29
1.3.6. Ədəbiyyatşünas konkret təhsil kanonları ilə bağlı
dünyagörüşünün və aktual şərh terminologiyasının daşıyıcısı kimi
Ədəbiyyat elminin müasir anlayışından danışanda onun başqa elm-
lərdən mühüm bir fərqi qeyd edilməlidir. Ədəbiyyatın elmi terminologiya-
sı bütün tərəqqi etmiş ədəbiyyatlarda müxtəlifdir. Yəni dəqiq elmlərdən
fərqli olaraq ədəbiyyatşünaslıqda dəqiq və sabit elmi terminologiya yox-
dur. Ədəbiyyata tətbiq edəndə belə terminologiya bərədə şərti şəkildə da-
nışmaq olar. Hətta eyni bir dildə olan terminologiya da sürətlə dəyişir.
Məsələn, elə Azərbaycan ədəbiyyatşünaslarının XX əsrin 30-cu illərində
işlətdikləri terminlər indi 70 faiz işləmir.
Bunun səbəbi terminologiyanın hər dövrün təhsil kanonları ilə bağlı
olmasıdır. Hər bir təhsil sisteminin öz kanonları var. Sovet quruluşu şərai-
tində sinfi ideologiya ehkam kimi öyrədilirdi. Faşist Almaniyasında isə al-
man irqinin üstünlüyü ideologiyası hakim idi. ABŞ təhsil sistemi pozitivist
dəyərlərə əsaslanır. Müvafiq olaraq bu üç təhsil kanonlarını daşıyan ədə-
biyyatşünaslar eyni əsəri müxtəlif problemləri qabartmaqla təhlil edirlər.
Ona görə müasir orta ədəbiyyatşünas tipi öz şəxsi iradəsindən asılı
olmayaraq təhsil (tərbiyə) dünyagörüşünün və təhsil dəyərlərinin daşıyıcı-
sıdır. O öz adından danışsa da, öz qiymətlərini vermir, ona təhsildə öyrə-
dilmiş və aşılanmış dəyərlərin mövqeyindən qiymət verir. Beləliklə müasir
ədəbiyyatşünas tipinin verdiyi ədəbi şərhlərdə onun öz yaradıcılığı cüzi yer
tutur. Yalnız ən istedadlı ədəbiyyat şərhçiləri öz baxışlarını tapa bilirlər.
Ona görə müasir orta ədəbi şərh əsasən təhsil kanonlarını və dəyər-
lərini ifadə edir və bunları konkret əsər və hadisələrdə axtarır. İndi sovet-
lər ənənəsinə əsaslanan ədəbiyyatşünaslıq mütəxəssisi ABŞ-ın müasir
ədəbi terminologiyasını xüsusi öyrənməklə başa düşə bilir.
O biri tərəfdən müasir təhsil sisteminin əzbərçi xarakteri və onun
insanlara aşıladığı dil qabığı, termin bazası onların ədəbi şərh və qiymət-
ləndirmə dilini də müəyyən edir. Məsələn, müasir Azərbaycan alimi üçün
milli dəyərlərlə bağlı terminlər daha aktualdır və ədəbi şərhin bütün for-
malarında millətçi terminologiya və anlayışlar aktualdır. İndi hamı ədəbiy-
yat elmini təzələməkdən və sovet kanonlarından çıxmaqdan danışır, amma
yazanda hamısı əvvəlki kimi yazır.
Ədəbi şərhin təhsilə və qismən mətbuatdakı sosial kanonlarla bağlı-
lığı onu çox maraqsız edir, onda əslində şəxsi yaradıcılıq üçün yer qoy-
mur. XIX əsrdən bunu duyan ayrı-ayrı ədəbiyyatçılar ədəbiyyatşünaslıq
üçün elmi metodologiya hazırlamağa çalışmışlar. Bu metodologiya həm
də alimlər üçün təhsil terminologiyası və dəyərləri dairəsindən çıxmaq,
30
əsil elmi şərhə və qiymətləndirməyə nail olmaq təşəbbüsü idi. Bu problem
ədəbi şərhim metodologiyası bəhsində davam etdiriləcək.
1.4. Ədəbi şərhin dindən ayrılması.
Maarifçi şərhin qısa tarixi
1.4.1. Ədəbi şərhin dindən ayrılması
Ədəbi şərhin tarixini iki dövrə bölmək olar: dini və dünyəvi maarif-
çi şərh. Dini şərh burjua maarifinin yaranması ilə öz yerini maarifçi şərhə
vermişdir. İndi içində yaşadığımız epoxa maarifçi şərh epoxasıdır. Bir sıra ciddi
dəyişiklik və təkamülə baxmayaraq dünyaya maarifçi münasibət prinsipləri
müasir təhsil, tərbiyə və düşüncə prinsiplərinin əsasında qalmaqdadır.
Monoteizmin tarixi və onun mətnlərinin şifahi və sonralar yazılı
təbliği mətnlərin ədəbi şərhi forması idi. Dini və bədii mətnləri demək olar
ki, eyniləşdirən onların da müəllif mətni olması idi, onların hər ikisinin
dünyanın fərdi yaddaş obrazları vasitəsi ilə yaradılması idi. Doğrudur,
sonralar sxolastik elmdə Allahın varlığını sübut etmək təşəbbüsləri də ol-
muşdur. Lakin bu təşəbbüslər dinin fərdi inama əsaslanan fundamental
prinsiplərinə zidd idi. Bu sübutların ortaya çıxması dini universitetlərdə
təbii elmlərin, xüsusilə riyazi sübutların dinə tətbiqi təşəbbüsü idi. Belə
təşəbbüslər elmi fəaliyyət forması idi.
