278
Təcrübə göstərir ki,
valideynlərlə aparılan fərdi iş şagirdləri tərbiyələndirməkdə, onlarda təbii
hərəkət keyfiyyətləri və gigiyenik vərdişlər aşılamaqda müəllimə kömək göstərən ən yaxşı vasitələrdən
biridir. Fərdi iş zamanı müəllimin uşaqların fiziki inkişafında, fiziki hazırlığında və səhhətində olan
qüsurların qarşısını almaqdan ötrü müəyyən tədbir görür. Təcrübədən aydın olur ki, müəllim şagirdlərlə
fərdi işi iki formada şagirdlərin evinə getmək və ailə başçısını məktəbə dəvət etmək formasında aparır.
Müəllim ata-ana ilə söhbət edərkən uşağın nöqsanını, yaxşı cəhətlərini pedaqoji ustalıqla onlara
çatdırmalıdır. Söhbət elə təşkil olunmalıdır ki, valideyn deyilən nöqsanlardan düzgün nəticə çıxarsın, öz
uşağının tərbiyəsində məsuliyyət daşıdığını dərk etsin və bu işi özlərinə borc bilsinlər. Uşağın
qüsuru ilə
əlaqədar, valideynlə müəllim arasında gedən söhbətdə onların iştirakı məsləhət deyildir. Bir sıra
məktəblərdə fərdi iş əlaqə formasında istifadə olunarkən müəllimlər ciddi nöqsanlara yol verirlər. Onlar
valideyni uşağın yanında danlamaqla, həm də təhqiredici sözlər işlədirlər. Bəzən bir uşağın qüsuru ilə
əlaqədar olan söhbəti digər valideyn və uşaqlar da eşidirlər. Bu nəticə etibarı ilə söz-söhbətə səbəb
olmaqla yanaşı, qüsuru olan uşağa və onun valideyninə pis təsir göstərir. Bəzən buna görə də valideynlər
müəllimin çağırışına gəlmir, məktəblə sıx əlaqəni kəsirlər. Belə vəziyyətin yaranmaması üçün müəllim
aparacaq söhbətə qabaqcadan hazırlaşmalı, valideynə məsələni necə çatdıracağı haqqında düşünməlidir.
Buna aid məktəb təcrübəsindən bir misal çəkək.
Sinif müəllimlərindən biri onun sinfində oxuyan şagird B.-də bədəncə qüsur olduğunu görür, o, hiss
edir ki, həmin uşaq sağ çiynini sol çiyinə nisbətən yuxarı tutur. Qamətini düzgün saxlamır. O, bədən
tərbiyəsi müəllimi və həkimlə bu barədə məsləhətləşir. Onurğa əyriliklərinin qarşısını almaqla əlaqədar
tibbi-pedaqoji kitablar oxuyur. Bundan sonra uşağın valideynlərini məktəbə çağırtdırır. O, uşaq
orqanizminin fiziki inkişafı, anatomik-fizioloji xüsusiyyətləri, fiziki hərəkətlərin sağlamlıq üçün
əhəmiyyəti onun qamətinin inkişafında rolu və s. dair söhbət edir. Sonra uşağın fiziki inkişafda olan
qüsurundan və onun qarşısını almaq yollarından danışır. Eyni zamanda, müəllim qamətin düzgün inkişafı
üçün tərtib etdiyi kompleks hərəkətləri yazdırır,
düzgün oturmağa, düzgün yerişə dair valideynə məsləhət
verir. Göstərilənlərin uşaq tərəfindən müntəzəm olaraq yerinə yetirilməsinə ciddi surətdə nəzarət etməyi
ona tapşırır. Müəllimin valideynlə apardığı əlbir tədbirin nəticəsidir ki, B. düzgün yerişə yiyələnmiş, onun
qamətində olan qüsur isə tədricən aradan qaldırılmışdı.
Valideynlə məktəbin fərdi əlaqə saxlamasının ikinci yolu ailəyə getmək, ev şəraiti ilə tanış
olmaqdır. Qabaqcıl sinif müəllimləri tədris ilində bir neçə dəfə sinifdə oxuyan uşaqların evlərinə gedir və
ailə şəraiti ilə tanış olurlar. Müəllim ailə şəraiti ilə tanış olmaqla yanaşı, uşaqların
özünü evdə, həyətdə
necə aparması, gün rejiminə necə əməl olunmasını öyrənir. Bu sahədə valideynlərə lazımi kömək göstərir.
X.4.Uşaqların fiziki tərbiyəsində ictimaiyyətin rolu
Ölkəmizdə bədən tərbiyəsi və idman günbəgün inkişaf etdirilir. Onun əsası məktəbdə və ailədə
qoyulsa da, idarə və müəssisələrdə də bədən tərbiyəsi və idman geniş yayılır və kütləviləşdirilir.
Məktəbli gənclər arasında kütləvi bədən tərbiyəsi və sağlamlıq işinin hər şeydən əvvəl yaşayış
yerlərində inkişaf etdirilməsi olduqca vacibdir. Buna görə də idman qurğularının tikilməsi və hazırda əldə
olan qurğuların yeniləşdirilərək istifadə olunmasına diqqət artırılmışdır. Onların hansı idarəyə
mənsubiyyətindən asılı olmayaraq hər bir rayonda və mikrorayonda kütləvi bədən tərbiyəsi və sağlamlıq
işi canlandırılmış, mənzil haqda, mədəni-kütləvi və idman işi üçün ayrılan vəsaitdən istifadə olunması
qaydaya salınmışdır.
Respublikanın 25 rayonunda Olimpiya idman kompleksinin tikilib istifadəyə verilməsi, digərlərində
isə Olimpiya kompleksinin tikintisinə başlanması, Heydər Əliyev adına fondun hesabına onlarla
məktəblərin, məktəbyanı meydançaların, idman zallarının tikilməsi və bir çox şirkətlərin idmana
himayəçilik etməsi sayəsində ölkəmizdə bədən tərbiyəsi və idman daha sürətlə inkişaf etməyə başlamış və
daha çox məktəblini özünə cəlb etmişdir. Şəhər və kənd rayonlarımızda
yerli təşkilatlar və ictimai
qüvvələr bədən tərbiyəsi və idmanı yaxşılaşdırmaq üçün öz qüvvələrini səfərbər edir, əllərindən gələni
əsirgəmir. Nəticədə ictimai qüvvələrin və yerli təşkilatların yaxından köməyi sayəsində bu iş
məktəblərdə, məhəllələrdə və digər ictimai obyektlərdə daha da canlandırılmışdır.
İdman cəmiyyətləri və evlər idarələrində də kütləvi bədən tərbiyəsi işinin genişləndirilməsinə
kömək etməlidirlər. Yaxın illərdə şəhərlərdəki hər bir idarə nəzdində, hər bir kənddə şagirdlərlə kütləvi
idman işinin təşkilinə nail olmalı, kompleks idman meydançaları, idman şəhərcikləri və stadionları
279
abadlaşdırılmalıdır. Yaşayış yerlərində və bələdiyyə idarələrində uşaqlar və gənclərlə bədən
tərbiyəsi və
idman məşğələlərinin keçirilməsi diqqət mərkəzində olmalıdır.
İri müəssisə və idarələrin və ictimaiyyətin qüvvəsinə arxalanaraq respublikamızda da xeyli işlər
görülmüşdür. Xüsusən Azərbaycanın bir sıra rayon və şəhərlərində, habelə məktəblilərin gərgin əməyi
sayəsində idman şəhərcikləri, stadion və müvafiq meydançalar yaradılmışdır. Bəzi idman meydançaları
isə təmir edilib qaydaya salınmışdır. Bu sahədə Füzuli rayonu zəhmətkeşlərinin təşəbbüsü xüsusilə
faydalı olmuşdur. Bütün məktəblərdə kompleks idman meydançaları düzəltmişlər. VMH kompleksinə
hazırlıq və onun tələb və normalarının qəbulu üçün gözəl meydançalar düzəltmişlər. Füzulilərin təşəbbüsü
rayonlarda da geniş yayılmışdır. Hazırda Yevlax, Ağdam, Qazax və s. rayonlarda idman bazaları,
Olimpiya kompleksləri yaradılmışdır.
Bakının bir sıra şəhərlərində, mikrorayonlarda və digər yaşayış yerlərində təşkil
olunmuş valideyn
komitələri məktəblilərlə birlikdə kütləvi idman tədbirləri aparmaqda böyük təcrübə toplamışlar. İdman
tədbirlərinin həyata keçirilməsində ayrı-ayrı rayonların gənclər – idman və turizm idarələri yaxından
iştirak edirlər. Rayonların fəal və ictimaiyyətçi gəncləri, idmançılar MİS-lərə və bələdiyyə idarələrinə
idman bölmələrinin, yarışların, yürüş və ekskursiyaların təşkili və keçirilməsində kömək göstərirlər.
Bütün bunlar idmançı kadrların hazırlanmasında, onların idman fəaliyyətlərinin
genişləndirilməsində zəmin yaradır, əhalinin yaşadığı yerlərdə kütləvi bədən tərbiyəsi və idmanın
inkişafına kömək edir.
Bədən tərbiyəsi və idman tədbirləri, xüsusilə idman yarışları yalnız həyətlər arasında deyil,
məktəblər və həyətlər arasında, bir rayonun həyət komandaları ilə başqa bir rayonun həyət komandaları
arasında keçirilir. Yarışan komandaların hər birinin özünəməxsus forması və öz adı vardır.
Bu yarış qaliblərinə adətən, MİS-in evlər idarəsinin və rayonun fərqlənmə nişanı verilir. Qaliblərə
həm də bədən tərbiyəsi təşkilatlarının mükafatları təqdim olunur.
MİS-in evlər idarəsi yeni meydançaların düzəldilməsinə, köhnəsinin təmirinə valideynlərlə yanaşı,
uşaqları da cəlb etməlidir. Bəzi sadə qurğuları uşaqlar özləri də düzəldə bilərlər. Ümumiyyətlə, uşaqların
meydançaların
düzəldilməsinə cəlb edilməsi, sadə idman qurğularının hazırlanmasında iştirakı, onların
avadanlığa qayğısı münasibətinin bəslənməsinə səbəb olur. Əlbəttə, MİS-lərin və evlər idarəsi nəzdində
bədən tərbiyəsi və idman tədbirləri o zaman yaxşı nəticə verə bilər ki, bu təşkilatlar məktəblə sıx əlaqə
saxlaya bilsin, ondan lazımi kömək alsın.
Müşahidələr göstərir ki, bir çox valideynlər uşaqların, xüsusilə qızların məktəbin idman
tədbirlərində iştirak etməsinə icazə vermir, bu işə hər vəchlə mane olurlar. Elə buna görə də məktəb
müəllimləri, pedaqoji kollektivin üzvləri belə valideynlərlə iş aparmalıdır. Bədən tərbiyəsi və idmanın
sağlamlığın möhkəmləndirilməsində, bəzi xəstəliklərin qarşısının alınmasında əməyə və Vətənin
müdafiəsində əhəmiyyətini, zehni, estetik və əxlaq tərbiyəsində mühüm rolunu
onlara izah etməli və başa
salmalıdır. Yalnız bu zaman ailədə uşaqların fiziki tərbiyəsinin müasir tələblər səviyyəsinə çatmasından
danışmaq olar.
Beləliklə, bütün bunlardan belə nəticəyə gəlmək olar ki, dünyada qloballaşma getdiyi bir dövrdə
yeniyetmə və gənclərin sağlamlığını qorumaq və onu daha da möhkəmləndirmək günün vacib
tələblərindəndir. Bunu isə tam şəkildə həyata keçirmək məktəb, ailə, ictimai və özəl birliklərin birgə
fəaliyyətindən asılıdır.