Мөһсин Гәраәти



Yüklə 2,57 Mb.
səhifə84/97
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#75962
1   ...   80   81   82   83   84   85   86   87   ...   97

Nöqtələr


◘Bu ayədə Allah xalqı infaqa təşviq etmək üçün vasitələrə əl atır: Sənin olanlar sənin deyil, onları Biz sənə vermişik. ; Onların bir hissəsini infaq et, hamısını yox ; Bu infaq qiyamət günü sənin üçün istənilən dostluqdan üstündür.

Bildirişlər


1. Göstəriş verməzdən qabaq xalqa ehtiramla müraciət edin.

2. Xeyir işlərdə fürsətdən istifadə dəyərdir.

3. Bu gündən məhrum olmaq, sabahdan məhrum olmaqdır. Əgər bu gün infaq və bəxşiş həyata keçməsə, həmin gün də arada məhəbbət və dostluq olmayacaq.

4. Məadın zikri infaqa təşviq amilidir.

5. Səxavət ruhiyyəsi yaratmaq yollarından biri qiyamətdə insanların əliboş olacağını xatırlamaqdır.

6. Xəsislik naşükürlük və ilahi vədə qarşı küfr nişanəsidir.

7. Küfr zülmün bariz nümunəsidir.
255. ﴿اللّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلاَ يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالأَرْضَ وَلاَ يَؤُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ

Allahdan başqa məbud yoxdur. O, diri və qəyyumdur. Onu nə yüngül yuxu tutar, nə də dərin yuxu. Göylərdə və yerdə olanlar Onundur. Onun izni olmadan hüzurunda şəfaət edə bilən kimdir?! Onların keçmişini və gələcəyini bilir. Onun elmindən yalnız Onun istədiyi qədər dərk edə bilərlər. Onun kürsüsü (elm və qüdrəti) göyləri və yeri bürümüşdür. Bu iki şeyi saxlamaq Onun üçün ağır deyil. O uca və böyükdür.”


Nöqtələr


◘Ayədə “kürsü” sözü işləndiyindən həzrət Peyğəmbər (s) bu ayəni “Ayətəl-kürsi” adlandırmışdır. Şiə və sünni rəvayətlərində bildirilir ki, bu ayə Quranın qülləsi yerindədir və ayələr arasında ən böyük məqama malikdir.1 Bu ayənin oxunması da çox sifariş olunmuşdur. Həzrət Əlinin (ə) belə buyurduğu nəql olunur: “Bu ayənin fəziləti haqqında eşitdikdən sonra bir gecəni də “Ayətəl-kürsi” oxumadan keçirmədim.”2

Bu ayədə Allahın adı və sifətləri on altı dəfə zikr olunmuşdur. Ona görə də Ayətəl-kürsünü tövhid şüarı və bildirişi saymışlar. Quranda tövhid şüarı müxtəlif şəkillərdə bəyan olunmuşdur. Məsələn, “la ilahə illəllah” (“Saffat”, 35), “la ilahə illa huvə” (“Bəqərə”, 163), “la ilahə illa əntə” (“Ənbiya”,87) “La ilahə illa ənə” (“Nəhl”, 2). Amma bu ayələrdən heç birində Ayətəl-kürsidə olduğu kimi tövhid şüarları ilə yanaşı Allahın sifətləri bəyan olunmamışdır.

◘Allahın sifətləri iki cürdür: Bəzi sifətlər onun zatının eynidir. Bu sifətlər ilahi zatdan ayrılmazdır. Məsələn, elm, qüdrət, həyat. Bəzi sifətlər isə “feli” sifət adlandırılmışdır. Bu sifətlər Allahın felinə, işinə aiddir. Məsələn, yaratmaq, bağışlamaq və s. Bu sifətlərin mənşəyi ilahi iradədir. Əgər istəsə xəlq edər, istəməsə yox. Zata aid olan sifətlər haqqında isə bu sözləri demək olmaz. Demək olmaz ki, əgər Allah istəsə bilər, istəməsə yox. Əgər zati sifətləri nəyəsə oxşatmaq istəsək deyə bilərik ki, Allahın elm və qüdrəti insanın məxluq olması kimidir. İnsandan onun məxluqluq, yaradılma sifətini ayırmaq olmaz. Allahın elm sifəti də beləcə onun zatından ayrılmır.

