NEYLƏYİM?
Zaman, məni baharımdan ayırıb,
Payızıma çatdırmısan neyləyim?
Əzrayıltək qılıncını sıyırıb,
Başım üstə qaldırmısan neyləyim?
Dünya məni barmağına dolayıb,
İllər şuxluğumu çapıb-talayıb,
Dərdlərimi tonqal kimi qalayıb,
Ürəyimdə yandırmısan neyləyim?
Bəxtim seçilməyir qara kömürdən,
Kaş ki, yaranaydım daşdan-dəmirdən,
Üzmüsən əlimi xoşbəxt ömürdən,
Zindanlara saldırmısan neyləyim?
Viranə qoymusan taxtı-tacımı,
Seçəmmirəm şirinimi-acımı,
Vaxtsız ağartdığın siyah saçımı,
Küləklərə yoldurmusan neyləyim?
Aqillərə, qananlara qul oldum,
Vətən yollarında bitən gül oldum,
Qarabağ dərdindən yandım kül oldum,
Zəfər marşı çaldırmırsan neyləyim?
KƏNDİMƏ
Bu yay gələmmədim isti qoynuna,
Bəlkə ona görə soyuyur təbim.
Qol sala bilmədim doğma boynuna,
Bəlkə ona görə oyulur qəlbim.
Arxların üstündən yarpız biçmədim,
Meh olub çölündən səssiz keçmədim,
Səmadan bəxtimə ulduz seçmədim,
Bəlkə ona görə uyuyur bəxtim.
Nazını çəkmədim xəstə atamın,
Qəlbim öz dilində səslər anamı,
Qoy çalsın bir həzin səslə laylamı,
Bəlkə rahat ola, uyuya qəlbim.
Dözməyib qəlb yaxan bu həsrətinə,
Çıxacam taleyin, bəxtin əksinə,
Bir bahar axşamı doğma köksünə,
Əlvan əklil kimi qoyular qəbrim.
BİLƏRSƏN
Gəzdikcə yurdumu mən qarış-qarış,
Ağlım ürəyimə deyir yan, alış.
Ruhunla, cisminlə torpağa qarış,
Bir gün bir çiçəyə dönüb gələrsən.
Dağların döşünə yayıla bilsən,
Zirvəyə ucalıb, dərədə itsən,
Qoca palıd olub meşədə bitsən,
Məğrur qartal kimi uçub gələrsən.
Əgər yola dönsən el yaylağına,
Körpü ola bilsən aran, dağına,
Dağların dumandan ağ yaylığına,
Bürünüb cənnətə köçə bilərsən.
“RUHANİ” ÇAL
Yenə ruhum can evimə sığmayır,
Yaralı qəlbimi qəmlər oxlayır
İçimdə bir həsrət yaman ağlayır,
Qadan alım, “Ruhani” çal, “Ruhani”.
Çal “Ruhani” yaralarım bağlasın,
Yaşa dönüb gözlərimdə çağlasın,
Dərdimin sinəsin deşib dağlasın.
Qadan alım, “Ruhani” çal, “Ruhani”.
Sazında yanıqlı tel olum aşıq,
Kədərdən ağlayan dil olum aşıq,
Bu səsin sehrinə qul olum aşıq,
Qadan alım, “Ruhani” çal, “Ruhani”.
Təpədən dırnağa oyala məni,
Gəl uçurt bu yaldan, o yala məni,
Dağların döşünə yayala məni,
Qadan alım, “Ruhani” çal, “Ruhani”.
Xəyalım Laçını, Şuşanı gəzsin,
Ruhumun sevdiyi guşəni gəzsin,
Qayadan uçulan daş məni əzsin,
Qadan alım, “Ruhani” çal, “Ruhani”.
Qoyma qaysaq tuta dərd təzələnsin,
Həsrətin qışına bir yaz ələnsin,
Qəmdən sərxoş olan qəlb məzələnsin,
Qadan alım, “Ruhani” çal, “Ruhani”.
GEDƏ BİLMƏDİM DAĞLARA
Dərdim yaman qövr eyləyir,
Fələk yenə cövr eyləyir,
Dağlar gendən əl eyləyir,
Gedə bilmədim dağlara.
Gəl dərmanın məndə deyir,
Çiçəkli sinəmdə deyir.
Göy otlu çəmən də deyir,
Gedə bilmirəm dağlara.
Yağılar içdi bulağın,
Sorağındadır qulağım,
Tutdular yolun-yolağın,
Gedə bilmədim dağlara.
Çaylar qəzəbindən daşdı,
Şəlalələr dağdan aşdı,
Meşələrin gözü yaşdı,
Gedə bilmirəm dağlara.
Bu dərd seli hardan gəldi,
Göydən gəldi, yerdən gəldi,
Məni bu dünyadan sildi,
Gedə bilmədim dağlara.
YUXUMA GƏLMİŞDİ DAĞLAR BU AXŞAM
Göz yaşımdan dağlar yenə nəm çəkdi,
Zirvədə qartallar yaman qıy çəkdi,
Niskilli bulaqlar şəklimi çəkdi,
Yuxuma gəlmişdi dağlar bu axşam.
Gülü üzülübdü gəlin Şuşamın,
Qanı süzülürdü dağı-daşının,
Onsuz nə önəmi var bu yaşamın,
Həsrət qılıncıyla paralanmışam.
Laçının yolların yağı tutubdu,
Qubadlı qəm içib, dərdli yatıbdı,
Ağdamın hayına bəs kim çatıbdı,
Bu sual önündə donub qalmışam.
Xocalım ağlardır ovuna bilmir,
Kəlbəcər lal olub, ta dinə bilmir,
İllərdir elləri yaylağa gəlmir,
Bu dərdə dözürəm deməli daşam.
Üzümə baxmadı Füzuli babam,
Necə də küskündü Zəngilan obam,
Bu doğma yurdlara elə bil yadam,
Bu dərd ocağında qarsalanmışam.
Xankəndi olubdu dığa meydanı,
Cəbrayıl qəm olub göylərdən damır,
Külli Qarabağım od tutub yanır,
Yuxuma gəlmişdi yurdlar bu axşam.
Deyirdi elimçün çox darıxmışam
ALLAH MƏNİ QUŞA DÖNDƏR
Allah məni quşa döndər,
Qonum zirvələr qaşına.
Dağ sanballı daşa döndər,
Düşüm düşmənlər başına.
Allah məni yola döndər,
Çatdırım yurda elləri.
Bir incəcik gülə döndər,
Dərsin məni yar əlləri.
Allah məni çölə döndər,
Sinəmdə güllər bitirim.
Bir qurumaz gölə döndər,
Ellərə sevinc gətirim.
Allah məni oda döndər,
Kül eyləyim yamanları.
Acı həqiqətə döndər,
Udum şirin yalanları.
Allah məni dərdə döndər,
Hamının yükün daşıyan.
Bir sevimli yurda döndər,
Qoynunda ellər yaşıyan.
Dostları ilə paylaş: |