ki musiqinin əvəzinə alman dilini öyrənəydim. Amma… Bəlkə, sizin burada olmağınız ona xoş gələcək?!
Bir bilsəydiniz ki, sizin haqqınızda, Sent-Hubertdə keçirdiyiniz uğurlu təcrübə haqqında necə həvəslə
danışırdı!
– Mən, əslində… – Martin deməyə söz tapa bilmədi.
Mariam onu kitablardan divarı qara görünən bir otağa ötürdü. Qotlib sürtülüb dağılmış kresloda
yarıuzanıqlı vəziyyətdə oturmuşdu. Nazik əli gücsüz halda mütəkkədən sürüşüb sallanmışdı.
– Doktor,
bu mənəm, Erousmit, Nyu-Yorka yenicə qayıtmışam, – Martin mızıldandı.
Qoca, elə bil, nəsə başa düşdü: Martinə diqqətlə baxdı, başını yellədi və inildədi:
– Versteh nicht ; – sonra qürurlu gözlərdən ona tabe olmaq istəməyən göz yaşları astaca aşağı doğru
süzüldü.
Martin başa düşdü ki, artıq heç vaxt tənbeh və məzəmmət eşitməli olmayacaq. Qotlib hələ ona inandığı
zamanlarda zülmət dünyasında qərq olub.
7
Martin öz mənzilinin qapısını bağladı – onların mənzilinin… Soyuq bir qəzəblə bağladı ki, Leoranın
əşyalarında onu xatırladan yüzlərlə qırıntı tapıb kədərə qapılmasın: Kapitola Mak-Qerkin yanında nahar
üçün alınmış paltar, gecələr gizlicə yeyib ləzzət almaq üçün gizlətdiyi daşlaşmış şokalad plitkası, "Kürənə
mindal almaq" yazılmış kağız… Məyus-məyus mehmanxanada nömrə götürdü və işə qapıldı. Dünyada
onun üçün işdən və Terri Uiketlə tikanlı dostluqdan başqa maraqlı heç nə qalmamışdı.
Birinci işi Sent-svitin təcrübəsi ilə bağlı statistik məlumatlar və Stoksdan hələ də gəlməkdə olan yeni
rəqəmlər əsasında nəticə çıxarmaq idi. Onların bəziləri etibarsız idilər, bəziləri faqın təsir qüvvəsini
təsdiq edirdi, amma
ümumilikdə, qəti surətdə bir söz demək mümkün deyildi. Öz cədvəllərini biometriya
üzrə mütəxəssis Reymond Perlə təqdim etdi və Perl Martinin gözlədiyindən daha az ümid verən nəticə
çıxartdı.
Bundan bir qədər əvvəl Martin öz işi ilə bağlı direktora və Qəyyumlar Şurasına hesabat vermişdi:
"Nəticələr statistik analizin cavabını gözləyir, bu cavab olmadan onları dərc etdirmək düzgün deyil".
Amma Holaberd artıq özündən çıxmışdı, qəzetlər möcüzə haqqında danışır, faqın göndərilməsi ilə bağlı
Martinin üstünə xahişlər yağdırırdılar. Vərəm əleyhinə, sifilis əleyhinə faqın olub-olmadığını soruşmaqla
onu bezdirirdilər. Eyni zamanda, hansısa epidemiya ilə mübarizə üçün yollanması təklifləri ilə cana
yığırdılar…
Perl belə bir nəticəyə gəldi ki, ilk inyeksiyaların yararlı nəticələrini – Erousmitin ardıcıl olaraq Karibin
bütün sakinlərinə faq peyvəndi vurduğu vaxt əldə etdiyi nəticələri – epidemiyanın o zaman artıq
azalmaya doğru getməsinin mümkünlüyü üzündən sual altına almaq lazım gəlir.
Bunu və vəziyyəti
qəlizləşdirən digər səbəbləri əsas gətirərək, Sent-Hubertdəki həyəcanlı işini, sanki, tamamilə yad bir
adamın işiymiş kimi nəzərdən keçirərək, Martin qərara gəldi ki, əlində faqın yararlılığı ilə bağlı kifayət
qədər sübut yoxdur və elə bu nəticə ilə də direktorun kabinetinə yollandı.
