51
Mövzu 7.
Gömrük rejimləri
7.1. Malların istifadəsini nəzərdə tutan rejimlər
Mal və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi bəyan
edilən gömrük rejiminin tələblərinə uyğun olaraq icra edilməlidir.
Gömrük rejimi - xarici iqtisadi əlaqələrin inkişafına dövlət təsirinin həyata keçirildiyi gömrük
tənzimlənməsi vasitələrinin kompleks şəkildə kömək edən xüsusi tədbirlər sistemi və metodlarının
məcmusudur. Deməli, gömrük rejimi gömrük məqsədləri üçün gömrük sərhədindən keçirilən mal və
nəqliyyat vasitələrinin statusunu təyin edən qaydaların məcmusudur.
Gömrük rejimi gömrük qanunvericiliyinin əsas kateqoriyalarından biridir və aşağıdakıları müəyyən
edir:
a) keçirilməsi məqsədindən asılı olmayaraq, malların konkret yerdəyişmə qaydasını;
b) gömrük ərazisində və ondan kənarda malların yerləşdirilməsi və onlardan istifadənin
mümkünlüyü şərtlərini;
c) gömrük qanunvericiliyinə görə mallardan istifadə və onların üzərində sərəncam vermək
səlahiyyəti olan şəxslərin (belə şəxslərə «benefisiar» deyirlər) hüquq və vəzifələrini;
ç) mal və nəqliyyat vasitələrinə və şəxslərin hüquqi statusuna tələbləri;
Gömrük Məcəlləsinə görə, gömrük tənzimlənməsi məqsədi ilə aşağıdakı 15 gömrük rejimi növü tətbiq
olunur;
1. sərbəst dövriyyə üçün buraxılış;
2. təkrar idxal;
3. tranzit;
4. gömrük anbarı;
5. rüsumsuz ticarət mağazası;
6. gömrük ərazisində emal;
7. gömrük nəzarəti altında emal;
8. müvəqqəti idxal (ixrac);
9. sərbəst gömrük zonası;
10. gömrük ərazisindən kənarda emal;
12. ixrac;
13. təkrar ixrac;
14. məhv etmə;
15. dövlətin xeyrinə maldan imtina.
Ümumi təsərrüfat fəaliyyətində gömrük rejimlərinin roluna və yerinə görə, şərti olaraq onları iki əsas
qrupa bölmək olar:
1. tənzimləmə üsulları və gömrük vasitələrinin tam həcmdə tətbiq edildiyi ümumi xarakterli
rejimlər;
2. tənzimlənmənin gömrük-hüquq normalarından daha çevik istifadə edilməsi ilə fərqlənən və bir
növ onların xarici iqtisadi fəaliyyət iştirakçılarının tələblərinə uyğunlaşdırılmasının nəticəsi kimi
səciyyələnən gömrük rejimləri.
Birinci qrupa daxil olan rejimlər iqtisadiyyat baxımından nisbətən müstəqil və bitmiş kommersiya
əməliyyatları kimi fəaliyyət göstərir (sərbəst dövriyyə üçün buraxılış, ixrac və təkrar ixrac).
İkinci qrupa daxil olan gömrük rejimləri (rüsumsuz ticarət mağazası,
sərbəst anbar, sərbəst gömrük
zonası, tranzit, gömrük anbarı və yerdə qalan digər gömrük rejimləri) lazımi iqtisadi mənfəət
müəyyənləşdirməklə malların yalnız ciddi müəyyən edilmiş məqsədlərlə istifadəsinə yol verir. Belə rejimlərin
tətbiqinə yalnız nəzərdə tutulmuş əməliyyatların keçirilməsinin iqtisadi əsasları olduqda icazə verilir. Beləliklə,
gömrük rejimlərinin tətbiqinə icazə verilməsi məqsədli və fərdiləşdirilmiş xarakter daşıyır.
Gömrük rejimlərinin istifadəsinin hüquqi mexanizmi gömrük orqanlarına obyektiv olaraq kifayət qədər
səlahiyyət verilməsini nəzərdə tutur. Bu ilk növbədə öz əksini gömrük orqanı tərəfindən konkret malın müəyyən
edilmiş gömrük rejimi altında yerləşdirilməsi barədə qərar verilməsində tapır. Yəni gömrük orqanı hər bir
konkret halda xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin ümumi konsepsiyası baxımından bu
əməliyyatın mümkünlüyü və məqsədəuyğunluğu nəzərə alınmaqla arzu edilən gömrük rejiminə icazə
verilməsinə və ya icazə verilməsindən imtina edilməsinə qərar verir.
İqtisadi
gömrük rejimləri, onların benifisiarlarına qabaqcadan müəyyən edilmiş, gömrük rüsum və
vergilərindən tam və ya qismən azad edilməsi (və ya əvvəl ödənilmişlərin qaytarılması), iqtisadi siyasət
tədbirlərinin tətbiqi (miqdar məhdudiyyətləri və XİF-in digər qeyri-tarif tənzimləmə vasitələri) kimi iqtisadi
güzəşt və üstünlüklər verir.
52
İqtisadi gömrük rejimlərini şərti olaraq 3 qrupda birləşdirmək olar:
1) bilavasitə ticarət məqsədi daşıyan rejimlər (gömrük anbarı, rüsumsuz ticarət mağazası);
2) sənaye məqsədli gömrük rejimlər (emal rejimləri);
3) beynəlxalq daşımalar məqsədi daşıyan rejimlər (tranzit).
İqtisadi gömrük rejimləri altında yerləşdirilən mallardan istifadənin məqsədləri və təyinatından asılı
olaraq, aşağıdakı qruplara ayırmaq olar:
a) malların istifadəsini nəzərdə tutan rejimlər (müvəqqəti idxal və ixrac) - bu rejimdə məhdud
nomenklaturalı mallar öz təyinatı üzrə istifadə edilə bilər, bu zaman müvəqqəti aparılan və ya gətirilən
malların istifadəsi onların işlənməsini və emalını istisna edir və təbii itgilərdən başqa malların mövcud
halının digər formalarda dəyişdirilməsinə gətirib çıxarmamalıdır.
b) anbarlaşma rejimləri (gömrük anbarı, sərbəst anbar) - bu rejimlərdə mallar istifadə edilmədən
(saxlanmanı təmin edir əməliyyatlardan - yenidən qablaşdırma, növlərə ayırma və s.), başqa gömrük
təyinatı alana qədər dəyişilməz halda saxlanılır;
c) emal rejimləri (gömrük ərazisində emal, gömrük nəzarəti altında emal, gömrük ərazisindən
kənarda emal) - bu rejimlərdə mallardan əvvəlcədən müəyyən edilmiş şərtlər və tələblər daxilində o,
malların mövcud halının tam və ya qismən dəyişdirilməsi məqsədilə işlənilməsi və emal edilməsi üçün
bəzi əməliyyatlardan istifadə oluna bilər.
Gömrük rejimlərinin belə təsnifatf ilk öncə gömrük tənzimlənmə mexanizmində və onların hüquqi
reqlamentləşdirilməsindəki müxtəlif aspektlərində - gömrük rejimlərinin seçilməsi və dəyişdirilməsi, gömrük
nəzarətinin və gömrük rəsmiləşdirilməsinin
xüsusiyyətləri, mallar və nəqliyyat vasitələrinin gömrük
sərhədindən keçirilmə yeri və vaxtı, gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrindən istifadə
edilməsi və onlar üzərində sərəncam verilməsi aspektlərində rolunun aydınlaşdırılması üçün təcrübi əhəmiyyət
daşıyır.
7.1.1. Müvəqqəti idxal (ixrac) rejimi
Müvəqqəti idxal (ixrac) rejimi elə tələblər müəyyən edir ki, onlara riayət edilməsi xarici malların
Azərbaycan gömrük ərazisində, Azərbaycan mallarının isə ondan kənarda müvəqqəti istifadəsinə,
iqtisadi siyasət tədbirləri tətbiq etmədən və gömrük rüsum və vergiləri ödəmədən yol verilmiş olsun.
Müvəqqəti idxalın (ixracın) müstəqil gömrük rejimi kimi əhəmiyyəti beynəlxalq əməkdaşlığın ticarət və
digər formalarının inkişafına olan tələblərlə müəyyən edilir.
Bu gömrük rejimi altında yerləşdirilmiş malların statusu və eləcə də rejimin məzmunu, malların gömrük
ərazisində və kənarda yerləşməsi və istifadəsinin müvəqqəti xarakteri ilə müəyyən edilir. Həmçinin müvəqqəti
idxal (ixrac) edilən malların gömrük rüsum və vergilərindən tamamilə və ya qismən azad edilməsi də mühüm
əhəmiyyət kəsb edir.
Gömrük Məcəlləsinə görə, malların müvəqqəti idxalı (ixracı) ölkənin gömrük ərazisində və ya ondan
kənarda gömrük rüsumlarından tamamilə və ya qismən azad olunmaqla, həmçinin
iqtisadi siyasət tədbirləri
tətbiq edilmədən mallardan istifadə edilməsinə yol verilməsindən ibarət gömrük rejimidir.
Müvəqqəti idxal (ixrac) rejiminin tələblərini həyata keçirmək üçün Azərbaycan Respublikası Nazirlər
Kabineti qanun qüvvəli aşağıdakı aktları qəbul edirlər:
1) müvəqqəti idxalına (ixracına) icazə verilməyən malların kateqoriyaları barədə:
2) müvəqqəti idxal (ixrac) edilən malların gömrük rüsum və vergilərinin ödənilməsindən tamamilə
və qismən azad edilməsi qaydaları barədə.
Dövlət Gömrük Komitəsi bu rejim üzrə aşağıdakı vəzifələri yerinə yetirir:
- geri aparılma barədə öhdəliklər verilməsi və gömrük ödənclərinin ödənilməsinin təmin edilməsi
hallarını müəyyən edir;
- müvəqqəti idxal (ixrac) əməliyyatlarına icazə verilməsi qaydalarını müəyyən edir;
- bəzi kateqoriyalı mallar üçün müvəqqəti idxalın (ixracın) hüquq müddətlərini dəyişdirir.
Bu rejim altında yerləşdirilən mallar elə istifadə edilməlidir ki, rejim bitdikdə onlar, qeyd edildiyi kimi,
təbii aşınma və itkilər nəzərə alınmaqla, dəyişilməmiş halda olsun. Bu tələb müvəqqəti gətirilən (aparılan)
mallardan istifadəni məhdudlaşdırır, onların işlənilməsi və emal edilməsi əməliyyatlarını istisna edir.
Müvəqqəti idxal (ixrac) rejimi altında yerləşdirilən mallar rejimin benefisiarının sərəncamında qalır.
Rejimin benefisiarına onun hüquqları ilə bərabər,
statusunu təyin edən, gömrük rejimi ilə müəyyən
edilən əlavə öhdəliklərdə nəzərdə tutulur. Müvəqqəti gətirilən (aparılan) mallardan istifadə edilməsinə onların
müvəqqəti idxalına (ixracına) verilmiş icazədə nəzərdə tutulmuş qaydada yol verilir. Benefisiar, bir qayda
olaraq, bu mallardan mənfəət götürmək üçün istifadə edə bilməz. Bu məhdudiyyət müvəqqəti idxalına (ixracına)
icazə verilən malların bütün nomenklaturasına aid edilir.