40
fərdiyyət kimi şəxsiyyət həmişə müxtəlif, rəngarəng amillərin qarşılıqlı təsir və sintezinin konkret
yekunudur. Şəxsiyyət özü insanın sosial-mədəni təcrübəsini toplaya bilməsi dərəcəsi ilə bir o qədər
daşıyır və öz növbəsində insanın inkişafına fərdi töhfəsini verir” [2, 234].
Dəyişən, yenilənən dünyada insan xarakterində sabit qalan, bərkiyib möhkəmlənən və əriyib
itən cəhətlər olur. Milliliyi, əxlaqi-mənəvi dəyərləri qoruyub saxlayan insanlar az olur. Az olsa da,
milyon illərdir ki, cəmiyyət belə insanların sayəsində nəsildən-nəslə ötürülür, yaşayır.
Arsen Samançin şəhərdən ayrılıb kəndə gedəndə onu nələrin gözləyəcəyini bilsəydi... Kəndə
qayıdandan sonra beşinci gün qeyd dəftərinə “Sirli qapılar” və ya “Məhkumluq düsturu” yazmışdı.
Qəflətən otağa doluşan və tavanda çırpınan qaranquşlar da sanki bunu xəbərdarlıq edirdilər. “Arsen
Samançinin qələmindən çıxan gələcəyin əlaməti idi” [1, 93].
Ərəb milyonçularına tərcüməçilik etmək məqsədi ilə kəndə gələn Arsenin Eleslə görüşü onu
yenidən həyata bağlayır və daha çox bu qadında özünü tapmış olur. Sanki hər ikisi bir-biri üçün
yaranmış, bu zamana qədər bir-birini axtarırmışlar. Eleslə Arsenin “Əbədi gəlin” əfsanəsi haqda
fikirləri bir-birini tamamlayır. Hər ikisi əfsanədən danışdıqca olmuşları yaşayır və özlərini
hadisələrin içində hiss edirlər. “Bax Arsen, bu dağlar mənim məhəbbətimi gözləyirmiş, mən də ona
görə tez-tez buralara gəlirmişəm. Mən də gözləyirdim: amma belə olacağını heç düşünməzdim...”
[1, 153]. Elesin gitarada ifa etməsi, “Əbədi gəlin”i xatırlamaları da ustalıqla qələmə alınıb: “Əbədi
gəlin onların xoşbəxtliyini qəlbi ilə hiss edərək bir dağdan digərinə uçub onlara doğru gəlir, Elesin
gitaranın müşayiəti ilə oxuduğu mahnını duyur, dağın zirvəsində dayanaraq dinləyir: “Mən də bunu
arzulayırdım. Hardasan, hardasan mənim ovcum? Səni nə zaman tapacağam”, - deyərək ağlayırdı
[1, 155].
“Əbədi gəlin” əfsanəsi qırğızlar arasında geniş yayılmış mifoloji mətnlərdən biridir. Hər bir
əsərində olduğu kimi, bu romanda da Ç.Aytmatov yenə də qırğız xalqının tarixinə, əfsanəsinə
müraciət etməklə öz prinsipinə sadiq qalmış, keçmişlə bu günü vəhdətdə qələmə almşdır. Bu əfsanə
müxtəlif formalarda bir çox xalqların folklorunda var. Müəllif bu əfsanəni də təsvir edərkən
özünəməxsus formada bir eşq hekayəsi yaratmışdır. Ç.Aytmatov özü əfsanə haqqında bunları
demişdir: “Əbədi gəlinə gəlincə bu mənim əfsanəm. Əbədi gəlin motivi müxtəlif xalqların
ədəbiyyatında fərqli formalardadır. Amma heç biri mənim əsərimdəki kimi deyil. Əbədi gəlin sırf
mifoloji qəhrəmandır. 200-300 il keçməsinə baxmayaraq, iftira atılmış qız hələ də dağlarda dolaşır
və sevgilisinin həsrəti ilə yanır. Ona olan sədqətini anlatmağa və sübut etməyə çalışır. Bu əfsanənin
əsas məğzini göstərən dəyər var. Sevgi – insanın sahib olduğu ən uca dəyər...” (“Əbədi gəlin” üz