Xolaberd
xoşrəftar və nəvazişli idi, amma köksünü ötürərək işarə vurdu ki, belə bir nəticə çap olunarsa, o
zaman institutun direktoru böyük nailiyyətlərlə bağlı sözlərini geri götürməli olacaq. O xoşrəftar və
nəvazişli olması ilə bərabər, eyni zamanda da qətiyyətli idi. Martin əsl statistik hesablamaları gizlətməli (
o, "gizlətməlidir" sözünü birbaşa demədi – "sonrakı müzakirə üçün mənim öhdəmə buraxılmalıdır" dedi)
və ikimənalı nəticələr verən hesabat çap etdirməlidir.
Martin qəzəblənmişdi, Holaberd nəzakətlə fikrində yenilməzlik nümayiş etdirirdi.
Martin istefa
verəcəyini… ifşa edəcəyini… söyləyərək Terrinin yanına cumdu. Bəli! Heç nəyin qarşısında geri
çəkilməyəcək! Artıq Leoranı saxlamaq məcburiyyəti də yox idi. Lap aptekçiyə də köməkçi gedə bilərdi.
Beynində bunları tutaraq fikirləşdi ki, elə bu dəqiqə geri qayıdacaq və Müqəddəs Holaberdə deyəcək ki…
– Ey! Cılız! Dayan! Atları saxla! – Terri dedi, – onunla mübahisə eləmə, biz birlikdə elə bir iş görəcəyik ki,
o özü istər-istəməz bizə azadlıq verəcək! O vaxta qədər isə sənin buranın laboratoriyasına ehtiyacın var…
Hələ fiziki kimyanı da öyrənməlisən… Sonra da… hm… Cılız, bu vaxta qədər sənin Sent-Hubert təcrübən
haqqında heç nə demirdim, amma sən də, mən də – bizim ikimiz
də bilirik ki, onu özün korlamısan. Sən
əla-həzrətin əleyhinə ünvanladığın ittihamlarla hakimlər qarşısında davam gətirə biləcəksənmi? Bundan
başqa, etiraf etmək lazımdır, o iyrənc, yalançı, hiyləgər, yaltaq, hakimiyyət hərisi olan ikiüzlüdür, amma
bununla belə, yaxşı adamdır. Möhkəm olmaq lazımdır. Biz nəyəsə nail olacağıq. Doğrudan da, qardaşım,
axı elmə yenicə yaxınlaşmışıq, işə yenicə başlamışıq.
Xolaberd Martinin ilk hesabatını İnstitut adından rəsmən çap etdirdi, o bu hesabatı qəyyumlara xırda
düzəlişlərlə təqdim edilmişdi. Məsələn: "Baxmayaraq ki,
statistik analiz gözlənilir, amma bununla belə,
demək olar ki, bu yeni vasitə bütün ümidləri doğrultdu".
Yenə də Martin özündən çıxdı, yenə də Terri onu sakitləşdirdi, sonra isə Leoranın onu gözlədiyini bildiyi
günlərdəki coşqunluğuna bənzəməyən soyuq bir qəzəblə fiziki kimyaya girişdi.
Martin donma nöqtələrinin müəyyən edilməsinin dolaşıq düşmüş sirrini və osmotik təzyiqi dərk edir və
Nortropun enzimlər haqqında çıxardığı nəticələri faqın tədqiqatında tətbiq etməyə çalışırdı.
Onu heyrətamiz şəkildə təbiət hadisələrini qabaqcadan xəbər verən riyazi qanunlar maraqlandırırdı.
Onun dünyası soyuq, dəqiq, ciddi və materialist idi. Getdikcə öz nəticələrini təəssüratlar
üzərində
quranlara qarşı daha çox amansızlaşırdı. Martin işə qapılaraq ilin fəsillərinin bir-birini necə əvəz
etməsinin fərqinə belə vara bilmirdi.
Bir dəfə başını qaldırdı və heyrət hissi ilə gördü ki, bayırda bahardır. Sonra Terri ilə birlikdə Pensilvan
dağlarının cığırları ilə iki yüz mil addımladılar. Ona elə gəldi ki, heç
bir həftə də keçməyib, amma milad
bayramı yetişib və Holaberd institut boyu şən-şaqraq ora-bura pərvazlanır.