və silindr geyinən doktor Uilyam Smit oldu. Amma Martin öz sağdışı ilə birlikdə hər şeyi Coysun əmisi
oğlunun ixtiyarına buraxdı. Hətta burun dəsmallarının da tədarükünü görmüşdü və bilirdi ki, toy marşı nə
zaman başlayacaq. Əmioğlu güman edirdi ki, bəyin Qroton və Harvard diplomları var, amma Martinin
yalnız Uinnemak Universitetini bitirdiyini öyrənəndə onu şübhə ilə süzməyə başladı.
Paroxodun kayutunda Coys dedi:
– Əzizim, sən hələ yaxşı dayandın! Mən əmioğlumun belə sarsaq adam olduğunu bilmirdim. Öp məni!
Bu saatdan başlayaraq… Leoranın yumulmuş göz qapaqları, ağ soyuq sinəsi üstündə çarpazlanmış əlləri
ilə aralarından süzüb keçdiyi dəhşətli bir saniyə nəzərə alınmazsa… onlar xoşbəxt oldular və bir-birlərində
bir çox təzə və tanış olmayan şeylər aşkar etdilər.
4
Üç ay Avropanı səyahət etdilər.
Coys elə evliliklərinin birinci günü dedi:
– Gəl pullarla bağlı sarsaq məsələni birdəfəlik həll edək. Mənə elə gəlir ki, sən yer üzündə qəpik
güdməyən yeganə adamsan. Londonda sənin adına on min dollar qoymuşam… Nyu-Yorkda isə əlli min…
Nazımla oynamaq istəsən, xahiş edirəm, bu hesablardan götür, bununla məni sevindirmiş olarsan. Yox!
Dayan! Məgər sən görmürsən ki, bu işi necə münasib formada və əlverişli şəkildə yoluna qoymaq
istəyirəm? Sən axı öz izzəti-nəfsinə görə mənim xətrimə dəymək istəməzsən?
5
Onlara, belə görünür ki, həqiqətən də prinsessa Del Oltradconun (qızlıq familiyası miss Lyusi Dimi Besi
olan Deytonlu xanım) yanında madam de Bass Loja (San-Fransiskolu miss Braun) və qrafinya i-Marasion
(keçmişdə Olbanidən olan missis Artur Sneypə, və bir də əvvəllər… hamısını yadda saxlamaq olmur)
qonaq olmaq lazım idi. Amma əvəzində Coys Martinlə birlikdə Londonun, Parisin, Kopenhagenin məşhur
laboratoriyalarında oldu. Nobel mükafatı laureatlarının ərini necə qəbul etməsinə baxmaq, onların
Martin haqqında məlumata malik olduqlarını, ondan faq haqqında soruşmaq arzusu ilə alışdıqlarını və
onu özlərinin çoxillik işləri ilə tanış etmək istədiklərini görmək xoş idi. Onların bəziləri, Coysun fikrinə
görə, boş-boşuna təlaş keçirən və bacarıqsız adamlar idilər. Əri hamısından yaraşıqlıydı və Martin səbirli
olarsa, ustalıqla polo oynamağı, kostyum geyinməyi və kübar söhbətləri aparmağı… öyrənəcəkdi, əlbəttə
ki, öz elmi işini atmadan… Heyf ki, Martin onlarla tanış edilən iki, ya da üç ingilis alimi kimi titul qazana
bilmir. Amma Amerikada da fəxri adlar var…
Coysun elmi kəşf etdiyi və qavradığı müddət ərzində Martin də qadını kəşf edirdi.
6
Bu vaxta qədər sadəcə, sevimli amerikalı qızlar olan Madelina Foksu və Orxideya Pikkerbonu, bir neçə tez
unudulan gecə pərisini, başısoyuqluğu, geyimlərə və şan-şöhrətə laqeydliyi ilə qadın və arvad deyil, özü
olan Leoranı tanıyan Martin qadının nə olduğu haqda hər hansı təsəvvürə malik deyildi. O, Leoranın onu
gözləməsini, arzularına tabe olmasını, Leoraya demək istədiyi, amma demədiyi tərifli sözləri sözsüz başa
düşməsini təbii hesab edirdi. Onu ərköyün öyrətmişdilər və Coys çəkinmədən bunu söyləyirdi.
Coys, əri və onun alim yoldaşları dünyada əmin-amanlıq yaradana kimi əlini əlinin üstünə qoyaraq
oturub gözləyənlərdən və səssiz-səmirsiz gülümsəyənlərdən deyildi. Martin belə bir qənaətə gəlmişdi ki,
yataq otağından kənarda da arvadının bir qadın, bəzən hətta varlı qadın kimi qərarsızlığı və dəyişkənliyi
haqda fikirləşməlidir, …
Martin həyəcanla bir kəşf də etmişdi: Leora diqqətlə onun kişi kimi sədaqətli olub-olmadığını təqib edir,
amma ona "sabahın xeyir"i hansı tonla dediyinə fikir vermirdisə, Coys əksinə, onun flörtlərinə laqeyd
yanaşır, amma tələb edirdi ki, səhərlər "xeyirli sabahlar"ı səmimi bir nəvazişlə arzulasın.
