113
bəzilərinin başqa meqaraçı Diodorus Kronosa aid olduğunu
qeyd etmişdir (3, 99). Həmin paradoksların ən
tanınmışları “Yalançı”, “Keçəl”, “Qalaq”, “Elektra” və
“Buynuzlu” adlanır. Günümüzə qədər elmi ədəbiyyatda
onların çözülməsi haqqında müxtəlif fikirlər irəli sürülür
(6, 287-295).
“Yalançı” (yun. Ψευδόμενον) adlı paradoksda “Mən
yalan danışıram” iddiası araşdırılır. Bir tərəfdən bunu iddia
edən kəs heç də yalan danışmır, həqiqəti deyir. Çünki,
yalan danışdığını etiraf edir. Digər tərəfdən isə bu iddiada
o adamın yalan danışdığı iddia edilirsə onda o yalandır.
Beləliklə, danışan yalan deyirsə düz danışır. Düz
danışırsa, yalan deyir.
Daha bir paradoks “Keçəl” adlanır. Burada Eubu-
lides deyir ki, bir tükü itirən keçəl olmaz, ikincisini itirsə
də olmaz. Bəs onda neçənci tükün tökülməsindən başla-
yaraq insanı keçəl saymaq olar?
Buna bənzər daha bir paradoks “Qalaq” adlanır. Bir
ya iki taxıl dəni qalaq deyil. Bəs neçənci dəndən qalaq
başlanır?
Bir başqa paradoks “Elektra” adlanır. Elektra adlı
qadının qarşısında örtük altında onun qardaşı durub. O,
öz qardaşını tanıyır. Ancaq o, o örtüyün altında kimin
olduğunu bilmir. Deməli, Elektra öz qardaşını eyni za-
manda həm tanıyır, həm də tanımır.
“Buynuzlu” adlanan paradoks isə daha da çox so-
fizmə yaxınlaşır. Burada Eubulides iddia edir ki, insan bir
şeyi itirməmişdirsə, deməli o şey onda var. Əgər o
buynuzları itirməyibsə, deməli buynuzludur. Burada bir
114
tərəfdən demək olar ki, olmayan şeyi itirmək olmaz, ancaq
digər tərəfdən “məndə olmadığı şeyi heç vaxt itirə bil-
mərəm” də demək mümkündür.
Meqara məktəbinin məşhur nümayəndələrdən biri
misirli Diodorus Kronus (yun. Διόδωρος Κρόνος, m. ö. IV
yüzillik) idi. O, Elea məktəbinin nümayəndələri kimi hə-
rəkətin olmasını inkar edirdi. Onun fikrincə hərəkətin
özünü yox, onun nəticələrini dərk etmək mümkündür.
Hərəkət hər hansı bir yeri əhatə etməlidir. Ancaq
bununla belə, hər hansı bir yerdə olan hər bir şey hə-
rəkətsizdir. Deməli, hansısa şey hərəkət edirsə həmin
anlarda hansısa bir yeri tutur və ona görə də hə-
rəkətsizdir. Ya da hərəkət edən şey olduğu və olmadığı
yerdə düşünülə bilər. Ancaq, olan yerdə o hərəkətsizdir,
olmayan yerdə isə hərəkət olmaz. Beləliklə, o zaman
hərəkətdən deyil, yerdəyişmədən söhbət gedə bilər (8,
375-376).
Daha sonra Diodorus ehtimal edilən şeyləri var
olmuş kimi sayırdı. Ancaq, oluşan (həyata keçirilən) eh-
timallar haqqında söhbət açmaq mümkündür. Oluş-
mayanlar isə mövcud deyildir. Yəni, gələcəkdən keçmişə
baxanda məlum olur ki, həyata keçirilən ehtimallardan
başqa digər ehtimallar olmamışdır. Belə olanda bu ehtimal
deyil, həqiqətdir. Ancaq, bu gündən gələcəyə baxdıqda
bizə elə gəlir ki, bir neçə ehtimallar vardır.
