NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə31/85
tarix19.11.2017
ölçüsü15,72 Mb.
#11268
1   ...   27   28   29   30   31   32   33   34   ...   85


Sənin vəzirlərinin (məmləkətin işlərinə təyin edərək nəzər fikirlərindən istifadə etdiyin kəslərin) ən pisi səndən qabaq şər və pis əməlli insanların vəziri olmuş və günahlarda (nalayiq işlərdə) onlarla şərik və ortaq olmuş vəzirdir. Buna görə də o, (belə bir adam) sənin yaxın və xüsusi adamlarından olmamalıdır. Çünki onlar günahkarların köməkçiləri və zalımların qardaşlarıdırlar (yoldaşlarıdırlar). Halbuki sən onların yerinə (ölkənin işlərində) onlar kimi gözəl düşüncə və yaxşı icraçılıq bacarığına malik olanlar arasından üzərində onların (pis şər adamların hökumətində mürtəkib olduqları) günah və çirkin əməlləri olmayan, zalıma zülmündə və günahkara günahında yardım etməyərək əlbir olmamış ən yaxşı vəzir tapa bilərsən. Sənin onlara çəkdiyin xərc yüngül (-çünki onlar sənin verdiyin az neməti çox hesab edib müqabilndə təşəkkür minnnətdarlıq edərlər), onların sənə etdikləri yardım daha gözəl, sənə mehribançılıq üzündən olan meyl və rəğbətləri daha çox və səndən başqası ilə dostluqları daha az olar. Buna görə də onları öz xəlvət () və məclislərində yaxın və xüsusi adamlarından et. Gərək sənin yanında onların ən üstünü o vəzir olsun ki, sənə, acı olan həqiqəti çox söyləyir və səni, Allahın Öz dostları üçün bəyənmədiyi danışıq və davranışında az tərifləyir, hərçənd acı söz və sənin istək və arzularını az tərifləmək ürəyinin sıxılmasına səbəb ola bilər. (Onun acı danışıq davranışının sənə ağır gəlməsindən onun bu tərzdə davranmasından şad olmasan da deyilən kimi et.) Pərhizkar və doğruçulara qoşul (həmişə onlarla otur-dur) və onları səni çox tərifləməyə və puç və bihudə işlər görməməyinə ( deyilməsi münasib olmayan şeylərə) görə səni sevindirməməyə vadar et, öyrət (ki, sənin diqqətinin özünə cəlb olunmasına şərait yaratmış olsunlar). Çünki tərifləməkdə çox israr etmək insanı özündənrazı edərək itaətsizlik yaradır.

Yaxşı iş görənlə pis iş görən kəs sənin yanında bir səviyyədə olmamalıdır. Çünki bu, yaxşı əməl sahiblərini yaxşılıq etməkdə həvəsdən salar, pis əməlliləri isə pislik etməyə məcbur edər. Onların hər birinə özlərinin seçdikləri şeylə əvəz ver (yaxşı əməl sahibini mükafatlandır, pislik edəni cəzalandır). Bil ki, valinin rəiyyətə yaxşılıq etməsindən, xərclərini yüngülləşdirməsindən və onlardan əsassız inciməməsindən yaxşı heç nə, onun onlara münasibətdə nikbinliyinə səbəb olmur. Buna görə də gərək bu barədə rəiyyətin barəsində nikbin olmağına səbəb olan işlər görəsən. Çünki nikbinlik səndən çoxlu çətinlikləri uzaqlaşdırar.1 Sənin ona qarşı nikbin olmağına ən layiqli kimsə, çox yaxşılıq edərək yaxşı sınadığın şəxsdir. Barəsində bədbin olmağına ən layiqli kimsə isə pis rəftar edərək az sınadığın şəxs olmalıdır. (Buna görə onların yardımına ehtiyacın olanda, səndən pislik sərtlik görmüş şəxsə deyil, ehsan yaxşılıq etdiyin şəxsə etimad et.)

Bu ümmətin başçı və böyüklərinin əməl etdikləri, (camaat arasında) ülfət və ünsiyyət yaranmasına səbəb olmuş və rəiyyəti (onun işlərini) sahmana salmış gözəl adət və qaydanı (məsləki) pozma. Keçmiş adətlərdən nəyəsə ziyan vuran ənənə və üsulları icra etmə. Çünki (əgər belə etsən, bil ki, xeyir əldə etməyəcəksən) savab və mükafat həmin (gözəl) adət və qaydaların kökünü qoyanın, günah isə həmin adətləri pozduğun üçün sənin olacaqdır.

Sənin şəhərlərinin işlərini sahmana salan şeyləri möhkəmləndirmək və səndən qabaqkı insanların bərqərar etdiklərini bərpa etmək barəsində alimlərlə çoxlu müzakirələr və doğruçular, düz əməl sahibləri ilə danışıqlar apar (ki, nəticədə hökumətin həmişəlik qalsın rəiyyətin işi layiqli tərzdə yerinə yetirilsin).