◘“İlah” sözü istər haqq olsun, istər batil, bütün məbudlar haqqında işlədilir.3 “Allah” sözü isə ilahinin müqəddəs zatının adıdır. Allahdan qeyri məbudlar bir milçək yaratmaqda da acizdirlər.4 Allahdan qeyrisinə pərəstiş edənlər tövhid ucalığından təhlükəli uçurumlara süqut edirlər.5

◘“La ilahə illəllah” hər bir müsəlmanın şəxsiyyət vəsiqəsinin ilk səhifəsidir. İslam peyğəmbərinin (s) ilkin şüarı və dəvəti də həmin cümlə ilə olmuşdur.1 Eləcə də, həzrət (s) buyurmuşdur: “Hər kəs xalisanə tövhid şüarı versə, behiştə daxil olar. İxlas nişanəsi odur ki, “La ilahə illəllah” demək insanı haramlardan uzaqlaşdırsın.”2

İmam Sadiq (ə) buyurmuşdur: “La ilahə illəllah” demək behiştin qiymətidir.3 İmam Riza (ə) qüdsi hədisdə belə nəql edir: “Tövhid kəlməsi (“La ilahə illəllah”) ilahinin möhkəm qalasıdır.”4

Bəli, tövhid insanın qurtuluş səbəbidir. Necə ki, hər kəs universitet və ya elmi hövzəyə qədəm qoydu, “alim oldu” deyirlər. Bir şərtlə ki, həmin şəxs bütün zəruri dərsləri oxusun. “La ilahə illəllah” demək insana nicat verir. Amma qarşıda işarə edəcəyimiz şərtlər daxilində!

◘Tövhidə etiqad insanın gözündə bütün qüdrətləri və cazibələri alçaq göstərir. Tövhidin tərbiyəvi təsirlərinin bir nümunəsi müsəlmanların sultanlar qarşısında səcdə etməməsidir. Müsəlmanlar Həbəşə padşahı Nəccaşinin sarayında belə dedilər: “Biz Allahdan qeyrisinə səcdə etmərik.”5 Digər bir müsəlman - Dəhiyyə Kəlbi Rum qeysərinin sarayında səcdə etmədi və saray xadimlərinin cavabında belə dedi: “Mən Allahdan qeyrisi üçün səcdə etmirəm.”6 Bəli, tövhid insanı elə bir məqama qaldırır ki, hətta behişt və cəhənnəm də onun üçün fərqsiz olur. Məsum imamlar da belə insanlar tərbiyə etməyə çalışırdılar. Həzrət Əli (ə) buyurmuşdur: “Allah səni azad yaratmışdır. Bir başqasına qul olma.”7

Müsəlmanlar hər gün, hər bir yerdə uca səslə azan deməlidirlər. Yalançı tanrılar və zalım hakimlərə bəndəlikdən azadlıq fəryadı azanla göyə ucalmalıdır. Müsəlmanlar öz körpələrinin qulağını hər şeydən qabaq “La ilahə illəllah” tövhid nidası ilə tanış etməlidirlər.

◘“Cövşən kəbir” duasının yetmişinci cümləsində Allahın diri olması (“həyy”) belə bəyan olunur: “Ey bütün dirilərdən qabaq diri olan...” Bəli, Allah diridir. Bu dirilik bütün canlılardan əvvəl və sonranı əhatə edir. Onun diriliyinin oxşarı və şəriki yoxdur. O Öz diriliyində başqasına möhtac deyil. O, diriləri öldürür və bütün dirilərə ruzi verir. O, həyatı digər bir canlıdan irs almır. Hətta ölülərə də həyat bağışlayır. O, diri və qəyyumdur.

◘Allahın zatına münasibətdə “həyat” sözü başqalarının həyatından fərqli mənaya malikdir. Necə ki, Allahın digər sifətləri onun zatından ayrılmazdır. Bu sifətlərdə fənaya yol yoxdur.8 Allah Öz həyatında insanlar, heyvanlar və otlar kimi qidalanmaya, doğub-törəməyə, cazibə və ya dəf etməyə ehtiyaclı deyil.

◘“Qəyyum” “qiyam” kökündən olub öz ayağı üstə durmuş və kimsəyə möhtac olmayan kəsə deyilir.1 “Qəyyum” sözü Quranda üç dəfə və hər dəfə də “həyy” sözü ilə yanaşı işlədilmişdir.

Onun qiyamı Özündən, digər mövcudların qiyamı isə Onun vücudundandır. Allahın qəyyumluğu dedikdə Onun Öz məxluqları üzərindəki hakimiyyəti, nəzarəti və kamil tədbiri nəzərdə tutulur. Onun qiyamı daimi və hərtərəflidir. O yaradır, ruzi verir, hidayət edir, öldürür və bir an da qəflətdə qalmır.

◘Hər bir mövcud öz həyatını davam etdirmək üçün feyz mənbəsinə ehtiyaclıdır. Necə ki, elektrik lampası mənbədən əlaqəsi kəsilən kimi sönür. Bütün mövcudlar diri qalmaq üçün “həyy” mənbəsindən qidalanmalıdır. Həyatın davamında qəyyumdan qidalanma zəruridir.

◘Həzrət Əli (ə) buyurmuşdur: “Hər şey Ona təslimdir və hər şey Ona bağlıdır.”2 Bədr savaşında həzrət Peyğəmbər (s) ardıcıl olaraq səcdədə deyirdi: “Ya həyyu, ya qəyyum.”3

◘İmam Sadiq (ə) buyurmuşdur: “Yatmayan heç bir canlı yoxdur. Yalnız Allah yuxudan uzaqdır.”4 Allah diridir (həyy) və yuxuya – mürgüyə ehtiyacsızdır. Yuxu diri varlığı nəinki başqalarından, hətta özündən xəbərsiz edir. Allah isə yuxudan uzaqdır və daim hər şeyə qəyyumluğu var.

◘Hər şeyin həqiqi maliki Odur. İnsanın malikiyyəti isə əslində həvalə olunmuş malikiyyətdir. Bu maliklik bir neçə günlükdür və həqiqi malik, yəni Allah tərəfindən təyin olunmuş şərtlər daxilindədir. Əgər hamının həqiqi maliki Allahdırsa, nə üçün başqasına pərəstiş edilməlidir? Başqaları da bizim kimi Onun bəndələridirlər.5 Təbiət Allahın mülküdür. Təbiətə hakim olan qanunlar Allaha tabedir. Kaş ki, insanlar həm Onun malikliyindən, həm də mülkündən qədərincə faydalanaydılar! Əgər hər şey Allahındırsa və Allah üçündürsə, xəsisliyə yer qalırmı? Məgər bizi xəlq etmiş Allah bizi özbaşına buraxmışmı?6 İmam Kazim (ə) Buşr adlı bir şəxsin qapısı ağzından ötürdü. Bu vaxt onun evindən çal-çağır, səs-küy ucaldı. Həzrət həmin vaxt qapıdan çıxan kənizdən soruşdu: “Ev sahibi kimdir? Bəndədirmi?” Kəniz cavab verdi: “Xeyr, bəndə deyil, ağadır, azaddır.” İmam buyurdu: “Əlbəttə, əgər bəndə olsaydı, bir bu qədər itaətsizlik etməzdi.” Kəniz evə qayıtdıqda imamın sözlərini ev sahibinə çatdırdı. Həmin şəxs imamın sözlərinin təsiri altına düşdü və tövbə etdi.1

İmam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: “Təqva və Allaha bəndəliyin ilkin dərəcəsi insanın özünü malik bilməməsidir.”2

◘Müşriklər Allahı qəbul edirdilər.3 Amma bütləri özlərinə şəfaətçi götürmüşdülər.4 Ayətəl-kürsü bu xürafi, puç sığınacağı darmadağın edir və deyir: Kimdir Onun icazəsi olmadan şəfaət edən? Yalnız varlıq yox, varlıq işləri də Onun iznilədir. Sizin təsəvvürünüzcə, bir məxluq digərinin şəfaətçisi olmur. Şəfaət qiyamətdə var. Amma bu iş Allahın izni, hesab-kitabladır. İnsan yalnız Onun inzi və iradəsi ilə iş görə bilir. Allahın qəyyum olması o demək deyil ki, insan Allahın istəyindən kənar bir iş görə bilər.

◘Şəfaət güclü bir mövcudun zəif bir mövcuda göstərdiyi yardımdır. Məsələn, yaranış nizamında bitki toxumuna işıq, hava və torpaq yardım göstərir ki, cücərib ərsəyə çatsın. Cəza və mükafat nizamında da Allahın övliyaları qurtuluş üçün günahkarlara yardım göstərirlər. İmam Sadiq (ə) buyurmuşdur: “Şəfaət izninə malik olanlar bizik.”5 Amma bu yardımlar Allahın zəifliyini və ya təsir altına düşməsini göstərmir. Çünki şəfaət məqamını müəyyənləşdirən və övliyalara belə bir icazə verən O Özüdür. O Özü yaranışı elə nizamlamışdır ki, bitki toxumu inkişaf mərhələsində işıqdan, havadan, torpaqdan, sudan kömək alır.

Bütün hallarda insanın məxluqlardan aldığı köməklər və maddi amillər Allahın izninə bağlıdır. Şəfaət Allahın hakim etdiyi qanunlar çərçivəsində gerçəkləşir. Bu səbəbdən də bəziləri şəfaətdən məhrum olurlar.6 Məsələn, işıq, hava, su və torpaq yalnız inkişaf qabiliyyətinə malik olan toxuma kömək göstərir. Şəfaət dəstəbazlığa, dünyəvi tapşırıqlara əsaslanmır. Şəfaət ümidsizliyin qarşısını almaq, xalqla övliyalar arasında bağlılıq yaratmaq üçündür. Şəfaət Allahın Öz övliyalarına verdiyi mükafatdır. Qiyamətdə şəfaət nemətindən bəhrələnmə insanın peyğəmbər və övliyaların elm və hidayət nurundan bəhrələnmə təcəssümüdür.