…Və başqa bir məsələ heyrətləndirici idi: onun əsiri olduğu zamanlarda Martinin göstərdiyi nəvazişlə,
tezliklə yatmaq istədiyi vaxtlarda göstərdiyi diqqət arasındakı fərqi Coys başa düşürdü. Coys, ona yalnız
rahatlıq gətirən əşya kimi baxan kişini öldürməyə hazır olduğunu Martinə söyləyir və bu vaxt
"öldürərəm" sözünü xüsusi vurğu ilə deyirdi.
Xüsusilə tələb edirdi ki, Martin onun doğum gününü, hansı şərabı xoşladığını, hansı çiçəkləri sevdiyini
xatırlasın, yaddan çıxartmasın ki, onun üzünü qırxmasına tamaşa etmək xoşuna gəlmir.
Coys yalnız özü üçün ayrıca otaq ayırmışdı, ərinə də qapını döymədən içəri girməyə imkan vermirdi.
Martin mütləq onun şlayapalarına heyranlığını dilə gətirməli idi.
Pasterovsk institutunun gəzintisinə başı qarışdığı vaxt katibə vasitəsilə telefonla Coysa xəbər verəndə ki,
onunla nahar edə bilməyəcək, qadının əsəbdən, az qala, dili tutulacaqdı.
"Hə, bunu gözləmək lazım idi", – Martin özünün haqlı olduğunu hiss edərək fikirləşdi. Məgər yetərli
qədər nəzakət, dözüm və anlayış nümayiş etdirməmişdi?
Hərdən Coysun Martinin ilk çağırışı ilə yerindən tərpənərək onunla birlikdə gəzməyə gedə bilmədiyi üçün
bərk əsəbiləşirdi. Beş dəqiqəlik küçəyə çıxmaq üçün öz otağına ağ əlcəklərin dalınca yollanmalı,
tələsmədən onları əllərinə geyinməli idi... Londonda isə Coys onu getr almağa məcbur etmişdi… hətta
onları gəzdirməyə də…
Coys təkcə təşkilatçı qadın deyildi, həm də legitimist idi. Əksər amerikalı-kosmopolitlər kimi ingilis
aristokratiyasına hörmət edir, onun bütün qanun-qaydalarını və baxışlarını qəbul edir (ya da onun
qanun-qayda və baxışları hesab etdiyi şeyləri) və aristokratlarla görüşləri çox qiymətləndirirdi.
Müharibədən sonra üç il yarım keçsə də, hələ də deyirdi ki, almanlara nifrət edir və onunla Martin
arasında yeganə ciddi dava-dalaş Martin Berlinin və Venanın laboratoriyalarına baş çəkmək istəyəndə
oldu.
Amma aralarında olan bütün fikir ayrılıqlarına baxmayaraq, bu, romantik səyahət idi. Onlar çəkinmədən
bir-birlərini sevirdilər. Cütlük dağ gəzintilərinə çıxır və qayıdarkən böyük vannaların və təmtəraqlı
naharların naz-nemətinə dalır, kafenin qarşısında oturub qalırdılar. Leoranın Fransada kafe qarşısında
beləcə oturmağı necə arzuladığını xatırlayaraq Martinin susduğu dəqiqələri hesaba almasaq, onlar öz
narahat daxili dünyalarını bir-biri üçün hər zaman açıq qoyurdular.
Coys səxavətlə ona Avropaya səyahət təklif edirdi, çoxdan bəri tanıdığı və sevdiyi Avropasına… İşə başı
qarışmırdısa, hər zaman isti rənglərə, gözəl hərəkətlərə həssas olan Martin Coysa minnətdarlıq hiss edir
və balaca uşaq kimi hər şeyə heyrətlənirdi. O inanırdı ki, həyatı asan və gözəl qavramağı öyrənir, Terri
Uiketi əyalət adamı düşüncələrinə görə tənqid edirdi (amma yalnız özü ilə təkbətək qaldıqda).
Və beləcə, öz qızıl asudə vaxtlarından həzz alaraq içkinin qadağan olunduğu yerə, Amerikaya qayıtdılar.
Bir də polad trestini kommunistlərdən qorunmasından təşvişə düşən siyasətçilərin yanına, bric və
avtomobillər haqqında gedən söhbətlərə və osmotik təzyiqin müəyyən edilməsi üçün aparılacaq
təcrübələrə…
XXXVIII FƏSİL
1
Direktor Riplton Holaberd də bir zamanlar pula görə evlənmişdi. Həmkarları onun fiziologiya sahəsində
ilk uğurlu işindən sonra heç nə etmədiyi haqqında qeybət etməyə başlayanda, (onun haqqında "yalnız
başqalarının çiçəklərlə gözəl bəzədiyi stolları səliqəyə salır" deyirdilər) hər dəfə bir şeylə təskinlik tapırdı:
imkanları genişdir, başqalarından daha dəbdəbəli yaşayır, instituta öz şəxsi maşınında gəldiyi halda,
bütün bu yaramaz adamlar metro vaqonlarında sürünürlər. Amma bu yaxınlara kimi onların arasında ən
kasıbı olan Erousmit artıq instituta hərbi qayda ilə salam verən sürücünün idarə etdiyi limuzində gəlirdi
və bu, Holaberdin sevincini zəhərə döndərmişdi.
Martin kifayət qədər saf ürəkli adam idi, lakin etiraf etmək lazımdır ki, Holaberdin sürücüyə necə çəp-çəp
baxdığını böyük məmnuniyyət hissi ilə müşahidə edirdi.
Dostları ilə paylaş: |