Diodorusa görə mövcud olmaq və mümkünlük eyni
anlayışlardır. Çünki, mümkünlük mümkünsüzlüyə çevrilə
bilməz, bu anlayışlar bir-birinə ziddir. İki hadisədən biri
baş vermişdirsə, deməli ikincisi mümkünsüz imiş. Çünki,
115
o öncədən mümkün olsaydı, onda mümkünsüzlük müm-
künlükdən doğmazdı. Belədirsə, onda deməli öncədən bu
mümkün olmamışdır. Beləliklə, ancaq mövcud olan şey
mümkün ola bilər. Məsələn, “Dünya var” və “Dünya yox-
dur” bir-birinə qarşı olan iddialardır. Ancaq biz görürük ki,
dünya var. Deməli, onun olmaması imkansızdır. An-caq,
dünyanın yoxluğu mümkün olsaydı, onda imkan imkan-
sızlığa çevrilərdi. Bu isə ola bilməz. Deməli, dünyanın yox
olması ehtimalı heç vaxt olmayıb (2, 117).
1.9.4. Eretriya məktəbi
Bu məktəbi həm də Elida-Eretriya məktəbi də adlan-
dırırlar, çünki o Elidada yaranmış, sonra isə Eritreyada
fəaliyyətini davam etdirmişdir.
Eretriya məktəbinin fəlsəfəsi haqqında zamanımıza
çox az məlumat çatmışdır. Ümumiyyətlə demək olar ki, bu
məktəbin filosoflarının dünyagörüşü Meqara mək-təbinin
nümayəndələrinə yaxın idi. Meqaraçılar kimi ere-triyaçılar
da deyirdilər ki, həqiqi Xeyir birdir və ondan başqa xeyirlər
yoxdur. Xeyirlə Həqiqət eynilik təşkil edirlər. Xeyri yalnız
ağılla dərk edib, ona yönəlmək olar. (14)
Məktəbin yaradıcıları Elidalı Fedon (yun. Φαίδων, m.
ö. IV yüzillik) və Eretriyalı Menedem (yun. Μενέδημος,
təxminən m. ö. 345-261) olmuşdurlar. Platonun məşhur
dialoqlarının biri olan “Fedon” Elidalı Fedonun adını da-
şıyır. Fedon və Menedem haqqında bir neçə pərakəndə fraq-
mentlərdən başqa heç bir məlumat zamanımıza çat-
mamışdır. (14)
116
Mövzu ilə əlaqəli suallar:
1. Kiniklər kim olmuş, onların həyat tərzi necə
olmuşdur?
2. Kiniklərin təlimlərinin əsas müddəaları nədən
ibarət idi?
3. Kiniklərin ictimai qanunlara münasibətləri necə
olmuşdur?
4. Antisfenes ümumi anlayışların mövcud olmasını
nəyə istinad edərək inkar etmişdir?
5. Antisfenesə görə insan həyatını necə yaşamalı,
hansı dəyərlərlə üstünlük verməlidir?
6. Sinoplu Diogenesin dünyagörüşünün özəllikləri
nədən ibarət olmuşdur?
7. Bion Boristenes və Kerkidas öz fəlsəfi fikirlərini
açıqlayaraq hansı üslubdan istifadə etmişdilər?
8. Krates və Hipparxia nəyi təbliğ etmişdilər?
9. Kirenaçıların fəlsəfəsinin əsas müddəaları hansılar
idi?
10. Aristippusa görə həyatın mənası nədən ibarətdir
və insan dünyanı necə dərk edir?
11.
Aristippus
insan
azadlığı
haqqında
nə
düşünürdü?
12. Hegesiasa görə həyatın mənası nədədir və
xoşbəxtliyə necə çatmaq olar?
13. Hegesias öz fəlsəfəsində hansı nəticəni əldə
etmişdir?
14. Annikeris hansı fikirlərlə çıxış etmişdir?
Dostları ilə paylaş: |