Ona görə mətnşünaslıq orta əsrlərdə xüsusilə saray kitabxanalarında
müstəqil peşəyə çevriləndən sonra dini mətnlər birbaşa Allah problemi ilə
bağlı olmadan ayrıca elmi predmet oldular. Dediyimiz monoteizm tərki-
bində şərhin dindən ayrılması idi. Amma ədəbi şərh monoteizmdən əvvəl,
yunan bütpərəstliyi dövründə də xalis dini fəaliyyət deyildi. Platonda,
Aristoteldə gördüyümüz yazılı ədəbi şərh (dərslik) hələ elmlə dinin ayrıl-
madığı bir düşüncə dövrünü əks edir. Antik mif həm din, həm də təbiəti
tanımanın bir şəkli idi.
Ədəbi şərhin dindən ayrılması qədim kitab və mətnlərin mədəni də-
yərlər kimi dərk edilməsi idi. Bu həm də ruhani və katib (xəttat, kitabşü-
nas) vəzifələrinin bir-birindən ayrılmasında özünü göstərdi. Ruhanilər
mətnlərin Allah prizmasından şərhçisi kimi qaldılar. Katib isə qədimşü-
nas, mətnşünas, gözəl xətti olan bir sənətkar kimi ictimai dəyərli bir peşə
oldu. Mətn sosial dəyər kimi əhəmiyyət qazandı ki, bu da dini şərhin müa-
sir elmlərə parçalanması prosesi idi. Dini şərhdən ayrılıb müstəqil peşə
olan ən qədim sahələrdən biri də indi ədəbiyyatşünaslıq adlanan elmdir.
31
Bu elm Yunanıstanda poetika, şərqdə katiblik, xəttatlıq və s. adlarla adlan-
mışdır. Ədəbiyyatşünaslıq termini çox cavandır və XIX əsrin sonu – XX
əsrin əvvəllərinə aiddir.
1.4.2. İntibah
İntibah dövrü dini və maarifçi ədəbi şərh dövrlərinin sərhədi, keçid
dövrüdür. İntibahı şərtləndirən əsas hadisələrdən biri elmlərin, xüsusilə
tarixi və təbiət elmlərinin müstəqil fənlər kimi formalaşması idi. Nəticədə
təqribən tarixin dünyəvi mənzərəsi ortaya çıxdı. İntibah dahiləri anladılar
ki, tarix fatalist yazının yox, insanların, qəhrəmanların və avantüristlərin
fəaliyyəti nəticəsi olub. İntibah ədəbiyyatında insanlığın tarixi Allahın
iradəsinin tarixi kimi deyil, insanların iradəsinin tarixi kimi yaranmışdır.
İntibah dövründə qədim yunan-Roma bütpərəst mədəniyyətinin və
tarixinin bərpası baş verdi. Renessans sözü də fransızca bərpa, dirçəltmə
deməkdir. Monoteizmin hakimiyyəti şəraitində bütpərəst mədəniyyətin
geniş öyrənilməsi və tərcümə edilib yayılması dinin dərin böhranından və
cəmiyyətin mənəvi həyatı üzərində total nəzarətin dağılmasından xəbər
verirdi. Təsadüfi deyil ki, renessans dövrü təkcə ədəbiyyatda yox,
rəssamlıq və heykəltəraşlıqda da, arxitektura və teatrda da özünü göstərdi.
İntibah dövründə dini ədəbi dillərin – latın dilinin hökmranlığı də
şübhə altına düşdü. Milli kilsələrin inkişafı, sənətləri öyrədən məktəblərin
yaranması milli dillərin – ingilis, italyan, ispan, fransız də s. dillərin coş-
qun inkişafına səbəb oldu. Bu dillər canlı danışıq dilindən qüvvət alır və
dünyəvi ədəbi mətn yaradıcılığının təsiri ilə sürətlə zənginləşirdi. Ədəbiy-
yatda bu dillərin konflikti çoxlu mübahisələr yaratdı.
Milli dillərin inkişafı intibah dövründə müəllif yaradıcılığının çox
geniş inkişafının tərs üzü idi. Dini ədəbiyyat Allahla bağlı ideyaların şərhi
idi. Şərqin Molla Rumi, Füzuli kimi dahiləri özlərini şair yox, Allaha ya-
xınlaşmaq, onu dərk etmək elminin – təriqət elminin xidmətçiləri sayırdı-
lar. Onlar Allaha məhəbbət qarşısında sanki müəllif yaradıcılığından im-
tina edirdilər. Lakin müəllif yaradıcılığı bundan köklü şəkildə fərqlənirdi.
Müəllif – iddialı, ilk növbədə şairlik, ədəbi və fəlsəfi yaradıcılıq iddialı
şəxsiyyətdir. O bu iddia ilə özünü Allah xidmətçisi deyil, sənət və ədəbiy-
yat xidmətçisi kimi tanıdır. Amma müəllif ədəbi yaradıcılığı Şekspir, Ser-
vantes, Dante, Bokaçço kimi intibah dahilərinin əsərləri ilə insan ehtirasla-
rının tərcümanı oldu, insanı, onun gücünü, sevgisini və eyni zamanda ey-
bəcərlik və qüsurlarını tərənnüm etdi.
Dostları ilə paylaş: |