qabığı) Arsen əvvəl şəhərdə sevdiyi Aydanaya bu əfsanəni danışır və opera səhnəsində onun “Əbədi
gəlin” operasında çıxış etməsini arzulayır. Lakin Aydana bu dağlardan uzaqda şəhərdə böyüdüyünə
görə Arsenin hissini, duyğusunu anlaya bilməzdi. Ona görə hər dəfə bu əfsanədən, gələcək
operadan söz düşəndə bunları bir zarafat kimi qəbul edirdi. Lakin Eles bu dağlarda böyümüş,
uşaqlıqda əfsanəni eşitmişdir. Hətta yaz aylarında bu kənddə yaşayanlar əfsanədə olduğu kimi dağın
zirvəsində, tonqalın ətrafında toplaşar və ozan-akınlar da xalq üçün əfsanəni söyləyərlərmiş. O anda
hamı sanki bu hadisələrin iştirakçısı və şahidi olurmuş. Bu haqda Arsen Aydanaya deyir: “Mən
uşaq ikən bir neçə dəfə Əbədi gəlin üçün tonqal yandırma mərasimlərində olmuş və bunları ozan-
akınlarımızın dilindən eşitmişəm. Onları bu gecələrdə dastanı söyləyən zaman bir görsən! Hər biri
əbədi gəlin üçün başqa cür üzülür, onu çağırmaq üçün yardımçı ruhları dağlara göndərirlər. Ozan-
akınlar onlarla birgə kədərlənən dinləyicilərdən daha da ilham alır, gah dərin xəyallara dalır, gah da
xəyalən külək kimi çöllərdən keçərlər...” [1, 65]. Sözsüz ki, Eleslə Arsen bu əfsanə ilə yaşayır və
onu qəlbən duyurdular. Hətta Arsen ölüm anında da Əbədi gəlinin səsini eşitdi. “Ölərkən həyatının
son anlarında Əbədi gəlinin uzaqdan gələn səsini duydu: “Hardasan, hardasan, ovcum mənim?” O
da güclə pıçıldadı: “Əlvida, biz bir daha görüşməyəcəyik...” [1, 196]. Eyni hadisəni Eles də yaşadı.
Arsenin meyitini aparmaq üçün bacısı və bacısı əri ilə Molotaş mağarasına gələn Eles gecə tonqalın
ətrafında oturub olanları düşünəndə aydınca Əbədi gəlini eşidirdi: “Görəsən, elə bir gün olacaq ki,
uşağının əlindən tutub onun məzarını ziyarət edəcək? Dağlarda, çox uzaqlarda Əbədi gəlinin:
Çingiz Aytmatovun “Əbədi gəlin” romanında qloballaşan dünyada insanlığın faciəsi
41
“Hardasan, hardasan, ovçum mənim? Cavab ver!” çağırışlarını eşitdiyi vaxt, pıçıltıyla ona cavab
verdi: “Eşidirəm səni, eşidirəm, əbədi gəlin. İndi mən də sənin kimiyəm” [1, 200].
SSRİ dağıldıqdan sonra müstəqil dövlətlər bazar iqtisadiyyatına keçmiş və bu da bir sıra
problemlərə yol açmışdır. Müstəqilliyin ilk illərində Qırğızıstanda da işsizlik artır, insanlar
gündəlik tələbalarını ödəmək üçün çətinliklərlə üzləşirdilər. Bəziləri bu vəziyyətdə özünə yaxşı iş
qura bilmiş, varlanmış, məsələn, Arsenin əmisi Bektur ağa kimi, bəziləri isə işsiz-gücsüz qalmış,
daha tez varlanmaq üçün əyri yollar axtarırlar, məsələn, Taştanafqan kimi. Əslində, Arsen də daha
asan yolla xeyli pul əldə etmək istəyirdi. Çünki Ertaş Kurçalı (Aydananı onun əlindən alan)
öldürmək üçün ona silah lazım idi. Silahı almaq üçün isə o qədər pulu yox idi. Ov üçün ərəb
ölkələrindən gələnlərə tərcüməçilik etsəydi qazanacağı pullar buna yetərdi. Əvvəlcə bu fikirlər
tərcüməçilik etməyə razılaşan Arsen nə biləydi ki, hər şey əksinə olacaq?
