən torpağın eroziyasını kəskin şəkildə aşağı salır. Ölçüləri 1- 
2 mm arasında dəyişən struktur elementlər küləyin təsirinə qarşı daha davamlı olur.
Torpağın aqronomik xassələrinə məsaməli və suyadavamlı olması şərtilə torpağın 
mikrostrukturu da əlverişli təsir göstərir. Aqronomik baxımdan ölçüləri 0,25-0,05 və 
0,05-0,01 mm arasında dəyişən mikroaqreqatlar daha əlverişli hesab olunur. Orta 
toz ölçülərində (0,01-0,005 mm) olan mikroaqreqatlar torpağın su və hava 
keçiriciliyini pisləşdirir və torpağın subuxarlandırma qabiliyyətini yüksəldir. 
Struktur elementlərin optimal ölçüləri torpağın zonal xüsusiyyətləri və əkinçilik 
şəraiti ilə əlaqədardır. Belə ki, rütubətli zonalarda iri makroaqreqatlar torpağın yaxşı 
su və hava keçiriciliyini təmin edir. Quru zonalarda buxarlanmanın zəiflədilməsi 
daha çox əhəmiyyətlidir. Ona görə də burada kiçik ölçülü aqreqatlar çox əlverişli 
hesab olunur. Lakin nəzərə almaq lazımdır ki, ölçüləri 1-2 mm arasında dəyişən 
aqreqatların torpaq səthində miqdarı 50%-dən az olanda onun külək eroziyasına 
qarşı dayanıqlığı aşağı düşür.
Strukturun yaranması-Torpağın makrostrukturunun formalaşmasında iki əsas 
prosesi fərqləndirmək tələb olunur:
1) torpağın aqreqatlara mexaniki bölünməsi
2) davamlı, suda yuyulmayan hissələrin yaranması.
Göstərilən proseslər strukturəmələgəlmənin fiziki-mexaniki, fiziki-kimyəvi, kimyəvi 
və bioloji amillərinin təsiri altında baş verir. Fiziki-mexaniki (və fiziki ) amillər 
torpaq kütləsinin əsasən dəyişkən təzyiq və ya mexaniki təsir altında ovulub 
tökülməsi prosesini şərtləndirir. Bu amillərə torpağın quruluq və nəmliyin 
dəyişməsi, torpağın donması və dondan açılması, bitki köklərinin təzyiqi, yereşən 
heyvanların və şum alətlərinin təsiri altında həcmin ( və təzyiqin) dəyişməsi 
nəticəsində strukturlara parçalanması daxildir. Torpaqda suyun donması öncə iri 
məsamələrdə, təqribən 0
0
C temperaturda başlayır. Nazik kapilyarlardakı su bir 
qədər aşağı temperaturlarda donur. Donma zamanı su genişlənərək struktur 
elementlərin divarlarına təzyiq göstərir; bu zaman donmamış suyun olduğu sahə 
sıxlaşmaya məruz qalır ki, suyun bir hissəsi bir qədər iri kapilyarlara sıxışdırılır. 
Donmuş suyun əriməsi və suyun buxarlanması zamanı qeyri-bərabər sıxlaşma 
nəticəsində torpaq ən az müqavimət xətti boyunca ovulmaya məruz qalacaqdır. 
Donma torpağın yumşalmasına, aqreqatların yaranmasına yardım etsə də, onların 
suyadavamlılığını yaratmır. Donmanın torpağa yumşaldıcı təsiri onun optimal 
nəmlik (tam sututumundan 90 % çox olmamaq şərtilə) şəraitində özünü göstərir. 
Quru torpağın donması onun ovulmasına müsbət təsir göstərmir. Torpaq 
strukturunun yaranmasına torpağın kənd təsərrüfatı alətləri ilə becərilməsi daha 
böyük təsir göstərir: bu zaman struktur vahidlərin yaranması ilə yanaşı onların 
parçalanması da baş verir. Üzvi maddələrin kəmiyyət və keyfiyyətindən, torpağın 



qranulometrik tərkibindən, tətbiq edilən alətlərin xarakterindən, becərilən zaman 
torpağın nəmliyindən və başqa şəraitlərdən asılı olaraq struktur yaradan və ya 
struktur dağıdan proseslər biri o birini üstələyə bilər. Torpağın fiziki yetişkənlik 
halında becərilməsi strukturəmələgəlməyə müsbət təsir göstərir və ya əksinə 
torpağın quru vəziyyətdə şumlanması onu toz halına, izafi nəmlik halında 
şumlanması isə səthində kəltənlərin yaranmasına gətirib çıxarır. Qeyd etmək 
lazımdır ki, yalnız mexaniki becərilmə vasitəsilə torpağın suyadavamlı strukturunu 
yaratmaq mümkün deyildir.
Strukturəmələgəlmədə əhəmiyyətli rol fiziki-kimyəvi amillərə - torpaq 
kolloidlərinin 
koaqulyasiya 
və 
sementləşdirici 
təsirlərinə 
məxsusdur.
Suyadavamlılıq mexaniki elementlərin və mikroaqreqatların kolloid maddələr (üzvi 
və mineral) vasitəsilə bir-birinə yapışması nəticəsində əldə edilir. Lakin kolloidlər 
vasitəsilə bir-birinə bərkidilmiş hissələrin suyun təsirindən ayrılmamasından ötrü, 
kolloidlər dönməz koaqulyasiya olunmalıdırlar. Torpaqlarda bu cür koaqulyasiya 
rolunda iki və üç valentli Ca2+, Mg2+, Fe3+,Al3+ kationları çıxış edir.
Beləliklə, torpaq kolloidləri iki və üç valentli kationlarla doyur, onlar da öz 
növbəsində suyun yuya bilmədiyi davamlı struktur elementlər yaradır. Lakin bir 
valentli kationların, məsələn, Na+ mövcudluğu şəraitində dönməz koaqulyasiya baş 
vermir və davamlı struktur yaranmır. Torpaqda bərk bağlayıcı kimi üzvi kolloidlər, 
ilk növbədə kalsium humatları çıxış edir. Bununla belə, suyadavamlı aqreqatların 
yaranmasında mineral kolloidlərin iştirakı daha böyükdür. Lakin humus 
maddələrinin iştirakı olmadan, yalnız mineral kolloidlərin iştirakı ilə yaranan torpaq 
aqreqatları suyadavamlılıq xassəsinə malik deyillər.
Torpağın strukturunun itirilməsi və bərpası-Torpağın strukturu dinamikdir. O, 
müxtəlif amillərin təsiri altında parçalanır və bərpa olunur. Bu prosesin idarə 
edilməsi torpağı lazımi struktur vəziyyətdə saxlamağa imkan verir. Strukturun 
itirlməsinin səbəbləri aşağıdakılardır: mexaniki dağılma, fiziki-kimyəvi və bioloji 
dağılma. Strukturun mexaniki dağılması torpağın becərilməsinin, səthində 
maşınların, insan və heyvanların hərəkəti, yağış damcılarıının zərbələri altında baş 
verir. Torpaq strukturunun mexaniki dağılmasının qarşısını almağın ən əhəmiyyətli 
yollarından biri – torpağın nəm şəkildə şumlanması, becərilmənin minimum həddə 
aparılmasıdır. Strukturun itirilməsinin fiziki-kimyəvi səbəbləri torpaq uducu 
kompleksində iki valentli kationların ( 100 kalsium və maqnezium) bir valentli
(natrium və ammonium) kationlarla mübadilə reaksiyasıdır. Bu zaman 
qranulometrik elementləri aqreqatlarda bir-birinə bərkitmiş kolloidlər (əsasən humus 
maddəsi) nəmliyin təsiri altında peptitləşir və struktur elementlər parçalanır. Ona 
görə də torpaqların kimyəvi meliorasiyası (əhəngləşdirmə, gipsləndirmə və s.) TUK-
ni mübadilə olunan kalsiumla zənginləşdirməklə torpağın strukturunun 
yaxşılaşmasına səbəb olur.
Torpağın strukturunun itirilməsinin bioloji səbəbləri ilk növbədə strukturun 
yaranmasında əsas yapışdırıcı vasitə kimi iştirak edən torpaq humusunun 
minerallaşması ilə əlaqədardır. Torpaqlardan kənd təsərrüfatı istifadəsi zamanı 
strukturun bərpası və qorunması aqrotexnuki vasitələrlə həyata keçirilir. Torpağın 



strukturluğunun yaxşılaşdırılması süni strukturəmələgətiricilər vasitəsilə də 
mümkündür.
Torpağın strukturlaşdırılmasının aqrotexniki metodlarına aşağıdakılar daxildir: 
çoxillik otların əkilməsi, torpağın nəm halında şumlanması, turş torpaqların
əhəngləşdirilməsi, şorakətlərin və şorakətvari torpaqların gipsləndirilməsi, torpağa 
üzvi və mineral gübrələrin verilməsi. Davamlı struktur həm çoxillik otların, həm də 
birillik kənd təsərrrüfatı bitkilərinin təsiri altında bərpa olunur. Buğda, günəbaxan, 
qarğıdalı güclü kök sistemi yaratmaqla torpağa kifayət qədər güclü 
strukturəmələgətirən amil kimi təsir göstərir. Zəif kök sistemi olan kətan, kartof və
kələm torpağa zəif strukturəmələgətirici kimi təsir göstərir. Yüksək məhsuldarlıq
şəraitində çoxillik ot bitkiləri (xüsusən də paxlalı-taxıllı otqarışığı və paxlalılar) 
torpağı birillik kənd təsərrüfatı bitkiləri ilə müqayisədə daha çox strukturlaşdırır. Bu 
onunla izah olunur ki, çoxillik ot bitkiləri güclü və geniş şəbəkələnmiş kök sistemi 
yaradırlar. Onların kök və yarpaq-gövdə qalıqlarının (əkin qatında 14-18 t/ha) 
tərkibində xeyli miqdarda zülal, karbohidrat və başqa birləşmələr vardır ki, 
mikroorqanizmlərin fəaliyyətinə və humus maddələrinin əmələ gəlməsinə əlverişli 
təsir göstərir. Torpağın sturkturlaşmasına üzvi gübrələr - peyin, torf kompostu, 
sideratlar böyük təsir göstərir. Mineral gübrələr də həmçinin torpağın strukturunu 
yaxşılaşdırır. Onun tətbiqi ilə bitkilərin kök sistemi daha güclü və geniş şəbəkə 
yaradaraq strukturəmələgəlməni sürətləndirir. Torpağın süni strukturlaşdırılması 
üzvi tərkibli strukturəmələgətirən maddələrin – polimerlərin, sopolimerlərin tətbiqi 
ilə həyata keçirilir. 

Yüklə 148,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə