90
Tibet əlifbası ilə yazılmış türkcə mətnlərin VIII-XI əsrlərdə Şərqi
Türküstanda yazıldığı məlumdur. Bu dövrdə türk xalqları müxtəlif əlifbalardan və
yazılardan (qədim türk (run), soqd, uyğur, manixey, Suriya, yunan, yəhudi
əlifbaları, Çin və brahma yazıları) istifadə edirdilər. Belə olduğu halda türklərin
Tibet əlifbsından istifadə etməsinin səbəbi nədir? Biz bu fikirdəyik ki, türklərin
Tibet əlifbsından istifadə etməsi iki səbəblə bağlı ola bilər. Bunlardan birincisi
Tibet təbabətinə aid olan əsərlərin, ayrı-ayrı reseptlərin tərcüməsi zamanı Tibet
əlifbasının saxlanılmasıdır. Əgər nəzərə alsaq ki, indinin özündə belə tibb elminin
dili latın dilidir və reseptlərdə dərmanların adı latın dilində və latın əlifbası ilə
yazılır, belə bir ənənənin keçmişdə olduğunu da güman etmək olar. Başqa sözlə
desək, tibbə aid əsərlər Tibet dilindən türk dilinə tərcümə edilərkən Tibet əlifbası
ilə yazılmışdır.
Türklərin Tibet əlifbasından istifadə etməsinin başqa səbəbi də ola bilər.
Bu, dini dünyagörüşdür. Yəni lamaizmə etiqad edən türklər lamaizmə aid dini
əsərlərin tərcüməsi zamanı Tibet əlifbasından istifadə edə bilərdilər.
Lamaizmin vətəni Tibet hesab olunur. Məhz Tibetdə, iki nəhəng
mədəniyyətin (Çin və hind mədəniyyətinin) qovuşduğu yerdə, buddizmin yeni bir
forması olan lamaizm meydana çıxdı. Belə bir cəhət qeyd olunmalıdır ki, lamaizm
buddizmin daha çox püxtələşmiş formasıdır. Bu onunla bağlıdır ki, lamaizm
buddizmin digər formaları ilə müqayisədə daha sonralar formalaşmışdır.
Lamaizmin (Tibet dilində lama sözü “yüksək” mənasındadır) əsas
doktrinasını buddizm təşkil etsə də, lamaizmi buddizm hesab etmək olmaz. Çünki
lamaizmdə buddizmlə birlikdə Tibetin daha əski inamı olan bon (yaxud bon-po)
buddizmlə qaynayıb qarışmışdır. Lamaizm Çin Xalq Respublikasının Tibet və
Mərkəzi Monqolustan vilayətlərində, Monqolustanda, Nepalda, Birmada
yayılmışdır. Rusiya Federasiyasında yaşayan xalqlardan türk mənşəli tuvalılar,
monqol mənşəli buryat və kalmıklar lamaizmə tapınırlar.
Lamaizmin formalaşmasında buddizmin Mahayana forması (yaxud şimal
forması) əsas olmuşdur. Lakin buddizmin cənub forması hesab edilən Hinayana
(Buddizmin daha qədim forması hesab olunan Hinayana Tailand, Şri-Lanka,
islamaqədərki İndoneziya, Kampusiya və s. bölgələrdə yayılmışdır), bon və
tantrizm (http://med-stud.narod.ru) lamaizmin formalaşmasında əsas rollardan
birini oynamışlar.
Tədqiqatçılar buddizmin Tibetə ilk gəlişini b.e.-nın V əsrinə aid edirlər.
Lakin VII əsrə qədər onun bu bölgədə geniş yayıldığını söyləmək çətindir. Tibetdə
buddizmin dövlət səviyyəsində himayə olunması məşhur Tibet hökmdarı Sronszan
Qambonun (629-649) hakimiyyəti illərinə təsadüf edir. Onun ölümü buddizmin
zəifləməsinə, bon tərəfdarlarının güclənməsinə səbəb olur. VIII əsrin ortalarında
Sronszan Qambonun nəslindən olan hökmdarlardan biri yenidən Tibetdə təqib
olunan buddizmi himayə etməyə başlayır. Bunun üçün o, Şimal-Qərbi
Hindistandan tantrizmin (27, s.368-385) tanınmış bilicisi Padma Sambxavanı
Tibetə dəvət edir. Beləliklə, buddizm Tibetin rəsmi dövlət dini olur. Lakin qısa bir
91
müddət buddizm Tibetdə yenidən təqib olunmağa başlayır. Buddizmin təqib
olunmasının müəyyən səbəbləri var idi. Tibetlilər əvvəllər bon dininə inandıqlarına
görə buddizmi qəbul edə bilmirdilər. İkinci bir tərəfdən buddizm, eləcə də onun bir
forması olan lamaizm insanpərvərlik təbliğ etdiyinə görə tibetlilərin hərbi əhval-
ruhiyyəsinə pis təsir göstərmişdi. Bunun nəticəsində Tibet Çin ilə müharibəni
uduzmuşdu.
Buddizmin Tibetə ikinci gəlişi X əsrin ikinci yarısına təsadüf edir. Bu
dövrdə Tibet bir-birindən asılı olmayan, bir-birləri ilə mübarizə aparan kiçik
knyazlıqlara parçalanmışdı. Bunun nəticəsində bu bölgədə buddizmin ayrı-ayrı
təriqətləri və sektaları meydana çıxmışdı. Məhz bu zamandan başlayaraq
lamaizmdə birinci şəxs olan Dalay-lamanın nüfuzu həddindən artıq artır.
Lamaizmin bir dünyagörüş kimi formalaşmasında rahib Szonkabanın
(1357-1419) çox böyük rolu olmuşdur. Əslən tibetli olan Szonkaba gənc
yaşlarından özünün müstəsna qabiliyyətləri ilə xalq arasında şöhrət qazanır. Yaxşı
buddist təhsili alan və cavan yaşlarında yüksək dini rütbəyə layiq görülən
Szonkabanın çoxlu tələbəsi və ardıcılı vardı. Onun yaratdığı bir neçə məbəd XIV-
XV əsrlərdə böyük təsir qüvvəsinə malik mərkəzlər idi. Məhz Szonkabanın
apardığı reformalar nəticəsində buddizmin bu qolu lamaizm adlanmağa başlayır
(http://med-stud.narod.ru/.
Lamaizm buddizmdən fərqli olaraq insanın çatacağı son nöqtə - Nirvananı
əsas doktrinadan çıxarmışdır. Burada insanlara yasaq olunan və edilməsi tələb
olunan on hərəkət tövsiyə olunur. Lamaizmə görə, bu işləri yerinə yetirən adamlar
öz karmalarını yaxşılaşdıraraq növbəti doğuluşda lama ola bilərlər. Lamaizmə
görə, bu dinin qanunlarını pozanlar etdikləri günahın ağır, yaxud yüngüllüyündən
asılı olaraq növbəti doğuluş zamanı müxtəlif cəzalara məhkum oluna bilərlər. Yəni
onlar yeni dünyaya ağılsız heyvanlar formasında, müxtəlif xəstəliklərlə, qısa
ömürlə, lamaizm olmayan ölkədə doğulmaqla cəzalandırıla bilərlər. Lamaizm
asketizmin əleyhinədir. Yalnız tək-tək adamlara asket həyatı sürmək, öz daxili
aləmini zənginləşdirmək yolu ilə son nöqtəyə - Nirvanaya çatmağa icazə verilir.
Müasir dövrdə lamaizm başda Dalay-lama olmaqla dünyanın aparıcı
dinlərindən birinə çevrilmişdir. Hətta lamaizmə etiqad etməyən və buddizmin digər
tərəqətlərində olan adamlar arasında Dalay-lamanın çox böyük nüfuzu var. Tibetin
Çin tərəfindən işğalından sonra (1945) Dalay-lama tibetlilərin bir dəstəsi ilə
(təqribən 100 min nəfər) Himalay dağlarının Hindistana aid hissəsinə mühacirət
etmiş və bu gün də Tibetin müstəqilliyi uğrunda mübarizəsini, mühacir şəklində
olsa da, davam etdirir.
Müasir dövrdə türk xalqları arasında lamaizmə etiqad edənlər tuvalılar və
sarı uyğurlardır. Lakin məlumdur ki, tuvalılar lamaizmi XVII-XVIII əsrlərdə qəbul
etmişlər. Tibet əlifbası ilə yazılmış türkcə mətnlər isə VIII-XI əsrlərə aid
olduğundan güman etmək olar ki, məhz həmin əsrlərdə Tibetə yaxın ərazilərdə
yaşayan türklər lamaizmə tapınmışlar.
Dostları ilə paylaş: |