Qloballaşma, onun ortaya çıxardığı problemləri qələmə alan Ç.Aytmatov bu vəziyyətdən çox
narahat olur, öz etiraz səsini əsərdə obrazların dilindən Aytmatovsayağı bildirir.
Bektur ağa, Ertaş Kurçal əsil zəmanə adamlarıdır. Bazar iqtisadiyyatının tələblərinə uyğun
olaraq özlərinə biznes yaratmış və bundan məmnundurlar. Taştanafqan isə birdən varlanmaq üçün
cinayət etməyə də hazırdır. Arsen əhatəsində olan Ertaş, Taştanafqan kimilərini görür və mənəvi
əzab çəkir. Düzdür, Ertaş pulu, səlahiyyəti ilə Arsenə qalib gəlmiş, Aydananaı onun əlindən
almışdır. Arsen heç cür onu dəyişə və doğru yola gətirə bilməzdi. Lakin Taştanafqanı fikirlərindən
daşındırmaq istəsə də, buna nail ola bilmədi. Dünyada xalqının biabır olmasına heç cür
razılaşmayan Arsen bu yolda özünü qurban verdi. Qar parslarının ovu heç onun ürəyincə deyildi.
Uzun əsrlər Üzəngili dağlarda məskən salan, buranın əbədi sakini olan qar parslarının xaricilər
tərəfindən ovlanmasına razı olmaq, mənəvi dəyərlərini unutmaq və mənəviyyatına düşmən
kəsilmək demək idi. Hətta Eles də buna qarşı idi. Arsenlə söhbətində demişdi ki, ov üçün gələn
milyonçu ərəb şeyxlərinin qarşısına “Parslarımıza toxunmayın!” plakatı ilə çıxacaq. Arsen özü də
bu ovun baş tutmasını xalqına təhqir kimi qəbul etsə də, nəsə etməkdə çarəsizdi. Axi o hansı
səlahiyyətə malik idi ki, bunun qarşısını alsın. Bundan dəhşətlisi isə həmyerlilərinin milyonçu ərəb
şeyxlərini girov götürüb əvəzində pul istəməsi idi. O, buna heç cür razı ola bilməzdi. Amma baş
verən burulğanın qarşısını necə ala bilərdi? Bu yolda acizliyini duyur və daha çox əzab çəkirdi.
Həmkəndlilərinin planlarını açıb əmisinə demək də işə yaramayacaqdı. Odur ki, özü çıxış yolu
tapmalıydı. Yenə də fəlakətlər qarşısında tək qalan obraz. Avdi kimi (“Qiyamət”), Robert Bork
kimi (“Kassandranın damğası”) Arsen də özünü qurban verməklə insanlığı düz yola, həqiqətə
çağırırdı.
Sonda Arsenlə birlikdə bu dağların əbədi sakini qocalmış Jaarbasın ölümü elə dağların
yıxılmağı deməkdir. Hər iki canlının son dəqiqələri birlikdə Molotaş mağarasında can vermələrini
müəllif belə təsvir edir: “Amma təsadüf idi, ya taleyin yazısı idi. Can verən iki canlı: insan və vəhşi
heyvan. Hər ikisi də bu dünyadan yolunu eyni şəkildə başa vururdu. Onları yaralayan silahların
təsadüfənmi, ya da nişan alınaraq satıldığını, güllənin nə üçün və kim tərəfindən atıldığını kim
araşdıracaqdı ki? İndi, əbədiyyətə qovuşduqları vaxt bunların heç bir önəmi yox idi” [1, 194].
Arsenin sön sözləri isə bu oldu: “Budur, sonunda görüşdük...” [1, 194].
Elmi yeniliyi. Məqalədə “Əbədi gəlin” romanıında qloballaşan dünyada insanlığın faciəsi
təhlil predmeti kimi götürülmüşdür.
Tətbiqi əhəmiyyəti. Məqalə tədqiqatçılar və tələbələr üçün önəmli mənbə hesab oluna bilər.
ƏDƏBİYYAT
1.
Aytmatov Ç. Ebedi gelin. Elips kitap. Haziran, 2012, 239 s.
2.
Şükürov A. Fəlsəfə. Bakı: Elm, 1997, s.381.
3.
www.aytmatov.org/tr/dağlar-devrildiginzeman-ga-tanıtım.
Aliyeva A.A.