Şəfaət edən kəs Allahın qüdrəti qarşısında müstəqil bir qüvvə deyil. O sadəcə ilahi qüdrətdən bir işartıdır. Şəfaət məqamı yalnız Allahın istədiklərinə məxsus olur. Ona görə də bütpərəstlər şəfaətdən bəhrələndiklərini düşünməməlidirlər.7

Xatırlatmalıyıq ki, Allahdan qeyrisinə ibadət şirkdir. Amma Allahı çağırmaq hər vaxt şirk olmur. Quranda bəyan olunmuş “yədukə”, “yədukum” “yədunə”, kimi çağırış bildirən sözlərin şirklə heç bir əlaqəsi yoxdur.1 Amma heç də hər dəvət dəyərli olmur. Xəstə həkimi çağırırsa, bu, yaxşıdır. Amma onun falçını səsləməsi batildir.

◘Allah bütün hadisələrdən xəbərdardır. Allah üçün şəfaət səyi kiminsə günahsızlığının sübutu üçün deyil. Şəfaət qurtuluş və əfv üçün təlaşdır. Allahın hər şeydən xəbərdarlığı insanı utandırmalıdır. Allah qəlbimizdən keçənlərdən xəbərdardır. Gizli və aşkar sirlərimiz Ona məlumdur. Allah anaların bətnində olandan agahdır. Qiyamət günü hər şeyin ölçüsü Ona məlumdur.2 Biz insanlarınsa elmi məhduddur. Biz səsləri müəyyən həddə eşidir, görüntüləri hansısa çərçivədə müşahidə edə bilirik. Allahın razı olmadığı heç bir sirdən xəbərdar deyilik.

◘Bir rəvayətdə imam Sadiqin (ə) belə buyurduğu nəql edilir: “Ərş” dedikdə Allahın peyğəmbərləri və rəsulları xəbərdar etdiyi elmlər nəzərdə tutulur. “Kürsi” isə kimsənin bilmədiyi elmlərdir.3 Bəziləri kürsü sözünün göyləri və yeri bürümüş ilahi qüdrət və hökumətə işarə olduğunu bildirir. Hansı ki, aləm çox genişdir və yer kainatla müqayisədə səhrada itmiş üzük qədərincə də deyil. Bütün bunlara baxmayaraq, onların hifzi Allah üçün çətin deyil. Ayətəl-kürsi xalqa öyrədir ki, Allah nəinki aləmin maliki, həm də bütün mülkündən xəbərdardır. Bütün varlıq aləmi öz məxluqu ilə birlikdə Allahın hakimiyyəti və qüdrəti altındadır.4 İnsan Allahın qeyri-məhdud qüdrətini yaranmışların qüdrəti ilə müqayisə etməməlidir. Çünki maddənin xüsusiyyətlərindən biri də yorğunluqdur. Allahın qüdrəti isə eynən Onu zatıdır.5 Həzrət Əli (ə) buyurmuşdur: “Allahı nə zamanın ötməsi köhnəldir, nə də Özü dəyişir.”6

Bəli, Allahın qeyri-məhdud qüdrətinə diqqət möminin ruhuna rahatlıq verir. Bu hislərlə yaşayan mömin özünü əmin-amanlıqda görür.

◘Allahın “qəyyum”, “həyy”, “əlim”, “əzim” kimi bütün sifətləri insanın tərbiyəsində mühüm rol oynayır. Çünki ən yaxşı məktəb öz ardıcıllarına ümid və eşq verən məktəbdir. Həqiqi məktəb öz ardıcıllarının taleyini və gələcəyini işıqlandırır və bu ardıcıllar bilirlər ki, daim nəzər altındadırlar, büdrəmələri bağışlanasıdır, onların hakimi mehribandır.

◘Bir sözlə, diri, yenilməz, zəiflik və yuxudan uzaq Allah pərəstişə layiqdir. Onun icazəsi olmadan kimsə bir işə əl qata bilməz. O hər şeydən xəbərdardır, hər şeyi əhatə edir, hər şeyə hakimdir. Yalnız belə bir yaradan həqiqi məbud və məhbub ola bilər. Belə bir Allaha təvəkkül etmək, könül bağlamaq, ümidvar olmaq olar. Quranın bu şəkildə tanıtdırdığı Allah təhrif olunmuş İncil və Tövratın tanıtdırdığı məbudla müqayisəyə gəlməz. Dünyanın maddi nizamının dalanlarında çıxılmaz vəziyyətə düşən insanlar necə düşünürlər?



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə