bilavasitə özü;
müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış patent müvəkkili vasitəsilə.
Xarici hüquqi və fiziki şəxslər iddia sənədini müvafiq icra hakimiyyəti orqanına, Azərbaycan
Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa,
yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış
patent müvəkkilləri vasitəsilə verirlər.
Patent müvəkkillərinin səlahiyyətləri iddiaçı tərəfindən verilən etibarnamə ilə təsdiq edilir.
3. İxtira və ya faydalı model barəsində iddia sənədi bir ixtiraya və ya faydalı modelə, yaxud
öz aralarında vəhdət təşkil edən bir qrup ixtiraya və ya faydalı modelə aid edilməlidir. İddia
sənədinə aşağıdakılar daxil edilir:
müəllif (müəlliflər) və adına patent verilməsi xahiş edilən hüquqi və ya fiziki şəxs (şəxslər),
həmçinin onların yerləşdiyi və ya yaşadığı yer göstərilməklə patent verilməsi barədə ərizə;
ixtiranın və ya faydalı modelin mahiyyətini tam açıqlayan və həyata keçirilməsi üçün kifayət
qədər aydınlıq yaradan təsviri;
ixtiranın və ya faydalı modelin təsvirinə əsaslanan və mahiyyətini ifadə edən düsturu;
iddia obyektinin mahiyyətinin başa düşülməsi üçün zəruri olan çertyojlar və başqa materiallar;
referat.
4. Sənaye nümunəsi barəsində iddia sənədi bir sənaye nümunəsinə aid edilir.
Bir neçə əşya birləşərək vahid bədii-konstruktiv forma yaradarsa, onlar bir sənaye nümunəsi
kimi qəbul edilir.
Bir neçə sənaye nümunəsi təsnifatın eyni sinfinə aiddirsə, onlar bir sənaye nümunəsi sayılır.
Sənaye nümünəsi barəsində iddia sənədinə aşağıdakılar daxil edilir:
müəllif (müəlliflər) və adına patent verilməsi xahiş edilən hüquqi və ya fiziki şəxs (şəxslər),
həmçinin onların yerləşdiyi və ya yaşadığı yer göstərilməklə patent verilməsi barədə ərizə;
məmulatın zahiri görkəmi barədə müfəssəl təsəvvür yaradan fotoşəkil dəsti, maket və ya
rəsm;
sənaye nümunəsinin mahiyyətini açıqlamaq zəruri olduqda məmulatın ümumi görkəminin
çertyojları, erqonomik sxemi, konfeksiya xəritəsi;
sənaye nümunəsinin mühüm əlamətlərini əks etdirən təsviri.
5. İddia sənədi daxil olduğu gündən 3 aydan gec olmayaraq müəyyənləşdirilmiş məbləğdə
dövlət rüsumunun ödənildiyini təsdiqləyən sənəd təqdim edilə bilər.
6. Patentin alınması barədə iddia sənədinə aid tələblər müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
7. Patent verilməsi barədə ərizə Azərbaycan dilində tərtib olunur. İddia sənədinin digər
materialları Azərbaycan dilində və ya başqa dildə verilə bilər. İddia sənədinin başqa dildə
verilmiş materiallarının Azərbaycan dilində tərcüməsi iddia sənədinin verildiyi gündən 2 ay
müddətində təqdim olunmalıdır.
İddia sənədi ilə bağlı kargüzarlıq Azərbaycan dilində aparılır.
8. İddia sənədinin verildiyi gündən 1 ay ərzində iddiaçının hüququ var ki, barəsində iddia
sənədi verdiyi ixtira, faydalı model və sənaye nümunəsinin mahiyyətini dəyişmədən iddia
sənədinin materiallarına düzəlişlər və əlavələr etsin.
Müvafiq icra hakimiyyəti orqanı iddia sənədi materiallarının rəsmi bülletendə dərcinə dair
qərar qəbul edənədək iddiaçı müəyyənləşdirilmiş rüsumu ödəmək şərtilə düzəlişləri və
əlavələri 1 aylıq müddət keçəndən sonra da edə bilər.
Dəyişikliklər ekspertin təklifi ilə də edilə bilər. İddia sənədində göstərilmiş ixtira, faydalı
model və sənaye nümunəsinin mahiyyətini dəyişən və iddia sənədinin əvvəlki materiallarında
olmayan əlamətlərə malik əlavə materiallar iddia sənədinə baxılarkən nəzərə alınmır və
iddiaçı tərəfindən müstəqil iddia sənədi kimi tərtib edilə bilər.
Maddə 28.
ixtira, faydalı model və sənaye nümunəsinin ilkinliyi
1. ixtira, faydalı model və sənaye nümunəsinin ilkinliyi bu Qanunun 27-ci maddəsinə
müvafiq rəsmiləşdirilmiş iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu
tarixdən müəyyənləşdirilir.
İlkin hüququ ixtira üzrə bu Qanunun 7-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə, faydalı model
üzrə bu Qanunun 8-ci maddəsinin 3-cü bəndinə, sənaye nümunəsi üzrə isə bu Qanunun 9-cu
maddəsinin 3-cü bəndinə uyğun olaraq iddia sənədinin verildiyi tarixdən yaranır.
2. ixtira, faydalı model və sənaye nümunəsi üzrə ilkinlik ilk iddia sənədinin Sənaye
mülkiyyətinin mühafizəsinə dair Paris konvensiyasının və ya Ümumdünya Ticarət
Təşkilatının iştirakçısı olan dövlətdə verilməsi tarixindən müəyyənləşdirilə bilər (konvensiya
ilkinliyi), bu şərtlə ki, ixtira və faydalı model barəsində iddia sənədi həmin tarixdən etibarən
12 ay ərzində, sənaye nümunəsi barəsində iddia sənədi isə 6 ay ərzində müvafiq icra
hakimiyyəti orqanına verilmiş olsun.
Paris konvensiyasının və ya Ümumdünya Ticarət Təşkilatının iştirakçısı olan dövlətin
ərazisində təşkil edilən beynəlxalq rəsmi sərgidə nümayiş etdirilmiş obyektin ilkinliyi həmin
obyektin sərgidə açıq nümayiş etdirildiyi tarixdən xahiş edilə bilər, bu şərtlə ki, ərizə həmin
tarixdən ən geci 6 ay keçənədək verilmiş olsun (sərgi ilkinliyi).
Bu müddət konvensiya ilkinliyi müddətini uzatmır.
3. Faydalı model və ya sənaye nümunəsi üçün konvensiya ilkinliyi hüququndan istifadə
etmək istəyən iddiaçı bu istəyini iddia sənədini verərkən və ya iddia sənədi müvafiq icra
hakimiyyəti orqanına daxil olduğu gündən 2 ay ərzində bildirərək iddia sənədinin müvafiq
icra hakimiyyəti orqanına daxil olduğu tarixdən 3 ay ərzində əvvəlki iddia sənədinin
təsdiqlənmiş surətini təqdim etməlidir. İxtira üçün konvensiya ilkinliyi hüququndan istifadə
etmək istəyən iddiaçı bu istəyini iddia sənədini verərkən və ya iddia sənədi müvafiq icra
hakimiyyəti orqanına daxil olduğu gündən 2 ay ərzində bildirərək birinci iddia sənədinin
təsdiqlənmiş surətini Paris Konvensiyasının iştirakçısı olan dövlətin patent idarəsinə verildiyi
tarixdən 16 ay ərzində təqdim etməlidir.