Bil ki, rəiyyət (sənin fərmanın altında olanlar) bir neçə təbəqədən ibarətdir ki, bəziləri (bəzilərinin işləri) yalnız digər bəziləri ilə qaydaya, nizam-intizama düşür, bir dəstə, digər dəstəyə möhtacdır. Beləliklə, onların bəziləri (birincisi, Allahın düşmənlərinin qarşısını almağa hazır olan) Allah orduları, bəziləri (ikincisi) ümumi və xüsusi katiblər, digər bir qismi (üçüncüsü, şəriət hökmlərini xalq arasında ədalətlə icra edən) ədalətli qazılar, başqa bir hissəsi (dördüncüsü) insaflı və mülayim davranan işçilər (hökumət məmurları), bəziləri (beşincisi) himayədə olan cizyə verənlər (mal, can namuslarının İslamın pənahında olması üçün vergi verən kafirlər) və xərac verən (Allahın haqqını ödəyən) müsəlmanlar, digər bir qismi (altıncısı) tacirlər və sənət sahibləri, başqa bir dəstəsi (yeddincisi isə) möhtac və miskinlərdən ibarət aşağı təbəqədir. Allah bu təbəqələrin hər birinin pay və səhmini zikr edib, onun vacibi ölçü və miqdarını Öz kitabında (Qurani-Kərimdə) və ya Peyğəmbərinin (səlləllahu əleyhi alih) sünnəsində əhd və əmr formasında bəyan edib ki, onlar bizim yanımızda saxlanılaraq qorunub (həmin ölçü öhdəçiliklər bizim əlimiz çatan yerdədir). Beləliklə, (bu dəstələrin xeyri budur ki,) əsgərlər Allahın əmri ilə rəiyyət üçün (onları düşmənlərin şərindən qoruyan) qala və istehkam (kimi), valilərin zinət və bəzəyi, dinin izzəti və əmin-amanlıq yollarıdırlar. Rəiyyətin bərqərar olması ancaq onların mövcudluğundan asılıdır. Əsgərlərin nizam-intizam və asayişi isə Allahın onlar üçün müəyyənləşdirdiyi xəracdan (vacib edilmiş haqdan) başqa heç nə ilə təmin olunmur. Onlar, onun vasitəsi ilə düşmənləri ilə vuruşmağa güc və qüdrət əldə edirlər və işlərini sahmana salmaqda ona arxalanırlar. O (xərac), onların (əsgərlərin) ehtiyacları olan zaman işlədilir. Bu iki dəstənin (əsgərlər xərac ödəyənlərin) dayağı və asayişi isə ancaq üçüncü dəstədən asılıdır ki, o, bağlantılar (alış-veriş evlənmə məsələləri) barəsində hökm çıxaran qazılar, vergi və xərac toplayan məmurlar, ümumi və xüsusi işlərdə etimad edilən (hesablama işlərini tənzimləyən) katiblərdən ibarətdir. Bütün bu dəstələrin rahatlıq və asayişi isə ancaq gəlir və xeyirlərini toplayıb bazarlar yaradan və özlərindən başqalarının səy və təlaşlarının qura bilmədiyi işləri quran tacir və sənət sahibləri vasitəsi ilə təmin olunur. Bu dəstələrdən sonra möhtac və yoxsullardan ibarət aşağı təbəqə gəlir və (varlılara,) onlara əl tutaraq kömək etmək vacib və lazımdır. Allah yanında bu təbəqələrin hər biri üçün (yoxsulluq acizlik deyil) gen-bolluq, firavanlıq var. (Buna görə əgər bəzilərini bəzilərinə möhtac edibsə bu, yoxsulluq qüdrətin azlığından deyil, hikmət məsləhətə əsaslanır.) Bu dəstələrin hər birinin, valinin boynunda, onun işini sahmana salmaq miqdarında haqqı var. Vali Allahın ona vacib etdiyi şeyin öhdəsindən ancaq səy və təlaş etmək, Allahdan yardım istəmək, özünü haqqın həyata keçirilməsinə hazırlamaq və çətin və asanlığından asılı olmayaraq hər bir işdə səbr etməklə gələ bilər.

Buna görə də (işlərin icrasına) əsgərlərindən o adamı təyin et ki, Allah və Onun Peyğəmbəri (Onların razılığını əldə etmək) üçün, həmçinin imam və rəhbərin üçün (ona tabe olmaqda) daha çox öyüd qəbul edən, daha təmiz ürəkli (danışıq davranışında düz), daha ağıllı və səbrli olsun. Həmin şəxs gec qəzəblənənlərdən, üzrü (günahkarın üzrünü) tez qəbul edənlərdən (rahatlığı qəzəblənərək üzrü qəbul etməməkdə görən qaba kobud adamlar kimi olmayanlardan), əli altındakılara mehriban, güclü və qüvvətlilərə qarşı isə sərt olub baş əyməyənlərdən, sərtliyin yerindən qopartmadığı (sərtlik nəticəsində zülm etməyə enməyənlərdən) və yumşaqlığın (işlərin icrasında) yerində oturtmadığı (vəzifəsini yerinə yetirməkdən saxlamadığı) kimsələrdən olsun.



