8.8.2. Ümumi təhsil
Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri
bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə
hazırlanmasını təmin edir. Ümumi təhsil təhsilalanların fiziki və intellektual
inkişafına, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil
dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi də-
yərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit
qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır. Ümumi
təhsil müvafiq təhsil proqramları əsasında həyata keçirilir. Azərbaycan
Respublikasında ümumi təhsil, ibtidai təhsil, ümumi orta təhsil və tam orta
təhsildən ibarətdir. Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən
digər səviyyəsinə keçid qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunur.
Ümumi təhsil ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil
müəssisələrində, gimnaziyalarda, liseylərdə, ilk peşə-ixtisas və orta ixtisas təhsili
müəssisələrində, habelə ali təhsil müəssisələrinin tabeliyində yaradılan
məktəblərdə həyata keçirilir. Ümumi təhsil sistemində təhsilalanların fiziki
inkişafını təmin etmək və müxtəlif yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək
məqsədi ilə məktəbdənkənar təhsil proqramları tətbiq olunur.
İbtidai təhsilin məqsədi təhsilalanlara oxumaq, yazmaq və hesablama
bacarıqları aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati
biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər xüsusiyyətlər
formalaşdırmaqdan ibarətdir. İbtidai təhsil müvafiq təhsil proqramına əsasən
həyata keçirilir. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Va-
lideynlərin və uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi
istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha
erkən yaşda qəbul edə bilər.
Ümumi orta təhsilin məqsədi təhsil alanların şifahi nitq və yazı mə-
dəniyyətinin, ünsiyyət bacarığının, idrak fəallığının və məntiqi təfəkkürünün
inkişafını, təhsil proqramına daxil olan fənlər üzrə və eləcə də dünya
svilizasiyasının
inkişafı
haqqında
müvafiq
bilik
və
təsəvvürlərinin
formalaşdırılmasını, müasir informasiya- kommunikasiya vasitələrindən istifadə
etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət
istiqamətlərini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir. Azər-
baycan Respublikasında ümumi orta təhsil icbaridir və müvafiq təhsil proqramına
əsasən həyata keçirilir.
Ümumi orta təhsil səviyyəsində yekun qiymətləndirmə aparılır və təhsili başa
vuran təhsil alanlara müvafiq dövlət sənədi verilir. Ümumi orta təhsil haqqında
sənəd təhsilin növbəti pillədə və səviyyədə davam etdirilməsi üçün əsas sayılır.
Tam orta təhsil səviyyəsində təhsil alanların istedad və qabiliyyətinin
reallaşdırılması, müstəqil həyata və peşə seçiminə hazırlanması, fəal vətəndaş
mövqeyinin, milli və ümumbəşəri dəyərlərə, insan hüquqlarına və azadlıqlarına
hörmət hissinin və tolerantlığın formalaşdırılması, müasir informasiya-
kommunikasiya texnologiyalarından və digər texniki vasitələrdən sərbəst istifadə
etməsi, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, xarici dillərdən birində, yaxud bir
neçəsində ünsiyyət saxlaması və s. təmin olunur. Tam orta təhsil ümumi təhsilin
hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə
tutur. Tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsi (humanitar, texniki,
təbiət və digər) təmin olunur. Dövlət təhsil müəssisələrində tam orta təhsil
pulsuzdur. Attestasiyanın nəticələrinə görə məzunlara müvafiq qaydada dövlət nü-
munəli sənəd-attestat verilir.
Ümumiliyi, vahidliyi, əmək istiqamətli olması, politexnik xarakter
daşıması, milli mədəniyyətə istinad etməsi, fərdi qabiliyyətləri nəzərə alması
ümumi orta təhsilin başlıca xüsusiyyətlərindəndir. Milliyyətindən, dilindən,
mənşəyindən, dinindən asılı olmayaraq hər bir oğlanın, hər bir qızın öyrənməli
olduğu zəruri biliklərin, bacarıq və vərdişlərin, davranış qaydalarının məcmusu
ümumi təhsilin məzmununu təşkil edir. Ümumi təhsil imkan verir ki, gələcək
peşəsindən, ixtisasından asılı olmayaraq hamının şəxsiyyəti normal inkişaf edə
bilsin. Ümumi təhsil cəmiyyətdə adamların bərabər mövqe tutmalarına şərait
yaradır.
Təhsil səviyyələri müxtəlif olan şəxslər, adətən, cəmiyyətdə başqa-başqa
mövqe tuturlar. Ümumi orta təhsili olan şəxs xalq təsərrüfatının bir sahəsindən
digər sahəsinə sərbəst keçməyə və orada fəaliyyət göstərməyə imkan qazanır.
Ümumi orta təhsil mənəvi və əxlaqi inkişafın, fiziki və estetik kamilləşməyin
bünövrəsidir. Bu əsasda hər bir şəxs öz qabiliyyətlərini maksimum inkişaf etdirə
bilər. Təhsilin ümumiliyi və vahidliyi bir-birindən ayrılmazdır. Ümumi orta
təhsilin vahidliyi əsasən onun məzmununda ifadə olunur. Ümumi orta təhsilin
politexnik istiqaməti iki cəhətdən səciyyələnir: politexnik biliklər və politexnik
bacarıqlar. Ümumiyyətlə, şagirdlər üçün ümumi olan, əmək və politexnik
səciyyə daşıyan, milli mədəniyyətə istinad edən və şagirdlərin fərdi
xüsusiyyətlərini nəzərə alan təhsil ümumi orta təhsil hesab edilir. Ölkəmizdə
orta ümumi təhsilin bu cəhətləri yüksək dəyərləndirildiyindən onun icbariliyi qəbul
olunmuşdur.
8.8.3. İlk peşə-ixtisas təhsili
İlk peşə-ixtisas təhsili - əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta
təhsil və tam orta təhsil bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə ixtisaslı
işçi kadrların hazırlanmasını təmin edir. İlk peşə-ixtisas təhsili mülkiyyət
formasından asılı olmayaraq peşə-ixtisas təhsili müəssisələrində və təhsil fəaliyyəti
üçün xüsusi razılığı (lisenziyası) olan ayrı-ayrı təşkilatların, müəssisələrin, əmək
birjalarının, məşğulluq idarələrinin və digər müvafiq qurumların təhsil
strukturlarında həyata keçirilir və məzunlara müvafiq istiqamətlər üzrə ilk peşə
dərəcələrinin verilməsi ilə başa çatır. İlk peşə-ixtisas təhsili müvafiq təhsil
proqramları əsasında təşkil olunur. İlk peşə-ixtisas təhsili müəssisələrinə ümumi
orta təhsil bazasında qəbul olunanlar peşə ixtisası ilə yanaşı, tam orta təhsil almaq
hüququna malikdirlər.
8.8.4. Orta ixtisas təhsili