Buna görə də şərəfli və nəcib ailələrdən olanlar, (xalqa xidmət Yaradana tabe olmaqda) gözəl keçmişə malik kimsələrlə, həmçinin igidlər, şücaətlilər, səxavətlilər və comərdlərlə otur-dur. (Ordu ölkə başçılarını belə adamlardan seç.) Çünki onlar böyüklük toplusu və yaxşılığın qol-budağıdırlar. Belə isə övladlarına can yandıran valideyn kimi onların işlərinə can yandır. Onlara olan və onları qadir edən yaxşılığın, sənə böyük (ağır) gəlməməlidir. Onların müqabilində götürdüyün yoldaşlıq öhdəçiliyini, hətta kiçik olsa da, yüngül saymamalısan (Onlara həmişə yaxşılıq et, istər az olsun, istərsə çox. Buna görə əgər onlara böyük yaxşılıq etmək fürsəti qarşıya çıxsa sən onu etsən, etdiyin yaxşılığı yük sanma. Həmçinin əgər kiçik bir yaxşılıq etsən onu kiçik sayıb tərk etmə yerinə yetir.) Çünki yaxşılıq onları sənə xeyirxah və xoşbin edər ( nəticədə əmrlərini lazımınca yerinə yetirərlər). Onların böyük işlərini yerinə yetirməyə arxalanmaq və ümid bəsləməklə az əhəmiyyətli işlərdə onlara kömək etməyi, yardım göstərməyi tərk etmə. (Heç vaxt «mənim kimi böyük işlərdə onlarla birgə olan adam üçün xəstənin halını soruşmağın, yeni dünyaya gəlmiş uşağa görə təbrik deməyin bu kimi şeylərin elə əhəmiyyəti yoxdur» demə!) Çünki sənin kiçik yaxşılığının öz yeri var və onlar ondan bəhrələnirlər. Eləcə də böyük yaxşılığının da öz yeri var ki, onlar ona da möhtacdırlar. (Xülasə, kiçik yaxşılığı tərk etmə onları böyük yaxşılığın intizarında qoyma ki, bu, inciklik pərişanlığa səbəb olar.) Gərək qoşun başçılarının ən seçilmişi və üstünü qoşunla (mal sərvət) yoldaşlığında bərabərlik edəni, insaflısı (malın artığında deyil əsli mayasında özünü onlarla bərabər biləni-çünki artığından bağışlamağa bərabərlik deyilməz) və qoşunun düşmənlə döyüşdə yekdil olması (döyüş zamanı ailələrinin vəziyyətlərinin yaxşı olmamasının qəmini çəkməmələri) üçün öz imkanatından (qoşunun onun əlində olan ərzaqından) asayişdə olmaları miqdarında onlara və ailələrinə ehsan edən kimsə olsun. Çünki sənin onlara qarşı mehribançılığın və kömək etməyin onların qəlblərini sənə doğru yönəldəcək və onları sənə mehriban edəcək.1 Valiləri şad edən ən gözəl şey şəhərlərdə ədaləti bərqərar etmək və rəiyyətin arasında məhəbbəti üzə çıxarmaqdır. Onların məhəbbəti ancaq sinələrinin (qəzəb kindən) salamat qalması ilə üzə çıxır. Onlar valilərin qorunmasını istəmələri, onların ətrafında olmaları, hakimiyyətlərini ağır saymamaları və onların (hökumət) müddətinin başa çatmasını gözləməməkdən başqa heç bir şeylə (sağlam sinə ilə) xeyirxah olmurlar. Buna görə də onların arzularını yerinə yetir. Onları yaxşı yad et və sınaqdan keçib əziyyət çəkənlərin çalışqanlıqlarını dilə gətir. Çünki onların yaxşı iş görənlərini yad etmək şücaət sahibini həyəcanlandıraraq hərəkətə gətirər və Allahın istəyi ilə oturanı (işdən qalanı) həvəsləndirər (yenidən işə başlamağa sövq edər).

Buna görə də onların hər birinin zəhmət və işini onun özü üçün hesab et və birinin zəhmətini digərinə nisbət vermə (ki, zəhmətkeş, valinin ədalət insafına bədbin olmasın həmçinin başqaları da böyük işlərə girişsinlər). O, işini sona çatdıranda onu mükafatlandırmaqda səhlənkarlıq etməməlisən. Həmçinin kiminsə böyüklüyü səni onun kiçik zəhmət və işini böyük hesab etməyə, eləcə də birinin kiçikliyi onun böyük zəhmət və işini kiçik saymağa vadar etməməlidir.1


Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə